Dinlərarası əməkdaşlığın mükəmməl nümunəsi

Bu gün dünyada 80-ə yaxın münaqişə ocaqları mövcuddur və statistik məlumatlara görə, bu münaqişələrdə həlak olanların sayı artıq 2,5 milyon nəfəri ötüb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu münaqişələrin çoxu dini məzhəblər arasında olan toqquşmalardır.

Mütəxəssislər hesab edirlər ki, bu cür münaqişələrə yol verməmək, onları aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan alimlərin, din adamlarının bir araya gələrək bu problemdən necə çıxmaq haqqında fikir mübadiləsi aparmağına böyük ehtiyac var.

Çünki lokal toqquşmalar dünyanı böyük fəlakətə gətirib çıxara bilər. Ancaq dünyada bu cür gərginliyin müşahidə edildiyi vaxtda Qərblə Şərq arasında təkcə coğrafi körpü deyil, həm də mənəvi körpü rolunu oynayan Azərbaycan Respublikasında sabitlik hökm sürür. Bu sahədə Azərbaycan nümunə və örnək rolunu oynayan ölkələrdəndir. Ölkəmizdə bütün din və məzhəb sahibləri dincsülh şəraitində yaşayırlar. Deməli, dini məzhəblər arasında olan toqquşmaların baş verməməsi üçün Azərbaycan təcrübəsini dünyaya yaymaq, təbliğ etmək mümkündür. Elə Roma Papası Fransisk də oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində dünyaya bu mesajı verdi. Roma Papası ölkəmizin timsalında bir daha şahidi oldu ki, dünyada multikultural dəyərlərin, tolerantlığın mövcud olduğu, dinietnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi varbu, nümunə olmağa layiq təcrübədir.

Siyasətçilər də hesab edirlər ki, Azərbaycanın beynəlxalq siyasətinin təməlində dünyanı bir araya gətirməklə müxtəlif dini milli konfessiyalar arasında dostluq yaratmaq, multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səylərini ortaya qoymaqda təşəbbüskar olmaq durur. Roma Papası da məhz bu siyasəti nümunə göstərdi.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyir ki, Roma Papası Fransiskin Azərbaycana səfəri hər şeydən öncə, ölkəmizin siyasi nüfuzununPrezident İlham Əliyevin fərqliliklər, ziddiyyətli siyasi qütblər arasında dialoq qurmaq bacarığının göstəricisi idi: “Roma Papası Fransiskin Azərbaycana səfəri çox mühüm hadisə idi. Çünki Roma Papası demək olar ki, xristian ölkələrinə səfərlər edir. Amma Roma Papası Azərbaycana artıq ikinci dəfədir ki, gəlir. Avropa Parlamenti və bəzi ölkələrin parlamentləri, xüsusilə erməni lobbisinin təsiri altında olan qüvvələr, eləcə də Azərbaycanda dini ekstremizmlə məşğul olanlar, onların müdafiəçiləri, həmçinin Milli Şura, Əli Kərimli və sairlər “Azərbaycanda dini dözümsüzlük var” adı altında müxtəlif bəyanatlar, mənfi fikirlər yayırlar. Roma Papasının səfəri isə dünya ictimaiyyətinə Azərbaycan haqqında geniş məlumatlar verdi, ölkəmizdə olan tolerantlığı, dinlərə yaxşı münasibəti göstərdi. Bu dəfə də Roma Papası Azərbaycan həqiqətlərini dünyaya çatdırdı”.

Komitə sədrinin fikrincə, Roma Papası Bakıda dünya ictimaiyyətinə ünvanlanmış mühüm mesajlar səsləndirib. Dünya ölkələrinin KİV-nində Prezident İlham Əliyevin Azərbaycanda din, tolerantlıq, multikulturalizmlə bağlı dediyi sözlər, Roma Papasının Bakıya səfəri, Azərbaycanın inkişafı, humanitar aksiyalar haqqında, o cümlədən dinlərə qarşılıqlı hörmətin olması ilə bağlı, ümumilikdə xalqımız haqqında fikirlər yer alıb. Bunun nəticəsində 1 milyarddan çox insana Azərbaycan barədə, onun inkişafı, ölkədə ictimai-siyasi sabitlik, xalqın yüksək mədəniyyətə malik olması, bütün dinlərə hər cür şəraitin yaradılması ilə bağlı geniş informasiyalar çatdırılıb:Hesab edirəm ki, bu, çox böyük uğurdur. Xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Vatikanda aparılan işlərin bir daha sadalanmasının və onların yüksək qiymətləndirilməsinin böyük əhəmiyyəti var. Çünki bir sıra insanlar bununla bağlı mənfi fikirdə idilər. Lakin Roma Papasının birbaşa öz minnətdarlığını bildirməsi, Azərbaycanın ilk müsəlman dövləti olaraq Vatikanda sərgi keçirməsini deməsi və s. çox böyük hadisələrdir. Fikrimcə, bunlar dünya ictimaiyyəti üçün verilən vacib mesajlar idi”.

Siyavuş Novruzovun qənaətincə, Roma Papasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumiolsa, bildirdiyi fikirlər az əhəmiyyət daşımır. Roma Papasının bununla bağlı əsas fikri ondan ibarətdir ki, tərəflərin hər ikisi bu məsələnin həllindən razı qalmalıdır. Azərbaycanın isə mövqeyi bəllidir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: “Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda erməni kilsəsi təmir olunub, kitabxanaya çevrilib, amma Ermənistanda bir dənə də olsun məscid qalmayıb, qəbiristanlıqlar isə dağıdılıb, hamısı yerlə-yeksan olunub. Bundan əlavə, Azərbaycanın mədəni abidələri, kitabxanaları, muzeyləri talan olunubbu məsələlərlə əlaqədar Azərbaycan xalqına milyardlarla ziyan dəyib. Amma Azərbaycanda 30 mindən artıq erməni əsilli insan yaşayır və Azərbaycan vətəndaşı olaraq digərlərindən fərqlənmirlər, eyni hüquqlardan istifadə edirlər. Budur əsl tolerantlıq. Biz bununla sübut edirik ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra da orada yaşayan erməni vətəndaşlar digərlərindən fərqlənməyəcək və eyni hüquqlara malik olacaqlar. Bu baxımdan biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə, Dağlıq Qarabağa ən yüksək statusun verilməsinə tərəfdarıq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə hesab edir ki, Roma Papasının Azərbaycana səfəri həm də siyasi xarakter daşıyır. Eyni zamanda, bu səfər Azərbaycanın dünyadakı mövqeyini, əhəmiyyətini təsdiqləyən səfər idi: “İslam ölkələri Azərbaycanın necə bir ölkə olduğunu çox gözəl bilirlər. Roma Papasının ölkəmizə səfəri isə dünya dövlətlərinin diqqətinin bir daha Azərbaycana yönəlməsinə səbəb oldu”.

Qeyd edək ki, Roma Papası Azərbaycanda təkmillətli, təkkonfessiyalı cəmiyyətin olmadığını deyərək ölkəmizdə mövcud olan multikulturalizmdən, tolerantlıqdan söz açıb. Rasim Musabəyov deyir ki, dünya katoliklərinin dini rəhbəri müsəlman ölkəsi kimi Azərbaycana etdiyi səfərdə bəşəriyyətə səslənərək dini məzhəblər arasında olan münaqişələrə son qoyulmasını istəyib. Ancaq onun Azərbaycandakı sabitlik, multikulturalizm ənənələri ilə bağlı söylədiyi fikirləri isə dünyaya çoxdan bəllidir: “Çünki Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərini öyrənməsinə səbəb olub. Eyni zamanda, ölkəmizdə keçirilən beynəlxalq forumlarda, konfranslarda iştirak edən tanınmış şəxsiyyətlər Azərbaycanın sahib olduğu dəyərlərdən söz açırlar. Təbii ki, onlar bu barədə yaşadıqları dövlətlərdə də, digər beynəlxalq tədbirlərdə də geniş müzakirələr aparırlar və bu, Azərbaycanın necə dövlət olması ilə bağlı aparılan ən yaxşı təbliğat vasitəsidir”. Deputat hesab edir ki, Roma Papasının Azərbaycana səfəri həm ölkəmizə olan marağın daha da artmasına səbəb olacaq, həm də dinlərarası dialoqa böyük töhfə verəcək.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 9 oktyabr.- S.5.