Alma Qubanın şan-şöhrətidir
Bayramları bir-birindən maraqlı töhfələrlə qarşılamaq Qubada artıq ənənə şəklini alıb. Elimizin ən gözəl adətləri burada qorunub saxlanılır.
Qubada dördüncü dəfədir ki, alma bayramı keçirilir. Təbiətin bütün gözəlliklərini özündə cəmləyən qızıl payız bu yerlərə füsunkar çalarlarını vurur.
Qubanın rəmzi sayılan almanın şöhrəti təkcə bu gün ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da dolaşmaqdadır. Məhz Qubada belə bir bayramın keçirilməsinə oktyabr ayı girəndən xüsusi hazırlıq görülürdü.
Oktyabrın işıqlı bir çağında, alma bayramı günü rayon icra hakimiyyətinin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri də dəstə-dəstə ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektə axışırdı.
Bayram tədbiri ümummilli lider Heydər Əliyevin rayonun girəcəyində ucaldılmış əzəmətli abidəsinin qarşısında başladı. Əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, rayon ictimaiyyətinin, respublikamızda akkreditə olunan səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, ətraf rayonların icra başçıları, tanınmış yazıçı və şairlər ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdülər.
Mərasim iştirakçıları sonra Heydər Əliyev prospektində bir yerə toplaşdılar. Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı Y.Məmmədov mərasimə dəvət olunanları salamlayaraq bildirdi ki, inkişaf dövrünü yaşayan Azərbaycan qazandığı müvəffəqiyyətləri davamlı şəkildə artırmaqdadır. Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları böyük uğurla həyata keçirilir.
Y.Məmmədov vurğuladı ki, təkcə regionun deyil, respublikanın ictimai həyatında xüsusi rol oynayan alma bayramının Qubada keçirilməsi təsadüfi deyildir. Çünki alma Qubanın şan-şöhrəti, əsas rəmzi, əhalinin ruzi və dolanışıq mənbəyidir. Ulu öndər Heydər Əliyevin həyata keçiridiyi torpaq islahatından sonra rayonda bağ sahələri genişləndirilmiş, meyvə istehsalı nəzərə çarpacaq dərəcədə artmışdır. Hazırda rayonda 15 min hektardan çox meyvə bağı var. Artıq dünyada Qubanın alma brendi formalaşıb.
Tədbirdə çıxış edənlər - Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Vladimir Daroxin və digərləri zəhmətkeş qubalılara daha böyük uğurlar arzuladılar.
Sonra möhtəşəm alma paradı keçirildi. Öncə Quba rayonunun loqosu təqdim olundu. Almalarla dolu maşınlar
bir-birinin ardınca sıralandı. Qubada yetişdirilən alma növləri barədə
iştirakçılara məlumat
verildi.
Qubanın şöhrətini yüksəldən əmək adamları, idmançılar, müxtəlif azsaylı xalqların nümayəndələri Heydər Əliyev prospekti ilə yürüş etdilər. İnsan axını və göydə dalğalanan bayraqlar qəlblərdə qürur hissini coşdurdu. Konservləşdirilmiş tərəvəz məhsullarını nümayiş etdirən Xaçmaz, Qusar və Siyəzən rayonlarının təmsilçiləri də parada qoşuldular. Milli geyimli qızlar və oğlanlar regionun azsaylı xalqlarının mahnı və rəqslərini ifa etdilər. Dəvə karvanının keçidi hamının alqışlarına səbəb oldu.
Daha sonra mərasim Heydər Əliyev adına istirahət və mədəniyyət parkında davam etdirildi. İçəridə sərgilənən stendlərdə almaçılığın tarixi, onun növləri, tinglər haqqında məlumatlar diqqəti cəlb edirdi. Almadan hazırlanmış müxtəlif şirniyyatların təqdimatı da oldu. Qonaqlar bu təamlardan daddılar.
Tədbirdə rayonun keçmişi və bugününü özündə ehtiva edən kitablar, tarixi tapıntılara söykənən, arxeloji qazıntılar zamanı əldə edilən nümunələr, qədim sənət növlərini əks etdirən sərgilər iştirakçılar tərəfindən maraqla qarşılandı.
Parkda diqqəti cəlb edən məqamlardan biri də məktəblilərin yaratdıqları şou idi. Fləşmob qruplarının musiqi nömrələri alqışlarla qarşılandı. Qubanın mərkəzi küçələrində məktəblilərin hazırladıqları tamaşalar, almaya aid oyunlar bayrama xoş bir ovqat qatdı.
Burada eyni zamanda böyük marağa səbəb olan azsaylı xalqların mədəniyyətini, tarixini, adət-ənənələrini özündə canlandıran bölmələr təqdim olunurdu. Respublikamızda 2016-cı ilin “Multikulturalizm ili” kimi qeyd olunması sərgi guşəsində bütün sahələr üzrə işıqlandırılmışdı. Tat, ləzgi, yəhudi, Ahıska türkləri, xınalıqlıların hazırladıqları xüsusi guşələr tamaşaçılar tərəfindən maraqla izləndi.
Tədbir Heydər Əliyev parkındakı Gənclər Mərkəzinin qarşısında bayram konserti ilə davam etdirildi və möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Akif ƏLİYEV,
Azərbaycan.-2016.- 9 oktyabr.- S.8.