Əbədiyaşar insan

Görkəmli alim Aida İmanquliyevanın xatirəsi oxuduğu məktəbdə yad edildi

 

Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində böyük şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın doğum gününə həsr olunmuşBöyük qəlbin işığında” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Əvvəlcə qonaqlar təhsil kompleksinin tarix muzeyində vaxtı ilə bu təhsil müəssisəsini qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr olunmuş guşəyə baxmış, burada toplanmış foto şəkillər və sənədlərlə tanış olmuşlar.

Təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alimpedaqoq, professor Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd olunub ki, məktəbdə həyata keçirilən “Unudulmaz məzunlar” layihəsi çərçivəsində ilk tədbir bu gün doğum gününü qeyd etdiymiz Aida xanım İmanquliyevaya həsr olunub. Bildirilib ki, 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva universitetin aspirantı olur, sonra  təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirir, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edir. Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım həm də bacarıqlı elm təşkilatçısı idi. Professor Aida İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu söyləyən Sara Xanlarova alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs edib, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edib.

Azərbaycan qadınına xas olan ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən Aida xanım İmanquliyevanın vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini bildirən Eldar Əzizov alimin əziz xatirəsinin könüllərdə daim yaşayacığını söyləyib. Tədbirdə görkəmli alim Aida xanım İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, şagirdlərin ifasında ərəb və digər xarici dillərdə şeirlər, mahnılar səsləndirilib, səhnəcik nümayiş etdirilib, Aida xanımın məktəb, tələbəlik, gənclik illərini, elmi-pedaqoji fəaliyyətini əks etdirən video-slaydlar göstərilib.

Tədbirdə əməkdar artist Ramil Qasımovun ifasında bəstəkar Sara Tahiranın görkəmli alimə ithaf etdiyi “Səndən bir də gəlməyəcək” mahnısı səslənmişdir. Tədbirin sonunda qonaqlara təhsil kompleksi tərəfindən çap olunmuş Aida xanım İmanquliyevanın məktəb illəri, geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə olan gözəl ailə mühitis. barədə məlumatlar, xatirələr toplanmış “Unudulmaz məzun - Aida İmanquliyeva” kitabı təqdim olunmuşdur.

          

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 12 oktyabr.-  S.7.