Uğurlu regional inkişaf
strategiyası
Regionların hərtərəfli inkişafı
istiqamətində 2004-cü ildən başlanan məqsədyönlü siyasətin
davamı olaraq Prezident
İlham
Əliyevin 2014-cü il 27 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikasının regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” təsdiq edilib.
Dövlət proqramının əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın
şaxələndirilməsi, regionların sürətli
inkişafı istiqamətində
tədbirlərin davam
etdirilməsindən, xüsusən
kəndlərin inkişafı
ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından
ibarətdir.
Dövlət proqramında bütün
regionlarda mövcud potensialdan daha səmərəli istifadə
etməklə qeyri-neft
sektorunun inkişafı,
kommunal xidmət və digər infrastruktur obyektlərinin,
yeni istehsal və emal müəssisələrinin
yaradılması, mövcud
müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə
və informasiya texnologiyalarının tətbiqinin
sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, əlil və şəhid ailələri
üçün yaşayış
binalarının tikintisi
üzrə kompleks tədbirlər nəzərdə
tutulub. Bəs cari ildə
bu istiqamətdə hansı işlər görülüb?
Əlimizdəki arayışdan məlum olur ki, dövlət
proqramının icrası
çərçivəsində
2016-cı ilin 6 ayı
ərzində də regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, makroiqtisadi göstəricilərin
daha da yaxşılaşdırılması
istiqamətində bir
sıra tədbirlər
görülüb. Belə
ki, qeyd olunan dövrdə sənaye istehsalı 0,6, qeyri-neft sənayesi
24,4 faiz artıb, əsas kapitala 6769,6 milyon manat məbləğində
vəsait qoyulub. Bu dövr ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə
əhalinin gəlirləri
nominal ifadədə 8,4
faiz artaraq 21493,9 milyon manata çatıb.
Keçən ilin eyni dövrü ilə müqayisədə
kənd təsərrüfatında
ümumi məhsul istehsalı 3,8 faiz artıb.
Ölkədə özəl sektorun və sahibkarlığın
inkişafına göstərilən
dəstək nəticəsində
bölgələrdə də
bu sahədə böyük inkişaf müşahidə edilir. Bunun nəticəsidir ki, təkcə cari ilin birinci rübündə
regionlarda 4,4 min müəssisə açılıb.
Yeni açılan müəssisələrin 11 faizi
Aran, 7,7 faizi Abşeron, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Lənkəran və digər iqtisadi rayonların payına düşüb.
Sahibkarlığın inkişafında maliyyələşmə
mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatına yeni keçən ölkələrdə
bu, daha böyük əhəmiyyət
kəsb edir. Bu səbəbdən dövlət daim sahibkarlara maddi dəstək verir. Yalnız cari ilin birinci yarısında
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən regionlarda
fəaliyyət göstərən
1175 sahibkara 54 milyon manat güzəştli kredit verilib və bu kreditlər
hesabına 2535 yeni iş yeri açılması
planlaşdırılıb. Verilən kreditlərin 80,3 faizi aqrar
sektora, 19,7 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına qoyulub. Ümumilikdə hesabat dövründə ayrılan
kreditlərin 73,8 faizi regionların payına düşüb.
Dövlət proqramının əsas məqsədlərindən biri
də bölgələrdə
müasir dövrün
tələblərinə cavab
verən infrastrukturun yaradılmasıdır. Proqramın
icrası nəticəsində
təkcə ilin birinci rübü ərzində regionlarda 310,6 kilometr su,
258,4 kilometr kanalizasiya,
3462,5 kilometr elektrik verilişi xətləri çəkilib və ya təmir olunub,
218 güc transformatoru
quraşdırılıb. Eyni
zamanda 135,7 kilometr respublika, 62,4 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, 1132,8 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirləri
aparılıb, 60 min əhalinin
yaşadığı ərazilərdə
modul tipli 54 sutəmizləyici qurğu
quraşdırılıb, 41 təhsil müəssisəsi,
9 səhiyyə müəssisəsi,
15 mədəniyyət obyekti,
5 gənclər və
idman obyekti tikilib və ya əsaslı təmir olunub.
Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı qəbul edilən dövlət proqramları
bölgələrdə məşğulluğun
təmin edilməsində
mühüm rol oynayır. I proqramın icrasına başlanan
2004-cü ildən 2016-cı ilin birinci yarısına
qədər 1,6 milyon yeni, o cümlədən 1,2 milyon
daimi iş yeri açılıb. III
Dövlət Proqramının
icrası çərçivəsində
- 2014-2016-cı ilin 6 ayı
ərzində isə
274,2 min daimi olmaqla
333,1 min, o cümlədən cari ilin birinci
rübündə 78 min daimi
olmaqla 90 minə yaxın yeni iş yeri açılıb.
İş yerlərinin böyük hissəsi yeni yaradılan sənaye müəssisələrinin hesabına
mümkün olur. Sənaye mövzusunun
davamı kimi qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından
qısa zaman keçməsinə baxmayaraq,
hazırda 8 şirkətə
rezident statusu verilmişdir. Bu rezidentlərin
layihələri əsasında
cəlb edilmiş investisiyaların həcmi
1,1 milyard ABŞ dolları təşkil edir. Neftçala Sənaye Məhəlləsində
isə 8 layihənin icrası nəticəsində
40 milyon manatdan yuxarı investisiya qoyulacaq və 500-dən çox iş
yeri yaradılacaq. Bunlardan əlavə, Masallı Sənaye Məhəlləsinə
sahibkarlar tərəfindən
dəyəri 31 milyon manatdan çox olan 33 layihə təqdim edilmişdir.
Metallurgiya kompleksində sağlamlaşdırma
və restrukturizasiya tədbirlərinin həyata
keçirilməsi, bu
sahəyə investisiyaların
cəlb edilməsi üçün isə Prezident tərəfindən
“Azərbaycan Respublikasının
metallurgiya kompleksində
sağlamlaşdırma və
restrukturizasiya tədbirlərinin
həyata keçirilməsi
haqqında” sərəncam
imzalanmış və
“Daşkəsən Filizsaflaşdırma”
ASC özəlləşdirməyə açıq elan edilmişdir.
Amma bu istiqamətdə Prezidentin gördüyü tədbirlər bunlarla bitmir. Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə ölkə başçısı tərəfindən “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” və “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlar imzalanmışdır. Xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək məqsədilə Prezident tərəfindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalanmışdır. Eləcə də həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə ölkə başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiq etmişdir. Bundan başqa, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq və inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında dövlət başçısı mühüm sərəncam imzalamışdır.
Dövlət başçısı regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün proqramda nəzərdə tutulandan əlavə Prezidentin Ehtiyat Fondundan da vəsait ayırır və bunun hesabına bölgələrdə çoxsaylı mühüm layihələr həyata keçirilir. Məsələn, heyvanların cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb. Həmçinin dövlət başçısı müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşan müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün adıçəkilən nazirliyə Prezidentin Ehtiyat Fondundan 12 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb. Başqa belə bir sərəncam əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılması barədə verilib.
Bu siyahını uzatmaq
da olar. Lakin elə
bunlar da III regional inkişaf Dövlət Proqramının uğurla
icra olunacağına şübhə yeri qalmaması üçün
kifayət edir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2016.- 13 oktyabr.- S.5.