Trilyonçu “Şahdəniz”

Sərvətinə görə dəniz yataqlarının “şah”ı sayılır

 

“Şahdəniz” yatağı Xəzərin Azərbaycan sektorunda, sahildən təxminən 75 kilometr cənubda yerləşir. Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyun ayının 4-də imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilib və həmin il oktyabrın 17-də qüvvəyə minib.

Növbəti ildə yataqda üçölçülü seysmik tədqiqatlar başlanıb. 1999-cu ilin iyun ayında burada birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Elə həmin vaxt da bu yatağın kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində “Şahdəniz”də qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz-kondensat yatağı olduğunu təsdiqləyib.

“Şahdəniz” yatağı suyun dərinliyinin 50-600 metr arasında dəyişdiyi ərazidə yerləşir. Yatağın məhsuldar layının qalınlığı 1000 metrdən artıq, uzunluğu 22 kilometrdir. “Şahdəniz” geoloji baxımdan mürəkkəb yataqdır: çox yüksək təzyiqə və çoxsaylı məhsuldar lay horizontlarına malikdir.

“Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi - hazırda bütün dünyada adı tez-tez çəkilən, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan “Şahdəniz” haqqında digər məlumatlar da maraq doğurur. Belə ki, “Şahdəniz” yatağı üzrə hesablanmış ilkin geoloji qaz ehtiyatları təxminən 40 trilyon kubfut, yəni 1 trilyon kubmetrdən çox təşkil edir. Bu yatağın işlənməsi hazırda dünyada həyata keçirilən ən nəhəng layihələrdən biridir. Ehtiyatlarının zənginliyinə və ərazisinin böyüklüyünə görə “Şahdəniz”in iki mərhələdə işlənməsi qərara alınıb. Təsadüfi deyil ki, layihədə beynəlxalq aləmdə nüfuz qazanmış 7 iri neft-qaz şirkəti konsorsium yaradıb.  

Birinci mərhələ çərçivəsində hasilata başlandığı vaxtdan 10 il keçir. Bu dövr ərzində dənizin dibindən 6000 metr dərinlikdə və yüksək təzyiq altında olan bir sıra çətin quyular qazılıb. Xəzərdə qazılmış ən dərin quyu məhz “Şahdəniz”dədir. Ötən illər ərzində o da məlum olub ki, “Şahdəniz” quyuları dünya yataqlarındakı ən məhsuldar quyulardandır.

“Şahdəniz”dən ilk qaz 2006-cı ilin payızında alınıb və yataqda quraşdırılmış platforma 10 ildir ahəngdar işləyir. Hazırda onun gündəlik hasilat gücü 29,5 milyon kubmetrdir. 2015-ci ildə yataqdan təxminən 9,9 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz-1”dən alınan qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql edilir. Beləliklə, demək olar ki, “Şahdəniz-1” özünün ən yüksək hasilat dövrünə çatıb.

Şahdənizkondensatla da zəngin olan yataqdır. Birinci mərhələdə gündəlik kondensat hasilatı 50 min barel təşkil edir. Keçən il yataqdan 18,3 milyon barel, yəni 2,3 milyon tona yaxın kondensat alınıb. “Şahdənizkondensatı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur. Yatağın ümumi kondensat ehtiyatı 240 milyon tondan çox həcmdə qiymətləndirilir.

“Şahdəniz-2” özlüyündə nəhəng bir layihədir ki, Azərbaycan qazını Türkiyəyə Avropaya çatdıracaq. Bu layihə yeniCənub qaz dəhliziaçmaqla Avropanın qaz təchizatını enerji təhlükəsizliyini daha da gücləndirəcək. Başqa sözlə, “Şahdəniz-2” hasil ediləcək ildə 16 milyard kubmetr qazın 3500 kilometrlik birləşmiş boru kəmərləri ilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan İtaliyaya ixracını təmin edəcək.

İlk qazın 2018-ci ildə əldə olunaraq Cənubi Qafqaz Boru Kəməri vasitəsilə TANAP-a (Transanadolu Qaz Boru Kəməri) qovuşması gözlənilir. Avropaya qaz təchizatı isə 2020-ci ilə nəzərdə tutulur.

“Şahdəniz-2” yatağında 2 yeni platforma quraşdırılacaq ki, hazırda onların quruda tikintisi geniş vüsət alıb. Layihə çərçivəsində suyun 550 metrədək dərinliyində ümumi uzunluğu 500 kilometr olan sualtı kəmərlər istifadəyə veriləcək.  Yataqdan gələn əlavə həcmləri qəbul etmək üçün Səngəçal terminalının genişləndirilməsi də həyata keçirilir.

Prezident İlham Əliyev “Şahdəniz” layihəsini yüksək dəyərləndirir və bunu neft-qaz sənayesi ilə bağlı çıxışlarında dəfələrlə qeyd edib. Bu il sentyabrın 1-də “Şahdəniz” yatağında quraşdırılacaq  yeni platformanın dayaq blokunun dənizə yola salınması tədbirinin iştirakçıları ilə söhbət edərkən dövlət başçısı demişdir: “...Budur “Şahdəniz”  layihəsi. Minlərlə, on minlərlə vətəndaş işləyir, pul qazanır, əsərlər yaradır. Azərbaycan dünya miqyasında  daha da əhəmiyyətli ölkəyə çevrilir, nə qədər valyuta gəlib və gələcək. İndi “Şahdəniz-2”nin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək. “Şahdəniz” layihəsi olmasaydı, heç kimAbşeron” layihəsinə,  Ümid” yatağına sərmayə qoymazdı. Kim 3500 kilometrlik bu boru xəttini, qaz kəmərini çəkərdi?! Kim 45 milyard dollar pul qoyardı?!”

“Şahdəniz”, həqiqətən, böyük perspektivə malik yataqdır. Qoynundakı sərvətin böyüklüyü ona “dəniz yataqlarının şahı” adını daşımağa imkan verir.

2007-ci ildə yatağın dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi göstərir ki,  bu ərazidə ikinci mərhələdən sonra da potensial  mövcuddur. “Şahdəniz” üzrə HPBS-nin 2036-cı ildən 2048-ci ilədək uzadılması isə gələcəkdə yatağın dərin qatlarından ehtiyatların mümkün olan işlənməsi üçün yol açır.

 

Flora SADIQLI,

Azərbaycan.-2016.- 12 oktyabr.- S.3.