Referendum Prezident İlham Əliyevə ümummilli
etimadın növbəti təsdiqi oldu
Mərkəzi Seçki Komissiyasının “2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqqında” qərarına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi qəbul olundu. Qərarda da qeyd olunduğu kimi, daimi siyahıda olan seçicilərin 25 faizindən çoxu (69.7 faiz) səsvermədə iştirak edib. Layihədə təqdim olunan 29 əlavə və dəyişikliyin hər birinin lehinə isə referendumda iştirak etmiş seçicilərin yarısından çoxu səs verib.
Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktının layihəsi Prezident İlham Əliyevin 2016-cı il 26 iyul tarixli sərəncamı ilə sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmışdı. Referenduma hazırlıq və onun keçirilməsi prosesi seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə MSK tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada reallaşdırıldı. Seçicilərin aktiv seçki hüquqlarının təmin edilməsi məqsədilə dəqiqliklə hazırlanmış seçici siyahıları MSK-nın internet səhifəsində yerləşdirildi.
Eləcə də seçicilərin referenduma çıxarılan məsələlərlə yaxından tanış edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirildi. Bunlardan biri ümumxalq səsverməsinə çıxarılan məsələlərin seçicilər üçün daha aydın və anlaşılan olması məqsədilə Referendum Aktının layihəsinin Konstitusiyanın mövcud variantı ilə müqayisəli şəkildə təqdimatının hazırlanması idi. Bununla yanaşı, kütləvi informasiya vasitələrində Referendum Aktının layihəsinin müzakirəsinə, habelə Konstitusiyaya təklif olunan dəyişikliklərə dair əhatəli şərhlərə, ekspert rəylərinə və ictimaiyyət nümayəndələrinin fikirlərinə geniş yer ayrıldı.
Referendum Aktına əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, eyni zamanda, 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi məsələləri əhatə edirdi. Xüsusilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Bu mənada ümumxalq səsverməsi Azərbaycan dövlətinin və xalqımızın demokratiya yolu ilə inamla irəliləməsinin növbəti sübutu oldu.
Referendumun nəticələri - yəni, seçicilərin 69,7 faizinin səsvermədə iştirakı və mütləq əksəriyyətin əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi isə Prezident İlham Əliyevə cəmiyyətimizdə olan böyük inamın təsdiqi oldu. Başqa cür ifadə etsək, Konstitusiyaya edilən dəyişiklikləri ölkə vətəndaşlarının müsbət dəyərləndirməsi növbəti dəfə xalqın İlham Əliyevə ümumxalq dəstəyinin nümayişinə çevrildi. Ona görə də bu, xalqımızın öz Prezidentinə və iqtidarına etimadını bir daha müəyyənləşdirən tarixi səsvermə idi.
Uğurla başa çatan səsvermənin yekunları beynəlxalq siyasi dairələr tərəfindən də müsbət dəyərləndirildi. Ayrı-ayrı xarici təşkilatları və müxtəlif dövlətləri təmsil edən beynəlxalq və yerli müşahidəçilər verdikləri açıqlamalarda referendumöncəsi dövrdə heç bir qanun pozuntusunun olmadığını, bütün təşviqat qrupları üçün lazımi imkanların yaradıldığını, o cümlədən səsvermənin şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçdiyini, onun nəticələrinə təsir edə biləcək hallara rast gəlinmədiyini, bir sözlə, Azərbaycanın demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Ümumxalq səsverməsini legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə yüksək səviyyədə təşkilatçılığı və nəticələrə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilmədiyini xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendumu müsbət qiymətləndirərək digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış etdi.
Aşkarlığın təmin olunmasında əlavə vasitə kimi dörd təşkilat tərəfindən referendumda “exit-poll” keçirildi ki, onlardan da ikisi öz fəaliyyətlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdilər. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə üst-üstə düşdü. Referendumu izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi informasiya vasitələri də ümumxalq səsverməsinə geniş yer ayırmaqla onun azad və ədalətli keçirildiyini bütün dünyaya yaydılar. Televiziya kanallarında, qəzetlərdə və xəbər saytlarında verilən materiallarda referendumun keçirilməsi yüksək qiymətləndirildi.
Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən bu referendum bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad şəkildə gerçəkləşən siyasi hadisə kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa səs verdi. Referendumun nəticələri Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki ümumxalq səsverməsi ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticə etibarilə dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlığına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına mühüm töhfə olacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2016.- 13 oktyabr.- S.1.