Dünya siyasi elitasında Azərbaycan lideri

 

13 il öncə Azərbaycan tarixinin İLHAM ƏLİYEV dövrü - güclü dövlətçilik, davamlı inkişaf və modern islahatlar mərhələsi başladı

 

Siyasi lider fenomeni sabahına biganə olmayan hər bir xalqın taleyində müstəsnalıq təşkil edir. Politoloji baxımdan liderin meydana çıxması, yetişməsi, fəaliyyəti obyektiv və universal hadisədir. Bu funksiyanı, adətən, böyük nüfuzu, fəallığı, təşəbbüskarlığı, enerjisi ilə fərqlənən, fitri idarəçilik keyfiyyətlərinə malik olan seçilmiş insanlar yerinə yetirirlər. Liderlik bir tərəfdən liderin cəlbedici ideyalar irəli sürməsini, insanlara fəal və ciddi təsir göstərməklə onları idarə etməsini, digər tərəfdənsə liderə inanmağı, ona tabe olmağı, xalqın onun ardınca getməyə hazır olmasını, qəbul etdiyi qərarlarda bilavasitə iştirakını əks etdirir.

 

Üç tarixi mərhələ

 

Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır. Bu reallıqlar fonunda beynəlxalq səviyyədə qəlibləşmiş mülahizələrdən biri də odur ki, müstəqil Azərbaycanın son illərdə Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən aparıcı dövlət statusunda çıxış etməsi heç də sırf respublikanın zəngin təbii sərvətləri ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da zəngin təbii resursların xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən inkişaf strategiyasının həyata keçirilməsi bilavasitə məhz siyasi lider amili ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib.

Bu gün Prezident seçilməsinin 13-cü ildönümü tamam olan İlham Əliyevin rəhbərlik fəaliyyətini ümumilikdə üç qrup üzrə təsnifatlaşdırmaq olar.

1. 2003-2008-ci illər: İlham Əliyev Azərbaycan miqyasında birləşdirici liderə çevrildi.

2. 2008-2013-cü illər: İlham Əliyev Cənubi Qafqazın alternativsiz, MDB-nin isə nüfuzlu lideri kimi qəbul olundu.

3. 2013-cü ildən başlanan yeni mərhələ: İlham Əliyev yeni dünya siyasi elitasında Azərbaycan təmsilçisi olaraq, qlobal məkanın vacib siyasi aktorlarından biri kimi çıxış edir.

 

1. BİRLƏŞDİRİCİ LİDER

 

Qeyd etdiyimiz kimi, İlham Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı mərhələləri onun təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz, MDB və Avropa məkanında, ən nəhayət, dünya miqyasında qəbul olunan fenomenal siyasi liderlik keyfiyyətlərini qabarıq üzə çıxarıb. Bu kontekstdə Prezident İlham Əliyevin 2003-2008-ci illəri əhatə edən birinci prezidentlik dövrü, əsasən, onun liderlik keyfiyyətlərinin məmləkətin ictimai rəyində birmənalı qəbulunu şərtləndirən siyasi proseslərlə zəngin olub.

 

Siyasətin ön xəttində

 

Azərbaycan cəmiyyətində vətəndaşlar son nəticədə hər zaman real göstəriciləri qiymətləndirir: ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında ictimai düşüncə kifayət qədər sayıqdır. Bu mənada müstəqil dövlətçilik ənənələrini davam etdirmək üçün İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər hələ yeni yüzilliyin əvvəlində Azərbaycanda ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynadı. Ümummilli liderin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında idi. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri statusunda göstərdiyi əzmkar fəaliyyət İlham Əliyevi cəmiyyətin nəzərində daha da ucaltdı.

Yarım əsrə bərabər bir müddətdə Azərbaycanda siyasət və dövlət xadimlərinin yetişməsində müstəsna rol oynayan Heydər Əliyev fenomeni ilə birgəliyi, Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, bir neçə xarici dildə sərbəst danışmaq vərdişinə yiyələnməsi, elitar siyasi dairələrlə sıx təmasları, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı kimi yetişməsi, çağdaş Qərb liderlərinə xas imici, ən başlıcası, təmiz reputasiyası, Olimpiya Hərəkatının önündə dayanması İlham Əliyev fenomeninin cəmiyyət üçün cəlbediciliyini artıran ən əsas amillərdən idi. Digər siyasətçilərdən fərqli olaraq onun siyasi portretində peşəkar siyasətçi, bacarıqlı iqtisadçı, təcrübəli diplomat, yüksək idarəçilik vərdişlərini özündə birləşdirmiş qətiyyətli rəhbər cizgiləri üst-üstə düşür, İlham Əliyevin ictimai rəydəki müsbət siyasi obrazını şərtləndirirdi.

Bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Məhz bu seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş İlham Əliyevin 2003-2008-ci illərdəki birinci prezidentlik dövrü siyasi özünütəsdiq anlamında mühüm mərhələ oldu.

Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni praqmatik liderə - İlham Əliyevə ötürülməsini diktə edirdi. Heydər Əliyev kimi böyük dühanın siyasi məktəbində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət ulu öndərin layiqli siyasi varisi olmaq üçün, ilk növbədə, xalqın dəstəyinə güvənirdi.

Birinci prezidentliyi dövründə gənc liderin daxili və xarici siyasətin bir çox sahələrində, o cümlədən cəmiyyət həyatı üçün mühüm əhəmiyyətə malik digər sferalarda üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməsi, siyasi proseslərə realist yanaşma tərzi, analitik təfəkkürə əsaslanan çıxışları ölkə hüdudlarından kənarda da böyük maraq doğururdu. Prezidentin ilk gündən dövlətçiliyin, ictimai-siyasi sabitliyin təmini istiqamətində həyata keçirdiyi prinsipial addımlar dövlət başçısının ekstremal situasiyalara hazır qətiyyətli lider olduğunu birmənalı təsdiqləyirdi.

2003-cü ilin postseçki mərhələsinin nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunmasına rəğmən İlham Əliyev siyasi iradə göstərərək dağıdıcı meyillərin qarşısını əzmkarlıqla aldı, ölkənin yenidən xaos və anarxiya bataqlığına yuvarlanmasına yol vermədi. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirdi.

İlham Əliyevin 2003-2008-ci illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar onun lider obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma “siyasi məhbus” siyahısından çıxmayan cinayətkarların əfvi cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlət və dövlətçilik əleyhinə müharibəyə çevirən insanlara milli barış mesajı oldu.

İlham Əliyev bu addımların mahiyyətini ölkə ictimaiyyətinə çox düzgün, dürüst şəkildə izah edirdi: “Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bugünün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda qarşıdurma əhvali-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir”.

 

Sabitləşmə və inkişaf dövrü

 

İlham Əliyevin birinci prezidentlik dövrü şübhəsiz ki, mühüm siyasi hadisələrlə, mürəkkəb və çətin proseslərlə zəngin oldu və indi tariximizin ən məsuliyyətli mərhələlərindən biri kimi səciyyələnir. Bu müddətdə Prezidentin rəhbərliyi altında həyata keçirilən iqtisadi inkişaf və demokratikləşmə prosesləri əlahiddəliyi ilə xüsusi seçilir.

2003-2008-ci illərdə respublikada elmi əsaslara söykənilməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin sosial-rifah halının və alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəldi. Qazanılan nailiyyətlər Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəltməsinə, özünüifadəsinə geniş imkanlar yaratdı.

2003-2005-ci illərdə bəzi MDB dövlətlərinə - Gürcüstan, Ukrayna və Qırğız Respublikasına zorla ixrac edilən “məxməri inqilab”lar təsdiqlədi ki, demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi, kor-koranə transferi xalqlara yaxşı heç nə vəd etmir. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev haqlı olaraq bəyan edirdi ki, hər bir ölkənin daxilində mütləq demokratik proseslərin getməsinə real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir. Bu yanaşma tərzi öz iddiasını dünyaya qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, alimlərə, fikir sahiblərinə ən tutarlı cavab olmuşdur.

2003-cü ilin prezident seçkiləri siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə çevirdi, Azərbaycanda demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltdi, ölkədə davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin başlanğıcı qoyuldu. 2003-2008-ci illər həm də Azərbaycan iqtisadiyyatı üçün keyfiyyətcə yeni və həlledici mərhələ oldu, bütün sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlandı.

Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi. Bu dövrdən respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun ilbəil artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin total şüurda mənimsənilməsinə imkan yaratdı.

İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması ilk dövrdən onun sıravi vətəndaşlarla təmaslarında qabarıq üzə çıxdı. Prezident bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail oldu. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırdı, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratdı. İlham Əliyev ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə rəhbərlik missiyasının öhdəsindən layiqincə gəldi.

İlham Əliyevin 2003-2008-ci illərdə həyata keçirdiyi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratdı. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların yaradılmasını da vacib saydı və bunu uğurla həyata keçirdi.

İlham Əliyev birinci prezidentliyi dövründə milli maraq və həqiqi müstəqillik anlayışlarının Azərbaycan üçün həyati əhəmiyyət daşıdığını, respublikamızın hansısa güc mərkəzinin təsiri altına düşməyəcəyini, hərbi-siyasi platsdarm rolunu oynamayacağını sübuta yetirdi.

2003-2008-ci illərdə Prezident İlham Əliyevin ictimai rəydəki fenomenal lider obrazını möhkəmləndirən mühüm amillərdən biri də respublikamızın iştirakı ilə gerçəkləşdirilən qlobal enerji-kommunasiya layihələri oldu. Məhz bu dövrdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri reallaşdırıldı, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası ilə bağlı prinsipial razılıq əldə edildi, “Şahdəniz-1” qaz yatağının istismarına başlanıldı. Bu mərhələ həm də neft-qaz gəlirləri ilə paralel şəkildə iqtisadiyyatın qeyri-neft sektorunun sürətli artımı, respublikamızın ümumi daxili məhsulun artım tempinə görə bir neçə il ərzində dünya liderliyini qoruyub saxlaması, büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artırması kimi mühüm iqtisadi nailyyətlərlə zəngin oldu.

 

2. CƏNUBİ QAFQAZIN ALTERNATİVSİZ, MDB-nin NÜFUZLU LİDERİ

 

Hər bir xalq öz müqəddəratını, gələcək taleyini hansısa əlverişli situasiyada yaranmış məsuliyyətli seçim şansı əsasında müəyyənləşdirir. Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2008-ci ilin 15 oktyabr seçkiləri də xalqın müdrik, dəyişməz seçiminə əsaslandı və ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs verdilər. Ölkə vətəndaşlarının 15 oktyabr tarixi seçimi obyektiv reallıqla şərtləndi, Azərbaycan xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən çoxşaxəli siyasətə etimad göstərdi.

 

Tam müstəqil siyasət - tam müstəqil dövlət

 

Ümumilikdə 2008-2013-cü illərdə Avratlantik məkana inteqrasiya kursunu gücləndirərək siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində mütərəqqi islahatları inamla davam etdirən Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun lokomotiv dövlətinə çevrildi. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən xarici siyasət yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlandı, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirdi.

Azərbaycanın öz diplomatiyasında dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri ilə şərtlənirdi.

Prezident İlham Əliyev məhz bu mərhələdə Cənubi Qafqazın şəriksiz siyasi gücü, MDB-nin isə nüfuzlu lideri kimi qəbul olunmağa başladı, eyni zamanda dövlət başçısının dünyada, xüsusən də Avropada siyasi nüfuzu yüksəldi. Prezident İlham Əliyevin ikinci prezidentilk dövrünün ən parlaq nəticəsi Azərbaycanın, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə kimi tanınması oldu.

Postsovet məkanında “məxməri inqilab dalğaları” üzərində hakimiyyətə yiyələnmiş bəzi “liderlər”in zorakı yolla hakimiyyətdən uzaqlaşdırılması, bəzilərinin hətta öz ölkələrinin parçalanmasına gətirib çıxarmış ciddi siyasi səhvlərə yol verməsi fonunda Azərbaycan öz praqmatik, qətiyyətli liderinin rəhbərliyi altında daxili sabitlik və dinamik inkişaf xəttini qoruyub saxladı, qlobal maliyyə-iqtisadi böhranı şəraitində makroiqtisadi irəliləyişlərə nail oldu. İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, milli inkişaf yolu formalaşdı.

2008-2013-cü illərdə sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda əsas dövlətə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə şərtlənirdi. Ölkə başçısının rəhbərliyi altında son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar cəmiyyətin bütün strateji əhəmiyyətli sahələrində müsbət dəyişikliklərə səbəb olmaqla hər bir ölkə vətəndaşının taleyində müstəsna rol oynadı, respublikamızı davamlı uğur yoluna çıxartdı. Bütün bunların nəticəsi olaraq Azərbaycan həm də formalaşmaqda olan özünəməxsus inkişaf modeli ilə beynəlxalq iqtisadi mərkəzlərin, aparıcı maliyyə institutlarının diqqət mərkəzində oldu.

Respublikamız bu müddətdə Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft və qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyətini daha da artırdı. Bu da təsadüfi deyil ki, respublikamız hazırda Avropa və dünya miqyasında geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək imkanları əldə edib. Hələ 2011-ci ilin oktyabrında respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvü seçilməsi, o cümlədən AŞ PA-ya sədrlik etməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalıb. Bu hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü oldu.

Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinə üstünlük verilməsi də respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh, iqtisadi tərəqqi və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır. “Eurovizion - 2012” musiqi yarışmasının Bakıda yüksək səviyyədə təşkili də respublikamızın Avropada tanıdılması və nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli tədbirlərdən oldu.

 

Demokratikləşmə xətti prioritet olaraq qalır

 

İlham Əliyevin ikinci prezidentilyi dövründə respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanın qlobal miqyasda nüfuzunu artırdı, ona etimadı gücləndirdi.

2008-2013-cü illərdə ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etdi. Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırdı, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etdirdi. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanların maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Azərbaycan bu gün dünyanın siyasi xəritəsində kiçik nöqtə kimi görünür. Fəqət, son illərin geosiyasi və geoiqtisadi xəritəsində respublikamızın müstəsna mövqeyə malik olması obyektiv həqiqətdir. Birmənalı demək olar ki, ölkəmizin dünya siyasətinin mühüm həlqəsinə, qlobal proseslərdə mühüm aktora çevrilməsi İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyni hər şeydən uca tutan lider olması ilə şərtlənir. “Bizim sözümüz, bizim imzamızdır”, - deyən Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası 2008-2013-cü illərdə TAP,

TANAP kimi qlobal layihələrin reallaşmasına, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təminatında vacib ölkəyə çevrilməsinə imkan yaratdı.

Bu gün postsovet məkanı ölkələrinin dünyada tanınan, lakin birmənalı qəbul edilməyən liderlərindən fərqli olaraq Prezident İlham Əliyevin siyasi nüfuzu kifayət qədər yüksəkdir.

Beynəlxalq ictimaiyyət son illərdə İlham Əliyevi məhz öz sözü, mövqeyi olan, xalqının maraqlarını uca tutan, beynəlxalq münasibətlərdə sivil əməkdaşlığa, etibarlı tərəfdaşlığa yüksək dəyər verən praqmatik təfəkkürlü lider kmi qəbul edir.

Azərbaycan Prezidenti öz xalqının tərəqqisinin, dövlətinin sabitliyinin, müstəqilliyinin tərənnümçüsü olan liderdir. İlham Əliyev Avropada və dünyada demokratik prinsiplərə dəyər verən, ikili standartlara “yox” deyən, beynəlxalq hüquqa hörmətlə yanaşan və bunu başqalarından da tələb edən qətiyyətli dövlət rəhbəri kimi tanınır, şəxsiyyətinə böyük hörmət və etimad göstərilir.

 

3. YENİ DÜNYA DÜZƏNİNDƏ GÜCLÜ AZƏRBAYCAN

 

2013-cü ildən başlayan və uğurla davam edən üçüncü prezidentliyi dövründə İlham Əliyevin dünya miqyasında mühüm siyasi aktorlardan birinə çevrilməsi prosesi sürətlənib. Son illər Azərbaycanın ciddi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan hədəflər də mahiyyətcə dəyişib. Onu da nəzərə alaq ki, son üç illik dövr qlobal miqyasda davam edən kütləvi böhranlarla müşayiət olunur ki, bunlar da respublikamıza təsirsiz ötüşmür və proseslər İlham Əliyevin böyük fədakarlığını, yüksək liderlik keyfiyyətlərini indi daha aydın büruzə verir.

 

Aydın hədəflərə doğru

 

İlham Əliyev üçüncü prezidentliyinin ilk dövründə Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmağı əsas hədəf kimi elan etmişdi. Prezident bunu sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamından başlayaraq bu günə qədər sosial-iqtisadi sahədə imzalanması davam edən çoxsaylı hüquqi sənədlər yeni islahatlar kursunun bariz nümunələridir.

Ölkə başçısı Azərbaycanın bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Yeni inkişaf konsepsiyasının məqsədi respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Azərbaycan indi öz inkişafının yeni keyfiyyət dönüşü mərhələsini yaşayır və bunu mümkün edən əsas amil məhz düzgün hədəflər, onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir.

Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsas tələbi qarşıda duran məqsədlərin yüksək səviyyəli, çoxşaxəli olması, zamanın çağırışlarına cavab verməsi ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi, eləcə də strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Respublikamız yeni dünya nizamının tələb etdiyi vəzifələrin həyata keçirilməsi prosesində öz zəngin imkanlarından səmərəli yararlanır, insan və təbii resurslarına, sosial-iqtisadi bazasına, yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinə güvənərək müasir cəmiyyət formalaşdırılması prosesini uğurla həyata keçirir. Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi bir tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, iqtisadi əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Bu sırada ölkəmizin kosmos dövlətinə çevrilməsi də xüsusi və zəruri əhəmiyyət daşıyır.

Və şübhəsiz ki, bütün bu proseslərin aparıcı qüvvəsi məhz İlham Əliyev və onun məqsədyönlü inkişaf strategiyasıdır.

 

İlham Əliyev nümunəsi

 

Azərbaycan iqtisadi inkişafın ən kamil modellərindən birinə sahib olmaqla bərabər, ictimai sabitliyi qorumağın, milli dövlətçiliyin kənar təsirlərdən mühafizəsini effektiv təşkil etməyin də mükəmməl nümunəsini yaradıb. Dünyada tolerantlıq və multikulturologiya sahəsində də öncüllük məhz ölkəmizə aiddir.

Azərbaycanın gücü, nüfuzu dinamik artır və bu da, şübhəsiz ki, yeni dünya düzənində əsas bölüşdürücü-payçılar statusuna zorakılıqla yiyələnmiş qüvvələri-dövlətləri təmin etmir. Çünki Azərbaycanın gücü yalnız vətəndaşlarının sosial rifahının artmasına, ölkənin iqtisadi potensialının yüksəlməsinə deyil, həm də milli siyasətinin daha da qətiyyətli axar almasına təkan verir. Bu gün məmləkətimiz artıq fövqəlgüclər arasında tarazlı siyasət yürütmür, tam əksinə, münasibətlərdə müstəqil dövlətçiliyin mənafeləri baxımından ancaq öz maraqlarının təminini və qorunmasını prioritet sayır.

Bu cür yanaşma Prezident İlham Əliyevin siyasi kursunun əsas məramıdır. Bu baxımdan da Azərbaycana və bu dövlətin rəmzi olan Prezidentə qarşı artıq total miqyas alan beynəlxalq qarayaxma kampaniyasını hardasa təbii də saymaq olar. Yəni Azərbaycan və onun Lideri dünya miqyasında kütləvi hal alan bir tendensiyaya - öz müstəqilliyini tam olaraq hansısa dövlətin patronajlığı altına vermək, yaxud da istiqlalını məhdudlaşdıran “birliklərə” qoşulmaq dalğasına qarşıdır. Bu dalğaya qarşı gələnləri isə eyni aqibət gözləyir: qlobal böhtan, qarayaxma kampaniyası.

İlham Əliyev Azərbaycanın müstəqilliyinə zərrə qədər də olsa xələl gətirəcək hansısa bir təklifi nəinki müzakirə etməyə, heç onun ilk cümləsini belə oxumağa razı deyil və bu mövqeyini ən sərt formada dəfələrlə bildirib.

Prezident üçün toxunulmaz mövzuların başında dayanan iki əsas məsələ - müstəqillik və Qarabağ probleminin həllində güzəşt mövqeyi təəssüf ki, dövlətimizi və liderimizi geriyə addım atmağa çalışan qüvvələrin əlində manipulyasiya obyektinə çevrilib.

Artıq tam aydınlaşan faktdır ki, Azərbaycana və Prezidentə qarşı yönələn hər bir böhtanın, qərəzin arxasında qarayaxmanın sifarişçilərinin məhz İlham Əliyevdən eşitdiyi “yox!” sözü dayanır.

Bu kimi təkliflərə “baş üstə”, “böyük məmnuniyyətlə” deyib razılaşan və nəticədə, dövlətlərini forposta çevirən, xalqlarını müharibələrə və səfalətə sürükləyən “liderlərin” öz ölkələrini siyasi məhbus həbsxanasına çevirməsi də, siyasi rəqiblərini güllələməsi də, korrupsiyası da nəinki bağışlanır, hətta onlar buna sövq də edilir. Yaxud da, bir dövlətin təhriki ilə digər ölkəylə açıq münaqişəyə girən, öz dövlətinin mənafeyini isə ayaqlar altına atan “vassallar” daim dəstəklənirlər, transmilli informasiya mənbələri onların azğınlıq və despotluğunu az qala “demokratiyanın təntənəsi” kimi təqdim edir.

Ancaq söhbət Azərbaycana və Prezident İlham Əliyevə gələndə...

İlham Əliyev güclü insandır, qətiyyətli liderdir!

Bu fikirlərin doğruluğunu biz yalnız Azərbaycan miqyasında cərəyan edən proseslərdə deyil, həm də qlobal məkanda təzahür edən ziddiyyətli olayların kontekstində aşkar görürük.

Prezident qlobal güclərin qarşısında açıq mübarizədədir. Şimaldan bir təsir, cənubdan bir təhdid, Qərbdən bir təzyiq, Şərqin də öz “musiqiləri”... Hələ okeanın o tayından gələn dalğalar... İlham Əliyev onların hamısını neytrallaşdırır, hər cür təzyiqə sinə gərir. Görünən və görünməyən təsirlərə əhəmiyyət vermir. Bunun qarşılığının isə dövlətinə və şəxsən özünə qarşı beynəlxalq məkanda cərəyan edən “qara piar” olmasından da narahat deyil.

S.Sarkisyanın siyasi terror nəticəsində əldə edilən seçki “qələbəsini” “demokratik” sayan, Qarabağ separatçılarının maddi və mənəvi himayədarı olan, ölkəmizi ermənilərə qarşı “soyqırımında” günahlandıran QHT-lər, “hüquq” təsisatları, “jurnalist” təşkilatlarının hədəfində olmaq, əslində, elə məhz düz yolda olmağın göstəricisi, azərbaycançı mövqenin təzahürüdür.

Azərbaycan liderinin gücü xalqda, vətəndaşlarının ona olan etimadındadır. Sonuncu referendumun artıq hüquqi qüvvəyə minən rəsmi nəticələri buna real sübutdur.

İlham Əliyevin dayağı bütün Azərbaycandır!

Buna görə də Azərbaycan Prezidenti dayağını xaricdə, okeanın o tayında, ya da bu tayında axtarmır. Liderimiz qərarlıdır: o taylar, bu taylar gəldi-gedərdi, əbədi olan isə Azərbaycandır, onun müstəqilliyidir!

Bu yanaşma dünya miqyasında izlənir. Dünya böyükdür və o, yalnız fövqəldövlətlərdən, onların vassallarından ibarət deyil. Bu gün məlum güclərin formalaşdırdığı qlobal konfiqurasiya ilə razılaşmayan, bununla barışmayan ölkələr də, liderlər də yetərincədir. Latın Amerikasından Asiyaya, Afrikadan Avropayadək onlarla dövlət, yüzlərlə xalq öz müstəqilliyini ən böyük sərvəti sayaraq, onu heç kəsə peşkəş etmək niyyətində deyil.

Və o ölkələrin başında Azərbaycan, liderlərin önündə isə Prezident İlham Əliyev dayanır!

Bu proses İlham Əliyevi sürətlə qlobal məkanın ən üst siyasi qatına doğru aparır. Artıq yeni dünya siyasi elitasında Azərbaycan lideri də təmsil olunur. Onun konkret mövqeyi, prinsipial yanaşmaları, qətiyyətli addımları nüfuzunu da davamlı şəkildə yüksəldir.

İlham Əliyevin şəxsində Azərbaycan beynəlxalq geosiyasi və geoiqtisadi dövriyyəyə fəal qoşulur, ölkənin mənfəətini təmin edən təşəbbüslər ard-arda reallığa çevrilir. Dünyanın müasir enerji xəritəsində yeni koordinatları cızan əsas güclər sırasında Azərbaycan da, onun Lideri də dayanır.

Prezident İlham Əliyev Azərbaycanın qüdrətinə qüdrət qataraq, Azərbaycanın da gücünü öz gücünə çevirərək artıq qlobal miqyasda vacib və nüfuzlu aktora çevrilib!

 

13 ildə bir əsrlik nailiyyət

 

13 il müstəqillik tariximizin yarısıdır. 13 il müddətində dağıdıcılıq kontekstində hər şeyə nail olmaq olar (məsələn, 24 il öncə, cəmi bir il kifayət etdi ki, qosqocaman Azərbaycanı rəzil, səfil, məğlub günə qoysunlar).

Ötən 13 il ərzində Azərbaycan bu zaman kəsiyinin 10 misli qədərində - bir əsrlik tərəqqi, yüksəliş yolu keçdi!

Hər günümüz dünənimizdən, hər ayımız ötən zamandan daha uğurlu, əlamətdar oldu. Paytaxtla ən ucqar əyalət mərkəzlərinin arasında fərq belə qalmadı. İki ay öncə olduğun rayonu, kəndi növbəti dəfə tanımadın, yeni infrastruktur obyektləri, yollar, körpülər ənənəvi rayon-əyalət təəssüratını büsbütün yox etdi.

Kəndli torpağına qayıtdı, pərən-pərən düşmüş ailəsini başına yığdı, dövlətdən aldığı əvəzsiz maliyyə yardımı ilə təsərrüfatını yenidən qurdu, dirçəltdi, müasir texnikanı yenə də dövlətin yardımı ilə əldə etdi. Bazar tapmaq üçün əvvəlki dövrlərdəki kimi əldən-dildən düşmədi, rayondakı emal müəssisələri indi onun qapısında məhsulunu almaq üçün bir-biriləri ilə qiymət yarışına çıxdılar. Artıq kəndindəki evini üçmərtəbəli imarətə çevirdi, rayon mərkəzində boy-boya düzülən göydələnlərdən isə ev aldı. Evindən işıq, qaz, təsərrüfatından su əskik olmadı. Övladları yeni, müasir məktəbdə təhsil aldı, dərsliyi də yenə dövlət verdi. Daha xəstələnəndə müalicə, müayinə üçün Bakıya qaçmadı. Elə kəndində tikilən xəstəxanada müalicəsini aldı, rayon mərkəzində yeni istifadəyə verilən diaqnostika mərkəzində ən müasir avadanlıqlarla müayinədən keçdi. Bu arada kəndlərdə işi düz getməyən yalnız əvvəllər həmişə işsizlərin yığışdığı kənd çayxanaları oldu. Ancaq onlar da dünənki işsizlərin - bugünkü fermerlərin uzun müddətli nisyələrini qapatmasından, ümumiyyətlə, nisyə kitabının bir qırağa atılmasından çox razı qaldılar.

Kəndli heç fərqində də deyildi ki, bütün bunlar “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı sənədin gerçəyə çevrilən planlarıdır. O, yalnız bir şeyi bilirdi: onun əlini çörəyə çatdıran, təknəsinə ruzi gətirən sevimli Prezidentidir! Bütün ailəsinin rəhmət duaları Heydər Əliyevə, alqışları isə İlham Əliyevə oldu!

Prezident İlham Əliyevin fəaliyyətində xüsusi prioritet təşkil edən bölgələrin sosial-iqtisadi inkişafı strategiyası ötən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycan kəndinin misilsiz inkişafına yol açan siyasətinin müasir, modern yanaşma ilə davamı idi.

İlham Əliyevin əyalətlərdən paytaxtadək hər evdə yandırdığı inam, güvən işığı bütün Azərbaycanı şölələndirdi. Hər bir fərdin - fəhlənin, kəndlinin, alimin, daha neçə-neçə peşə mənsubunun Prezident sayəsində öz sahəsində qazandığı nailiyyətlər cəmləşərək bütünlüklə Azərbaycanın uğur göstəricilərinə çevrildi.

Hər kəs xeyrini gördüyü dövlətə fərdi xeyrini verməyə çalışdı. İlham Əliyevin insanlara aşıladığı yüksək vətəndaşlıq hissləri və vətəndaşın dövləti qarşısında daşıdığı öhdəliyi aydın dərk etməsi məsuliyyəti nəticə etibarilə xalqın öz əlinin zəhmətinə üstünlük verməsinə gətirib çıxartdı. İnsanlar işləməyə alışdılar, yeni ictimai-iqtisadi formasiyada çörəyi qazanmağın yollarını öyrəndilər. Beləliklə də, hər vətəndaşın fərdi uğuru Azərbaycanın nailiyyətlərində ümumiləşdi.

Prezident İlham Əliyev yalnız sayı 10 milyona yaxınlaşan vətəndaşlarının deyil, ümumiyyətlə, 60 milyon azərbaycanlının hər birinin rəhbəri, lideridir. O, bunu tək şərəfli status kimi qəbul etmir, bu, rəhbərimiz üçün həm də xüsusi məsuliyyətdir. 60 milyon insanın müqəddəratına cavabdeh olmaq, onların hansı dövlətdə yaşamasından asılı olmayaraq hər birinin taleyilə maraqlanmaq, qayğısına qalmaq, yaşamına yardım göstərmək İlham Əliyevin əsl missiyasının Prezidentlikdən də üstün olmasına dəlalət edir.

İlham Əliyev tarix yaradan liderdir! Onun yaratdığı tarix möhtəşəm olduğu qədər də bu gün tam mahiyyəti ilə açılması mümkün olmayan uğurlu proseslərin salnaməsidir. Buna zaman lazımdır. Vaxt ötdükcə 2003-2016-cı illəri tariximizin intibah dövrü kimi daha dəqiq, obyektiv, müfəssəl öyrənəcək, dəyərləndirəcəyik.

İlham Əliyev milliliyi və bəşəriliyi təcəssüm etdirən missiyanı yürüdür. Onun missiyası həm də Dədə Qorquddan başlanan şanlı irsimizi, Babəkin azadlıq məramını, Şah İsmayıl Xətainin dövlət quruculuğu fəaliyyətini, Xalq Cümhuriyyətinin yaradıcılarının müstəqillik fəlsəfəsini, ən nəhayət, dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyevin xilaskarlıq, qurtuluş kursunu əks etdirir.

İlham Əliyev müasirliyin, modern təfəkkürün, sivil düşüncənin, demokratik tərzin, xarizmanın rəmzidir! Azərbaycan da öz rəhbərinin xarakterini mənimsəyən, dünya birliyinin azad, modern, sivil üzvü kimi özünü təsdiqləyən ölkədir.

İlham Əliyevin qazandığı qələbələr hər birimizin - Azərbaycanımızın zəfəridir! Onlar bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!

İlham Əliyev 13 ildir Azərbaycana halallıqla xidmət edir və son referendumun timsalında bir daha aydın oldu ki, hələ uzun müddət ölkəyə rəhbərlik etmək haqqını da indidən halallıqla qazanıb!

Demək, bu missiyaya, bu siyasətə, bu kursa zaval yoxdur!..

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 1, 6.