Müasir Azərbaycan
elmi inkişafdadır
Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan, eyni zamanda zəngin dövlətçilik ənənələrinə də malikdir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda istər eramızdan əvvəlki dövrlərdə, istərsə də orta əsrlərdə çoxsaylı güclü dövlətlər mövcud olmuş, bu region tarixin bütün dönəmlərində mədəniyyət və sivilizasiya beşiyi kimi tanınmışdır. Belə zəngin dövlətçilik ənənələrinə və mədəni inkişaf tarixinə malik olan xalqımız XIX-XX yüzillərdə də sivilizasiyalar və mədəniyyətlərarası körpü funksiyasını yerinə yetirməkdə davam etmişdir. Bu dövrdə milli ictimai fikir Qərb elmi-nəzəri düşüncəsinin nailiyyətləri ilə sintez olunmaqla tamamilə fərqli keyfiyyətdə yeni mərhələyə qədəm qoymuşdur. Məhz bunun nəticəsidir ki, 1918-ci ildə bütün müsəlman dünyasında ilk demokratik respublika- Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik təcrübəsinə malik olan xalqımız tərəfindən yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin, müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə standartlarının bərqərar olmasında müstəsna rol oynamışdır.
Xalqımızın qədim və zəngin dövlətçilik ənənələrini, azadlıq, müstəqillik eşqini öz qəlbində daim qoruyub saxlamasının və yaşatmasının nəticəsidir ki, 70 illik sovet hakimiyyətindən sonra- 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi, bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində onu qoruyub saxlamağa nail oldu.
Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan artıq iyirmi beş ildir ki, öz strateji hədəflərinə doğru inamla addımlamaqda, beynəlxalq aləmdə nüfuzu günü-gündən artmaqdadır. Ölkəmiz dünyanın ən mühüm strateji məsələlərinin - enerji, ərzaq, sosial təhlükəsizlik problemlərinin müzakirə olunduğu, idman, sağlamlıq və sülh çağırışlarının hədəf seçildiyi çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilmişdir. Son illərdə respublikamızda təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, “Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları və “Formula 1” Avropa Qran Prisi kimi irimiqyaslı tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun və inkişafının göstəricisidir.
Azərbaycanın bütün sahələr üzrə hərtərəfli inkişafı onu deməyə əsas verir ki, müasir dünyadakı kataklizmlərə baxmayaraq, ölkəmiz neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində, intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğu yolunda uğurla addımlamaqdadır.
Müstəqillik illərində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq inkişaf edən istiqamətlərdən biri də elmi fəaliyyət sahəsidir. Son iyirmi beş il ərzində bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birini təşkil etmişdir. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər infrastrukturunun müasir tələblər səviyyəsində qurulması, istərsə də prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. SSRİ-nin süqutu, ənənəvi dövlət və ictimai institutların dağılması, dərin iqtisadi böhran, hüquqi vakuum cəmiyyətin üzləşdiyi problemlərin yalnız bir qismi idi. Cəmiyyətdə gedən proseslərin məntiqi nəticəsi kimi, Azərbaycan elmi də öz inkişafı tarixində ən ağır böhran mərhələsinə qədəm qoymuşdu. Qeyd olunan proseslər elmi potensialın tənəzzülünə, elmi infrastrukturun dağılmasına, yüksək ixtisaslı kadrların xarici ölkələrə axınına gətirib çıxarmışdı. Bu proses elmi fəaliyyətin təşkili, elmi nəticələrin istehsalata tətbiqi işinə mənfi təsir göstərməklə bərabər, elmdə varislik münasibətlərinin də köklü şəkildə zədələnməsinə səbəb oldu. Ən acınacaqlısı isə o idi ki, həmin dövrdə ölkə rəhbərliyində təmsil olunan şəxslər yaranmış vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan Elmlər Akademiyasını bağlamaq kimi absurd bir qərara gəlmişdilər.
Belə bir şəraitdə
ümummilli lider, müstəqil Azərbaycan dövlətinin
memarı Heydər Əliyev xalqın təkidi ilə yenidən
Azərbaycanda hakimiyyətə gəldi və əsaslı
dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji,
sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə
ölkəmizdə vəziyyəti köklü şəkildə
dəyişməyə nail oldu. Nəticədə Azərbaycan
elmi, milli intellektual potensial məhv olmaq təhlükəsindən
xilas oldu.
Heydər Əliyev Azərbaycana rəhbərliyə
qayıtdıqdan sonra ictimaiyyətlə ilk
görüşünü 1993-cü ilin sentyabrında Elmlər
Akademiyasında keçirmişdir. Bu tarixi görüşdən sonra
elmi fəaliyyət sahəsində canlanma baş verdi. Elmdən uzaq düşən,
xaricə üz tutan alimlərimiz tədricən geri
qayıtmağa başladılar. Ulu öndərin
tövsiyələrini rəhbər tutaraq akademiyada
islahatların aparılması müstəqil Azərbaycan
elminin yeni ictimai-siyasi şəraitdə inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi üzrə tədbirlər
getdikcə intensivləşdi.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə xalqımızın
müasir tarixində əlamətdar bir hadisə olan “Əsrin
müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”
çərçivəsində imzalanan neft müqavilələri,
həyata keçirilən enerji layihələri və
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin
işə düşməsi müstəqil Azərbaycanın
sonrakı iqtisadi inkişafının əsasında dayanan
mühüm amillərə çevrildi.
Elmin cəmiyyətdə
mövqeyinin möhkəmləndirilməsi və müstəqil
dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi
inkişafında daha yaxından iştirakının təmin
edilməsi məqsədilə ümummilli lider Heydər
Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə ölkənin
əsas intellektual potensialının cəmləşdiyi Elmlər
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası”
statusunu verdi. Bu status vaxtilə sovet elm sisteminin
tərkib hissəsi kimi formalaşmış və inkişaf
etmiş Azərbaycan elminin müstəqillik mərhələsinin
tələblərinə uyğun olaraq milli əsaslar üzərində
yenidən təşkilində müstəsna rol oynadı.
2001-ci
ilin aprelində müstəqil Azərbaycan elmi
üçün olduqca əlamətdar olan digər bir hadisə
baş verdi. On iki illik fasilədən
sonra AMEA üzvlüyünə növbəti seçkilər
keçirildi, akademiyanın tərkibi xeyli gəncləşdirildi,
kadr potensialı əhəmiyyətli dərəcədə
gücləndirildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən
2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin
yaradılması haqqında imzalanmış tarixi sərəncam
Azərbaycan elminin regionlarda da yeni milli əsaslarla təşkilində
mühüm rol oynadı.
4 yanvar
2003-cü il tarixli başqa bir sərəncamla
AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi. Yeni nizamnaməyə
əsasən akademiyaya Azərbaycan Respublikasında elmin
inkişafını təşkil və təmin edən,
dövlətin elmi və elmi-texniki siyasətini həyata
keçirən, bütün elmi müəssisələr və
ali məktəblər arasında elmi
araşdırmaları əlaqələndirən və istiqamətləndirən,
respublikanı xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilatı statusu verildi. Bununla da milli müstəqillik mərhələsində
akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirildi,
onun səlahiyyətləri artırıldı, Azərbaycanda
elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək,
iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək,
xalqın milli mənafeyini qorumaq baxımından akademiya
qarşısında mühüm vəzifələr qoyuldu.
Həmin illərdə ümummilli lider Heydər
Əliyevin Azərbaycan elminin yeni əsaslar üzərində
qurulması istiqamətində həyata keçirdiyi bu siyasət
alimlərin ağır və şərəfli əməyinin
stimullaşdırılması ilə bağlı digər
çoxsaylı fərman və sərəncamlarla da
müşayiət olundu.
Milli dövlət quruculuğunda elm siyasətindən
danışarkən bu dövlətin elmi-ideoloji əsasları
üzərində xüsusi dayanmaq lazımdır. Ümummilli
lider Heydər Əliyev - müstəqil Azərbaycan
Respublikasının ideologiyasını azərbaycançılıq
kimi formalaşdırmışdır. Son
iki yüz ildə Azərbaycanın mütəfəkkir şəxsiyyətləri
tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə
cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər
Əliyev dühası sayəsində nəzəri müstəvidən
real sosial müstəviyə keçdi. Hələ
ötən əsrin ortalarında, Azərbaycanın
SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər
Əliyev həmin ideoloji çərçivələrin imkan
verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri
aşaraq azərbaycançılıq ideologiyasının təməl
prinsiplərinin əməli tətbiqi və bu ideyaların
kütləviləşərək milli ideyaya çevrilməsi
istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması,
neçə-neçə şair və
yazıçının, ziyalının təntənəli
yubileylərinin keçirilməsi, əsərlərinin
kütləvi nəşri, milli-mənəvi dəyərlərin,
adət-ənənələrin qorunması istiqamətində
mühüm addımlar Heydər Əliyevin adı ilə
bağlıdır.
Ötən əsrin 90-cı illərində Heydər
Əliyevin təşəbbüsü ilə azərbaycançılıq
ideyası məhz dövlət quruculuğunun əsas
ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi,
latın əlifbasına əməli olaraq qayıdış,
Füzulinin və “Kitabi-Dədə Qorqud”un yubileyləri, azərbaycanlıların
dünya forumu ilə bağlı qərar və sərəncamlar,
azərbaycançılıq ideyasını daşıyan elm
və sənət xadimlərinin dövlət
qayğısı ilə əhatə olunması və digər
neçə-neçə tədbirlər məhz bu məqsədə
xidmət edən əməli addımlar idi.
Azərbaycançılıq
ümummilli lider Heydər Əliyevin bu tezisində
özünün mükəmməl elmi ifadəsini
tapmışdır: “Azərbaycançılıq hər
şeydən əvvəl öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir!”
Müstəqillik illərində yeni ideoloji şərait
Azərbaycan elmi qarşısında yeni milli vəzifələr
qoyurdu. Təbii ki, o dövrdə müasir elmi
araşdırmalar səviyyəsində tədqiqatlar apararaq
dünya elminə töhfələrin verilməsi müstəqil
Azərbaycan elmi qarşısında dayanan başlıca vəzifə
idi. Milli intellektual potensialın səfərbər
edilməsi, elmi fəaliyyətin təşkili və
koordinasiyası, elmi nailiyyətlərin cəmiyyətin inkişafında
fəal iştirakının təmin olunması da
mühüm vəzifələr sırasına daxil idi.
Müstəqil Azərbaycan elminin qarşısında
duran digər bir mühüm missiya milli
varlığımızın qorunması istiqamətində tədqiqatların
genişləndirilməsi idi. Elə bunun nəticəsi
idi ki, Azərbaycanın tarixini, mədəniyyətini,
xalqımızın milli-mənəvi dəyərlərini,
dilini, etnoqrafiyasını, folklorunu öyrənən elm sahələri
məhz bu dövrdə akademik səviyyədə geniş
vüsət aldı.
Müstəqil Azərbaycan elminin qarşısında
duran digər bir mühüm missiya elmi kadr potensialının
yüksək səviyyədə inkişafının təmin
edilməsi, elmi biliklərin populyarlaşdırılması və
təhsilə ötürülməsi idi.
Bu illər ərzində müstəqil Azərbaycan
elminin inkişafı respublikada güclü təhsil sisteminin
formalaşmasına təkan vermiş, təhsili yüksək
ixtisaslı elmi kadrlarla təmin etmiş, bir sıra yeni fənlərin
tədrisi üçün geniş elmi imkanlar
açmışdır. Azərbaycanın ali təhsil müəssisələrinin
prioritet hesab olunan yeni fənn kafedralarının və
fakültələrinin formalaşması məhz akademik elmi
biliklərin transformasiyası nəticəsində
mümkün olmuşdur.
Müstəqil Azərbaycan elminin cəmiyyətimizə
verdiyi digər mühüm töhfə milli kadrların
yetişdirilməsi ilə bağlıdır. Akademiyanın yetişdirdiyi
kadrlar, alim və mütəxəssislər elmi fəaliyyət
sahəsi ilə bərabər, bu illər ərzində
dövlət idarəçiliyində, qanunvericilik fəaliyyətində,
digər mühüm vəzifələrin həyata
keçirilməsində yaxından iştirak etmiş, bu
gün də onlar ən məsul dövlət vəzifələrində
müstəqil Azərbaycanın inkişafına öz
töhfələrini verməkdədirlər.
2003-cü
ildən başlayaraq ümummilli lider Heydər Əliyevin elmin
inkişafı ilə bağlı həyata keçirdiyi siyasət
cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməyə başladı. “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçid ölkənin strateji hədəfi elan edildi. Bu strategiya kontekstində milli elmi potensialın inkişafı özünün yeni mərhələsinə qədəm qoydu.
Bir tərəfdən respublikanın sosial-iqtisadi tərəqqisi, digər tərəfdən isə müasir dünyanın çağırışlarını nəzərə alaraq, ölkədə yüksək texnologiyaların, xüsusən də İKT sektorunun inkişafı, kosmik sənayenin formalaşdırılması kimi prioritet elm tutumlu istiqamətlərə böyük dəstək verildi.
2007-ci ildə elmi kadr potensialının formalaşdırılması sahəsində olduqca əhəmiyyətli bir addım olan AMEA üzvlüyünə növbəti seçkilər keçirildi, elmin bu və ya digər sahəsində xüsusi xidmətləri olan alimlər akademiyanın həqiqi və müxbir üzvləri seçildilər.
2009-cu ildə cənab Prezident İlham Əliyev tərəfindən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” qəbul edildi. Strategiyanın icrası istiqamətində dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın xarici elmi mərkəzlərinə göndərilməsi, akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli işlər görüldü. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi, elektron elmin formalaşması sahəsində də bir sıra uğurlar əldə edildi.
Yaşadığımız müasir dünya mürəkkəb sosial, siyasi, iqtisadi proseslərlə, kataklizmlərlə müşayiət olunur. İndi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə planetin təhlükəsizliyi və davamlı inkişafı baxımından intellektual sərvətin rolu və əhəmiyyəti əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edir. İndi bütün sivil dünya birmənalı olaraq qəbul edir ki, müasir qloballaşma şəraitində sosial tərəqqi tempi əsasən hakimiyyətlə intellektin vəhdətindən asılıdır.
Son zamanlar dünya bazarında neft qiymətlərinin qeyri-sabitliyi, bütün dünyada iqtisadi böhranın dərinləşməsi bir daha onu sübut etdi ki, İlham Əliyevin xeyli öncədən müəyyənləşdirdiyi intellektual inkişaf strategiyası tamamilə düzgün seçim idi. 25 illik yubileyini qeyd etdiyimiz müstəqil Azərbaycanın inkişafının əsasında hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanır. Dünyada və regionda baş verən bütün böhranlara, kataklizmlərə baxmayaraq, biz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bəyan edildiyi kimi, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinə doğru irəliləməkdəyik.
Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti akademik
Azərbaycan.-
2016.- 15 oktyabr.- S. 5.