Müstəqillik milli sərvətimizdir

Azərbaycan ötən 25 il ərzində misilsiz inkişaf yolu keçib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladı. Respublikamızın bu gün müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər ilk növbədə əsrlərlə davam edən tarixi mübarizənin nəticəsidir.

Taleyin qismətindən xalqımız milli özünəməxsusluğunu səciyyələndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çətin sınaqlardan çıxmalı olmuşdur. Bu nöqteyi-nəzərdən azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam edib, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı regionun ən sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olub. Müstəqil Azərbaycanın ötən 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşmişdir. Sərəncamda deyilir: “Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxilixarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.

 

Həqiqi müstəqilliyin təməl prinsipləri

 

Respublikamızın iqtisadidemokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illər bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı daha da gücləndirmişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikanın dayanıqlı inkişafı timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar.

Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqramkonsepsiyalar mövcuddur. Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası hazırda uğurlu nəticələr verir. Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu prinsip əsasında uğurla qurur.

Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.

 

Böyük uğurların iqtisadi təməli

 

Dünyada maliyyə böhranının səngimədiyi və risklərin artdığı bir vaxtda Azərbaycanda bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq makroiqtisadi sabitlik qorunub. Eyni zamanda yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ötən müddətdə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: “Müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respublikamızda neftqeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaratmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd təsərrüfatının və müvafiq infrastrukturun inkişafına böyük investisiyalar qoyulmuş, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır”.

Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Sərəncamda bu məsələlərə də toxunulub: Postneft dövrünə qədəm qoymuş Azərbaycan iqtisadiyyatın bütün sahələrində ciddi islahatlar aparır. Ölkənin yol-nəqliyyat şəbəkəsi əsaslı şəkildə yenidən qurulur, dəmiryol nəqliyyatı müasirləşdirilir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri formalaşdırılır. Paytaxtla yanaşı, bölgələrdə də beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir standartlara uyğun dəniz ticarət limanı fəaliyyətə başlamışdır. Yeni texnologiyalar əsasında tikilən sənaye müəssisələri metallurgiya, maşınqayırma, inşaat materiallarının istehsalı və digər sahələrin sürətli inkişafı üçün maddi-texniki baza yaradır”.

 

Suveren demokratiya modeli

 

Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız iddialarını yeni müstəqil dövlətlərə qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara tutarlı cavabdır. Respublikamızın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Ölkəmizin iqtisadi və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər təbii olaraq siyasi və elmi-fəlsəfi çevrələrdə də geniş diskussiya mövzusuna çevrilmişdir. Son illər ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlarfilosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar. Sərəncamda deyilir: “Nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Respublikamızda keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir”.

Ümumi qənaət bundan ibarətdir ki, davamlı inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin uğurla icrasına ümumxalq dəstəyi daim özünü qabarıq göstərir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və həmrəyliyin qarantı hesab edir, ona tam güvənir.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 13 oktyabr.-  S.1-4.