RTVi beynəlxalq televiziya
kanalında Azərbaycan haqqında süjet
göstərilib
Bu gün güclü və müstəqil Azərbaycan müvəffəqiyyətlə çoxşaxəli xarici siyasət yürüdür. Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan regionun ən güclü dövlətinə və liderinə çevrilib. Dünyanın Cənubi Qafqaz kimi strateji baxımdan mühüm regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. İsrail Dövləti də Azərbaycanın şaxələnmiş xarici siyasətində xüsusi yer tutur. Şübhəsiz ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail həmişə Azərbaycana böyük diqqət və səmimiyyətlə yanaşıb. Bu ölkədə heç vaxt heç bir antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə də hər hansı antisemitizm təzahürünü dəfələrlə pisləyib və pisləməkdədir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut RTVi beynəlxalq televiziya kanalının “İsrail həftə ərzində” proqramında söyləyib.
A.Qut tanınmış İsrailli jurnalist Yevgeniya Soveyə İsrail-Azərbaycan əməkdaşlığına həsr olunmuş müsahibəsində iki ölkə arasında siyasi dialoqun səviyyəsi, bu əməkdaşlığın iqtisadi tərəfi üzərində ətraflı dayanıb.
O deyib: “İsrail-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Bu yaxınlarda Bakıya səfər edən Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə vurğulanıb ki, İsrail ilə Azərbaycan arasında münasibətlər səmimi və çox praqmatikdir, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qeyd edək ki, Azərbaycan tarixi ərazisinin 20 faizini işğal etmiş Ermənistanla uzun illərdir müharibə vəziyyətindədir. 2016-cı ilin aprelində baş vermiş son hadisələrdə Azərbaycan Silahlı Qüvvələri əzəli ərazilərini işğal etmiş Ermənistan silahlı qüvvələrinə sarsıdıcı cavab zərbəsi endirib. Bu gün sirr deyildir ki, İsrail Azərbaycanın hərbi sənayesinin yaradılmasında və inkişafında fəal iştirak edir. Lap bu yaxınlarda, sentyabr ayının sonunda Bakıda “ADEX” Azərbaycan Beynəlxalq müdafiə sərgisi müvəffəqiyyətlə keçib. Sərgidə İsrailin 14 şirkəti təmsil olunmuşdu. Azərbaycan rəhbərliyi çox praqmatik və tarazlı xarici siyasət yürüdür. Azərbaycan çox mürəkkəb geosiyasi əhatədə yerləşir. Bu geosiyasət labirintində Azərbaycanın öz layiqli yeri olmalıdır.
İsrail ilə Azərbaycanın çox gözəl qarşılıqlı siyasi münasibətləri, ciddi iqtisadi əlaqələri ola bilər, ancaq bu münasibətlərin əsas mahiyyətini insan amili təşkil edir və deyərdim ki, ikitərəfli münasibətlərin əsas körpülərindən biridir. Azərbaycan və yəhudi xalqları arasındakı münasibətlərin uzun sürən zəngin tarixi var. Azərbaycanın yəhudi icması bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”.
İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu qeyd edən A.Qut deyib: “Bu gün İsraildə istifadə etdiyimiz benzinin 65 faizi Azərbaycan benzinidir. Öz növbəsində Azərbaycanın da kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahələrində müasir yüksək İsrail texnologiyalarına ehtiyacı var və bu siyahını uzatmaq olar. Eyni zamanda hər iki ölkə təhsil, humanitar və mədəniyyət sahələrində layihələr həyata keçirir”.
A.Qut Rusiya-Azərbaycan münasibətləri haqqında suala cavabında deyib: “Rusiya ilə Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də humanitar əməkdaşlıq sahələrində münasibətləri çox yaxşıdır. Bu yaxınlarda məhz Rusiya ilə Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdim. Azərbaycanda yəhudilər və digər icmaların nümayəndələri ilə yanaşı, rus icmasına da gözəl münasibət var. Bu respublikada çoxlu rus məktəbi var, ali məktəblərdə rus dili bölmələri və s. fəaliyyət göstərir”.
Ermənistanda Antiisrail isteriyasından danışan israilli ekspert qeyd edib ki, erməni icması hətta İsraildə Azərbaycan-İsrail tərəfdaşlığı əleyhinə mitinqlər keçirib. O deyib: “Ermənistanın tənqidi ilə bağlı demək istəyirəm ki, Azərbaycan ilə İsrail dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də məhz bu ölkələrin özləri müəyyən edir. Heç kəsin buna qarışmaq haqqı yoxdur”. İsrailli analitik belə bir ritorik sualla müraciət edib: “Heç Azərbaycan Ermənistan ərazisində üçüncü dövlətin hərbi bazasının olması və bu ölkənin Ermənistan Respublikasına nə kimi hərbi yardım göstərməsi barədə soruşurmu?”.
Ekspertin sözlərinə görə, dünyəvi
dövlətə, tolerantlığa sadiqliyinə, Azərbaycanda
yaşayan bütün
konfessiyalara və xalqlara,
o cümlədən yəhudilərə
hörmətlə yanaşdığına görə Prezident İlham Əliyev
həm İsrail cəmiyyətinin, həm
də dünya yəhudi icmasının
böyük hissəsinin hörmət və
ehtiramını qazanıb. A.Qut RTVi beynəlxalq televiziya
kanalına müsahibəsində fikrini
belə yekunlaşdırıb: “İsrail
ilə Azərbaycanın, habelə müsəlman azərbaycanlılar
ilə Azərbaycan yəhudilərinin münasibətlər
yalnız qarşılıqlı maraqdan
qaynaqlanmır. Hazırda müasir Azərbaycan-İsrail
münasibətlərinin ana xəttini ümumi dəyərlər və ümumi tarix təşkil
edir. Bəşəri əlaqələr
və müxtəlif dini-tolerant cəmiyyətlərdə
yaşamaq qətiyyəti ilə hər iki ölkənin həyatını zənginləşdirir.
İnsanların yalnız eyni dinin bu və ya digər cərəyanına mənsub olduğu üçün
məhv edildiyi qan
içində boğulan sərt dünyamızda biz İsraildən
müasir dünyəvi, tolerant
və güclü Azərbaycanın həqiqi
və keyfiyyətli nümunəsini müşahidə edirik və qiymətləndiririk. Əslində,
Azərbaycan bir çox
dünya ölkələri üçün həqiqi və real örnək, bir növ tərəqqi mayakı, multikulturalizm
və tolerantlıq modeli ola bilər”.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.5.