İtaliya qəzetində azərbaycanlı
məcburi köçkünlər haqqında məqalə dərc
olunub
İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiyanın azərbaycanlı məcburi köçkünlər haqqında məqaləsi dərc olunub. Məqalə müəllifin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.
Məqalədə bildirilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməsindən danışan Bayram Səfərov işğal günündən bəri şəhərə gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya qayıtmaq olduğunu deyib.
Məqalədə B.Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin, o cümlədən ermənilərin dinc şəraitdə yaşadıqları qeyd edilir. Ermənistanda isə yalnız ermənilərin yaşadıqları və bu ölkənin multikulturalizmə qarşı olduğu vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xatırladılır.
İtaliyalı jurnalist, həmçinin
Bakıdan bir neçə 10 kilometr məsafədə məcburi
köçkünlərin məskunlaşdıqları qəsəbəyə
səfərindən və oradakı mövcud
şəraitdən söz açıb.
“Mən qəsəbədə yenicə tikilmiş,
şagirdlərin ingilis dilində dərs
keçdikləri informatika otağı olan müasir məktəbdə
və musiqi məktəbində oldum. Musiqi məktəbinin
direktoru mənim italyan
vətəndaşı olduğumu biləndə
mənə öz telefonunda
şagirdlər tərəfindən italyan
dilində təşkil olunmuş konserti göstərdi. Adriano
Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuzo - bunların hamısı bu
qəsəbədə tanınır, onların
mahnıları və sözləri musiqi
məktəbində tədris olunur.
Düşərgədə mən şəhid vermiş
məcburi köçkün ailəsinə
qonaq dəvət olundum.
Ailə başçısı evlə təmin
olunmalarını, onlar üçün
hər cür şərait
yaradıldığını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini
xüsusilə vurğuladı”, - deyə jurnalist
qeyd edir.
Azərbaycan.-2016.- 13 oktyabr.- S.2.