Korrupsiyaya və terrorçuluğa
qarşı mübarizə sahəsində qanunvericilik
təkmilləşdirilir
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqından azad ediləcək. Müvafiq qanunlara təklif olunan bu dəyişikliklər Milli Məclisin oktyabrın 14-də keçirilən iclasında qəbul edildi.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, dəyişikliyə əsasən, sənədə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” məzmunlu 11-1-ci və 11-2-ci maddələr əlavə edilib. Əlavələrə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada təqdim edilə bilər. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilər. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Bildirildi ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 2.3-cü bəndinin icrası ilə əlaqədar təklif olunur.
Deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Fərəc Quliyev və Çingiz Qənizadə dəyişikliklər barədə öz fikir və təkliflərini səsləndirdilər. Bildirildi ki, qanun layihəsinə edilən əlavələr korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndirəcək. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov vurğuladı ki, sözügedən düzəlişlər çox vacib məsələlərdir. Bu layihənin qəbul edilməsi korrupsiya hallarının qarşısını almağa xidmət edəcək. Dünyanın bir çox ölkəsinin qanunvericiliyində korrupsiya halları ilə bağlı hər kəsin məlumat vermək hüququnun olduğu əks edilib. Bu cür hallarla rastlaşan hər bir kəs müvafiq qurumlara məlumat verməlidir. Əks təqdirdə, bilə-bilə məlumat verməmə ucbatından növbəti cinayətə səbəb yaranacaq. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.
Gündəlikdə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini də Ziyafət Əsgərov təqdim etdi. Onun sözlərinə görə, qanun layihəsinə əsasən, sənədin 233-1-ci maddəsində “maddəsində” sözü “və 355-13.4-cü maddələrində” sözləri ilə əvəz edilir. Qanuna, “terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında” məzmunlu 305.1.14-cü maddə əlavə edilməsi nəzərdə tutulub. Dəyişikliklərə görə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə də baxıldı. Qanun layihəsinə əsasən, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri də təhsil haqqından azad ediləcək. Eyni əhəmiyyətli düzəliş həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində də öz əksini tapıb. Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Deputatlardan Fərəc Quliyev, Tahir Rzayev, Tahir Kərimli, Əflatun Amaşov, Musa Quliyev, Elman Məmmədov və Hadi Rəcəbli bildirdilər ki, qanunvericiliyə belə bir düzəlişlərin edilməsi dövlətin şəhid ailələrinə və valideynlik himayəsindən məhrum olan insanlara qarşı böyük diqqət və qayğısının göstəricisidir. Bildirildi ki, təkcə dövlət yox, ayrı-ayrı iş adamları tərəfindən də belə insanlara daim qayğı göstərilməlidir. Komitə sədri Siyavuş Novruzov isə deputatların sözügedən məsələyə göstərdikləri müsbət reaksiyanın gözlənilən olduğunu bildirdi. Çünki bunlar cəmiyyətin çox həssas yanaşdığı məsələlərdir. Qanun layihələri ayrılıqda təsdiq edildi.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Qeyd etdi ki, qanun layihəsinə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur” məzmununda yeni maddə əlavə edilib. Layihə səsə qoyularaq təsdiqləndi.
İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilən texniki düzəlişlər də təsdiq edildi. Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, dəyişikliyə görə, sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Eyni məzmunlu məsələ İnzibati Xətalar Məcəlləsində də əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, belə hallar baş verdikdə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğində cərimə olunacaq. Qanun layihələri ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Gündəkildə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində isə sənədin 6.3-cü maddəsinin ləğv edilməsi təsdiqləndi. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda edilən dəyişikliyə əsasən isə sənədə “Əmənətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlət zəmanəti ilə təmin olunmuş kredit verilir” məzmunlu 5.0.8-1-ci maddənin əlavə edilməsi təklif olundu. Layihə təsdiqləndi.
Sonra komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, “Dövlət borcu haqqında” qanuna “Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” məzmununda 3.4-1-ci maddə əlavə olunub. Qanun layihəsi qəbul edildi.
Gündəlikdə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər isə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələsini asanlaşdırmaq məqsədi daşıyır. Eyni məzmunlu məsələlərlə bağlı müddəalar həmçinin Şəhərsalma və Tikinti, eləcə də İnzibati Xətalar məcəllələrində də öz əksini tapıb. Qanun layihələri ayrılıqda təsdiq edildi.
İclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə də baxıldı. Qanun layihələrindəki texniki və Vergilər Məcəlləsinə uyğunlaşdırma məqsədilə edilən düzəlişlər ayrılıqda təsdiqləndi.
Gündəlikdə olan “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklər barədə qanun layihəsinə isə 27.6-cı maddə əlavə edilir. Buna əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Digər dəyişikliklərə görə isə, dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Layihə təsdiq edildi.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə, sənədə “İnvestisiya layihələrini “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastuktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar” məzmununda 3.3-cü maddəsi əlavə ediləcək. Bu layihə də təsdiqləndi.
İclasda Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də təsdiqləndi.
Sonra “Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər təklif edildi. Qanun layihəsinə əsasən, sənədin 1-ci maddəsinə “ekvivalent dərman vasitələri - təsiredici maddəsi (maddələri), farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.0.18-ci, “oxşar dərman vasitələri - təsiredici maddəsi farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.09.19-cu və “bioloji fəallığa malik qida əlavələri - qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar” məzmunlu 1.0.20-ci maddələr əlavə ediləcək. Qanuna, həmçinin 4-7-ci, 16-4-cü və 14-1-ci maddələr əlavə edilməsi nəzərdə tutulur. Bu əlavələrə əsasən, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar. Həmçinin dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.
Bu məsələyə deputat Gövhər Baxşəliyeva münasibət bildirdi. Onun sözlərinə görə, bioloji dərman vasitələrinin kütləvi informasiya vasitələrində açıq reklamı bir çox fəsadlara yol açır. Belə dərmanlar yalnız müntəzəm həkim nəzarəti ilə qəbul edilməlidir.
Layihə səsə qoyularaq qəbul edildi.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə, sənədin 319.1-ci maddəsində “biletsiz” sözü “müvafiq qaydada ödəniş etmədən” sözləri ilə əvəzlənəcək. 320.1-ci maddəsidə isə “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən sərnişinin” sözləri ilə əvəzlənəcək. Layihə təsdiqləndi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2016.- 15
sentyabr.- S. 4.