Azərbaycanın
inkişaf yolu davam edəcək və islahatlar daha geniş
miqyas alacaq
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
-Bu
gün biz ənənəvi olaraq doqquz ayın
yekunlarını müzakirə edəcəyik və ilin sonuna
qədər görüləcək işlər haqqında, gələn
il görüləcək işlər haqqında
danışacağıq.
2016-cı
il dünya iqtisadiyyatı üçün çox
ağır il olmuşdur. Tarixdə bəlkə də ən
ağır illərdən biridir. Dünya iqtisadiyyatında
böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii
resurslarla zəngin olan ölkələr, eyni zamanda,
istehlakçı ölkələr əziyyət çəkir.
Təbii ki, neftin qiymətinin kəskin şəkildə
düşməsi neftlə zəngin olan ölkələrin
iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni
zamanda, neft ölkələrində öz kontraktlarını
icra edən digər ölkələr də əziyyət
çəkir. Çünki o ölkələrin şirkətləri
kontraktları daha az həcmdə icra edir və beləliklə,
bu böhran o ölkələrə də mənfi təsir
göstərir.
2016-cı
ildə dünyada siyasi və hərbi böhran yaşanır.
Dünyanın müxtəlif bölgələrində
qanlı toqquşmalar, müharibələr alovlanır, risklər,
təhdidlər artır. Yaxın Şərqdə vəziyyət
deyə bilərəm ki, kritik həddə
çatmışdır. Yaxın Şərqdə
müşahidə olunan qarşıdurma çox böyük
fəlakətə gətirib çıxara bilər.
Çünki hamımız yaxşı görürük ki,
vəziyyət getdikcə kəskinləşir.
Avropanın
miqrant böhranı. Demək olar ki, o da bütün
dünyada müşahidə olunur. Mən miqrant böhranı
haqqında dəfələrlə öz fikirlərimi
bildirmişdim. Bir daha demək istəyirəm ki, öz
canlarını qurtarmaq istəyən o insanların heç
bir günahı yoxdur. Onların ölkələri xarici
müdaxilə nəticəsində dağıdılıb.
Onların şəhərləri yerlə-yeksan edilib,
yaxınları, qohumları, yüz minlərlə insan həlak
olub. Onlar öz canlarını qurtarmaq üçün
Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda
onları tikanlı məftil, qəfəs gözləyir. Bu
da, əlbəttə ki, əgər belə demək
mümkündürsə bu ilin əlamətidir və bu,
sivilizasiyalararası münasibətlərə çox
böyük zərbə vurur. Biz artıq neçə ildir
çalışırıq ki, mədəniyyətlərarası
dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada
böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun
ki, dünyanın müxtəlif ölkələrində
tendensiya əks istiqamətdə gedir.
Miqrant
böhranı öz növbəsində Qərb ölkələrində
radikal partiyaların xeyrinə işləyir, onlar daha çox
səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir
ki, cəmiyyət artıq onlara daha böyük dəstək
verir, eyni zamanda, əgər gələcəkdə bu meyil
davam etsə bu partiyalar hakimiyyətə gələcəklər,
- ondan sonra onların siyasətinin nədən ibarət
olacağı heç kəs üçün sirr deyil, - beləliklə,
sivilizasiyalararası qarşıdurma dərinləşəcək.
Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir.
Artıq həm yaşadığımız bölgə, həm
dünya dəyişib. Biz də öz siyasətimizi buna
uyğun şəkildə aparmalıyıq.
Bizim
üstünlüyümüz ondan ibarətdir ki, həmişə
öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq,
heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu
gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi
insanlar bu gün də belə deməkdə davam edirlər ki,
biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də
dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara
lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan
müxtəlif beynəlxalq təşkilatlarda çox
böyük rol oynayır və böyük rəğbət
qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri
deyirlər ki, kiminsə xoşuna gəlmək
üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq
üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz
hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa
göz qabağındadır. Özləri etiraf edirlər,
Avropa İttifaqının ən böyük rəhbərləri
etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran
yaşanır. Biz oramı inteqrasiya etməliyik,
böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop”
deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman
qaçqınlara ikili standartlar tətbiq edənlərəmi
inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə
saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir
və biz bunların hamısını deyirik. Ona görə də
bəzi hallarda bizə qarşı təzyiqlər də olur,
kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur.
Bax, biz bu reallığı bilməliyik.
Biz öz
yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr
qura bilmişik. Həm Avropa İttifaqı ilə bizim müxtəlif
sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd
üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə
Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə
olunur, biz tərəfdaşlıq formatı haqqında
danışırıq. Avropa İttifaqına üzv olan 9
ölkə ilə bizim strateji tərəfdaşlıq
haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa
Şurasında çalışırıq və orada da bizim
mövqelərimiz gündən-günə möhkəmlənir.
Biz hətta o təşkilatda da dönüş yarada
bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı
deputatların əksəriyyəti artıq görür ki, bizə
qarşı ədalətsizliklər, ikili standartlar olub və
bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla
bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa
meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var
inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər
bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ
etmək, kiminsə xoşuna gəlmək üçün
söz-söhbətlərə son qoysunlar.
Belə
bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla
inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər
keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar
Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə
yaxın ölkədən 400-dən çox
tanınmış xadim iştirak etmişdir. Forumda bir daha
bizim gördüyümüz işlər, xüsusilə
multikulturalizmlə bağlı gördüyümüz işlər
yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər
beynəlxalq tədbirlər də keçirilmişdir.
Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu
Forumun Azərbaycanda keçirilməsi bu sahədə
gördüyümüz işlərə dünya tərəfindən
verilən böyük qiymət idi.
Biz Azərbaycanda
böyük idman yarışları keçirmişik. 500
milyon auditoriyası olan “Formula-1” yarışını
keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri
də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda
keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən
yaxşı təşkil edilən Ümumdünya Şahmat
Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan
- 200-ə yaxın ölkədən nümayəndələr
gəlmişdi.
Böyük
mötəbər tədbirlər arasında Roma Papası
Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə
qeyd etmək istəyirəm. Bu, tarixi bir səfər idi və
Roma Papası Bakıdan bütün dünyaya çox
açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda
multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli
fikirləri həm həqiqəti əks etdirir, həm də
dünya katoliklərinin rəhbərinin bu işlərə
qiymətinin gözəl təzahürü idi.
Bax, biz bu
işləri görürük. Amma ətraf yanır,
yan-yörə alovlanır, risklər artır. Biz isə
öz xoşbəxt həyatımızı və xoşbəxt
gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda
sülh, əmin-amanlıq, təhlükəsizlik hökm
sürür, insanlar rahat yaşayır, quruculuq işləri
aparılır. Şəhərlərimiz gözəlləşir,
abadlaşır, bütün işlər çox yaxşı
gedir.
Biz bu il
ölkəmiz üçün çox böyük əhəmiyyət
daşıyan referendum keçirmişik. İlk növbədə
onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam
şəffaf şəkildə keçirilmişdir. Yüzdən
çox xarici müşahidəçi referendumu izləmişdir.
Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll
keçirmişlər. Exit-pollun nəticələri və rəsmi
nəticələr üst-üstə düşür. Bu da təbiidir.
Çünki referendum tam şəffaf, ədalətli
keçirildi. Mənə verilən son məlumata görə,
Mərkəzi Seçki Komissiyasına təqribən cəmi
20, ya ondan bir qədər çox şikayət daxil
olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz
var. Cəmi 20, bəlkə də bir qədər çox
şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir
ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini
dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində
öz əksini tapmışdır.
Müşahidə
aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası
Parlament Assambleyasının nümayəndələri
referenduma çox yüksək qiymət vermişlər. Bunun
da çox böyük əhəmiyyəti var. Çünki
adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir
çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta
bizi tənqid etməyə öyrəşən qurum da
artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir.
Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı
uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə
gedir. Bizdə azad seçki, şəffaf referendum
keçirilir. Biz bir çox ölkələr, xüsusilə
özlərini demokratiyanın beşiyi sayan ölkələr
üçün nümunə ola bilərik. Gəlsinlər,
bizim təcrübəmizi öyrənsinlər.
Referendumun
ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan
xalqının mütləq əksəriyyəti təklif
olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu
da əslində bizim siyasətimizə növbəti dəfə
xalq tərəfindən verilən böyük dəstəkdir.
Mən şəxsən bunu belə qəbul edirəm.
Çünki təklif olunan dəyişikliklər biz tərəfdən
irəli sürüldü və Azərbaycan xalqı, onun
böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə
ki, bizə əlavə güc verir. Bu, bizim üçün
böhranlı ildə növbəti bir test, sınaq idi.
Əlbəttə,
onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava
var, insanları hansı məsələlər
düşündürür və onların ümumi işimizə
münasibəti necədir. Bunu mən yaxşı bilirəm.
Referendumun nəticələri bütün ölkəyə,
bütün xalqımıza, dünyaya bunu bir daha əyani
şəkildə təqdim etdi. Azərbaycan xalqı
apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə
sadiqdir və görür ki, bizim siyasətimizə alternativ
siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər,
yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı
qırğın meydanına çevirə bilər. Azərbaycan
xalqı bizim siyasətimizi dəstəkləyərək
referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi
böyük etimada və dəstəyə görə bir daha
minnətdarlığımı bildirmək istəyirəm.
Əziz xalqımı bir daha əmin etmək istəyirəm
ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın
inkişafını təmin edəcəyəm və heç
bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.
Bu il bizim
beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir
çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək
nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı
xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq
Təşkilatıdır ki, builki Zirvə
görüşündə Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı kontakt qrupu
yaratmışdır. Kontakt qrupu artıq öz işinə
başlayır. Zirvə görüşündə Azərbaycanın
ərazi bütövlüyünə bir daha dəstək ifadə
olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının -
BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın
Zirvə görüşündə də növbəti dəfə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim
böyük diplomatik və siyasi uğurumuzdur.
Biz digər
təşkilatlarda da bu gözəl meyilləri
görürük. Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti
tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı çox ədalətli mövqe nümayiş
etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində
Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri
kəsmişdir, Avronest qurumundan çıxmışdır.
Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə
olaraq, demək istəyirəm ki, bu, bizim
günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə
qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir
olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz
sözlər işlədildi. Təbii olaraq, biz də öz
sözümüzü dedik. Azərbaycan Milli Məclisi də
çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa
Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə
cavabını verdi. Bir il münasibətlərimiz
dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss
etməyib. Mən də o vaxt demişdim, münasibətlər
olsa yaxşıdır, olmasa da hər halda bunun bizim işimizə
heç bir təsiri yoxdur. Nəticədə nə oldu?
Münasibətləri bərpa etmək üçün
özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq
yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər
ki, keçmir və keçməyəcək. Gəldilər
ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi
təkliflərimiz olubdur. O təkliflər müsbət qəbul
edildi və bu təkliflərin nəticəsində birgə bəyanat
da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti
belə hərəkətlərə yol verdiyinə görə
təəssüf edir. Orada göstərilir ki, gələcəkdə
bu cür hərəkətlərin təkrar olunmaması
üçün işlər aparılacaq. Biz də konstruktiv
mövqe nümayiş etdirərək qərar qəbul etdik
ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa
olunur.
Mən nəyi
demək istəyirəm? Mən özümüzü tərifləmək
istəmirəm, heç vaxt da tərifləməmişəm,
halbuki tərif üçün bir çox məqam var. Biz 25
ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik.
Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz
hər bir hərəkətə cavabımızı veririk,
sözümüzü deyirik, heç kimdən çəkinmirik,
nəinki bizə aid olan məsələlərdə,
bütün məsələlərdə prinsipial mövqe
nümayiş etdiririk. Dünyada gedən işlərlə
bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən
ifadə edirik.
Bu il
iyirmidən çox dövlət, hökumət
başçısı Azərbaycanda rəsmi və
işgüzar səfərlərdə olub. Mən 14 xarici səfər
etmişəm. Hələ ilin sonuna qədər həm Azərbaycana
dövlət, hökumət başçıları gələcək,
həm də mənim səfərlərim nəzərdə
tutulur. Yəni, çox fəal xarici siyasət
aparmışıq və bu siyasət Azərbaycanı bu
gün dünyada nümunəvi ölkə kimi göstərir.
Bu il aprel
ayında Azərbaycan böyük hərbi qələbə əldə
etmişdir. Aprel döyüşləri tariximizin şanlı
səhifəsidir. Azərbaycan Ordusu Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini
işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını
ucaldıb. İki min hektardan çox torpaq
işğalçılardan təmizləndi, ondan bir neçə
dəfə böyük olan ərazi tam bizim nəzarətimizə
keçdi. Biz təmas xəttində tam üstünlük əldə
etmişik və bu gün düşmənin istənilən hədəfini
məhv edə bilərik.
Aprel
döyüşlərindən sonra vasitəçilər bir qədər
fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında
görüşlər keçirildi. Amma artıq biz oktyabr
ayında yaşayırıq. Ermənistan öz çirkin
taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə
arxalanaraq yenə də istəyir ki, bu məsələ
dünya gündəliyindən çıxsın. Biz buna imkan
verməməliyik və məsələ tezliklə həllini
tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də
yaxşı bilir ki, bu məsələnin həll olunmaması
təkcə Ermənistana görə deyil. Ermənistanın
böyük himayədarları var, biri ona pul, biri silah verir,
biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin
həll olunmamasının səbəbi. Ona görə bu məsələyə
aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki,
ikili standartlarla üzləşmişik və bu məsələnin
həll olunmaması BMT Təhlükəsizlik Şurasına
da şərəf gətirmir. Çünki onlar dörd qətnamə
qəbul ediblər. Bu qətnamələr 20 ildən
çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına
hörmət etsinlər. Artıq biz yaxşı
görürük ki, Ermənistan beynəlxalq hüququ necə
pozur.
Biz həm
iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da
güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə
olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll
edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi
aparırıq.
Siz yəqin
ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz,
oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu,
yumşaq desək, təəccüb doğuran bir bəyanatdır.
Azərbaycanı münaqişənin həll olunmamasında
günahlandırmaq ən azı insafsızlıqdır. Digər
tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə
uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə
bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”.
Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən
sonra heç bir praktik iş aparılmır. Amma hər halda
bu sözün artıq ortaya çıxması bizim
böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər
iki tərəf günahkardır, tərəflər buna
hazır deyil, bu məsələ Fələstin-İsrail
münaqişəsindən də mürəkkəbdir” demək
sadəcə olaraq Ermənistanın işğalçı
siyasətinə dəstək verməkdir. Bunun başqa
izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar
verilir ki, bu ifadələr kontekstdən
çıxarılıb, düzgün başa
düşülməyib. Biz hər şeyi yaxşı
başa düşürük və bu gün internet
dövründə yaşayırıq. Haradasa bir kəlmə
deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə
bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu
ifadələrə ən yüksək səviyyədə
düzəliş edilməlidir. Əks təqdirdə, burada
vasitəçilik missiyası şübhə altına
düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən
bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər
söhbətlər gedir, bizə nə qədər təzyiqlər
göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın
müstəqilliyinə razılıq versin. Biz indi bunları
açıqlamırıq. Çünki diplomatiyanın
öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm
qeyri-hökumət təşkilatları tərəfindən
bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir
kampaniyasının, həm də burada “beşinci kolon”a
göstəriş verərək bunlardan istifadə etməyin əsas
səbəbi bizi məcbur etməkdir ki, Dağlıq
Qarabağın müstəqilliyinə
razılığımızı verək. Bu, heç vaxt,
olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum
göstərdi ki, inşallah, biz iqtidarda çox
olacağıq, - heç vaxt Azərbaycan buna razılıq
verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz
tarixi torpağımızdır və biz ərazi
bütövlüyümüzü bərpa etməliyik.
Bu il
idmançılarımız da bizi çox sevindirib. Bizim
komandamız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb.
Medalların sayına görə dünya miqyasında
14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra
ikinci, müsəlman aləmində isə birinci yerdəyik.
Bax, bu rəqəmləri şərh etməyə heç bir
ehtiyac yoxdur.
İqtisadi
sahədə. Qeyd etdiyim kimi, neftin qiyməti düşdü və
bunun nəticəsində dövlət investisiyaları
azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən
qədər iqtisadi tənəzzülə gətirib
çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim
sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki,
az artır - 0,2 faiz, amma artır.
İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru
artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd
təsərrüfatı 2,4 faiz artıbdır və əminəm
ki, daha da artacaq. Çünki kənd təsərrüfatı
sahəsində apardığımız işlər yaxın
gələcəkdə daha da böyük həcmdə nəticə
verəcəkdir.
Sosial
layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib,
485 məktəbdə təmir işləri aparılıb, 33
səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük
yol layihələri, kənd yolları layihələri icra
edilib. Bir neçə şəhərimizdə içməli
su layihələri başa çatıb. İnfrastruktur layihələri
icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121
mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri
bağlanıbdır. Əlbəttə, biz bağlanan iş
yerləri ilə əlaqədar daim təhlil aparırıq –
121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri
bağlanıb. Bu, çox gözəl göstəricidir.
Hesab edirəm ki, böhranlı il üçün bu,
xüsusi bir göstəricidir.
Digər
istiqamətlərdə də bütün işlər plan
üzrə gedir. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla
icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə
çevrilir. Artıq uzaq məsafədən göndərilən
yük konteynerləri Azərbaycan ərazisindən keçir.
Yəni, biz çox güclü nəqliyyat infrastrukturu
yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi
maraqlarını təmin edəcəyik.
İndi
biz ilin sonuna qədər görüləcək işlər
haqqında da danışacağıq. Mən hesab edirəm
ki, 2016-cı ildə nəticələr bütövlükdə
yaxşıdır, biz yaxşı işləmişik. Son illər
ərzində 2016-cı il ölkə iqtisadiyyatı
üçün ən çətin, ağır ildir. Ancaq
qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və
gedəcəyik.
X X X
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV
çıxış edərək dedi:
-Zati-aliləri,
möhtərəm cənab Prezident.
Dünyada
qlobal maliyyə böhranının getdikcə dərinləşməsi
ilə müşayiət olunan son 13 ildə həyata
keçirdiyiniz siyasi, iqtisadi idarəçilik modeli nəticəsində
ölkəmizdə bütün sahələrdə uğurlar
və yeniliklər əldə edilmiş, yaratdığınız
təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri
üçün nümunədir.
Həmişə
olduğu kimi, Azərbaycan xalqı, xüsusən məcburi
köçkünlər sonuncu ümumxalq səsverməsində
Prezidentlə xalq arasında dəyişməz, monolit olan
birliyi bir daha dünyaya nümayiş etdirdilər.
Ölkənin
əsas sərvəti olan Azərbaycan xalqının
inkişafına hesablanmış siyasətinizdən
qaçqın və məcburi köçkünlər də
faydalanırlar.
Ölkə
əhalisinin ən həssas və zərif hissəsi olan
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həllinə ulu öndər Heydər Əliyevin
yanaşmasının davamı olaraq həyata keçirilən
hərtərəfli dövlət siyasəti, müvafiq
dövlət proqramlarının qəbulu və onların
icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait
sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin,
2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı
isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
Dövlət
Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən
3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi
salınıb, 50 min ailə və ya 250 min nəfərdən
çox qaçqın və məcburi köçkün yeni
mənzillərlə təmin olunub.
Şəhər
və rayonlar tərəfindən bu məqsədlə
ayrılmış yararsız ərazilər
salınmış qəsəbələr hesabına tam
abadlaşdırılıb, texniki infrastruktur yenilənib və
bu ərazilər yaraşıqlı yerlərə
çevrilib.
Yeni
yaşayış məntəqələrində bütün
texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət
mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi,
2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün
bu işlərin və sərf olunan vəsaitin 90 faizi Sizin 13
illik Prezidentlik fəaliyyətiniz dövründə icra edilib.
Müqayisə
üçün bildirim ki, məcburi köçkünlər
üçün tikilən və Komitənin balansında olan
3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin
mənzil fondundan 2 dəfə çoxdur.
Dünyada
maliyyə problemlərinin hökm sürdüyü bir zamanda
Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində,
məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması, gəlir
imkanlarının dəstəklənməsi komponentlərini
özündə əks etdirən yeni Saziş imzalanıb və
buna görə bütün məcburi köçkünlərin
Sizə dərin hörmət və ehtiramını bildirirəm.
Bu ilin
proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi
köçkün ailəsi üçün yeni qəsəbə
salınıb. Prezidentlik fəaliyyətiniz dövründə
ölkəmizdəki çadır düşərgələri,
dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr
2007-ci ildə ləğv olundu. Bu il isə ölkə üzrə
mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi
başa çatdırılacaq.
2016-cı
il aprelin əvvəlində erməni silahlı qüvvələrinin
Ağdam və Tərtər rayonlarında mülki əhali
yaşayan məntəqələri atəşə tutması
nəticəsində məcburi köçkünlərin zərər
çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına
dəyən ziyana görə dövlət büdcəsinin
ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait
ayrılıb. Tərtər rayonu üzrə 105 ailə,
Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə
maddi yardım ödənilib, ayrılan vəsait hesabına
182 evdə təmir-bərpa işləri başa
çatdırılıb. İkinci mərhələyə
qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində
olduğuna görə əksər hissəsi dağıdılıb
və evlərin həmin ərazidə və ya başqa yerdə
yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə
vəsait tələb olunur.
Komitə
tərəfindən məcburi köçkünlərə
sosial müavinət və kommunal xidmət xərclərinə
görə ödənişlərin təkmilləşdirilməsi,
vahid elektron hökumət portalının yaradılması nəticəsində
son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi
köçkünlərə imtiyazların tətbiqi
dayandırılıb. 2010-cu il ilə müqayisədə
aylıq yemək xərci müavinəti alan məcburi
köçkünlərin sayı 34 min nəfərədək
azaldılıb.
Məcburi
köçkünlərə ayrılan vəsaitin ödənişində
yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq
edilməsi məqsədilə təkliflər zərfi
hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə
məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik
və xidmət təşkilatlarının rəhbərlərinin
iştirakı ilə müzakirəsi nəzərdə
tutulur.
Yeni
qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq
ediləcək. Bunun üçün hüquqi sənəd –
Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək
xərci müavinəti ilə bağlı yeni qaydalar isə
hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan
keçirilib.
Kommunal
xidmət xərclərinin məcburi köçkünlər
tərəfindən ödənişini təmin etmək məqsədilə
həmin vəsait yemək xərci üçün müavinətlə
bağlı plastik karta əlavə edilməklə, nağd
şəkildə məcburi köçkünlərin özlərinə
veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında
başlanılacaq.
Məcburi
köçkünlər üçün nəzərdə
tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş
mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin,
sosial ədalət prinsipi təmin edilməklə, imkanı
nisbətən zəif olan və ağır şəraitdə
yaşayan məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilməsi
üçün, razılığınız olduğu təqdirdə,
müvafiq tədbirlər görüləcək.
Bütün
xərclər vahid plastik kartla ödəniləcəyi halda,
aidiyyəti xidmət təşkilatları məcburi
köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları
yataqxana, pansionat, tikintisi yarımçıq qalmış
binalar və s. obyektlərdə qısa müddətdə fərdi
sayğaclaşma işlərini təmin etməlidirlər. Bu
isə 94 min abonent deməkdir.
Son 13 ildə
380 min nəfər əmək qabiliyyətli məcburi
köçkündən 161 min nəfəri büdcə təşkilatlarında
və digər sahələrdə daimi, 200 min nəfəri isə
müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü
illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə
məcburi köçkünlər arasında yoxsulluq həddi
74 faizdən 12 faizədək azalıb.
Məcburi
köçkünlərin məşğulluğunun
artırılması, sahibkarlığın inkişafı məqsədi
ilə 11 min nəfər məcburi köçkünə 7,7
milyon manat məbləğində mikrokredit, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər
məcburi köçkün sahibkara 40 milyon manat güzəştli
kredit verilib, 3600 yeni iş yeri yaradılıb.
Yeni
salınmış bəzi qəsəbələrdə əkin
və örüş sahələri ilə təmin olunmuş
məcburi köçkünlər arasında müvafiq maarifləndirmə
işləri aparılır ki, onlar dövlət təminatından,
ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata
keçsinlər.
Cənab
Prezident, görülən işlərlə bərabər,
respublika üzrə 94 min ailə və ya 375 min məcburi
köçkünün mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172
min nəfəri Bakı şəhərində, 49 min nəfəri
Sumqayıt şəhərində, 18 min nəfəri yerli
sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri
isə digər şəhər və rayonlarda müvəqqəti
məskunlaşıb.
Təkcə
Bakı şəhərində istismar müddətini başa
vurduğundan tam yararsız, qəza vəziyyətinə
düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min
nəfər məcburi köçkün müvəqqəti
yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən
həmin obyektlərdə aparılmış müayinə və
tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin
görülməsinin və orada yaşayan məcburi
köçkünlərin köçürülməsinin zəruriliyi
bildirilmişdir.
Məcburi
köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə
uzun illər müvəqqəti yaşaması nəticəsində
son illərdə ev sahiblərinin yerli məhkəmələrə,
hətta Avropa Məhkəməsinə müraciətləri
artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ
üzrə müəyyən tədbirlər görülsə
də, problem açıq olaraq qalır.
Möhtərəm
Prezident, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon
miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə
düşüb. Hər gün minlərlə miqranta qarşı
qeyri-insani davranışın, onların
hüquqlarının kobud şəkildə pozulmasının
şahidi oluruq.
1990-cı
illərin əvvəllərində ölkəmizin iqtisadi vəziyyətinin
ağır olduğu, dövlət büdcəsində
heç bir maliyyə imkanının olmadığı bir
zamanda 7 milyon yerli əhali 1 milyon qaçqın və məcburi
köçkünü qəbul etdi, 25 il ərzində
dövlət qurumları və yerli əhali ilə onlar
arasında heç bir xoşagəlməz hal baş vermədi.
Bunun əsas
səbəbi bu problemin xalqımızın ümummilli lideri
Heydər Əliyev və Sizin tərəfinizdən ölkənin
bir nömrəli prioritet problem olmasının bəyan edilməsi,
problemin vahid mərkəzdən əlaqələndirilməsi,
müntəzəm olaraq diqqət mərkəzində
saxlanması, bütün yerli və beynəlxalq tədbirlərdə
bu haqda ictimaiyyətin müntəzəm məlumatlandırılması,
beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın
yaradılması, soydaşlarımızın sosial problemlərinin
həlli, həyat şəraitinin
yaxşılaşdırılması ilə sıx
bağlıdır.
Ulu
öndər Heydər Əliyevin və şəxsən Sizin
mütəmadi olaraq bu insanlara davamlı şəkildə
göstərdiyiniz qayğı və diqqətinizin nəticəsi
olaraq onlar arasında ictimai-siyasi sabitlik qorunub saxlanılıb
və dəyişməz olaraq qalacaqdır.
Bir
sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin
dəfələrlə qeyd etdiyi kimi, BMT-nin
Qaçqınların İşi üzrə sabiq ali
komissarı və artıq BMT-nin baş katibi seçilmiş
Antonio Quterreş ölkəmizə səfərləri və
İcraiyyə Komitəsinin sessiyalarındakı
çıxışları zamanı Azərbaycan Prezidentinin
bu sahədə gördüyü işlərin və dövlətimizin
təcrübəsinin dünyanın bir çox ölkələri
üçün nümunə olduğunu dəfələrlə
vurğulayıb.
Zati–aliləri,
Ermənistan tərəfinin problemə qeyri-konstruktiv
yanaşması üzündən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
tarixi haqsızlıqlar davam edir.
Lakin ulu
öndər Heydər Əliyevin və Sizin bu sahədə
gördüyünüz işlər öz bəhrəsini
verir. Ermənistanın daxilində istər hərbi sahədə,
istərsə də cəmiyyətdə parçalanma baş
verir. Erməni xalqı, dünya erməniləri, beynəlxalq
erməni diasporu arasında Sarkisyan rejiminə nifrət
şiddətlənib. Bişkek görüşündə onun
əsassız və mənasız çıxışına
Sizin tutarlı və obyektiv cavabınızdan sonra ona olan nifrət
daha da artıb.
Heç
bir şübhə yoxdur ki, davamlı səyləriniz nəticəsində
ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək,
işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə
yenidən qurulacaq, soydaşlarımız öz ata-baba
yurdlarına qayıdaraq yenidən doğma torpaqlarında
yaşayacaqlar.
Sizi əmin
edirəm ki, bu sahədə qəbul etdiyiniz bütün fərman
və sərəncamlar, qərarlar, verdiyiniz
tapşırıqlar bundan sonra da vaxtında və keyfiyyətlə
icra ediləcək.
Diqqətinizə
görə təşəkkür edirəm.
X X X
Səhiyyə
naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək
dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
iclas iştirakçıları.
Bu gün
Azərbaycanı bütün dünyada demokratik, qüdrətli,
öz sözünü deməyə qadir olan ölkə kimi
tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin düşünülmüş siyasəti,
möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi
sabitlik sayəsində Vətənimiz hər sahədə
inkişaf edir. İnsanların sağlamlığının
qorunması, gələcək nəslin sağlam böyüməsi
dövlətimizin başçısının daim diqqət mərkəzindədir
və bu məsələ 2016-cı ildə də dövlət
siyasətinin prioritet istiqamətlərindən biri olub.
Maliyyə
böhranı dünya dövlətlərini büdcə xərclərini
azaltmağa məcbur edir. Əksər ölkələr bunu məhz
sosial sahələr hesabına edirlər. Azərbaycanda isə,
əksinə, səhiyyənin inkişafina, maddi-texniki
bazasının gücləndirilməsinə 2016-cı ildə
əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm
paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində
28 tibb müəssisəsində təmir-tikinti işləri
gedir.
Ənənəvi
olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin
istifadəsinə verilən müasir səhiyyə
ocaqlarının – Gəncə şəhəri 1 nömrəli
Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar
mərkəzi rayon xəstəxanalarının
açılışında dövlətimizin
başçısı şəxsən iştirak edib.
Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının
tikintisi davam etdirilir. Onlardan üçünün –
Neftçala, Masallı, Zərdab xəstəxanalarının
bu ilin sonunadək istifadəyə verilməsi
planlaşdırılır.
On il əvvəl,
cənab Prezident, Siz qarşıya belə bir məqsəd
qoymuşdunuz ki, insanlar tibbi yardımı məhz
yaşadığı yerdə ala bilsin, hər bir müayinə
və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən
xilas olsun. Artıq bu, reallıqdır. Qısa vaxt ərzində
bir neçə xəstəxananın da tikintisi başa
çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın
hər bir bölgəsində, hər bir rayonunda əhali
müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində
keyfiyyətli tibbi yardım ala bilir.
Ölkə
səhiyyəsinin inkişafında, insanların
sağlamlığının qorunmasında dövlət
proqramları da mühüm rol oynayır. Ümumiyyətlə,
bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət
daşıyan problemlərinin həllinə yönəlib. Nəticə
olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən
bu proqramlara ayrılan vəsait həm minlərlə
insanın müalicəsini, həm də səhiyyənin
müxtəlif sahələrinin inkişafını təmin
edib.
Belə
ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ
mərkəzində cəmi 431 xəstə müalicə
alırdı, 800 nəfər xəstə növbə gözləyirdi.
Bu gün həmin növbələr ləğv olunub. 27-si
bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində
3112 xəstə dövlət hesabına müalicə
alır. Mərkəzlərdən üçü məhz bu
il istifadəyə verilib, daha biri də ilin sonunadək
açılacaq.
Bütün
dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi
üzrə ölkəmizdə bir neçə il əvvəl
55 min xəstə dövlət hesabına dərman vasitələri
ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə
çatıb. Xəstəliyin vaxtında aşkarlanması,
dövlətin onun müalicəsini tam öz üzərinə
götürməsi nəticəsində, diabetin ağır
formaları, fəsadları dəfələrlə azalıb.
Nəticədə şəkərli diabetdən ölüm
göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək
lazımdır ki, təkcə şəkərli diabet xəstələri
deyil, böyük maliyyə vəsaiti tələb edən
hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin
dərman təminatını da dövlət öz üzərinə
götürüb.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə tikilib
istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu
gün həmin xəstələrin müalicəsini tam həcmdə
həyata keçirir, onları lazımi dərman və qan
preparatları ilə təmin edir.
Artıq
Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları
edən az sayda ölkələr siyahısına daxil olub. Bu
mürəkkəb müalicə üsulu böyük investisiyalar,
xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər
tələb edir. 35 uşağa sümük iliyi
köçürülüb və ilin sonunadək daha 15 nəfərin
əməliyyat olunması planlaşdırılır. Əlamətdar
haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin
köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz
tərəfindən aparılır.
İrsi
qan xəstəliklərinin qarşısını almaq məqsədilə
nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət
daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər
müayinədən keçib, 3587 talassemiya
daşıyıcısı aşkarlanıb. Qeyd etmək
lazımdır ki, tibb müəssisələri ilə
yanaşı, həmin müayinələrin böyük bir
qismi insanların rahatlığı üçün “ASAN xidmət”
mərkəzlərində həyata keçirilib. Bu müayinələr
həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm
də insanların düşünülmüş qərar qəbul
etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi
irsi qan xəstəliklərinin yayılmasının
qabağının alınması, sağlam körpələrin
doğulmasıdır.
Yeri gəlmişkən,
hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına
uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə
doğulan körpələrin də xilası istiqamətində
ciddi işlər görülür. Doqquz ay ərzində 1000
qramdan az çəkili 102 körpəni xilas etmək
mümkün olub.
Ölkənin
epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm
də ümumi inkişafın göstəricilərindən
biridir. Bu il region ölkələrində epidemioloji gərginliyə
baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə
ki, qış aylarında, demək olar ki, bütün
qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində
yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı.
Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri
kəsilməsə də, gömrük və sərhəd
xidmətləri ilə birgə görülən xüsusi tədbirlər,
ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə
keçməsinin qarşısı alındı.
Digər
yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə
alınıb. Əgər bir müddət əvvəl il ərzində
Azərbaycanda on minlərlə qızılca, məxmərək,
epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin
xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə
çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının
Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək
qiymətləndirib, bu münasibətlə
ünvanladığı müraciətdə səhiyyəyə
ayırdığı diqqət və qayğıya görə
Azərbaycan rəhbərliyinə minnətdarlığını
bildirib.
Möhtərəm
cənab Prezident!
Siz hər
dəfə ictimaiyyətlə, sadə insanlarla
görüşəndə onlara öz
sağlamlığına qarşı diqqətli
olmağı, heç olmasa ildə bir dəfə tibbi
müayinələrdən keçməyi məsləhət
görürsünüz. Bu tövsiyəniz son illər
artıq ənənəyə çevrilib. Elə bu il də
ölkənin bütün şəhər və rayonları
üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində
tam müayinə olunub. Müxtəlif xəstəliklər
aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər
stasionar müalicəyə cəlb edilib. Şübhə
yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və
müalicəsi öz müsbət nəticələrini
göstərəcək.
Səhiyyənin
inkişafının mühüm şərtlərindən
biri də yüksəkixtisaslı kadr
hazırlığıdır. Son illər tibb təhsilində
rezidentura pilləsinin tətbiqi, həkimlərin
sertifikasiyası, mərkəzləşdirilmiş işəqəbul
imtahanları, mütəxəssislərin tanınmış
xarici klinikalarda hazırlıq keçmək imkanı və
digər tədbirlər həkim kadrlarının
hazırlığı sisteminə mahiyyətcə yeni
yanaşma formalaşdırıb. Nəticədə, vaxtilə
ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar,
mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya,
süni oynaq əməliyyatları bizim tibb mərkəzlərində,
yerli mütəxəssislər tərəfindən həyata
keçirilir.
Azərbaycan
səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq
standartlara uyğun təşkil etmək iqtidarındadır.
Bunu xarici mütəxəssislər də qeyd edirlər. Belə
ki, ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi
– altı yüz minə yaxın tamaşaçısı olan
“Formula-1” yarışlarının hazırlıq mərhələsində
təşkilatçılar qarşıya çox ciddi tələblər,
o cümlədən tibb xidmətinin təşkili ilə
bağlı şərtlər qoymuşdular. Bunlar nəinki
idmançıların ilkin tibbi yardımının təşkili,
ümumiyyətlə, müasir tibb infrastrukturunun
olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin
təchizatını, personalın səviyyəsini, tibbi
yardımın təşkili vəziyyətini öyrənəndən
sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana
həvalə etdilər.
Səhiyyəmizin
son illərdə tərəqqisini müxtəlif beynəlxalq
qurumlar da təsdiqləyir. Böyük Britaniyanın
tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi
142 ölkənin monitorinqi nəticəsində son iki ildə
Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə
qaldırıb.
Sevindirici
haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi
dünyanın ən nüfuzlu JCI (Joint Commission International)
beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən
akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin
dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət
və təhlükəsizlik standartlarına uyğun olması
deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin
axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə
müəssisələrinin olması beynəlxalq
sığorta şirkətləri üçün çox
vacib amildir.
Möhtərəm
cənab Prezident, Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi
ilə sentyabrın 26-da keçirilən referendum xalqın
dövlətlə birliyini bir daha göstərdi, bütün
Azərbaycan xalqının, o cümlədən səhiyyə
ictimaiyyətinin iradəsini ifadə etdi. Ümumxalq səsverməsində
iştirak edən səhiyyə işçiləri ölkəmizdə
sabitliyə, əmin-amanlığa və inkişafa səs
verdilər. Sizin diqqət və qayğınızı həmişə
öz üzərində hiss edən tibb işçiləri
qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə
yerinə yetirəcəklər.
Diqqətinizə
görə minnətdaram.
X X X
Təhsil
naziri Mikayıl CABBAROV çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
toplantı iştirakçıları.
Dünyada
əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu
regionlarda silahlı münaqişələrin və qanlı
terror aktlarının baş verdiyi bir dövrdə Sizin
düşünülmüş siyasətiniz nəticəsində
ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi
islahatlar getdikcə dərinləşir, dövlətimizin
gücü və beynəlxalq nüfuzu durmadan artır.
2016-cı
ilin doqquz ayı ərzində Azərbaycanın təhsil
sisteminin inkişafı davam etdirilib, mühüm kəmiyyət
və keyfiyyət dəyişiklikləri baş verib. Son bir il
ərzində Təhsil Nazirliyi tərəfindən 2500
şagird yerlik 10 məktəb binası və ailə tipli 1
kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2
peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris
korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı
və cari təmir işləri aparılıb. Cari ilin 9
ayında bütün mənbələr hesabına
ümumilikdə ölkə üzrə 29 məktəb tikilib,
485-i təmir edilib.
Cənab
Prezident, Sizə məruzə olunduğu kimi, cari ildən
etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı
vəziyyətdə olan kənd məktəbləri modul tipli
məktəblərlə əvəzlənəcək. Bu məktəblərin
üstünlükləri azməsrəfli olması ilə
yanaşı, qısa müddət (1 ay) ərzində istənilən
relyefdə quraşdırılması, asan
daşınması, şagirdlərin sayına uyğun olaraq
sinif otaqlarının rahatlıqla
azaldılıb-artırılmasıdır. Nazirlər
Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin
quraşdırılması üçün Təhsil Nazirliyinə
2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb
olunan vəsait ayrılacağı təqdirdə, şagird
sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin
problemini birdəfəlik həll etmək mümkündür.
Məlumdur
ki, məktəbəhazırlıq mərhələsi
uşaqların gələcək təhsil nailiyyətlərində
müstəsna əhəmiyyət daşıyır.
2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq
qruplarının fəaliyyəti bu ildən ümummilli
proqrama çevrilib. Nazirlər Kabinetinin müvafiq qərarı
ilə cari ildə ölkə üzrə 5 yaşına
çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa
cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək
bu rəqəmin 90 faizə çatdırılması
planlaşdırılır ki, bu da dünyanın ən
inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Təhsil
müəssisələrinin maddi-texniki bazasının
müasirləşdirilməsinə göstərdiyiniz diqqətin
və aparılan islahatların nəticəsidir ki, ümumi təhsilin
keyfiyyət göstəricilərində üç il
ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə
ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən
müsbət qiymət almış IX sinif məzunların
sayı 50 faizdən 2016-cı ildə 67 faizədək
artıb. Bu artım ölkə üzrə əksər
rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı
olaraq aşağı nəticələr göstərən
bölgələrdə də qeydə alınıb. Ötən
il oktyabrın 12-də Zati-alinizin sədrliyi ilə
keçirilən iclasda məruzə etmişdim ki, nəticələri
orta respublika göstəricilərindən aşağı olan
rayonlarda xüsusi layihə həyata keçiriləcək.
Ali diqqətinizə məruzə edirəm ki, ötən illə
müqayisədə imtahanlarda müsbət qiymət
alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi
rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz
artım müşahidə edilib.
Bu irəliləyişlər
özünü qəbul imtahanlarında da büruzə verir.
Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin
mütləq sayı 34 min 475 nəfər təşkil edib ki,
bu da ötənilki göstəricidən təxminən 4 faiz,
2014-cü ildəki göstəricidən isə 9 faiz
artıqdır. Son 3 ildə 500-dən çox bal
toplayanların sayı 19 faiz, 600-dən çox bal
toplayanların sayı isə 32 faiz artıb.
2016-cı
ildə mülki ali təhsil müəssisələrinə
bütün ixtisas qrupları üzrə rekord sayda – 35 min 304
nəfər tələbə qəbul edilib. Bu göstərici
ötən illə müqayisədə 2 min 235 nəfər və
ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının
yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və
vətəndaşlarımızın şüurunda təhsilin
bir dəyər kimi əhəmiyyətinin
artdığını təsdiqləyir.
Mürəkkəb
iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə
Sizin Sərəncamınıza əsasən, müəllimlərin
diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də
davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və
beləliklə, əməkhaqqı artırılan müəllimlərin
sayı 100 minə çatdırılacaq.
Görülən
tədbirlər pedaqoji fəaliyyətə marağı xeyli
artırıb. Belə bir şəraitdə ümumtəhsil
müəssisələrinə direktorların və müəllimlərin
işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq
baxımından daha da təkmilləşdirilib. İlk dəfə
olaraq məktəb direktoru vəzifəsinə işə qəbul
mərkəzləşdirilmiş müsabiqə əsasında
keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi
də nəzərə alınaraq 232 nəfər direktor təyin
olunub.
Bu il
müəllimlərin işə qəbulu üzrə
müsabiqədə iştirak etmək üçün rekord
sayda – 32 min nəfər elektron ərizə ilə müraciət
edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq
istəyənlərin sayından 2 dəfə çoxdur.
Müəllim peşəsinin ictimai statusunun
artırılması istiqamətində aparılan siyasət
daha bilikli və hazırlıqlı insanların bu peşəni
seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə
görə, 2 min 413 nəfər müəllim adını
qazanıb.
Bu il
iqtisadiyyatımızın bütün sahələrində
idxalın yerli istehsalla əvəz olunması barədə
tapşırığın icrası olaraq, məktəblilərə
paylanılan 261 adda 6 milyon 623 min nüsxədə dərsliklərin
hamısının nəşri ölkəmizdə həyata
keçirilib. Eyni zamanda, son üç ildə təhsil
müəssisələrinin büdcədənkənar gəlirlərinin
60 faiz artırılmasına nail olunub.
Ümumi
təhsil pilləsi üçün elektron resurslardan pulsuz
istifadə imkanları genişləndirilib. Hesabat
dövründə 143 dərslik və metodik vəsait, videodərslər,
digər elektron resurslar portala yerləşdirilib. Elektron
portaldan istifadə edənlərin sayında artım
müşahidə olunub. 2016-cı ilin birinci yarısında
portala daxilolmaların ümumi sayı 750 min, cəmi kitab
yükləmələrin sayı isə 350 minə
çatıb.
Təhsil
Nazirliyi ilə Kapital Bankın tərəfdaşlığı
çərçivəsində “Azərbaycan
üçün öyrət” layihəsinə start verilib.
Müxtəlif peşə sahibləri vətəndaşlıq
mövqeyini nümayiş etdirməklə, paytaxt və
bölgə məktəblərində akademik dərs və fərdi
inkişaf təlimləri keçirir, şagirdlərin bilik və
dünyagörüşünü artırmağa
çalışırlar.
Məktəblilərin
fiziki hazırlığının yüksəldilməsi
istiqamətində məqsədli layihələr davam etdirilib,
onların müxtəlif idman növləri ilə birbaşa məktəblərdə
məşğul olmasına şərait yaratmaq
üçün iyulun 15-də Milli Olimpiya Komitəsi və Gənclər
və İdman Nazirliyinin iştirakı ilə idman
federasiyaları və nazirliyin rəhbərliyinin
görüşü olub.
İqtisadiyyatın
şaxələndirilməsi şəraitində peşə təhsili
sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin
təmin edilməsi, işəgötürənlərin tələblərinə
cavab verən peşəkarların hazırlanması məqsədilə
Zati-alinizin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik
qarşısında peşə təhsilinin infrastrukturunun və
maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin
məzmununun yenilənməsi və nüfuzunun
artırılması kimi mühüm vəzifələr
qoyulub. Bu istiqamətdə eyni peşələr üzrə
paralel kadr hazırlığı həyata keçirən
peşə təhsili müəssisələrinin şəbəkəsinin
rasionallaşdırılması ilə bağlı artıq təkliflər
hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Möhtərəm
cənab Prezident, Sizin iştirakınızla sentyabrın 14-də
IT STEP akademiyasının açılışı ölkəmizdə
informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas
təhsili ocağının yaranması ilə yadda qaldı.
“Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında
təşkil olunan bu müəssisə təhsil sahəsində
dövlət-özəl sektor tərəfdaşlığının
nümunəsidir.
Koreya
hökuməti və şirkətləri ilə
avtomatlaşdırma, elektronika, avtomobil və inşaat sahələri
üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin
növbəti ilin əvvəlində təməlqoyma mərasiminin
keçirilməsi planlaşdırılır.
Qəbələ
rayonunda beynəlxalq ekspertlərin iştirakı ilə kənd
təsərrüfatı ixtisasları üzrə Regional
Peşə Tədris Mərkəzinin yaradılması üzrə
işlər həyata keçirilir, yeni tədris korpusu və
emalatxanaların tikintisi uğurla davam etdirilir. Əlamətdar
haldır ki, kənd təsərrüfatı ixtisasları
üzrə dərs vəsaitlərinin hazırlanmasına BP
şirkəti maddi dəstək verir.
Bu il ilk dəfə
olaraq Bakı və Gəncə şəhərlərində
yerləşən peşə təhsili müəssisələrinə
şagirdlərin qəbulu prosesində şəffaflığı
və vətəndaşların rahatlığını təmin
etmək məqsədi ilə Təhsil Nazirliyi və “ASAN xidmət”
arasında əməkdaşlıq çərçivəsində
“ASAN peşə” layihəsi reallaşdırılıb,
dövlət hesabına təhsil almaq istəyənlərin sənəd
qəbulu “ASAN xidmət” mərkəzlərində
aparılıb. Sevindirici haldır ki, bu il peşə təhsili
müəssisələrinə qəbul olanların 20 faizinin
orta attestat balı 4 qiymətindən yuxarı olub.
Ölkəmizin
ali təhsil sistemində də institusional dəyişikliklər
davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı
proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin
ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə
Sizin Sərəncamınızla Qazaxda Bakı Dövlət
Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət
İqtisad Universitetinin filialları təsis olunub.
Azərbaycanın
yeni iqtisadi modeli ölkənin insan kapitalının keyfiyyətinin
yüksəldilməsi yolu ilə milli
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin
artırılmasını tələb edir. Yeni təhsil
klasterlərində yaradılacaq onlarla yeni ixtisas iqtisadi
subyektlərlə və müəssisələrlə sıx əlaqədə
fəaliyyət göstərməlidir.
Sizin
razılığınız əsasında, ölkənin
dayanıqlı inkişafına cavabdeh müvafiq dövlət
qurumları ilə birgə təhsil proqramlarını və
prosesini bölgələrimizin tələbatına
uyğunlaşdırmaq məqsədilə işçi
qruplarının yaradılmasını təklif edirik. Gəncə,
Sumqayıt, Mingəçevir və Lənkəran dövlət
universitetləri və onların tabeliyində olan digər təhsil
müəssisələrinin bu sahədə prioritetliyini
xüsusi qeyd etmək lazımdır. Regional universitetlərinin
inkişaf strategiyalarının yerləşdikləri bölgələrin
sosial-iqtisadi inkişafı ilə uzlaşdırılması
və Sizin qarşıya qoyduğunuz vəzifələrin
yerinə yetirilməsinə cəlb edilməsi həmin ali məktəblərin
həm məzunlarının işlə təminatı, həm
də gələcək fəaliyyətlərinin möhkəm
elmi bünövrəsi kimi çıxış edəcək.
Zati-alinizin
Fransa Respublikasının Prezidenti Fransua Olland ilə 2014-cü
ilin sentyabrın 4-də səsləndirdiyi Azərbaycanda
fransız universitetinin yaradılması təklifi artıq bu
il sentyabrın 15-də gerçəkliyə çevrilib, Azərbaycan-Fransız
Universiteti (UFAZ) ilk tələbələrini qəbul edib.
Bu layihə
ali təhsilimizin tarixində yeni səhifə açır, vətəndaşlarımıza
xaricə getmədən aparıcı universitetlərin
standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı
yaradır. Cari ildə 143 nəfər tələbə, o
cümlədən onların 23-ü ödənişli əsaslarla
dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri,
geofizika mühəndisliyi, neft və qazın kəşfi və
hasilatı) ingilis dilində tədrisə başlayıb. Həmin
ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri
ilə əməkdaşlıq qurulub, məzunlara iki (həm
Azərbaycan, həm Fransa) diplomun verilməsi qərara
alınıb.
Son illər
ölkəmizdə xarici dildə tədris aparan ali təhsil
müəssisələrinin və burada təhsil alan gənclərimizin
sayının artması xüsusi qeyd olunmalıdır. Eyni
zamanda, Azərbaycanın ali təhsil müəssisələrində
təhsil alan 4200-dən çox əcnəbi tələbə
üçün əlverişli şərait yaradılıb.
Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə
şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq
miqyaslı təhsil mərkəzinə çevrilməsinə
də xidmət edir.
Təhsil
Nazirliyinin təşəbbüsü ilə
yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin
iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı
ailələrdən olan tələbələrə ilk təhsil
kreditlərini təqdim edib. Layihənin innovativliyi ondan ibarətdir
ki, Fond dövlət büdcəsindən vəsait cəlb etmədən
həmin kreditləri maliyyələşdirir.
Bakıda
yerləşən ali təhsil müəssisələrində
təhsil alan tələbələrin ehtiyacı nəzərə
alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə
bütün dövlət ali məktəblərinin tələbələri
üçün 1000 yerlik yataqxananın tikintisi həyata
keçiriləcək. Artıq bununla bağlı layihələndirmə
işlərinə başlanılıb.
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində cari ilin
yanvarında Ukrayna və İsraildən olan tərəfdaş
qurumların iştirakı ilə açılan Startap məktəbinin
artıq ilk buraxılışı olub. Layihənin məqsədi
Azərbaycanda Startap hərəkatına töhfə vermək,
gənclərin innovativ ideyalarının biznes həllini
tapmasına dəstək olmaqdır. Startap məktəblərinin
əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda
“iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq”
psixologiyasını formalaşdırır.
Digər
ali məktəbimiz - Azərbaycan Dövlət İqtisad
Universiteti “QS” beynəlxalq reytinq agentliyinin
hazırladığı Şərqi Avropa və Mərkəzi
Asiya regionunun universitetlərinin reytinqində 30 ölkənin
iqtisadyönümlü universitetləri arasında
dördüncü yeri tutub. Rusiya Federasiyasının Təhsil
və Elm Nazirliyi ilə aparılan danışıqlar əsasında
bu universitetin Dərbənd filialı müddətsiz lisenziya
alıb.
Təhsil
Nazirliyi elmi məlumatların təqdim olunması və təhlili
sahəsində dünyada lider olan “Thomson Reuters” şirkəti
ilə əməkdaşlıq Sazişi imzalayıb. “Thomson
Reuters”lə əməkdaşlıq ali təhsil müəssisələrimizə
və alimlərimizə dünya elminin məlumat bazası ilə
işləmək, nəşrlərini yerləşdirmək
üçün geniş şərait yaradır. Bununla
yanaşı, müxtəlif ölkələrin tədqiqatçıları
ilə əlaqələr qurmaq, istənilən elm sahəsi
üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək,
beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal
universitet reytinqlərində yüksəlmək imkanı verəcək.
Cənab
Prezident, hazırda ali təhsil müəssisələrinin
elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir.
Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini
təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə
məşğul olanların yarısının ali təhsil
müəssisələrində
çalışdığını nəzərə alaraq,
dövlət tərəfindən elmə ayrılan vəsaitin
bölgüsündə universitetlərin də iştirak etmək
hüququnun tanınması məsələsinin müzakirəsini
vacib hesab edirik.
Təhsil
sistemində hesabat dövründə idarəetmə və
struktur islahatları davam etdirilib. Qeyd olunmalıdır kı,
insanların rahatlığını və eyni zamanda şəffaflığı
təmin etmək məqsədi ilə tərəfimizdən təqdim
olunan bir sıra xidmətlər
elektronlaşdırılıb. Onların arasında Bakı
şəhəri üzrə uşaqların birinci sinfə qəbulu,
ali təhsil müəssisələrində tələbə
köçürmələri, xarici diplomların nostrifikasiya
üçün qəbulu, tədris resursların internet
portalında yerləşdirilməsi, məktəb
direktorlarının və müəllimlərin işə qəbulu,
peşə təhsil müəssisələrinə dövlət
sifarişi ilə şagird qəbulu və s. qeyd etmək olar.
Möhtərəm cənab Prezident, təhsil sisteminin əsas məqsədi Vətəninin mənafelərini anlayan və müdafiə etməyə hazır olan layiqli vətəndaşın yetişdirilməsindən ibarətdir. Yalnız milli dəyərlərə və ənənələrə sadiq, savadlı vətəndaş Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində iştirak etməyə qadirdır. Hər bir xalqın ali inkişaf nöqtəsi onun dövlətçiliyidir. Bu gün Azərbaycan xalqı Sizin rəhbərliyinizlə öz dövlətçiliyi ilə fəxr edir və bir neçə gündən sonra dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etməyə hazırlaşır. Azərbaycan bu illər ərzində bir çox sınaqlardan keçib. Onlardan sonuncusu bu ilin aprelində oldu. Düşmən təxribatı bizim üçün - bütün Azərbaycan xalqı, rəşadətli silahlı qüvvələrimiz, hər bir vətəndaş üçün növbəti ciddi imtahan idi. Xalqımız bu imtahandan Sizin rəhbərliyinizlə alnıaçıq çıxdı. Düşmənə və bütün dünyaya göstərdi ki, tarixi torpaqlarımızın azad edilməsi qaçılmazdır, döyüş meydanında da, dinc həyatda da, olimpiya stadionlarında da Azərbaycan bayrağını yüksəklərə qaldıran gənc nəslimiz yetişib. Bu işdə Azərbaycan müəlliminin də danılmaz xidmətləri var.
Oktyabrın 4-də, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Siz Azərbaycan müəlliminin əməyinə yüksək qiymət verərək, bir qrup təhsil işçisini fəxri adlara və dövlət təltiflərinə layiq görmüsünüz. Buna görə bütün təhsil işçiləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan
Prezidenti iclasda yekun nitqi söylədi.
Azərbaycan.-2016.- 8 oktyabr.- S.1-3.