Azərbaycanın
inkişaf yolu davam edəcək və islahatlar daha geniş
miqyas alacaq
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib
Prezident İlham
Əliyevin yekun nitqi
- Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir.
Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq.
Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.
Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.
O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik.
Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir.
Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.
Biz həmişə olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Sumqayıtda keçirdiyim müşavirədə parkın fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Təkrar etmək istəmirəm, ancaq bir şey demək istəyirəm ki, bu parkın tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq.
Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır.
Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir.
Biz inşaat materialları sektoruna böyük investisiyalar
cəlb edə bilmişik. Bu sektorda dövlət
investisiyaları olmayıb, ancaq həm yerli, həm xarici
özəl qurumlar bu sahəyə böyük investisiyalar
qoyublar. Bu investisiyalar nəticəsində
biz özümüzü inşaat materialları ilə kifayət
qədər böyük həcmdə təmin edirik, ancaq tam təmin
etmirik. Ona görə, bizim aidiyyəti
qurumlar, dövlət qurumları, İqtisadiyyat Nazirliyi, digər
qurumlar baxmalıdırlar ki, Azərbaycana hansı inşaat
materialları idxal olunur. Azərbaycanda həmin
istehsal sahələri yaradılmalıdır və güzəştli
kreditlər verilməlidir, sahibkarlar özləri də bu sahəyə
daha böyük diqqət göstərməlidirlər.
Biz daxili bazarı qorumaq üçün gətirilən
bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox
düzgün addımdır. Biz öz
daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir.
Çünki insanlar üçün seçim
olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər
ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin,
amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli
dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət
olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə
etməsinlər. Çünki idxal olunan ərzağın,
yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar
çalışa bilərlər ki, öz məhsulunun da qiymətini
artırsınlar. Yəni, buna yol vermək
olmaz. Həm yerli və həm də mərkəzi
icra orqanları buna çox ciddi nəzarət etməlidir.
Daxili bazarımızı qorumaq üçün əlavə
tədbirlər görülməlidir və burada çox
çevik siyasət aparılmalıdır. Biz vaxt itirməməliyik.
Bu məsələlər çox operativ şəkildə
həll edilməlidir. Görəndə ki,
biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin
edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə
çox operativ, çevik siyasət aparılmalıdır.
Bəzi hallarda bürokratik əngəllər
bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla
razılaşdırılır, rəylər
yığılır, vaxt itiririk. Müasir
iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir.
Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar
da əgər düzgün qərarlardırsa dərhal qəbul
edilməlidir.
Bu yaxınlarda yaradılan Mənzil İnşaatı
Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda
böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin
tikilməsi prosesi artıq başlayır. Biz
Nazirlər Kabinetinin toplantısında bu barədə
danışmışıq. Artıq bu işlərə
start veririk. Bunun çox böyük sosial mənası
var və inşaat sektoruna, xüsusilə tikinti materialları
sektoruna da böyük təsiri olacaq. Bizim
sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik
ki, o layihələrdə istifadə olunacaq bütün
inşaat materialları Azərbaycan mənşəli olsun.
Yaxın gələcəkdə ölkəmizdə
böyük metallurgiya kompleksinin tikintisi nəzərdə
tutulur. Bunun üçün bizim Daşkəsən filiz
yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan
çox səmərəsiz istifadə olunur,
çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə
satılır. Yaxın aylarda biz o sahənin
işini təmin edə bildik. Əfsuslar olsun ki, orada
aylarla iş aparılmırdı. İnsanlar
işsiz qalmışdılar, böyük borclar
yaranmışdı. İndi orada
sağlamlaşma prosesi gedir və biz bu böyük təbii
resursdan çox səmərəli şəkildə istifadə
etməliyik. Buna görə, bir neçə
zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin
tikintisi nəzərdə tutulur. Böyük
vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən
keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal
olunsun və əminəm ki, istehsal olunacaq.
Bu gün mən bir məsələyə də toxunmaq
istəyirəm. Biz indi sənaye parklarında, digər sahələrdə,
metallurgiya sahəsində bir çox böyük sənaye
layihələrini icra edirik və bu istehsal olunacaq məhsulların
demək olar ki, hamısı ixracyönümlüdür.
Ona görə, biz nəqliyyat
imkanlarımıza da baxmalıyıq və indidən
planlaşdırmalıyıq ki, ixraca yönələcək
məhsulları necə daşıyacağıq. Bizdə onları daşımaq üçün
imkanlar varmı? Kifayət qədər infrastruktur
varmı? Vaqonlar, sisternlər, quru yük
infrastrukturu varmı? Ona biz indidən
baxmalıyıq. Biz nəqliyyat sektoruna - dəmir
yoluna, hava və dəniz nəqliyyatına böyük sərmayə
qoymuşuq. İndi Bakıda böyük gəmiqayırma
zavodu artıq böyük gəmilər istehsal edir. Ancaq buna bir daha kompleks şəklində
baxmalıyıq. İxrac olunacaq məhsulun,
o cümlədən indi ixracı kəskin artacaq kənd təsərrüfatı
məhsullarının həcmi dəqiq
proqnozlaşdırılmalıdır.
Bu il təkcə pambıq istehsalı üç
dəfə artacaq. Gələn il bu ilə
nisbətən on dəfə, ondan sonra iyirmi dəfə
artacaq. Biz bunu nə ilə
daşıyacağıq? Bizdə bunu
daşımaq üçün kifayət qədər
infrastruktur varmı? Bizim hazır məhsulumuz
olacaq, ancaq daşıya bilməyəcəyik. Ona görə, bunlar indidən
planlaşdırılmalıdır və dövlət
investisiya proqramında nəzərdə tutulmalıdır ki,
sonra biz gözlənilməz vəziyyətlə üzləşməyək.
Beləliklə, sənaye sahəsində icrada olan və
planlaşdırılan layihələr bizə böyük
xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri
yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq.
Əsas məsələ bundan ibarətdir.
Bu gün neftin qiyməti 50 dollardır. Keçən ay 40 dollar idi. İlin
əvvəlində 30 dollara düşmüşdü. Yəni, biz buna baxıb öz gələcəyimizi
planlaşdıra bilmərik. Ona görə,
neft ixracının azaldılmasını biz qeyri-neft ixracı
ilə əvəzləməliyik. Bu sahədə
sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir.
Kənd təsərrüfatı sahəsində artıq
dönüş yaranıb. Müxtəlif sahələr
üzrə konkret proqramlar, layihələr icra edilib,
böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq.
Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr
olacaq.
Mən kənd təsərrüfatı sahələri
üzrə bəzi məsələləri qaldırmaq istərdim. Pambıqçılıqla
bağlı işlər uğurla gedir. Sabirabad
rayonunda müşavirə keçirildi. İndi
24 rayonda pambıqçılığın inkişafı
uğurla gedir. Bu il 100 min ton
pambıq tədarük edilməlidir, gələn il 250-300 min
ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet
dövrünün ən yaxşı illərində istehsal
etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq.
Bu, iş yerləri deməkdir. Təkcə
bu il pambıqçılıqda 70 minə
yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi
iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən
çox, bəlkə də 150 min insan işlə təmin
ediləcək. Burada da gələcək planlarımızı
nəzərə alaraq indidən tədbirlər görməliyik.
Mənə verilən məlumata görə,
bizim pambıqtəmizləmə zavodlarımızın həcmi
300-350 min tondur. Biz bu rəqəmə ola
bilər 2018-ci ildə, bəlkə də tez
çatacağıq. Ona görə, bizdə
yeni pambıqtəmizləmə zavodları tikilməlidir.
Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər
verilib, özəl sektor da, əlbəttə ki, bu işə
qoşulmalıdır. Onların harada
qurulması üçün yerlər müəyyən edilməlidir
ki, biz sonra vaxt itirməyək.
Biz subsidiyaların verilməsində də ciddi
addımlar atdıq. Bu yaxınlarda əlavə vəsait
ayrıldı. Ondan əvvəl
pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə
qaldırıldı. Yəni, biz bunu ona
görə edirik ki, o ağır sahədə işləyənlər
daha yaxşı pul alsınlar. On qəpik
artım artıq orada işləyənlərin gəlirini iki
dəfə artıracaq. Eyni zamanda, biz indi
elə bir mexanizm işləmişik ki, bu, kəndliləri,
fermerləri stimullaşdıracaq və onlar özləri buna
daha böyük maraq göstərəcəklər.
Bununla yanaşı, bizim kənd təsərrüfatında
zəif yerimiz olan taxılçılıqdır. Biz
özümüzü taxılla təqribən 65 faiz təmin
edirik. Son vaxtlar böyük fermer təsərrüfatları
yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq
orta məhsuldarlıqdan təqribən iki dəfəyə
yaxın çoxdur. Buna baxmayaraq, biz yenə
də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir.
Ona görə, indi yeni layihələr işə
düşür və çalışmalıyıq ki, biz
özümüzü 100 faiz səviyyəsində taxılla təmin
edək. Bu, mümkündür. Həm
məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma
işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin
sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli
dərəcədə azalda bilərik.
Bu il 24 rayonda baramaçılıq inkişaf edib
və yaxşı nəticələr var, 70 ton barama tədarük
olunub. Baramaçılığa subsidiyalar
verilib. Şəki ipək kombinatı
artıq işləyir, yüzlərlə insan orada işə
cəlb edilib. Orada yenidənqurma işləri
aparılmalıdır. Bu kombinat daha
çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə
ton barama tədarük edə bilərik. Hələlik
bu işlər 24 rayonda gedir. Gələcəkdə
daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində
yaxşı pul alacaqlar. Minlərlə
manat alanlar var və bu da insanların güzəranını
yaxşılaşdırır. Biz
çalışmalıyıq ki, burada da hazır məhsulu
ixrac edək və əminəm ki, buna nail olacağıq.
Bu işlərin səmərəli şəkildə
qurulması üçün 3,5 milyon manat
yardım göstərilib.
Bizim üçün ənənəvi sahələrdən
biri də üzümçülükdür. Sovet
vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə salınan bağların çoxu əfsuslar olsun ki,
qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində
olmuşdur. O da nədənsə ancaq Azərbaycanda
olmuşdur. Başqa respublikalarda isə
üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər
dəridən-qabıqdan çıxırdılar ki,
Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində
də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun,
ondan sonra da üzümçülüyə lazımi diqqət
yetirilməmişdir. Mənə verilən məlumata
görə, bu il təqribən 150-160 min
ton üzüm yığılacaq. Halbuki sovet
dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min
ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq
şərabçılıq ilə bağlamalıyıq.
Əfsuslar olsun ki, biz dünyanın şərab
bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib
və onlar görünür ya özləri maraq göstərmirlər,
ya da imkanları yoxdur. Ancaq biz dünya
bazarlarına öz şərabımızla
çıxmalıyıq. Necə ki, vaxtilə
Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya
bazarına da əhəmiyyətli dərəcədə şərab
ixrac etmirik. Amma bu, çox gəlir gətirən
sahədir, xüsusilə kəndlilər üçün.
Yeni üzüm bağları salınır, dinamika
müsbətdir. Ancaq burada dövlət dəstəyi daha
da güclü olmalıdır, yerlər müəyyən
edilməlidir. Bu, həm məşğulluqdur,
həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə
ki, mən ilk növbədə ixracı nəzərdə
tuturam. Şərabçılığın
inkişafı ölkədə alkoqollu içkilərin
istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi
sürməlidir. Eyni sözlər
tütünçülüyə də şamil edilir.
Bizim əhali nə qədər az siqaret
çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə
büdcələrinə ancaq xeyri olacaq. Ancaq
tütünçülüyün inkişafı bizə
çox böyük imkanlar yaradacaq. Bu il
keçən ilə nisbətən iki dəfə çox
tütün istehsal ediləcək. Ancaq əlbəttə
ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru
tütün istehsalını 10 min tona qaldırmalıyıq.
Tütünçülüklə 14 rayonda məşğuldurlar.
Bilirəm ki, bu yaxınlarda müəyyən
edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və
dövlət də öz dəstəyini mütləq verməlidir.
Quru tütünün ixracı ilə
bağlı ciddi problemlər yoxdur. Ölkələr
var ki, onu alırlar, gözləyirlər. Biz
oraya daha da çox ixrac etməliyik və Azərbaycanda
siqaretin istehsalını artırmalıyıq. Ona
görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər,
ona görə ki, xaricdən az gəlsin. Ən çox valyuta xərclənən istiqamətlər
taxıldır, siqaretdir, xam şəkərdir və kərə
yağıdır. Ona görə biz yerli
istehsalı artırmalıyıq və ixracı da təmin
etməliyik.
Xam şəkər ölkəyə çox gətirilir. Bunu azaltmaq
üçün şəkər çuğundurunun əkin
sahələri mütləq genişləndirilməlidir.
Artıq göstərişlər verilib, yeni əkin
sahələri müəyyən edilib. Bizə
təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki,
şəkər çuğunduru əkilsin və xam şəkərin,
qamış şəkərin idxalından
asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər
aparılmalıdır. Bizdə fəaliyyət
göstərən şəkər zavodu yerli şəkər
çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri
idxal etmək üçün 100 milyondan çox valyuta xaricə
gedir. Düzdür, əgər bu zavod
olmasaydı, onda xam şəkərin hamısı xaricdən
gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə
insan üçün iş yeri yaradıb. Biz,
eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət
haldır. Ancaq çox yaxşı olar ki,
bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi
xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə
aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda
saxlayacaq. Çox sadə bir məsələdir.
Çayçılığın inkişafı. Bu sahə ilə
bağlı indi ciddi işlər aparılır. Yeni texnologiyalar var ki, məhsuldarlığı kəskin
şəkildə artırır. Burada da
fermerlərə şərait yaradılmalıdır. Onlara da stimullaşdırıcı təkliflər
verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında
çayçılıq inkişaf etsin. Biz
çayı da ixrac edirik, ancaq idxal da edirik. Yəni, daxili tələbat çoxdur. Ona görə çayçılığın
inkişafı ilk növbədə idxalı azaldacaq. Azərbaycan çayı keyfiyyətlidir və biz
öz çayımızla xaricə daha çox
çıxmalıyıq.
Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər
təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama
Aqroparkının açılışında olmuşam.
Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə
tutulur və biz bu sahəni genişləndirməliyik. İndi Kənd Təsərrüfatı Nazirliyi bu
işlərlə ciddi məşğuldur. Cins mal-qara alınıb. Ancaq indi
əsas məsələ süni mayalanma sistemini tam
qurmaqdır. Artıq bu istiqamətdə də
işlər görülür. Mənə verilən məlumata
görə, 3-4 il ərzində biz cinsi dəyişdirib
yüksək keyfiyyətə malik olan mal-qaraya sahib
olacağıq. Bu, öz növbəsində bizə
əlavə böyük əkin sahələri verəcək.
Çünki biz örüş
torpaqlarımızdan çox səmərəsiz istifadə
edirik. Bəziləri boşdur, bəzilərində isə
normativdən qat-qat az heyvan saxlayırlar. Ona görə bizim heyvandarlığımız
qapalı şəraitdə inkişaf etməlidir. Verilən məlumata görə, təqribən
500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki,
südçülüyü, ətçiliyi inkişaf etdirək
və bu sahədə ən müasir standartları təmin edək.
Hazırda bizdə 2 milyondan çox iribuynuzlu
mal-qara var. Ancaq onların cinsi o qədər də
yaxşı deyil. İndi xaricdən gətirilən
cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir.
Ona görə bu sahədə ciddi addımlar
atılır, istifadəsiz örüş torpaqlarında
düşünülmüş, planlı şəkildə əkin
işləri aparılmalıdır. Artıq
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Prezident Administrasiyası bu işlərlə ciddi məşğuldurlar
və beləliklə, biz özümüzü süd məhsulları
və kərə yağı ilə təmin edəcəyik.
Mənə verilən son məlumata görə,
özümüzü kərə yağı ilə tam təmin
etmək üçün bizə əlavə 50-60 min cins
mal-qara və əlbəttə, kərə yağı istehsal
edən yeni müəssisələr lazımdır. Çünki
süd və süd məhsullarının istehsalında biz
özümüzü 80 faiz səviyyəsində təmin
edirik, tezliklə 100 faizə çatmalıdır. Mövcud zavodlarda yeni xətlər qurulmalı, yeni
müəssisələr tikilməli və Azərbaycanda
süd məhsullarının bütün növləri 100
faiz istehsal olunmalıdır. Bax,
qarşıya belə vəzifə qoyulur. Ona
görə siz bir daha məsələni təhlil edin və mənə
konkret son təklif verin ki, bunu tezliklə həll etmək
üçün nə qədər vəsait, əkin sahələri,
investisiya, kreditlər, dövlət investisiyaları
lazımdır.
Mən artıq əvvəlki müşavirədə
qeyd etmişəm və bir daha demək istəyirəm ki, bizə
valyuta gətirən kənd təsərrüfatı sahələrinin
inkişafı lazımdır. Onların arasında
fındıqçılığın çox böyük
potensialı var. Bizə ən çox valyuta gətirən kənd
təsərrüfatı məhsullarından biri
fındıqdır. Yeni təkliflər
hazırlanır. Qırx min hektarda yeni
fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi
ondan azdır. Ona görə, biz
fındıq bağlarını 2 dəfədən çox
artıracağıq. Fındığı
yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12
rayonda fındıqçılıq çox ciddi şəkildə
inkişaf etməlidir. Bu, əlbəttə
ki, vaxt tələb edir. Ancaq bu il biz
artıq bu işlərə başlayırıq. Dövlət xətti ilə tinglər əldə
edilir. Özəl sektor da bu işlərə
qoşulsun. Bunun özəl sektor
üçün də çox böyük faydası var.
Burada biz bu işləri planlı şəkildə görməliyik.
Bakıda, Abşeron yarımadasında ənənəvi
badam bağları əfsuslar olsun ki, azalır. Ancaq bu da
çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə
cəmi 500-600 hektar badam bağları var. Bu, çox
azdır. Minlərlə hektar badam
bağları salınmalıdır. İndi
bu ərazilərdə boş torpaq sahələri çoxdur.
Biz torpaqlardan səmərəli şəkildə
istifadə etməliyik və xüsusilə, Bakının,
Sumqayıtın ətrafında, Abşeronda böyük badam
plantasiyaları salınmalıdır.
Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o
qədər imkanlarımız var. Həm Bakıda,
Abşeronda, həm də digər yerlərdə bizim çox
böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz
özümüzü təmin edə bilmirik və hazır
zeytun istehsalı bizdə çox aşağı səviyyədədir.
Ona görə, yeni zeytun bağları
salınmalıdır. İndi yerlər
müəyyən edilir - həm Abşeron yarımadasında,
həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki,
biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir,
həm fermerlər üçün, həm dövlət
üçün.
İndi kənd təsərrüfatının hər bir
sahəsi bizim üçün vacibdir. Amma bir daha
qeyd etmək istəyirəm, daxili tələbat 100 faiz təmin
edilməlidir, ixrac maksimum olmalıdır. İxrac
bazarları da müəyyən edilməlidir. Bizim ənənəvi ixrac bazarımız var, bu,
Rusiyadadır. İndi Rusiyada böyük kənd
təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq.
Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir,
digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna
görə biz artıq “Made in Azerbaijan” brendini
yaradırıq. İndi xüsusi işlər
gedir, vəsait ayrılıb. Bizim heyətlər
bütün ölkələrə getməlidirlər, gəzməlidirlər,
təqdimatlar keçirməlidirlər. Yoxsa
biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə
isə alacaq. İndi bütün şirkətlər,
ölkələr bazarlar uğrunda mübarizə aparırlar.
Ona görə, bu, yeni bir yanaşma olmalıdır.
Həm dövlət orqanları təşkil etməlidir,
həm sahibkarlar özləri maraqlı olmalıdırlar və
mütləq burada valyutanın hərəkətinə də
diqqət yetirilməlidir. Çünki
ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100
faiz qayıtmır. Ona görə, burada
çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı
yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur.
Bu, 100 faiz şəffaf olmalıdır və
heç bir pozuntuya yol verilməməlidir.
Bütün bunlar tələb edir ki, meliorasiyaya, suvarma
işlərinə daha böyük diqqət göstərilsin. Son illər ərzində
bu məqsədlər üçün böyük həcmdə
vəsait ayrılıb. İki
böyük su anbarı tikilib - Taxtakörpü, Şəmkirçay,
digər layihələr icra edilib. Ancaq bizdə
suvarılmayan torpaqların həcmi kifayət qədər
çoxdur. Ona görə, göstəriş vermişəm,
Prezident Administrasiyası məşğul olur, İqtisadiyyat,
Kənd Təsərrüfatı nazirlikləri, “Meliorasiya və
Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
birgə işləyirlər və gələn ilin tədbirləri
haqqında mənə konkret məruzə edilməlidir.
Prezident Administrasiyasından verilən məlumata görə,
biz az vəsaitlə gələn il təqribən
80-90 min hektar torpağı su ilə təmin edə bilərik.
İndi bütün rayonlarda təhlil
aparılır. Rayon icra hakimiyyətləri
bu işlərə qoşulub və bu, düzgün
yanaşmadır. Onlar yerlərdə hər
şeyi yaxşı bilirlər. Əlbəttə, mərkəzi
icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı”
qurumu plan tutmalıdırlar ki, hər il
neçə on min hektar torpaq sahəsinə su verməliyik, bu
torpaqlar haradadır və o torpaqlarda nə əkiləcək?
O torpaqlarda əkin aparmaq üçün dövlət nə
qədər dəstək verməlidir? Əmək
resursları hesablanmalıdır. Beləliklə,
biz suvarılan torpaqlarımızın həcmini böyük
dərəcədə artıra bilərik. Belə torpaqlar kifayət qədər çoxdur.
Mən əvvəllər də demişəm, zəbt
edilmiş torpaqlar da var, amma onların böyük bir hissəsi
artıq qaytarılıb. Mənə verilən
məlumata görə, 200 min hektardan çox zəbt
edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri
bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir,
biz buna ancaq şad olarıq. Amma kim
bunu zəbt edib və möhtəkirliklə məşğuldur,
əmanət kimi saxlayır və gözləyir ki, qiyməti
qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin
buna yol vermək olmaz. Ona görə, bu göstərişlər
verilib, bu iş də davam etdirilməlidir. Qanunsuz
zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır.
Kim ki, istifadə edir, çox yaxşı, ona
dövlət tərəfindən dəstək verilməlidir.
Bütün bu işlərə əlbəttə
ki, dövlət dəstəyi, o cümlədən maliyyə
dəstəyi verilməlidir.
Sahibkarlığın inkişafına maliyyə dəstəyi
göstərilir. Bu il artıq 120 milyon manat güzəştli
kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə
tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir
və gələn il kifayət qədər
böyük vəsait nəzərdə tutulmalıdır.
Biz bu il ailə biznesinə “ASAN dəstək”
sistemini yaradırıq. Bu, artıq Masallı
“ASAN xidmət” mərkəzində mənə təqdim olundu.
Çox təqdirəlayiq bir təşəbbüsdür.
Yəni, kiçik sahibkarlığın
inkişafı üçün bunun çox böyük dəstəyi
olacaq. Ona görə, dövlət
qurumları da, aidiyyəti qurumlar da bu işlərlə məşğul
olsunlar. İqtisadiyyat, Kənd Təsərrüfatı,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri,
“ASAN xidmət”lə bərabər yerli icra orqanları o
kiçik konteynerlərdə nəzərdə tutulan istehsalat
sahələrini insanlar arasında bölsünlər ki, bizdə
ailə biznesi inkişaf etsin. İnkişaf
etmiş ölkələrdə, xüsusilə kənd təsərrüfatı
inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının
əsas hissəsi kiçik fermer təsərrüfatlarında
yaradılır və ailə biznesi orada çox inkişaf
edir. Bu, bizdə də olmalıdır.
“ASAN xidmət” mərkəzlərinin sayı 11-ə
çatıb.
Bunun çox böyük faydası var. Mərkəzlərə
12 milyon müraciət olub. Növbəti
bir-iki ildə 4 yeni “ASAN xidmət” mərkəzi
yaradılmalıdır. Gələn ilin və
2018-ci ilin dövlət investisiya proqramında bu, nəzərdə
tutulmalıdır. Qarşıdakı iki
ildə ən azı 4 mərkəz yaradılmalıdır.
Biz
gördük ki, həyata keçirilən tədbirlər və
aparılan islahatlar bu il turizmin
axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən
gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer
yox idi. Yəni, bu, ölkəmizə
böyük valyuta gətirir. Ola bilər
bu, bizim üçün yenilikdir. Bəlkə
insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə
böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin
inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi
deməkdir. Bizdə də bunların
hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik
təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz
və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri
deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel
tikilir, kimə lazımdır? Artıq biz
gördük ki, lazımdır və nə ediriksə düz
edirik. Ancaq indiki şəraitdə biz gərək
potensial turizm axınını hesablayaq. Çünki
biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi
3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü
olacaq. Hamımız yaxşı
görürük ki, “Formula-1” yarışlarının buna nə
qədər böyük xeyri oldu. Ona
görə, bizim otel infrastrukturu bu inkişafla
ayaqlaşmalıdır. Sahibkarlar da bunu
eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və
Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm
bölgələrdə otellərin sayı çoxalsın.
Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır.
Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Artıq burada məruzədə də səsləndi ki, bu işlərə nə qədər böyük vəsait ayrıldı, bölgələrdə 100-ə yaxın qəsəbə salındı, Bakı şəhərində evlər tikildi. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər.
Bir sözlə, artıq 2016-cı il sona
yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya
iqtisadiyyatı üçün, dünya üçün
ağır il olmuşdur. Ancaq əminəm ki,
Azərbaycan son üç ay ərzində görüləcək
işlər nəticəsində 2016-cı ili də uğurla
başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki,
qarşıya qoyulan bütün vəzifələri icra etmək
üçün bizdə kifayət qədər iradə,
güc var. Xalq bizim siyasətimizi dəstəkləyir,
referendumun nəticələri bunu bir daha təsdiqləyir.
Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və
tərəqqi yolu ilə gedəcəyik. Sağ olun.
Azərbaycan.-2016.- 8 oktyabr.- S.4-5.