Oğuzun turizm potensialı böyükdür
İlin əvvəlindən
rayona 16 min turist gəlib
İqtisadiyyatın, xüsusən qeyri-neft
sektorunun inkişaf etdirilməsi baxımından
prioritet sahələr
arasında turizm sektoru xüsusi çəkiyə malikdir.
Bu məqsədlə turizmin inkişaf etdirilməsi üçün
ölkəmizdə bir
sıra proqram və layihələr həyata keçirilir.
İllərlə yaradılan təminatlar
tədricən öz bəhrəsini verir və Azərbaycan turizm ölkəsi kimi tanınmağa başlayır.
Füsunkar təbiətə malik
olan Oğuz da bu gün turizm bölgəsi kimi məşhurdur. Görülən işlər, xüsusən
infrastrukturun yenidən
qurulması onun simasını daha da dəyişib. Oğuzun küçə və yolları əsaslı təmir edilib, yeni parklar salınıb,
su-kanalizasiya sistemi yaradılıb. Turizmin inkişaf
etdirilməsi sahəsində
də xeyli tədbirlər həyata keçirilib. Yeni hotellər,
istirahət mərkəzləri
yaradılıb, xidmətin
səviyyəsi yüksəlib.
Hazırda Oğuzda 4 turizm
istirahət mərkəzi,
65 yerlik AFRA hotel, 12-18 yerlik
4 kiçik hotel fəaliyyət
göstərir. 25-dən artıq ailəvi istirahət mərkəzləri
də qonaqlara və turistlərə nümunəvi xidmət edir. Bu il
Oğuza 16 min nəfərə
yaxın turist gəlib. Onlardan 700 nəfəri xarici
turistlər olub.
Oğuz qədim və zəngin tarixə malikdir. Rayonda dövlət mühafizəsinə
götürülmüş 32 tarix və mədəniyyət
abidəsi mövcuddur.
Bu abidələrdən Alban
məbədləri, Muxas
qülləsi, Surxay xan qalası rayonumuza gələn turistlər tərəfindən
maraqla qarşılanır.
Şöbəmiz tərəfindən turizmin
təbliği, inkişaf
etdirilməsi məqsədilə
xeyli iş görülüb. Belə
ki, Oğuzun turizm imkanlarını, təbiət gözəlliklərini
əks etdirən bannerlər hazırlanaraq müxtəlif yerlərə
vurulub, “Əcdadlarımızın
nəsillərə əmanəti-Oğuz
abidələri”, “Cənnətməkan
diyar”, “Oğuza xoş gəlmişsiniz” adlı bukletlər hazırlanaraq qonaqlara və turistlərə, idarə və müəssisələrə paylanıb.
Bundan əlavə, rayonumuzun turizm potensialı, tarix və mədəniyyət
abidələri, milli adət və ənənələrimiz, mətbəximiz
haqqında müxtəlif
verilişlər hazırlanaraq
televiziya kanallarında
nümayiş etdirilib,
mədəniyyət müəssisələrində
və klublarda sənətkarların əl
işlərindən ibarət
sərgilər, tarixi abidələrimizi əks edirən foto- stendlər təşkil olunub.
Aydındır ki, turizmin inkişaf
etdirilməsində milli
adət-ənənələrimiz, qədim musiqimiz və folklorumuz böyük əhəmiyyət
kəsb edir. Bunu nəzərə
alaraq mədəniyyət
evlərində və
klublarda folklor kollektivləri yaradılıb.
Hazırda mədəniyyət
mərkəzində “Bayram”, “Zurnaçılar” və “Xalça kəndi” folklor kollektivləri fəaliyyət göstərir.
Milli mətbəximizin də turizmin inkişafında rolu böyükdür. Oğuz zəngin mətbəxi olan bölgədir. Şöbəmizin kollektivi respublikamızda keçirilən tədbirlərdə yaxından iştirak edir, mətbəximizin tanıdılmasına çalışır. Bu il Şəki şəhərində keçirilən beynəlxalq şirniyyat və Qəbələ şəhərində keçirilən beynəlxalq mürəbbə festivalında şöbəmizin kollektivi gümüş və bürünc medallarla təltif olunub. Rayonumuz, həmçinin qədim atüstü milli oyunlarımızın təbliği məqsədilə hər il keçirilən çövkan oyunlarında da fəal iştirak edir.
Biz hər il dünya turizm gününü təntənə ilə qeyd edirik. Həmin gün özfəaliyyət kollektivlərimiz şəhər istirahət parkında mədəni kütləvi tədbirlər təşkil edirlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turistlərin ən çox istirahət etdiyi şəhər parkında 11 köşk quraşdırılıb. Bu köşklərdə turizm bazarları təşkil edilib. Bundan əlavə, Oğuz sənətkarlarının əl işlərindən, suvenirlərdən, rayonun mətbəx nümunələrindən ibarət sərgi-yarmarkalar da keçirilir.
Ulduz BAXIŞOVA,
Oğuz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Azərbaycan.-2016.- 11 oktyabr.- S.6.