İslahatların miqyası daha da genişlənir

Dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi əsas hədəfdir

 

Cari ilin doqquz ayının sosial-iqtisadi qiymətləndirilməsi göstərdi ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı inkişafımızı təmin edib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir.

Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib.

Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan az itkilərlə çıxır və dayanıqlı inkişaf təmin edilir. Qlobal böhran şəraitində bir çox ölkələrin iqtisadi inkişafında geriləmə aydın müşahidə olunur. İqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.

Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 37-ci pilləyə yüksəldilib. Ümumdünya İqtisadi Forumu ölkələrin reytinqini müəyyənləşdirən zaman üç subindeksdən istifadə edir ki, bura “əsas tələblər”, “səmərəlilik” və “innovasiya faktorları” daxildir.

Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi, MDB dövlətləri, türkdilli ölkələr və BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neftin qiymətinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib.

Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusionalsiyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Ümumilikdə son 13 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının icrasını xüsusi vurğulamaq lazımdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramları” təsdiq edilmişdir və onların bir qismi hazırda uğurla icra olunur. Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar aparılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Regionların qeyri-proporsional inkişafının qarşısının alınması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ötən dövrdə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır.

Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin yaradılması son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və davamlı iqtisadi inkişafa hesablanan islahatlar hesabına ölkəmiz daha da güclənəcək.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 12 oktyabr.- S.2.