Məmməd Araz poeziya günü

 

Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib. Tədbir xalq şairi Məmməd Arazın doğum günü münasibətilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, AYB-nin katibi İlqar Fəhmi çıxış edərək şairin anım gününü bu şəkildə - poeziya günü kimi keçirmək qərarına gəldiklərini diqqətə çatdırıb.

Tədbirin aparıcısı, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Araz şəxsiyyəti barədə danışaraq bildirib ki, o, xalqın mövqeyini ifadə edən, arzu və istəklərinin carçısı kimi yadda qalıb. Neçə gəncin istedadının üzə çıxmasında, yetişməsində şairin böyük rolu olub.

Poeziya günündə məktəblilərin ifasında “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər”, “Bu insan adlanan insan” şeirləri səsləndirilib. Həmçinin “Dünya sənin, dünya mənim, dünya heç kiminşeiri ingilis dilində oxunub.

Tədbirdə tanınmış şairlər Musa Yaqub, Çingiz Əlioğlu, Abbas Abdulla və digərləri çıxış edərək belə bir poeziya gününün davamlı olaraq keçirilməsini təklif ediblər.

Məmməd Arazla bağlı xatirələrini bölüşərək onun mübarizliyindən, əyilməzliyindən söhbət açan çıxışçılar misraları ilə öz tərcümeyi-halını yazan şairin şeirlərinin oxucunu bütün zamanlarda düşündürəcəyini vurğulayıblar.

Tədbirdə həmçinin Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” adlı kitab təqdim edilib.

 

Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 12.