Azərbaycan qlobal enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayır
Bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyinin təminatıdır. Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekoloji və humanitar fəlakətlər, enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.
Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran ölkələrin enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Son illər bu istiqamətdə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi korrektələr edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.
Bu mənada 23-cü Dünya Enerji Konqresinə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması ölkəmizin dünyanın enerji xəritəsində oynadığı rola beynəlxalq ictimaiyyətin verdiyi böyük önəmin növbəti təsdiqi idi. Xatırladaq ki, 1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirən qlobal miqyaslı mötəbər forumdur. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurası enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşkilatın digər əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.
Şuranın ən mühüm tədbirlərindən olan konqres isə enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq tədbirdir. Dünyanın bir nömrəli enerji platforması olan konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim edir.
23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçirilən sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparır. Hökumətlər, sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət olan bu konqres hazırda dünyada yeni başlayan sənaye erasına mühüm töhfədir. Çünki burada verilən mesajlar gələcək üçün “yol xəritəsi” olacaq.
Artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, ilk növbədə, enerji təhlükəsizliyinə nail olmadan digər sahələrdə irəliyə getmək mümkün deyil. Təsadüfi deyil ki, hər bir ölkə enerji təhlükəsizliyinə özünün milli təhlükəsizliyi prizmasından yanaşır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın isə bu sahədə həyata keçirdiyi nümunəvi siyasət, nəql marşrutlarının diversifikasyası milli maraqlarımızı ehtiva etməklə yanaşı, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə, sabitliyinə və inkişafına yol açır. Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində bu barədə deyib: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır”.
Bəli, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, 23-cü Dünya Enerji Konqresi də daxil olmaqla indiyədək keçirilən bütün enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.
Azərbaycan enerji təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə kifayətlənməyərək neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri dəstəkləyir, regional və qlobal enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edir. Azərbaycan diplomatiyasının uğurlarının və müxtəlif məsələlərdə konstruktiv əməkdaşlıq nümayiş etdirməsinin nəticəsidir ki, ölkəmizin enerji məsələləri ilə bağlı təşəbbüsləri hər bir tərəfdaş ölkə tərəfindən dəstəklənir. Ən əsası, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı aparıcı mövqeyi dəstəklənir və etiraf olunur.
Hazırda Avropa ölkələri yeni enerji mənbələrinə, xüsusən Azərbaycan qazına ehtiyaclarının olduğunu dərindən hiss edir. Azərbaycanın isə malik olduğu qaz ehtiyatları ixrac kəmərlərinin genişləndirilmisinə imkan verir. Odur ki, “Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2016.- 12 oktyabr.- S.1.