AMEA-da elmi konfrans
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində
dövlət müstəqilliyinin bərpa olunmasının 25
illiyinə həsr edilən “Müstəqillik yollarında:
Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda
elmi konfrans və “Müstəqillik yollarında - 25”
kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın
prezidenti akademik Akif Əlizadə respublikamız dövlət
müstəqilliyini bərpa etdikdən sonra elmin
inkişafına göstərilən xüsusi diqqətdən,
son illərdə ölkə həyatının bütün
istiqamətlərində, o cümlədən elm sahəsində
qazanılan uğurlardan danışıb.
“Zaman, müasir inkişaf və elm” mövzusunda
çıxış edən akademik bildirib ki, ulu öndər
Heydər Əliyevin dövlətçilik təlimində elm
amili daim aparıcı mövqeyə malik olub. Ölkəmizdə
müasir cəmiyyət quruculuğunun sonrakı mərhələlərində
də elmin inkişafına xüsusi diqqət yetirilib. Beləliklə, zaman, müasir inkişaf və elm
bir-birini üzvi surətdə tamamlayıb.
A.Əlizadə vurğulayıb ki, Azərbaycan elmi
görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə
rəhbərliyinin hər iki dövründə böyük
inkişaf yolu keçib. Heydər Əliyev epoxasının Azərbaycan
Elmlər Akademiyası Sovetlər İttifaqında
tanınmış mühüm elmi qurumlardan birinə
çevrilib.
Respublikamız
dövlət müstəqilliyini bərpa etdikdən sonra
ölkədə elmin inkişafına göstərilən
xüsusi diqqətdən, AMEA-nın fəaliyyəti
üçün yaranmış təhlükənin aradan
qaldırılmasından söz açan akademik deyib: “Müstəqillik
illərində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi
tərəqqisinə adekvat olaraq inkişaf edən sahələrdən
biri də elmi fəaliyyət sahəsidir. Son 25
ildə bütün sferalarda olduğu kimi, milli sərvətimizin
tərkib hissəsi olan elmi potensialın qorunması,
inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən
birini təşkil edib. Bu illər ərzində
istər elmin maddi-texniki bazasının gücləndirilməsi,
istər infrastrukturunun müasir tələblər səviyyəsində
təşkili, istərsə də prioritetlərinin dünya
elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə
uyğunlaşdırılması istiqamətində əhəmiyyətli
nailiyyətlər əldə edilib”.
Akademik
A.Əlizadə bildirib ki, elmin cəmiyyətdə
mövqeyinin möhkəmləndirilməsi və müstəqil
dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi
inkişafında daha yaxından iştirakının təmin
edilməsi məqsədilə ümummilli lider Heydər
Əliyev 2001-ci il 15 may tarixli fərmanı ilə ölkənin
əsas intellektual potensialının cəmləşdiyi Elmlər
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası”
statusunu verib. Bu status vaxtilə sovet elm sisteminin
tərkib hissəsi kimi formalaşmış və inkişaf
etmiş Azərbaycan elminin müstəqillik mərhələsinin
tələblərinə uyğun olaraq milli əsaslar üzərində
yenidən təşkilində müstəsna rol oynayıb.
Akademik deyib ki, ulu öndərin parlaq zəkası,
böyük xidmətləri və çoxcəhətli fəaliyyəti
sayəsində Azərbaycan hərtərəfli inkişaf
edib, əsrlərə bərabər yol keçib. Böyük
iqtisadi yüksəliş, sənayeləşmə, elmin, mədəniyyətin
və təhsilin yüksək inkişafı ölkəmizi və
xalqımızı daim irəliyə aparıb. Heydər Əliyev epoxası böyük
inkişafın möhkəm təməlləri deməkdir.
Qeyd olunub
ki, dövlət müstəqilliyimizin hələ kövrək
məqamlarını yaşadığı ötən əsrin
90-cı illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin əbədi, sarsılmaz,
dönməz olduğunu böyük inam və qətiyyətlə
bütün dünyaya bəyan edib.
Akademik A.Əlizadə elmimizin müasir zamanın
çağırışlarından və ölkəmizin
sosial-iqtisadi, mədəni-mənəvi inkişafından irəli
gələn vəzifələrin həyata keçirilməsinə,
bütövlükdə müstəqil Azərbaycanın
çiçəklənməsinə bundan sonra da töhfələrini
verəcəyinə əminliyini bildirib.
“Müstəqillik
yollarında - 25” kitabının əhəmiyyətindən
danışan akademik A.Əlizadə qeyd edib ki, nəşrdə
Azərbaycan Respublikasında dövlət müstəqilliyinin
bərpa olunmasının 25 ili ərzində cəmiyyət həyatının
əsas sahələri üzrə keçilmiş məsuliyyətli
və şərəfli yoldan, qazanılan mühüm nailiyyətlərdən
bəhs edilir. Prezident İlham Əliyevin “Hesab
edirəm vaxt gəlib çatıb ki, müstəqillik
dövrünə həsr edilən sanballı elmi əsər
də yaradılsın. Gələn il
biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə
sanballı əsər yaradılarsa, bayramımıza çox
gözəl töhfə olar” sözlərini xatırladan
akademik dövlət başçısının tövsiyəsi
ilə hazırlanan bu kitabı Azərbaycan alimlərinin əlamətdar
yubileyə mühüm töhfəsi kimi dəyərləndirib.
Bildirilib
ki, “Müstəqillik yollarında - 25” məqalələr
toplusu üç fəsildən - “Müstəqil Azərbaycan
dövlətinin müqəddəratı: itirilmə təhlükəsindən
- sabitliyə, quruculuğa və inkişafa”, “Azərbaycan
Respublikası müasirləşmə və modernləşmə
yollarında (2003-2016)”, “Mənəvi mühitin müasir
siması” fəsillərindən ibarətdir. Kitabda
tanınmış elm adamlarının Azərbaycanda dövlət
müstəqilliyinin bərpasının ilk dövrlərində
ölkədəki ictimai-siyasi vəziyyət,
demokratik-hüquqi dövlət quruculuğu prosesi, müstəqillik
illərində multikulturalizm və tolerantlıq, xarici siyasət
sahəsində qazanılan uğurlar və perspektivlər,
müstəqil dövlətçiliyin Azərbaycan modeli,
iqtisadi böhrandan sabitliyə aparan yollar və digər məsələlərə
həsr olunan məqalələri yer alıb.
“Şərq-Qərb” nəşriyyatında işıq
üzü görmüş, 628 səhifədən ibarət
“Müstəqillik yollarında” məqalələr toplusunun məsul
redaktoru akademik İsa Həbibbəylidir.
Akademik A.Əlizadə vurğulayıb ki, “Müstəqillik
yollarında - 25” kitabı Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
ümumi redaktorluğu ilə nəşr edilib. Kitab akademik Ramiz Mehdiyevin
“Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və
müasir dövr” adlı məqaləsi ilə
açılır. Milli dövlət
quruculuğu və bu prosesdə “milli siyasi lider” amilinin həlledici
rolundan bəhs edən məqalədə XX əsrin sonu Azərbaycan
xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələndirilir.
Müəllif yazır ki, tarixin bu dövründə
baş verən hadisələr dahi şəxsiyyət Heydər
Əliyevi yenidən siyasi səhnəyə gətirdi. Dünya siyasi tarixində baş verən hadisələrin
mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin
məhvi, digərlərinin yaranması baxımından XX əsrin
sonları heç bir dövrlə müqayisə edilə bilməz.
Azərbaycan mövcud olduğu coğrafiya, zəngin
təbiəti, Şərq və Qərb arasında ortaq-sintez
sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində
olub və belə bir dövlətin lideri olmaq xüsusilə
çətindir.
Akademik Ramiz Mehdiyev məqaləsində qeyd edir ki, Heydər
Əliyevin siyasi xidmətlərini dəyərləndirmək
üçün, ilk növbədə, onun hakimiyyətə gəlişi
zamanı mövcud olan dəyişiklik və inqilab
dalğasının nə qədər güclü mənbələrdən
yönəldildiyini yada salmaq kifayətdir. Xarici və
daxili siyasi milli gündəlikdə duran məsələlərin
mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin
son dərəcə fəallaşması səhv etmək
imkanlarını tükəndirmişdi.
Milli
dövləti və milli lideri müasir tarixin fenomeni
adlandıran akademik Ramiz Mehdiyev vurğulayır ki, milli
dövlətin yaranmasında və inkişafında, milli
birliyin və maraqların təmin edilməsində milli liderin
tarixi rolu əvəzedilməzdir. Çünki
bütün bu məsələlərin həlli onun şəxsi
keyfiyyətlərinə, inamına və təcrübəsinə
əsaslanır. Milli maraqlar millətin gələcək
inkişaf məqsədlərinin təyin edilməsi ilə səciyyələnir.
Dövlət başçısı bu məqsədlərin və
ona nail olmaq üçün vasitələrin seçimini, fəaliyyət
planının hazırlanmasını təmin etməklə
milli maraqların müəyyənləşməsində əsas
rolu öz üzərinə götürür. O, riskləri və
mövcud vasitələri dəyərləndirir, ölkənin
xoşbəxt gələcəyini təmin edəcək yeni
perspektivlər haqqında qərarlar verir. Məhz
Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda
dövlət müstəqilliyinin əsasları gücləndirildi.
Bu illərdə xalqımız qeyri-adi
cahanşümul tarixi proseslərin içərisində oldu.
Bir dövlət quruluşu yox oldu, yerində
yeni milli dövlət yarandı, dünyanın siyasi xəritəsi
kökündən dəyişdi. Bu siyasi xəritədə
nüfuzu bütün dünyada etiraf edilən Azərbaycan
adlı məmləkət müstəqilliyini bərpa etdi.
Tədbirdə “Müstəqil dövlətçiliyin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın sürətli inkişafında və dünya ölkələri sırasında nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin inkişaf modelinin formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Azərbaycanda müstəqil dövlət quruculuğunun baş memarı kimi ölkəmizin tarixi salnaməsinə zəngin və parlaq səhifələr yazıb. Akademik İ.Həbibbəyli Azərbaycanın müasir tarixinin 35 ilə yaxın böyük bir dövründə ulu öndərin keçdiyi çətin və şərəfli yolun, göstərdiyi tarixi xidmətlərin, əldə etdiyi mühüm nəticələrin müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük töhfələr verir. Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının ənənə halını alması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi cəmiyyətdə azərbaycançılıq şüurunu və məfkurəsini dərinləşdirir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin ölkəmizdə ardıcıllıqla davam etdirildiyini söyləyən AMEA-nın vitse-prezidenti müstəqil dövlətçiliyin Azərbaycan modelinin müasir inkişafın əsas hədəflərini özündə əks etdirdiyini və daha işıqlı sabahlara çatmaq üçün real təminat verdiyini vurğulayıb.
Sonra konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin “Müstəqillik illərində multikulturalizm və tolerantlıq” mövzusunda məruzəsi dinlənilib. Akademik bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizdə əsrlərdən bəri formalaşmış multikulturalizm və tolerantlığın sonrakı inkişafı üçün əlverişli şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik (multikultural) ənənəsini bərpa edərək onu keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Akademik K.Abdullayev Azərbaycanın multikultural ənənəsinin dövlət tərəfindən qorunması istiqamətində həyata keçirilən işlər sırasında ümummilli liderin göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasını xüsusi vurğulayıb. Dövlət müşaviri deyib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasəti xalqımızın həyat tərzinə çevrilərək Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsini bir sıra ölkələr üçün örnək kimi təqdim edir”.
Tədbirdə daha sonra
AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir
üzvü Yaqub Mahmudovun “Azərbaycanda dövlət müstəqilliyinin
başlanğıc dövrü: çaşqınlıqdan
inama və inkişafa doğru”, Fəlsəfə İnstitutunun
direktoru, professor İlham Məmmədzadənin “Müstəqil
dövlətçiliyin siyasi-ideoloji əsaslarının
formalaşdırılması prosesləri: Azərbaycançılıq”,
AMEA-nın müxbir üzvü Əli Nuriyevin “İqtisadi
böhrandan sabitliyə, müstəqil dövlət
quruculuğuna, islahatlara və inkişafa”,
Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa
Qasımlının “Müstəqil Azərbaycan dövlətinin
xarici siyasətinin əsasları və müasir dövr”,
AMEA-nın müxbir üzvü Şahbaz
Muradovun “Demoqrafik proseslərdə dəyişmələr və
məşğulluq problemlərinin həlli”, Coğrafiya
İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Əhali
coğrafiyasının reallıqları: inkişaf
dinamikası, məskunlaşma, resurslar və perspektivlər”,
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Möhsün Nağısoylunun “Azərbaycan Respublikasında dövlət dili siyasətinin möhkəmləndirilməsi”
və Memarlıq və İncəsənət İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin
“Milli mədəniyyətin inkişafında yeni mərhələ”
mövzularında məruzələri dinlənilib.
Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 7.