Zəhmət olan yerdə bərəkət də var
Ucarlılar əmindirlər ki, pambıq
onlar üçün uzun illər həm yaxşı gəlir,
həm də təknə dolusu çörək olacaq
Ucar rayonu respublikamızda pambıq əkini baxımından ənənəsi olan yaşayış məntəqələrindəndir. Bu ənənə uzunmüddətli fasilə nəticəsində pozulsa da, sonradan yenidən dirçəlməyə başladı. Necə deyərlər, su gələn arxa bir də gəldi. Ucarlılar yenidən onlara həsrət qalan tarlalara geri döndülər. Baxımsızlıqdan, diqqətsizlikdən şoranlaşan, susuzluqdan dodağı çat-çat olan ana torpaq aparılan şumlanma, meliorativ tədbirlər və çiyid səpildikdən sonrakı becərmə ilə cana gəldi.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nurməmməd Tağıyev bildirdi ki, bu il rayon üzrə ümumilikdə 510 hektar sahədə pambıq əkini həyata keçirilib. Bundan 430 hektarı üzrə “CTS” MMC (Ağcabədi Pambıq Zavodu), 80 hektarı isə “Ucar Pambıq Zavodu” MKT ilə müqavilə imzalanıb. Ümumi əkin sahələri üzrə tədarükçü şirkətlər 19 fermerlə müqavilə bağlayıblar. Prosesə cəlb olunaraq məşğulluğunu təmin edən insanların sayı isə təxminən 250-270 nəfər arasında dəyişir.
Torpağın tərkibi ağır olsa da...
Burada artıq aqrar sektorun prioritet sahələrindən birinə çevrilmiş pambıqçılığın real vəziyyətinə aydınlıq gətirmək üçün yerlərdə olduq. Əvvəlcə rayonun Qarabörk kəndi ərazisində yerləşən Ucar “Şirvan” Təcrübə Sınaq Stansiyasına baş çəkdik. Stansiyanın direktoru Arzu Hacıyev dedi ki, ümumi sahələri 177 hektardır. Bunun da 20 hektarında pambıq əkini həyata keçirilib.
O dedi ki, elmi müəssisənin əsası 1928-ci ildə qoyulub. Bu müəssisə Kənd Təsərrüfatı Nazirliyinin Gəncə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təsərrüfatıdır. Burada pambıq sortları yetişdirilir. Həmin sortlar 28-30 variantda yoxlanılır.
Ümumilikdə, Ucarda pambıqçılığın tarixi təxminən 90 il əvvələ gedib çıxır. Burada zamanında böyük həcmdə pambıq əkini həyata keçirilib. Lakin son on ildə pambığa olan laqeyd münasibət insanların bu sahəyə olan münasibətini dəyişib. Xüsusən də əkilən məhsulun satış bazarının məhdudluğu problemlər yaradıb. Hazırda isə münasibətin yaxşı tərəfə köklü şəkildə dəyişilməsi həm mütəxəssislər, həm də istehsalçılar tərəfindən müsbət hal kimi dəyərləndirilir. Ümumiyyətlə pambıqçılığın inkişafı çoxlu sayda insanın işə cəlb olunması, əhalinin maddi problemlərinin aradan qalxması, ərzaq təhlükəsizliyinin həll olunması deməkdir. Pambığın da bu seqmentlə əlaqələndirilməsinin səbəbi məhsulun pula, pulun isə ərzağa çevrilməsi deməkdir. Bir sözlə, ərzaq təhlükəsizliyinin bünövrəsi qoyulur.
Direktor deyir ki, Ucarın torpağı pambığın yetişdirilməsinə uyğun gəlsə belə tərkib etibarı ilə ağırdır. Mexaniki tərkibi kalsium korbanatdan ibarətdir. Ümumilikdə isə elmi adı boz-çəmən torpaqlardır. Humus bu torpaqlarda olduqca azdır. Bu da şabalıdı torpaqlarla müqayisədə daha az məhsulun əldə olunması deməkdir. Ona görə də yeganə çıxış yolu bu torpaqların bol mineral gübrələrlə təminatının həyata keçirilməsidir.
Hazırda təcrübə-sınaq
stansiyasında “Gəncə-103” sortu əkilib.
Bundan əlavə əkilmiş 28 sortla seleksiya işi aparılır. Bunların arasında “Gəncə-95”, “Gəncə-102” və sair sortlar
var və bunlar hər il yoxlanılır.
Qarşıya qoyulan məqsəd
isə 2018-ci ildən
etibarən respublika ərazisində yalnız yerli pambıq sortlarının əkilməsidir.
Çünki yerli sortlar xaricdən gətirilənlərlə
müqayisədə 1 ay tez
məhsula düşür.
Bu da təbiətin
nisbətən uyğun
dövrlərində məhsulun
yığılmasını dəstəkləyir. Digər tərəfdən
yerli sortların toxumu xaricdən gətirilənlərdən dəfələrlə
ucuzdur.
A.Hacıyev təcrübə sahəsinin
hər hektarından
35-40 sentner, sıravi əkinlərdən isə
20-22 sentner məhsul götürmək əzmində
olduqlarını bildirdi.
Texnikaya
ehtiyac var...
Təcrübə-sınaq stansiyasının əməkdaşı,
kənd təsərrüfatı
elmləri namizədi Əlsaib Həsənov da yaşının
86-nı keçməsinə baxmayaraq sahədə idi. Onun dedikləri:
“30 ildən çoxdur
ki, burada çalışıram. Müşahidələr göstərir ki, Azərbaycanın əkin baxımından ən ağır torpaqları bu coğrafiyadadır.
Buranın torpağı ABŞ-ın Koliforniya ştatının torpağına
uyğundur. Dünyada olan
11 iqlimdən yalnız
5-i Ucarda cəmlənir.
Ona görə də yüksək məhsuldarlıq
üçün vəziyyətdən
yeganə çıxış
yolu aqrotexniki qaydalara əməl olunmasıdır. 15 il davamlı olaraq eyni ərazidə
pambıq əkini həyata keçirilsə
də, aqrotexniki qaydaların tələblərinə
əməl olunması
səbəbindən məhsuldarlıqda
azalma müşahidə
edilməyib. Beləliklə
də pambıq sahəsindən normal məhsulun
götürülməsinə nail olmuşam. İki ildir ki, burada yüksək məhsuldar növlərin
alınmasına çalışırıq.
Onların arasında üzvi
maddələrə ehtiyacı
olan da var,
mineral gübrələrə də. Üzvi gübrə verilən
torpağın hektarından
23 sentner məhsul götürülür. Konkret tövsiyəm
ondan ibarətdir ki, əgər bol məhsul istəyiriksə, o halda aqrotexniki qaydalar tətbiq edilməlidir.
Bunun üçün də texniki təminat olmalıdır. İndiki halda
isə nə cərgənin arasında kultivasiya aparan texnika var, nə
də həmin texnikanı işlədən
mexanik. Mütəxəssislərə ehtiyac var. Eyni
zamanda fermer əkdiyi pambıqla, onun xüsusiyyətləri
ilə bağlı maarifləndirilməlidir. Cərgəarası normativ tələblərlə
60 santimetr olduğu halda, fermerlər təxminən cərgəarasını
90 santimetr götürürlər.
Səbəb isə 60 santimetrlik
cərgəarası kultivasiya
edən texnikanın olmamasıdır”.
Pambığa qucaq açan Gülxanım Ağayeva
Növbəti ünvanımız Ucarın
ən iri kəndlərindən olan Qəzyan kəndinədir. Fermer Mirhakim
Abbasovun pambıq əkini sahəsindəyik.
Tarlaya daxil olan andan
buradakı bol məhsulu, səliqə-sahmanı
görən kimi hiss edirsən ki, müsahibimiz əbəs yerə pambıqçılığı
seçməyib. O, Prezident
İlham Əliyevin Sabirabadda pambıqçılıqla
bağlı keçirilən
müşavirəsində də
iştirak edib. Tarlada çalışan pambıqçı
qadınlar diqqəti cəlb edirlər. Onlara yaxınlaşırıq. Sovetlər dövrünün təbiri
ilə desək manqa başçısı
Gülxanım Ağayeva
ilə görüşürük.
Çöhrəsindən təbəssüm çilənir. Hiss olunan
odur ki, vəziyyətdən məmnundur.
Bu nurlu, xoş təbəssümlü xanım
könüllü şəkildə
müsahibimizə çevrilir:
“Tam səmimi deyəcəyəm.
Düz
19 yaşımdan pambıçılıqla
məşğul olmağa
başlamışam. Hazırda 62 yaşım
var. Uzun illərin təcrübəsindən çıxardığım
nəticə budur ki, pambığa əyilən baş, çəkilən zəhmət
ancaq üz ağlığına xidmət
edə bilər.
Elə bir pambıqçı tanımıram ki, ürəklə çalışsın,
lakin cibində pulu, təknəsində çörəyi olmasın.
Bu birmənalı şəkildə mümkünsüzdür.
Ona görə də həmişə tarlaya çıxıb bu məhsulun toplanması ilə məşğul olmaq istəmişəm.
Lakin bir ara bu məhsula münasibət dəyişdi. Bu da
şübhəsiz ki,
insanlarda marağın
azalmasına səbəb
oldu. Cari ilin əvvəlində
hörmətli Prezident
İlham Əliyevin təşəbbüsü ilə
yenidən pambığa
qayıdışın başlanması
məni çox sevindirdi. Elə ilk gündən könüllü
şəkildə sahəyə
çıxaraq həm
alaq etməyə, həm də zamanında pambıq yığmağa hazır
olduğumu bildirdim.
Əvvəldən görülən
işlər müsbət
nəticəsini verdi. Tarlada bol məhsul
var. Fermerdən də
yerdən göyədək
razıyıq. Həm
yığdığımız məhsulun pulunu vaxtında ödəyir, həm də iş zamanı baş verə biləcək hallarla bağlı bütün dərman preparatları ilə təmin olunmuşuq”.
Hədəf sahənin genişləndirilməsi, məhsulun artırılmasıdır
Mirhakim Abbasov əvvəlcə Prezident İlham Əliyevin Sabirabadda pambıqçılıqla bağlı keçirilən müşavirəsi, sonra isə rəhbərlik etdiyi təsərrüfatı ilə bağlı düşüncələrini bölüşdü: - Mən Prezident İlham Əliyevin Sabirabadda pambıqçılıqla bağlı keçirilən müşavirədə də iştirak etmişəm. Müşavirədə ölkə rəhbərinin verdiyi tövsiyələr bizi daha yaxşı işləməyə həvəsləndirdi. Ona görə də bu vacib sahənin inkişafına daha böyük töhfələr verməyi nəzərdə tuturuq. Digər tərəfdən də müşavirənin keçirilməsindən çox keçməmiş pambığın hər kiloqramına 10 qəpik həcmində subsidiyanın ayrılmasını da pambıqçılara dövlətimizin qayğı və diqqəti kimi qiymətləndiririk. Hələ ilin əvvəlindən ölkə rəhbərinin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində verdiyi tövsiyələr Ucar fermerlərini də səfərbər etmişdi. Ənənəvi sahələrdən olan pambığa diqqətin artırılması bizi daha çox hərəkətə gətirdi. Çünki pambıq bizə yaxşı tanış olan sahə idi. Onu yetişdirməyə özümüzdə güc tapa bilərdik. Ona görə də rayonun çoxsaylı fermerlərindən biri kimi, mən də qol çırmayıb işə girişdim. 20 hektar sahədə pambıq əkmişik. Məhsul da boldur. Növbəti il əkin sahələrini artırıb daha bol məhsul toplamağı hədəf götürürük. Hesab edirəm ki, bu istəyimiz Allahın rizası ilə mütləq həyata keçəcək. Sahədə çalışan insanların sayı 10-11 nəfərdir. Yığımın yekunlaşmasına nail olmaq üçün işçilərin sayı daha da artırılacaq. İşçilərin həvəsləndirilməsi də vacib şərtdir. Bu məqsədlə maraqlandırıcı tədbirlər keçirilir.
Ucar rayonu Qaradağlı kənd sakini Fuad Hidanzadə isə bu il 20 hektar sahədə pambıq əkdiklərini deyir. Məhsuldarlıqdan da razıdır. Hər hektardan 20-25 sentner məhsul götürülməsi hədəf götürülüb. Hər kolda 40-60 arasında qoza var. Təxminən 50 tona yaxın pambığın tədarükü nəzərdə tutulur. Hazırda 15 nəfər pambıq yığımında iştirak edir. Bu da bir adamın gündəlik 60-70 kiloqram pambıq yığması deməkdir. Gələn il isə kənd üzrə 200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Qeyd olunanlardan da göründüyü kimi, ucarlılar unutmaq üzrə olduqları vərdişlərini yenidən bərpa etməyə başlayıblar. Bu vərdiş isə uzun zamanlardan bəri onlara ata-babalarından, doğmalarından qalan zəhmətə sevgi ilə aşılanıb. Zəhmət olan yerdə halallıq, halallıq olan yerdə isə bərəkət var.
Əli
SƏLİMOV,
Azərbaycan.-2016.- 14 oktyabr.- S.5.