Mənəvi
idealların zirvəsində
Hər kəs taleyin onu məhkum etdiyi missiya ilə ömür səhifələrini yazır. Qarşıya qoyduğu hədəflərlə xalqı, dövləti üçün faydalı olmağın məsuliyyətini başa düşənlər və bunu həyat amalına çevirənlər isə böyük şəxsiyyətlərdir. Ona görə ki, tarixi proseslər həmin şəxsiyyətləri ardınca apara bilmir, əksinə, onlar özləri dərk edilmiş məsuliyyətdən doğan fəaliyyətləri ilə yeni bir tarixin müəllifinə çevrilirlər. Bununla da adlarını tarixin şərəf salnaməsinə həkk edir, ədəbiyaşarlıq qazanırlar.
Daşıyıcısı olduqları nəcib missiya ilə xalqın mənəvi-intellektual potensialına çevrilən belə insanlar yaşadıqları zamanın fövqünə qalxır, milli özünüdərk prosesinə sanballı töhfələrini verirlər. Həyat amalı, məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmini ifadə edir. Yaradıcı insanın istedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli xidmət məramı ilə birləşəndə isə, o, əsl ziyalıya çevrilir.
Azərbaycan şərqşünaslıq elminə sanballı töhfələr verən, ömür yolu və elmi yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Aida Nəsir qızı İmanquliyeva da məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Aida xanım unudulmaz bir şəxsiyyətdir. Sağlığında sahib olduğu yüksək vəzifələri, elmi titulları, ictimai həyatdakı fəallığı onu həmişə ucaltmış, ümdə insani keyfiyyətləri ilə vəhdət təşkil etmiş, böyük alimi çoxlarının sevimlisinə çevirmişdir.
Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi ali keyfiyyətləri, saf mənəvi dəyərləri, əməksevərliyi şəxsiyyətində cəmləyən bu Azərbaycan qadınının, elm və ictimai xadimin, ananın nurlu çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşıda durur.
Aida İmanquliyeva Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə müasir elm tariximizə sanballı möhürünü vurmuş, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, uğurlu cığır açmışdır. Hələ sağlığında apardığı tədqiqatlarla bu sahədə zəngin məktəb və elmi irs yaradan Aida İmanquliyeva təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, bütövlükdə dünya şərqşünaslığının zənginləşməsinə misilsiz töhfələr vermişdir. Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sıra ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən alim müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş mütəxəssislərdəndir.
Filosoflar əsrlər boyu cəmiyyətdə müəyyən müsbət keyfiyyətləri ilə seçilən, rəğbət qazanan insanların şərəfli ömür yoluna nəzər salarkən onların yetişdiyi mühitin, aldıqları mənəvi tərbiyənin rolunu xüsusi önə çəkirlər. Bəli, hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühitin və ailə dəyərlərinin təsiri birmənalı şəkildə özünü göstərir. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda professor Nəsir Əsəd oğlu İmanquliyevun ailəsində dünyaya göz açmışdı. N.İmanquliyev mətbuat işi və ali jurnalistika təhsilinin görkəmli təşkilatçısı, tanınmış ictimai xadim kimi şərəfli və mənalı ömür sürmüşdür. Qəzetlərin barmaqla sayıldığı ötən əsrin 40-50-ci illərində Yeni yol, Gənc işçi, Kommunist, Bakı kimi nüfuzlu mətbu orqanlarda çalışmış, sonralar onlara rəhbərlik etmişdir. O, milli mətbuatın klassik simalarının yolu ilə getmiş, onların zəngin yaradıcılığından, mütərəqqi ənənələrindən bəhrələnmiş, özünəməxsus irs yaratmışdır.
Belə görkəmli ziyalının ailəsində yetkinləşən və həyata sağlam baxışı formalaşan Aida xanım İmanquliyeva erkən yaşlarından təhsilə, elmə, yaradıcılığa böyük maraq göstərməsi ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Yüksək təhsili, nizam-intizamı ilə fərqlənən A.İmanquliyeva 1957-ci ildə Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin o vaxtlar yenicə açılmış ərəb bölməsinə vermişdi. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, geniş dünyagörüşü, məntiqi təfəkkürü, sadəliyi və çalışqanlığı ilə seçilmişdir. Müasir Azərbaycan ərəbşünaslığının banisi, professor Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl şəkildə öyrənmiş, gələcək tale yolunu özü üçün müəyyənləşdirmişdir.
Professor Aida xanım İmanquliyevanın Azərbaycan tarixində ilk qadın ərəbşünas alim olması da onun şərəfli və zəngin həyat salnaməsində diqqəti cəlb edən ən maraqlı nüanslardandır. 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra ADU-nun Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, az sonra Moskvaya ezam olunaraq təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında davam etdirmişdir. Çətin və keşməkeşli, lakin şərəfli elm yoluna üz tutarkən asan yolla getməyi özünə sığışdırmayaraq mürəkkəb dissertasiya mövzusu seçmişdi. Şərqşünas alim Rüstəm Əliyevin elmi rəhbərliyi ilə Qələmlər birliyi və Mixail Nüaymənin yaradıcılığında onun rolu mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır. Gərgin zəhmətinin bəhrəsi kimi 1966-cı ildə üzərində çalışdığı dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Elmi titulla Azərbaycana dönən Aida İmanquliyeva Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə qəbul olunmuş, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində enişli-yoxuşlu elm yolunda pillə-pillə irəliləmişdir. Kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 1976-cı ildə isə institutda ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. 1988-1991-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini işləmiş, 1991-1992-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, tezliklə bu ixtisas üzrə professor dərəcəsi almış, elmin uca pilləsinə yüksəlmişdir.
Tanınmış alim elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işi ilə yaxından məşğul olmuşdur. Vaxtilə onun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri Aida xanımı - təcrübəli pedaqoqu böyük ehtiram hissi ilə xatırlayırlar. Həm də ona görə ki, görkəmli alim sağlığında bir çox tələbələrində elmi tədqiqatlara həvəs oyatmağa nail olmuş, onların dissertasiya müdafiəsi prosesinə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb əbəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar hazırlanıb dərc olunmuşdur. Görkəmli elm fədaisi Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur. Bununla yanaşı, Azərbaycanın şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına, məşhurlaşmasına əsl ziyalı təəssübkeşliyi ilə səy göstərmişdir. Aida İmanquliyeva Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilən elmi konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir.
Professor Aida İmanquliyeva yüksək elmi yaradıcılıq potensialı ilə yanaşı, təşkilatçılıq qabiliyyəti ilə də seçilmiş, işlədiyi vəzifələrdə daim fərqlənmişdir. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək bacarıq nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə əməkdaşlığın dərinləşdirilməsi sahəsində ardıcıl səylər göstərmişdir. Bir sıra ictimai işlərdə fəal iştirak edən Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.
Görkəmli alimin müxtəlif illərdə dərc edilən əsərləri bugünün özündə də təkcə gənc şərqşünaslar üçün deyil, ümumilikdə bu sahənin peşəkar tədqiqatçıları üçün sanballı mənbə rolunu oynayır. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun müxtəlif illərdə nəşr etdirdiyi Ərəb filologiyası məsələləri məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. Sovet Azərbaycanı və xarici Şərq (1980), Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi (1982), Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri (1985), Şərq filologiyası məsələləri (1986-1987), Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə (1987), Xarici Şərqin problemləri: tarix və müasirlik (1988), Şərq ədəbiyyatında ənənə və novatorluq (1988) kimi məqalələr məcmuələrinin redaksiya heyətinin üzvü, müəllifi və redaktorlarından biri olmuşdur.
Böyük tədqiqatçı üçün elmdə zirvə anlayışı nisbi səciyyə daşımış, o, daim öyrənmək, axtarışda olmaq, cəmiyyətə fayda vermək amalı ilə yaşamışdır. Aida xanım İmanquliyeva, eyni zamanda şərqşünaslıq, həm filologiya, həm də fəlsəfi problemlər üzrə görkəmli tədqiqatçı idi.
Elm xadimləri bir məqamı xüsusi önə çəkirlər ki, Aida İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Böyük intuisiyası, uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq, müasir terminlə desək, multikulturalizm problemlərinə özünəməxsus tərzdə yanaşmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması kimi məsələləri tədqiq edən fədakar alim elmi araşdırmaları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır. Bu da təsadüfi deyildir ki, Azərbaycan hələ keçmiş ittifaq məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınmışdır. Aida xanımın araşdırmaları ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdir. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş ittifaq məkanında ilk tədqiqat aparan alimlərdən idi.
1975-ci ildə Moskvada nəşr edilən ilk monoqrafiyası Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, Qələmlər Birliyinin yaranması ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafındakı müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Mazi, R.Əyyub, H.Arida, A.M.Həddad kimi görkəmli yazarları sıralarında birləşdirən cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdir.
Aida xanım İmanquliyeva məhcər ədəbiyyatının görkəmli nümayəndələri - Cübran Xəlil Cübran və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Aida xanım haqlı olaraq göstərmişdir ki, C.X.Cübran, ər-Reyhani, M.Nüaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onları ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.
Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.Cübran, Ə.Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin geniş müqayisəli təhlilini vermişdir.
Alimin fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış Suriya-Amerika məktəbinin nümayəndələri yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında davamçıları üçün yol açmışlar. Bu, əsasən, onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur. Ona görə də Suriya-Amerika məktəbini təmsil edən yazıçıların yaradıcılığı öz milli ədəbiyyatları çərçivəsindən kənara çıxaraq dünya ədəbiyyatında layiqli yer tutmuşdur.
Şərqşünas alimin qələmə aldığı bir sıra sanballı əsərlər özünün orijinallığı, mövzu müxtəlifliyi ilə ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə elmi işıq salmış, bir sözlə, sanbalı ilə diqqəti çəkmişdir. Assosiasiya pera i Mixail Nuayme, Korifeyi novoarabskoy literaturı, Cübran Xəlil Cübran, Yeni ərəb ədəbiyyatının korifeyləri və digər kitabları bu gün təkcə azərbaycanlı deyil, əcnəbi tədqiqatçılar üçün də əhəmiyyətli mənbə rolunu oynayır, müxtəlif ölkələrdə bu əsərlərə istinad olunur, Aida xanım İmanquliyevanın elmi tədqiqatlarının nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş Yeni ərəb ədəbiyyatı korifeyləri kitabı onun çoxillik gərgin araşdırmalarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında geniş maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümumiyyətlə, professorun 3 monoqrafiya (Mixail Nüaymə və Qələmlər birliyi, Cübran Xəlil Cübran, Yeni ərəb ədəbiyyatının korifeyləri), habelə 70-dən çox elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş tədqiq edilmişdir. Aida xanım İmanquliyeva təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir. 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini fəlsəfi düşüncəsinin işığında araşdıran, Şərq-Qərb dəyərləri kontekstində tədqiqata cəlb edən Aida xanım hələ ötən əsrin 70-ci illərində sərhədlərin qapalı olduğu, imperiyanın hökm sürdüyü dövrdə vətəndaş, ziyalı, qüdrətli alim kimi öz sözünü deyərək insanları Böyük İpək yoluna səsləmişdir. Alim şərqli məhəbbəti ilə Azərbaycan elminin, mədəniyyətinin ləyaqətli təmsilçisi olmuşdur.
Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas keyfiyyətlərdən biri də onun publisistik qələmi, kəsərli sözüdür. Açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün tədqiqatçılarda olmur. Aida xanım İmanquliyeva isə istedadlı qələm sahibi kimi həm də özünü tərcümə sahəsində sınamış, ərəb ədəbiyyatının bir sıra şedevrlərini ana dilimizə məharətlə tərcümə etmişdir. İnsan və quş (hekayələr), Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr) kitablarını tərcümə etməsi deməyə əsas verir ki, görkəmli alim Azərbaycan ədəbi dilinin incəliklərinə son dərəcə bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir.
Aida xanım İmanquliyevanın alimliyini onun Tanrının yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Uzun illər görkəmli alimlə birgə çalışmış həmkarları xatırlayırlar ki, Tanrı bu xanımdan heç nəyi əsirgəməmişdi. Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, həssaslıq, humanizm, insansevərlik onun müsbət aurasını daha da cəlbedici edirdi. Görkəmli alim alicənablığı, mərhəmətliliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə ondan dərs alan gənclərə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi. Şəxsiyyət olaraq da Aida xanım ətrafındakılar üçün əsl insanlıq mücəssəməsi, canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini yüksək qiymətləndirənlər bu xanımı ideal qadın obrazı kimi qəbul edir, daim ehtiram göstərirdilər. Bütün bunlar isə həddindən artıq təvazökar insan olan Aida İmanquliyevanın özünəməxsus təmkinini qətiyyən pozmurdu.
Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazırdı ki, ictimai həyata laqeydlik ölümə bərabərdir. Əsl ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Ötən əsrin sonlarına doğru bədnam qonşularımızın Azərbaycana qarşı əsassız ərazi iddialarına yüksək vətənpərvərliklə, tutarlı faktlarla kəskin mövqe bildirən ziyalılar sırasında Aida xanım da var idi. Dağlıq Qarabağda baş verən hadisələr ziyalı və alim kimi onu ilk gündən ciddi narahat edirdi, o, bu problemin faciəli dramatizmini bütün ağrıları ilə yaşayırdı. Rəhbəri olduğu kollektivdə keçirilən toplantılarda hər zaman bu problemə toxunur, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibliyini qeyd edirdi. O zaman institutun kollektivi erməni vandalizminə etiraz olaraq dəfələrlə Azərbaycan və SSRİ rəhbərliyinə etiraz müraciətləri ünvanlamışdılar. Məhz Aida xanımın tapşırığı ilə Şərqşünaslıq İnstitutunda Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xronikası adlı kitab ərəb dilində nəşr olunaraq xarici ölkələrə yayılmışdı. O vaxt beynəlxalq təşkilatlardan yalnız İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar ölkə kimi tanımışdı. Bu tarixi qərarın qəbul edilməsində düzgün informasiyanın, o cümlədən həmin kitabın rolu az olmamışdır.
Xüsusi qeyd olunmalıdır ki, geniş məlumat dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olmuş professor Aida İmanquliyeva mənalı həyat yolu keçərək çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, elm zirvələrinə doğru məhz yuxusuz gecələrinin, gərgin zəhmətinin sayəsində ucalmışdır. Aida xanım bütün varlığı - canı, qanı, ruhu ilə milli kökə, xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir.
Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi mühitinə yaxınlaşdırmışdır. Bununla da alim ərəb və Azərbaycan ədəbiyyatı arasında körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır.
Vaxtilə böyük yunan mütəfəkkiri Ezop yazırdı ki, əsl ziyalı üçün ən qiymətli xəzinə məhz işləmək bacarığıdır. Ziyalı öz bacarığını xalqının, dövlətinin mənafeyinə yönəldəndə isə həmin xəzinə artıq ümumi sərvətə çevrilərək cəmiyyətə fayda verir.
Taleyin qismətindən Aida İmanquliyeva yaradıcılığının qol-budaq açan bir zamanında - 1992-ci il sentyabrın 19-da bu fani dünya ilə əbədi vidalaşdı. Elmi ictimaiyyət onu daim ehtiramla xatırlayır. Aida xanımın adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir, ruhu aramızda dolaşır, əsərlərində yaşayır, yolumuzu işıqlandırır. Kitabları dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki Şərq-Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə professor Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək, gələcək nəsillər onu daim xatırlayacaq.
Afət SADIQOVA,
filologiya elmləri üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2016.- 9 oktyabr.- S.4.