Azərbaycan ilə
İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin
sadələşdirilməsi haqqında saziş
imzalanıb
Xarici
işlər naziri Elmar Məmmədyarov İsveçrə
Konfederasiyasına rəsmi səfəri çərçivəsində
bu ölkənin Federal Xarici İşlər Departamentinin rəhbəri
Didye Burkhalter ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, görüşdə
Azərbaycan və İsveçrə arasında əlaqələrin
inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun
mövcudluğunu təqdir edərək bu səfərin ikitərəfli
əməkdaşlığın hərtərəfli
inkişafı üçün əlverişli imkanlar
yaratdığını vurğulayıblar.
Tərəflər
ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq
iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi
üçün ölkələrimizin geniş potensiala malik
olduğunu nəzərə çatdırıblar. Bu
xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin
Azərbaycanda, SOCAR-ın isə İsveçrədə
uğurlu fəaliyyəti qeyd edilib.
Görüşdə
İsveçrə şirkətlərinin Azərbaycanda həyata
keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində
iştirak etməkdə maraqlı olduğu bildirilib.
Tərəflər
peşə təhsili və təlim sahəsində əməkdaşlıq
məsələlərinə toxunaraq, İsveçrənin bu
sahədə təkmil sistemə malik olduğunu qeyd edərək,
bu sahədə təcrübə mübadiləsinin
aparılmasının əhəmiyyətini
vurğulayıblar. Görüşdə beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, eləcə
də qarşılıqlı şəkildə beynəlxalq qurumlara
olan namizədliklərin dəstəklənməsinə dair
fikir mübadiləsi aparılıb.
Nazirlər,
həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq
və regional məsələləri müzakirə ediblər.
Görüşdən sonra nazir Elmar Məmmədyarov və
federal müşavir Didye Burkhalter “Azərbaycan Respublikası
Hökuməti ilə İsveçrə Federal Şurası
arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi
haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə
İsveçrə Federal Şurası arasında İcazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında”
sazişlər imzalayıblar.
Sazişlər
ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik
və xidməti pasporta malik şəxslərin vizasız
gediş-gəlişi təmin ediləcək və həmçinin
digər kateqoriyadan olan şəxslərin viza almaları
asanlaşacaq.
İmzalanma
mərasimindən sonra D.Burkhalter mətbuata
açıqlamasında bildirib ki, sazişlər Azərbaycan
və İsveçrə arasında mövcud əməkdaşlıq
potensialını daha da genişləndirməyə xidmət
edəcək.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.5.