81 yaşlı
pambıq ustası
Yaşının
bu çağında da gümrahdır, əli işdən
soyumur. Ürəyində arzuları çoxdur. El
içindəki ad-sanı, hörməti sadə əməyi
ilə qazanıb. Sovetlər
zamanında Biləsuvarda hər il orta hesabla 24 min ton “ağ
qızıl” istehsal edilib. Rayon həmişə ön
sıralarda olub. Haqqında söhbət
açdığımız Lətif Cəfərov həmin
illər bu rayonun fəxri olan Sosialist Əməyi Qəhrəmanları
Qızqayıt Həsənova və Ərəstun Məmmədovla
çiyin-çiyinə çalışıb,
pambıqçılıq briqadiri olub, müxtəlif orden və
medallarla təltif edilib. 1976-cı ildə isə o vaxt Azərbaycan
KP MK-nın birinci katibi olan Heydər
Əliyev ona “QAZ-24” markalı minik maşınının
açarını təqdim edib. Bu, o dövrdə hər kəsə
nəsib olmurdu.
1990-cı
illərdə digər sahələr kimi
pambıqçılığa da göstərilən ögey
münasibət çoxlarının yadındadır. Lakin həmin
dövrdə də Lətif kişi ona doğma olan peşəsini
unutmadı. Elə vaxt oldu ki, pambığın xərci ilə
gəliri ancaq bir-birini tamamladı, qazancı olmadı. Lakin o,
pambıqçılıqdan əl götürmədi,
öz-özünə təsəlli verdi: “Kənd təsərrüfatı
belədir, uğurlu ili də
olur, uğursuz ili də. İnşaalah, gələn il
yaxşı olar, ziyanın yerini doldurar”. Bu niyyətlə
çalışdı, zəhmət çəkdi. Bəlkə
də “pambıq Məcnunu” adını buna görə
qazanıb.
Lətif
Cəfərovla çoxdan tanışıq. Dəfələrlə
sahələrində olmuşuq. Biləsuvarla İran İslam
Respublikası arasındakı keçid məntəqəsinə
gedən şose yolunun kənarında saldığı binəsdə
çay süfrəsi arxasında oturub söhbət də
etmişik. 1958-ci ldən pambıqçılıqla məşğul
olduğunu öyrənmişik. Dediklərindən məlum
olub ki, Biləsuvarın Təzəkənd kəndində evləri
olmağına baxmayaraq, pambığa bağlılıq onu bu
məkanda yeni yurd salmağa sövq etmişdir.
O, indi
pambıqçılıqla yanaşı, pay, bələdiyyə
və sonradan şəxsi vəsaiti ilə aldığı
torpaqda taxıl, yonca da əkib-becərir. Lətif kişi ilə
əvvəlki görüşlərimizdən biri yada
düşür. Onda söhbət zamanı demişdi: “Ailə
də, yaratdığın təsərrüfat da kiçik
dövlətə bənzəyir. Belə də
olmalıdır və bu, indiki zamanda çox vacibdir. Ailə və
təsərrüfat gərək özü özünü təmin
edib yaşada bilsin, kənar amillərdən çox da
asılı olmasın.” Söhbətin davamında isə
bunları söyləmişdi: “Əkinçiliklə
yanaşı, mal-qara, toyuq-cücəyə də
baxırıq. Üstəlik, taxıl biçinindən sonra
onun yerinə payızlıq pomidor-xiyar əkirik. Bir sözlə,
qənd-çayla geyimdən başqa heç nəyə pul xərcləmirik.
Əksinə, məhsulun artığını satıb texnika
alırıq, xeyirimizi, şərimizi yola veririk. Bütün
bu işləri yanımda işləyən 4 oğlum və
onların ərsəyə gəlmiş uşaqları ilə
edirik. Oğlanlarıma demişəm ki, mən sizin
üçün iş yeri açmışam, qalanı
özünüzdən asılıdır. Onlar da sağ
olsunlar, sözümü göyərdirlər.
Çalışırlar ki, təsərrüfatımız
daha da genişlənsin, məhsulumuz bol olsun. Bolluq da ki,
yaxşı həyatın təminatçısıdır”.
Lətif
kişi ilə bu günlər yenidən
görüşdük. Apreldə də ona baş çəkmiş,
pambıq əkini sahələrində olmuşduq. O vaxt əkdiyi
toxumlar torpaqdan yenicə baş qaldırmışdı.
İndi isə kefi kök idi, üz-gözündən sevinc
yağırdı. Ağappaq tarla bol məhsuldan xəbər
verirdi. Təbrik edib dedik ki, görürsən, yenə
pambığın zamanı gəlib. Gülümsəyib
sözə belə başladı: “Prezident İlham Əliyevin
Sabirabadda keçirdiyi müşavirədə mən də
iştirak edirdim. Sağ olsun icra başçımız, 81
yaşında olduğumu, pambıqçılıqla məşğul
olduğumu qeyd etdi. Deməli, çəkilən zəhmət,
əziyyət itmir. Keçən dəfə də
demişdim, yenə deyirəm: pambıq sərfəli bitkidir. Bildir
hektardan 50 sentner götürməklə 100 ton pambıq
istehsal etmişdim. Bu il ondan da yaxşı olacaq. 26 hektarın
hər yerində yaxşı çıxış
alınıb, yaxşı da məhsul əmələ gəlib.
Yenə də 50 sentnerə söz yoxdur. Gələn il isə
inşaallah, 30 hektarda pambıq əkməyi
planlaşdırmışıq. Düzdür,
yağışlar işimizə müəyyən qədər
ziyan vurdu, yığımı ləngitdi, ancaq hər şey
gəlib öz yerini alacaq, məhsulu da son qozasına qədər
yığacağıq”.
L.Cəfərovla söhbət edə-edə sahədən çıxırdıq ki, pambıq dolu lafet sahənin o başından kollektorun üstündəki yola çıxıb bizə tərəf istiqamət götürdü. Lətif kişi məhsulu “MKT” şirkətinin Biləsuvar filialına aparıb təhvil vermək lazım olduğunu bildirdi. Görüşüb ayrılanda pambıq mövsümünün axırında nəticələrin necə olduğunu bilmək üçün bir də görüşməyi xahiş etdi.
Biləsuvarda torpağa bağlı, pambıqçılıqdan başı çıxan belə adamlar çoxdur. Cari ilin əvvəlində 900 nəfər torpaq mülkiyyətçisi “MKT-Biləsuvar” filialı ilə 2 min 792, 186 nəfər isə 1900 hektarda pambıq əkmək üçün “CTS-Aqro” MMC-nin Biləsuvar pambıq istehsalı və emalı zavodu ilə müqavilə bağlamışdır. Mülkiyyətçilər hər iki müəssisə tərəfindən toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə üçün kimyəvi maddələrlə təmin olunmuşlar. Eyni zamanda, onlara əsasən becərmə zamanı lazım olan miqdarda maddi vəsait verilmişdir. Bunlar isə pambığın vegetasiyası dövründə aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətlə əməl etməyə şərait yaratmışdır. Nəticədə tarlalarda bol məhsul yetişdirilmişdir.
Ümumiyyətlə, Biləsuvarda pambığın qədrini yaxşı bilirlər. Elə buna görə SSRİ dağılandan sonra da Biləsuvarda pambıq əkilib becərilmişdir. Doğrudur, son 2-3 ildə burada da pambıqçılıq xeyli zəifləmişdi. Belə ki, 2006-cı ildə 10 min 503 hektarda pambıq əkildiyi halda, bu göstərici 2014-cü ildə 4 min 715, keçən il 3 min 95 hektara düşmüşdü. Bu il isə 6 min 40 hektarda pambıq əkilmiş və indiyədək həmin sahələrdən 2 min tondan çox məhsul toplanılmışdır. Bu da son rəqəm deyil. Biləsuvarlılar gələn il 10 min 500 hektarda pambıq əkməyi qarşılarına məqsəd qoymuşlar.
Seyran CAVADOV,
Azərbaycan.-2016.- 8 oktyabr.- S.7.