Əsl tolerantlıq mühiti

 

Rusiya Kinosu Günləri”nin iştirakçıları Bakıdan bu təəssüratla ayrıldıqlarını  bildirdilər

 

Mədəni əlaqələrin vacib faktora çevrilməsi günün reallıqlarından biridir. Azərbaycan xalqının yaxın-uzaq qonşularla daim mədəni, humanitar, sosial-iqtisadi  əlaqələrinin möhkəmliyi dostlarının sayının artması, mədəniyyətinin və incəsənətinin daha geniş arenada təbliği baxımından da təqdir olunur.

Rusiya ilə tarixi və mədəni əlaqələrin daha dərin köklərə malik olması isə danılmaz faktlardandır. Keçmiş sovetlər birliyi dövründən qalma  bu ənənə qorunub saxlanmaqla günümüzədək davam etdirilməkdədir.

Oktyabrın 10-dan 14-dək paytaxt Bakıdakı Nizami Kino Mərkəzində “Rusiya Kinosu Günləri”nin keçirilməsi də bu ənənənin yüksək səviyyədə davam etdirilməsini bir daha təsdiqlədi. “Festival xarakterli beynəlxaq tədbirin iştirakçıları Azərbaycanda əsl tolerantlıq mühitinin şahidinə çevrildilər”. Bu fikir Rusiyanın tanınmış teatrkino xadimi, rejissor Yuri Vasilyevə  məxsusdur. Kino günlərinə özünün “Qəhrəman” filmi ilə qatılan Y.Vasilyevin  Bakı və  müstəqil Azərbaycan haqqında əfsanəyə bənzər eşitdiklərinin reallığı özü demişkən, onda qeyri-adi hisslər oyadıb: “Bəli, bu gün nostalji hisslər yaşadım. “Hilton” hotelində yerləşdiyimiz zaman 40 il bundan əvvəlki Bakı dayandı gözümün önündə. Buradaİnturist” mehmanxanası vardı. 40 il əvvəl “Satirateatr truppamızla həmin mehmanxanada qalırdıq. Bu gün həmin məkanda tam yeni görkəmdə bir hotel var. Azərbaycanın son illər tamamilə dəyişməsi, sürətli inkişafı, Avropaya inteqrasiyası müstəqilliyinin bəhrəsidir”.

Rusiyalı qonaq  xalqımızın zəngin milli-mənəvi dəyərlərə malik, xüsusən  mədəniyyət və incəsənətdə əvəzsiz  sərvətlər sahibi olmasını diqqətə çatdırarkən, bəzi vacib məsələlərə də toxunub. Y.Vasilyev onu da  vurğulayıb ki, hazırda çalışdığı teatrın 30 ildir ki, direktoru  həmyerlimiz Məmməd Ağayevdir. Bu həm də o deməkdir ki, xalqınızın yetirmələri istedadları ilə dünyada məşhurdurlar. Bakı isə fantastik şəkildə dəyişib. Azərbaycan kinosu haqqında fikirlərini bölüşən rejissor onu da vurğulayıb ki, sovetlər  dövründə Azərbaycan filmləri çox populyar idi: “Amma açıq deyəcəyəm, bu gün Moskvada sizin filmlər haqqında demək olar ki, məlumat yoxdur. Odur ki, Rusiyada da mütləq “Azərbaycan Kinosu Günləri” təşkil edilməlidir. Festivallarda həmkarlar arasında biz bir-birimizi tanıya, məlumat ala bilərik. Əsas tamaşaçıların məlumatlı olmasıdır. Onlar üçün Azərbaycanın tarixi, milli-mədəni dəyərləri maraqlıdır. Onlar bu gün xalqın tarixini incəsənətini bilməli, tanımalıdırlar. Qarşılıqlı mədəni mübadilə həmişə dostluğa xidmət edib”.

Bakının, bütövlükdə isə Azərbaycanın mədəni, tolerantlıq mühiti kimi nümunəyə çevrilməsi rusiyalı qonaqlarda xoş təəssürat yaradıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 15 oktyabr.-  S.12.