İlham Əliyev Azərbaycan
tarixinin mühüm ilklərinin müəllifidir
Azərbaycan
xalqının dövlət müstəqilliyinin bərpa edilməsinin
25-ci ildönümü tamam olur. Bu 25 ilin 13 ili Prezident
İlham Əliyevin rəhbərliyi altında
keçmişdir. Məlum olduğu kimi, cənab İlham
Əliyevin 2003-cü ildə keçirilən prezident
seçkilərində qələbə qazanaraq hakimiyyətə
gəlməsi ilə qədim və zəngin dövlətçilik
ənənələri olan Azərbaycan tarixində yeni keyfiyyət
mərhələsi başladı.
İlham
Əliyevin prezidentliyinin ilk 13 ilində ölkəmizdə
daxili siyasətdə-dövlət idarəçiliyində,
ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət
daşıyan işlər görülmüşdür.Tamamilə
yenidən qurulan Azərbaycan müasirləşmiş, modern
bir ölkəyə çevrilmişdir.
Xarici
siyasət sahəsində əhəmiyyətli fəaliyyət
göstərilmişdir. Azərbaycan beynəlxalq neft-qaz, nəqliyyat-kommunikasiya
layihələrinin reallaşdırıldığı ölkə
olmuş, mövqeləri möhkəmlənmiş, nüfuzu
artmışdır.
Məlum
olduğu kimi, tarixi şəxsiyyət konkret məkan və
zaman daxilində fəaliyyət göstərdiyindən onun
dövrünə də məhz həmin baxımdan
yanaşılır. Lakin zamandan uca olanlar, xalqının bir
neçə on illər və bəzən də yüz illər
sonrakı inkişaf yolunu əvvəlcədən müəyyənləşdirənlər,
ömrünü xalqın tərəqqisi üçün
başlıca şərt olan dövlətin qüdrətlənməsinə
həsr edənlər dahilər olurlar, onlardan sonra hakimiyyətə
gələn və dövlətini güclü etmək istəyən
rəhbərlər adətən həmin dövlət rəhbərlərinin
fəaliyyətlərinə, təcrübəsinə
müraciət edirlər. Məhz həmin meyarlar
baxımından Prezident İlham Əliyev şəxsiyyətinə
diqqət yetirmək, bir sıra suallara elmi cəhətdən əsaslandırılmış
və məntiqi cavab vermək müstəqillik dövrü
tarixinin 13 ilini doğru bilmək, qiymətləndirmək və
düzgün nəticələr çıxarmaq
baxımından əhəmiyyətlidir. Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra ötən
25 ilin zirvəsindən cənab İlham Əliyev
prezidentliyinin ilk 13 ilində dövlət və siyasi xadim
olaraq necə görünür və həmin fəaliyyət
hansı dərslər verir?
Azərbaycan Respublikasının
BMT Baş Məclisində nitq söyləyən ilk Baş
naziri
Cənab
İlham Əliyev Azərbaycan Respublikasının BMT Baş Məclisinin
sessiyasında nitq söyləyən ilk Baş naziri
olmuşdur. Məlum olduğu kimi, 2003-cü ilin sentyabr
ayında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak
edən Azərbaycan Respublikasının Baş naziri İlham
Əliyev öz çıxışında beynəlxalq aləmdə
mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə
üzvlərin arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxmasına
görə BMT Təhlükəsizlik Şurasının şəraitə
uyğun, çevik və adekvat münasibət göstərə
bilməməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin
zamanın tələbinə cavab vermədiyini vurğuladı
və bununla bağlı təşkilat daxilində
islahatların vacib məsələyə çevrildiyini
bildirdi. Cənab İlham Əliyev
çıxışında regional və beynəlxalq təhlükəsizliyə
qarşı olan təhdidlərlə bağlı fikirlərini
açıqladı, dünyada cərəyan edən mürəkkəb
proseslərdə BMT-nin yenidən strukturlaşmasını,
onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişiklilər
etməsini ön plana çıxardı. Azərbaycanın
hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik
Şurasında “həm bugünkü, həm də yarıməsrlik
reallıqlar öz əksini tapmalıdır”. Azərbaycan
Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini,
xüsusilə də Təhlükəsizlik
Şurasının daimi üzvlərinin veto hüququna yenidən
baxılmasını təklif etdi. Eyni zamanda, Şərqi
Avropa dövlətlərindən bir ölkənin Təhlükəsizlik
Şurasının üzvlüyə qəbul edilməsinin
vacibliyini bildirdi. O zaman bir çoxları belə bir təklifin
nə üçün edildiyini və mahiyyətini dərk
etmirdi. Cənab İlham Əliyevin bu təklifinin məqsədinin
uzaqgörənliyi özünü yalnız səkkiz il sonra
göstərdi.
Azərbaycan Respublikasını BMT
Təhlükəsizlik Şurasının üzvü
seçdirən Prezident
Cənab
İlham Əliyevin tariximizdə yaratdığı ilklərdən
biri yürütdüyü uğurlu xarici siyasət nəticəsində
Azərbaycan Respublikasının BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi olmuşdur. 2011-ci ildə
də 2012-2013-cü illər üçün Təhlükəsizlik
Şurasının 5 qeyri-daimi üzvü seçilməli
idi. Məlum olduğu kimi, Təhlükəsizlik Şurası
dünyada sülh və təhlükəsizliyin təmin edilməsi
üzrə BMT-nin məsul qurumu olaraq 5 daimi və 10 qeyri-daimi
üzvdən ibarətdir. BMT Baş Məclisinin Prosedur
Qaydalarının 142-ci bəndinə əsasən hər il
BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi
üzvündən 5-i yenilənir. Təhlükəsizlik
Şurasına üzv olmağın bir sıra şərtləri
vardır. O dövlət bu quruma üzv ola bilər ki, sülhə,
təhlükəsizliyə, tolerantlığa, iqtisadi
inkişafa, millətlərarası və sivilizasiyalararası
münasibətlərə, dialoqa konkret töhfələr
verir.
BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçkilərdə namizədlər regional qruplar tərəfindən
irəli sürülür. O zaman Afrikadan və Asiya-Sakit okean
regionundan beş ölkə öz namizədliyini irəli
sürmüşdü. Bunlar Qırğızıstan,
Mavritaniya, Mərakeş, Pakistan və Toqo idi. Onlar 2011-ci il
dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən
azad olunan yerlər uğrunda mübarizə aparırdılar.
İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə
Şərqi Avropa dövlətləri qrupundan üç
ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia
edirdi. Reqlamentə görə qeyri-daimi üzvlüyə
seçkilər gizli səsvermə yolu ilə həyata
keçirilir. Azərbaycan, Qırğızıstan və
Qvatemaladan başqa digər ölkələr artıq əvvəllər
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü olmuşdular.
BMT Təhlükəsizlik
Şurasına iki illik qeyri-daimi üzvlük üçün
17 raundluq səsvermə keçirildi. Səsvermənin ilk
raundu 21 oktyabr tarixində oldu. Şərqi Avropa qrupundan namizədliyini
irəli sürən Sloveniya və Macarıstan ilə
mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində
əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində
üstünlük qazanaraq 17-ci mərhələdə qələbə
üçün tələb olunan 129 səsdən də
çox olan 155 səs əldə etdi. Bundan əvvəl
baş tutan səsvermənin 16-cı mərhələsində
Azərbaycan 116, Sloveniya isə 77 səs toplamışdı.
Səsvermənin axırıncı mərhələsindən
əvvəl Sloveniya tərəfi namizədliyini geri
götürdü. Axırıncı mərhələdə
isə Azərbaycanın lehinə 155 ölkə səs verdi,
24 ölkə bitərəf qaldı və 13 ölkə yenə
də Sloveniyaya səs verdi. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın
1-dən başladı və 2013-cü il dekabrın 31-nə qədər
davam etdi. Azərbaycan Respublikası iki il ərzində Şərqi
Avropa dövlətlər qrupunu bu qurumda təmsil etdi.
Ən
qəribəsi və gülünc görünən bu idi ki,
Şərqi Avropa ölkələri qrupundan təcavüzkar
Ermənistan da Təhlükəsizlik Şurasının
üzvu seçilmək iddiasına
düşmüşdü. Amma bu ölkənin hansı əməli
işi ilə bu quruma üzv olmaq istəyi məntiqsiz
idi.Rüsvay olacaqlarını və heç birinci turdan belə
keçməyəcəklərini anladıqları
üçün ermənilər namizədlikdən imtina etdilər.
Azərbaycan
Respublikasının BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv qəbul edilməsi böyük tarixi əhəmiyyət
daşıyan hadisə idi. Bu, Azərbaycan dövləti və
xalqının tarixində qürurverici bir ilk idi. Hər
şeydən əvvəl ona görə ki, Azərbaycan
Respublikası özünün müstəqilliyinin 20-ci ilində
artıq dünya siyasətini müəyyən edən 15
ölkədən birinə çevrilmişdi. Bu möhtəşəm
hadisə Azərbaycanın beynəlxalq nüfuzunu daha da
artırdı, regionun lideri statusunu möhkəmləndirdi. Həm
də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə
istənilən hədəfə çatmaq olar. Bu, sadəcə
üzv qəbul olunmaq məsələsi deyil, ölkəmizin
beynəlxalq aləmdə artan nüfuzunun göstəricisinin təsdiqi
idi. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya
regionunda BMT Təhlükəsizlik Şurasının
üzvü seçilən ilk ölkə oldu. Bu da rəmzi
bir hal idi ki, Azərbaycan tarixi qələbəni BMT-nin təsis
edildiyi gün olan oktyabrın 24-də əldə etmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bununla bağlı olaraq verdiyi bəyanatında deyirdi:
“...Bir
neçə saat bundan əvvəl ölkəmizin həyatında
çox əlamətdar və tarixi hadisə baş
vermişdir. BMT Təhlükəsizlik Şurasına
seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın
üzvü seçilmişdir. Bu böyük qələbə
münasibətilə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Bu, həqiqətən də
böyük qələbədir. BMT Təhlükəsizlik
Şurası dünyanın ən mötəbər qurumudur və
Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun
üzvüdür.
...Bu
qələbə Azərbaycan xalqının qələbəsidir.
Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir,
siyasətimizin təntənəsidir...”
BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycan
diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkənin son illər
dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu oldu.
Azərbaycan sabit inkişaf edən, yüksək iqtisadi
göstəricilərə nail olan və beynəlxalq siyasətdəki
fəaliyyətləri ilə dünya ictimaiyyətinin rəğbətini
qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin
nəticəsində beynəlxalq səviyyədə ən
mötəbər qurumun üzvlüyünə
seçilmişdi. Səsvermə Azərbaycan
Respublikasının beynəlxalq aləmdə artan çəkisinin,
ərazi bütövlüyü və sərhəd
toxunulmazlığının bir daha təsdiqlənməsi
oldu. Digər tərəfdən, bu hadisə son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dövlətinin dünya siyasətindəki müxtəlif
qlobal problemlərin müzakirəsinə cəlb olunması,
ölkəmizin regional siyasətlə yanaşı, dünya
siyasətinin də əsas aktorlarından birinə
çevrilməsini göstərirdi.
2012-2013-cü
illərdə BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü kimi fəaliyəti müddətində
dövlətimiz bir sıra məsələlərin gündəliyə
çıxarılmasına nail oldu. Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində
yaradılmış Dağlıq Qarabağ münaqişəsi
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş
qaldığından Azərbaycan dövləti BMT Təhlükəsizlik
Şurasında qeyri-daimi üzvlükdən istifadə edərək,
özünün təhlükəsizlik problemlərini, ilk
növbədə, pozulmuş ərazi bütövlüyü
məsələsini BMT Təhlükəsizlik
Şurasının gündəliyinə çıxartmaq,
xüsusilə, 2012-ci ilin mayında və 2013-cü ilin
sentyabrında 1 ay müddətinə Təhlükəsizlik
Şurasının sədri funksiyalarını icra edərkən
BMT Təhlükəsizlik Şurasının problemlə
bağlı qəbul edilmiş dörd qətnaməsinin yerinə
yetirilməsi üçün yeni təşəbbüslə
çıxış etmək və Təhlükəsizlik
Şurasında Ermənistanın
işğalçılıq siyasəti ilə bağlı
yenidən məsələ qaldırmaq, beynəlxalq hüququn
normalarının bərpasını tələb etmək
hüququ qazanırdı.
Azərbaycan
dövlətinin BMT Təhlükəsizlik Şurasına
üzv olması Ermənistanda faciə kimi
qarşılandı. Lakin təcavüzkar ölkənin təxribatları
və iyrənc fəaliyyətləri heç bir nəticə
vermədi. Çünki ABŞ, Çin, Rusiya, Böyük
Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın
da dünyanın bir nömrəli beynəlxalq təşkilatının
ən ali qurumunda iştirakı Azərbaycan Respublikası
dövlətinin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin
əyani təsdiqi, həm də beynəlxalq birliyin Azərbaycanda
yürüdülən siyasətə və Prezident İlham
Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü,
dünya ictimaiyyətinin ölkəmizə olan inam və
etimadının ifadəsini özündə ehtiva edirdi. Azərbaycanın
yürütdüyü siyasətin yanında Ermənistan
çox cılız görünürdü.
Prezident
İlham Əliyevin tövsiyəsi əsasında Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik
Şurasının üzvü olaraq qarşıdan gələn
iki il müddətində öz təcrübəsinə
uyğun sahələrdə, xüsusilə də
sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az
inkişaf etmiş dövlətlərə yardım və digər
humanitar məsələlərə dair yeni layihələr
hazırladı.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik
Şurasının iclasında sədrliyi və nitqi
Prezident
İlham Əliyev BMT Təhlükəsizlik
Şurasının iclasına sədrlik edən və orada
nitq söyləyən Azərbaycan Respublikasının ilk
dövlət başçısıdır. 2012-ci il mayın
4-də Azərbaycan Respublikası dövləti BMT Təhlükəsizlik
Şurasına sədrlik etdi. O, bu estafeti aprel ayında
şuraya sədrlik etmiş ABŞ-dan almışdı. 4 may
tarixində Prezident İlham Əliyev BMT Baş Məclisinin
iclasına sədrlik etdi və orada dərin məzmun
daşıyan nitq söylədi. Bu, Azərbaycan tarixində
möhtəşəm bir ilk idi. Prezident İlham Əliyevin sədrliyi
ilə keçən iclasında dövlət
başçısı iclasın gündəliyinin “Terror
aktlarının beynəlxalq sülh və təhlükəsizliyə
yaratdığı təhdidlər” mövzusuna həsr
olunduğunu diqqətə çatdırdı. BMT-nin Baş
katibi Pan Gi Mun, Almaniyanın xarici işlər naziri Guido
Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq
naziri Eliot Ohin, Barak Obama kabinetinin üzvü, ABŞ-ın
BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin
xarici işlər və əməkdaşlıq naziri Yusif
Əmrani, Rusiya Federasiyası Prezidentinin terrorizm və mütəşəkkil
cinayətkarlıqla mübarizə üzrə xüsusi
nümayəndəsi Aleksandr Zmeyevski, Kolumbiyanın çoxtərəfli
işlər nazirinin müavini Patti Londono, Çin Xalq
Respublikasının nümayəndəsi, Pakistan, Böyük
Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və
Portuqaliya nümayəndələri də
çıxışlarında Azərbaycan
Respublikasının tarixində ilk dəfə BMT Təhlükəsizlik
Şurasına sədrlik etdiyini bildirərək, bu münasibətlə
təbriklərini çatdırdılar, söylədilər
ki, terror dünyadan hələ də əl çəkməmişdir
və ona qarşı mübarizə tədbirləri davam
etdirilməlidir.
4 may
tarixli iclasa sədrlik edən Azərbaycan Respublikası
Prezidentinin dünya problemlərinin həllinin önə
sürüldüyü dərin məzmunlu nitq söyləməsi
müasir müstəqil Azərbaycan tarixində qürurverici
bir ilk idi. Nitqində Prezident İlham Əliyev
vurğulayırdı:
“...Terrorçuluq
beynəlxalq sülh və təhlükəsizliyə, o
cümlədən bütün üzv dövlətlərdə
insan hüquqlarının, fundamental azadlıqların,
demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi
bütövlüyünün və nəhayət, sosial və
iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir.
Azərbaycan
terrorçuluğun bütün forma və təzahürlərini
qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün
terror aktları ağır cinayətdir, onlar pislənməli
və bunu törədənlər isə cəzalandırılmalıdırlar.
Terrorçulara öz əməllərini əsaslandırmaq
üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən
asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla
bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və
siması, bir çox hallarda onun təcavüzkar separatizm,
ekstremizm və mütəşəkkil cinayətkarlığa
bağlılığı vardır.
Silahlı
münaqişələrə məruz qalan yerlərdə,
xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə
terrorçuluq ilə həmin məkanda olanlar arasında bir
qayda olaraq sövdələşmənin yaranmasına şəraitlər
formalaşır. Azərbaycan müxtəlif yollarla
terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan
təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə
çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın
mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror
aktı törətmişdir. Bunun nəticəsində 2 mindən
artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan
öz güc strukturlarının bilavasitə iştirakı
ilə hazırladığı həmin terror aktlarını
beynəlxalq terror qruplarından istifadə edərək
törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan
etnik təmizləməyə nail olmaq üçün hərbi
təcavüzlə yanaşı, mülki əhaliyə
qarşı geniş şəkildə terror aktlarından da
istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci
ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə
kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613
günahsız insan, o cümlədən qadınlar, uşaqlar
və yaşlılar öz həyatı ilə
vidalaşmışdır. Yüzdən artıq qadın,
altmış üç uşaq qətlə yetirilmişdir.
Ermənistan həmçinin münaqişə zonasından
uzaq məsafədə də ictimai nəqliyyatda və
mühüm infrastruktur yerlərində, 1994-cü ildə
Bakı metrosunda bomba partlayışı və digər əməllər
kimi terror aktlarını törədərək, mülki əhaliyə
qarşı mübarizə apardı.
Bu
gün Ermənistanın terror risklərindən irəli gələrək,
biz əsasən terror hədələrinin tərəfimizdən
zərərsizləşdirilməsinə baxmayaraq, bu risk yenə
də yüksək olaraq qalır. Bir sıra terror
aktlarının, o cümlədən Azərbaycanın
mülki infrastrukturlarına, xüsusən su rezervuarları və
bəndlərinə, neft kəmərləri şəbəkəsinə
hücum edilməsi kimi əməllərin legitim hərbi
taktikası olması ilə bağlı açıq bəyanatlar
və fikirlər hələ də müşahidə edilir.
Bunlar birmənalı surətdə mülki əhali
arasında yüz minlərlə tələfatın olması
ilə nəticələnə bilər. Beynəlxalq terror təşkilatlarının
elementləri Ermənistanın təhlükəsizlik və
müdafiə sektoruna inteqrasiya edilib. Avropa dəyərlərinə
və universal dəyərlərə sadiq olduğunu göstərməyə
çalışan ölkə tərəfindən beynəlxalq
terror təşkilatlarının üzvlərini qəhrəman
kimi qələmə vermək və onlara abidələr
ucaltmaq səylərini görmək təəssüf
doğurur”.
Azərbaycan
Respublikası BMT üzvləri arasında cəmi 20 il əvvəl
dövlət müstəqilliyini bərpa etmiş bir ölkə
olsa da, bu qurumda tutduğu rəhbər mövqenin və
Prezident İlham Əliyevin nitqinin böyük tarixi əhəmiyyəti
var idi. Hər şeydən əvvəl, dövlət rəhbərinin
nitqi Azərbaycanın təkcə XXI əsr tarixi
üçün deyil, həm də bütün dövlətçilik
tarixi üçün yaddaqalan və möhtəşəm
idi. Çünki Azərbaycanın dövlət
başçısı ilk dəfə olaraq Təhlükəsizlik
Şurasının iclasına sədrlik edir və nitq söyləyirdi.
Bu nitq Azərbaycan dövlətinin beynəlxalq təşkilatda
təmsil olunması, dünya siyasətindəki bu və ya digər
uğuru, respublikanın müstəqil ölkə kimi təsdiqi
baxımından əhəmiyyətli idi. Ona görə də
BMT kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatında
edilən nitq mühüm mahiyyət daşıyır.
Söylənən nitq Prezident İlham Əliyevin nüfuzuna təsir
edən və onun dünya miqyasında çəkisini
göstərən beynəlxalq amil idi. Prezident İlham
Əliyev buna qədər də xarici ölkələrdə və
beynəlxalq təşkilatların toplantılarında dəfələrlə
nitqlər söyləmiş və rəğbətlə
qarşılanmışdı. Azərbaycan Prezidenti etdiyi nitqləri
və siyasi-dövlətçilik fəaliyyəti ilə bəzən
mövcud diplomatiya çərçivələrini
aşıb keçən liderlər sırasına daxildir. Təhlükəsizlik
Şurasında etdiyi nitq də bu baxımdan diqqəti cəlb
edirdi. Adətən dövlət başçıları Təhlükəsizlik
Şurasında etdikləri nitqlərində bitərəf
mövqe tutur, öz ölkələrinin problemlərini
gündəliyə gətirməkdən çəkinirlər.
Lakin Azərbaycan Prezidenti belə etmədi. O, Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi, dünya
terror şəbəkələrində aparıcı mövqe
tutması problemlərindən bəhs etdi. Azərbaycan
Prezidentinin söylədikləri erməni terrorunun təkcə
Azərbaycan deyil, bütün dünya üçün təhlükəli
olduğunu dünyaya çatdırmaq baxımından da əhəmiyyətli
idi. Çünki Ermənistan terrorçuluğu dəstəkləyir
və Azərbaycanın işğal olunmuş ərazilərində
terrorçuların düşərgələrini saxlayır
və digər qanunsuz fəaliyyətləri həyata
keçirir, terroru dövlət səviyyəsində himayə
edir. Azərbaycan isə terrora məruz qalan ölkədir və
terrora qarşı mübarizə aparan ölkələrin yanındadır.
Azərbaycanın
birinci sədrliyi dövründə BMT Təhlükəsizlik
Şurasının 13 açıq, 16 qapalı iclası
keçirildi. Bu müddət ərzində BMT Təhlükəsizlik
Şurasının 2-si Sudandakı vəziyyətə, 1-i isə
Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi;
habelə mətbuat üçün 7 bəyanatı qəbul
edildi.
Azərbaycan
Respublikasının BMT Təhlükəsizlik Şurasında
2013-cü ilin oktyabr ayından başlayan ikinci sədrliyi də
səmərəli oldu. Əsas mövzu kimi 2013-cü il 28
oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı
və İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) arasında tərəfdaşlıq əlaqələrinin
gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli
iclası təşkil edildi. Bu dövrdə Təhlükəsizlik
Şurasının gündəliyi beynəlxalq sülh və
təhlükəsizliyin təmin olunması ilə əlaqədar
mühüm məsələləri əhatə etdi. Təhlükəsizlik
Şurasında dörd qətnamə, altı bəyanat qəbul
edildi. Beynəlxalq sülh və təhlükəsizliyin təmin
olunması istiqamətində öz səylərini əsirgəməyən
və davamlı şəkildə fəaliyyət göstərən
Azərbaycan dövləti BMT Təhlükəsizlik
Şurasının sədri qismində beynəlxalq səviyyədə
ədalətin və hüququn prinsiplərinin bərqərar
olmasına öz mühüm töhfələrini verdi.
Ümumiyyətlə,
Prezident İlham Əliyevin liderliyində Azərbaycan
Respublikası dövləti BMT Təhlükəsizlik
Şurasına üzvlüyü və sədrliyi
dövründə üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirdi, dünyada sülh və təhlükəsizliyin
təmin olunması istiqamətində səylərini davam
etdirdi, beynəlxalq hüquq normalarının və ədalətin
müdafiəsinə çalışdı, sülh və
beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli
məsələlərin gündəliyini müəyyənləşdirdi.
Azərbaycan diplomatiyasının səyləri dövlətimizin
milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə
yönəldi. Terrordan və işğaldan əziyyət
çəkən ölkə kimi Azərbaycan beynəlxalq
sülh və təhlükəsizliyə yaradılan təhdidləri,
o cümlədən Ermənistanın təcavüzkar siyasətini
daim diqqətdə saxladı.
Azərbaycan
dövləti iki il ərzində qurumun qeyri-daimi üzvü
kimi uğurlu fəaliyyətini davam etdirdi, sədrliyi
dövründə beynəlxalq sülh və təhlükəsizliyin
qorunmasına töhfələrini verdi, şuranın gündəliyində
dayanan məsələlərin müzakirəsində fəal
rol oynadı və daim öz qətiyyətli mövqeyini ortaya
qoydu.
Azərbaycanın
Təhlükəsizlik Şurasında hər iki sədrliyi
müddətində qurumun 59 açıq və qapalı
iclası keçirildi, 7 qətnamə, şura sədrinin 3 bəyanatı
və mətbuat üçün 13 bəyanat qəbul edildi.
Bu, Azərbaycan millətinə qürur verən bir hadisə
oldu. Lakin bu, sonuncu ilk olmadı. Müstəqillik tarixində
Prezident İlham Əliyevin həyata keçirdiyi digər ilklərdən
biri Azərbaycanın dünya xəritəsində
axtarılmasına son qoyulması oldu.
Azərbaycanın xəritədə
axtarılmasına son qoyulması
Prezident
İlham Əliyevin Azərbaycan tarixində
yaratdığı ilklərdən biri Eurovision mahnı
yarışmasının Bakıda ən mükəmməl
şəkildə təşkil edilməsi, yarışma
zamanı maddi-mənəvi mədəniyyətimizin təbliğ
edilməsi ilə ölkəmizin xəritədə
axtarılmasına son qoyulması olmuşdur. Məlum
olduğu kimi, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində
25 ölkə təmsilçisinin iştirakı ilə
keçirilən 56-cı Eurovision mahnı müsabiqəsində
Azərbaycan təmsilçiləri 221 bal toplayaraq qalib gəldikləri
üçün qaydalara uyğun olaraq növbəti
yarış Azərbaycanda keçirilməli idi.
2012-ci
ilin may ayında Bakı şəhərində “Eurovision 2012”
mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat
Komitəsi Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 19 may 2011-ci il tarixli sərəncamı ilə
yaradıldı. Təşkilat Komitəsinin sədri UNESCO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva oldu. 2012-ci ildə Bakıda
keçirilən 57-ci Eurovision mahnı müsabiqəsi
müasir Azərbaycan və Avropa mədəniyyəti tarixində
mühüm yerlərdən birini tutdu. Bütün
dünyanın nəzərləri Azərbaycana yönəldi,
minlərlə turist ölkəmizə gəldi. Müxtəlif
ölkələrdən insanlar Azərbaycana axın etdilər.
Həqiqətləri öz gözləri ilə gördülər.
Azərbaycan tarixi və mədəniyyəti təbliğ
edildi. Azərbaycanın xəritədə axtarılmasına
son qoyuldu.
Dövlət canlı orqanizmdir
Prezident
İlham Əliyev tariximizdə indiyədək rast gəlinməyən
daha bir ilkə imza atmış, nitqlərində ölkə
qarşısında dayanan belə bir strategiyanı müəyyənləşdirmişdir:
dövlət canlı orqanizmdir-daim genişlənməlidir.
Bu, uzunmüddətli strategiya olub Azərbaycanın nəinki
indisini, eyni zamanda gələcək zamanlarını da əhatə
edir. Genişlənmə müasir beynəlxalq münasibətlərdə
artıq hakim olan və təsdiq edilən coğrafi-siyasi
mövcudiyyətinin dəyişdirilməsini deyil, maliyyə-iqtisadi
və nüfuz baxımından genişlənməni
özündə ehtiva edir. Məhz bu məqsədi həyata
keçirmək yolunda Prezident İlham Əliyev dərin məna
daşıyan addımlar atdı. Azərbaycanın müasirləşməsinin
vacibliyini irəli sürdü. Bəs müasirləşmə
Azərbaycana nə üçün lazımdır?
Tarixinin
təcrübəsi göstərir ki, hər hansı bir
ölkənin çoxlu maliyyə vəsaitləri, təbii sərvətləri
ola bilər. Lakin əgər dövlət hakimiyyəti həmin
təbii sərvətləri milli sərvətlərə
çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata
keçirmirsə, insanlar əməyi
yadırğayırlarsa, ölkə digərlərindən
geri qalır və çox vaxt da rəqabətə tab gətirmir.
Geri gedən ölkə isə heç bir zaman nüfuz
baxımından genişlənə bilməz. Buna dair
çoxlu nümunələr gətirmək olar. Məlum
olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və
ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, ona
uyğunlaşa bilmədikləri üçün hazırda
dünyanın siyasi səhnəsində mövcud deyillər.
Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə
uyğunlaşmayan və özü yaşayış şərtlərini
irəli sürməyən xalqların çoxu hazırda
dünya siyasətində söz sahibi deyillər. Bir zamanlar
Roma və Bizans imperatorluqları, Portuqaliya, İspaniya,
Hollandiya, Osmanlı dövləti, Avstriya-Macarıstan dünya
siyasətinə ya hökmranlıq edər, ya da xeyli
nüfuzlu idilər. Lakin zaman-zaman onların bəziləri həm
dünyada gedən müasirləşmə proseslərinə
uyğunlaşmadıqları üçün, həm də
onları parçalamağa çalışan xarici güclərin
təzyiqlərinə tab gətirə bilməyərək zəiflədilər,
bəziləri isə dağılıb dünya səhnəsindən
getdilər. Bu dövlətlərin və imperatorluqların
taleyi bəzi nəticələr çıxarmağa, ibrət
dərsləri almağa imkan verir.
Müasirləşmə
rəqabətədavamlı Azərbaycanın qurulması və
vətəndaşın daha yaxşı
yaşayışını təmin etmək üçün
lazım idi. Artıq rəqabətə-davamlı Azərbaycan
dövləti yaranmışdır. Ötən illər tarix
baxımından qısa olsa da, həyata keçirilən tədbirlər,
islahatlar və inkişaf baxımından bir sıra ölkələrin
keçdikləri yüz illərə bərabərdir.
Prezident
İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan
müasirləşən bir ölkəyə
çevrilmişdir. Sovet dövrü başa çatdıqdan
sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyə
yadırğamasının qarşısı
alınmışdır. Cənab İlham Əliyev Azərbaycan
xalqının minillikləri tarixində Qurucu Prezident
adını qazanmışdır. Azərbaycan ərazilərinin
bir hissəsinin Ermənistan silahlı qüvvələrinin
işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi
etmiş, tikinti-quruculuq işləri genişləndirilmişdir.
Güclü
bir Azərbaycan dövləti qurulmuşdur. Tarixi təcrübə
göstərir ki, təbii sərvətlər heç də
xalqın inkişafının başlıca şərti
deyildir. Əsas məsələ təbii sərvətləri
milli sərvətə çevirmək və uğurla əməkdaşlıq
etmək bacarığıdır.
Bir
zamanlar Azərbaycan qaz və elektrik enerjisi təchizatı
sarıdan digər ölkələrdən asılı vəziyyətdə
idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana
satdıqları qazı və elektrik enerjisini dayandırar və
ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə
çalışardılar. Nəinki rayonlarda və kəndlərdə,
hətta Bakıda insanlar axşamlar bəzən şam və
ağ neft lampalarının ümidinə qalardılar. Ötən
illər ərzində Azərbaycanda yürüdülən
siyasət nəticəsində bu vəziyyətə son
qoyulmuşdur. Azərbaycan enerji təhlükəsizliyini təmin
edən bir ölkə olmuşdur.
Bəzi
ölkələrdən ərazisi baxımından kiçik, əhalisinin
sayına görə az olmasına baxmayaraq Azərbaycan
Respublikası qaz təchizatını nəinki təmin
etmiş, eyni zamanda Avropanın tələbatının ödənilməsində
mühüm rol oynayan bir ölkəyə çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərləri təkcə iqtisadi deyil,
böyük siyasi və strateji əhəmiyyət
daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində
mühüm rol oynayan kəmərlərdir. TANAP və TAP layihələri
Azərbaycanın qoca qitənin dövlətləri və
xalqları üçün nə qədər əhəmiyyətli
bir ölkə olduğunu göstərmişdir.
Azərbaycan
nəqliyyat təhlükəsizliyini də təmin
etmişdir. Böyük ipək yolu, Bakı-Tbilisi-Qars dəmir
yolu kimi layihələr Azərbaycanı yenidən
dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən
birinə çevirmişdir. Çoxşaxəli nəqliyyat kəmərlərinin
yaradılması və inkişaf etdirilməsi Azərbaycanın
iqtisadi qüdrətinin artmasına təsir edən amillərdəndir.
Bakı-Tbilisi-Qars, Naxçıvan-Məşhəd dəmir
yolu xətlərinin tikintisinin, “Şərq-Qərb” və
“Şimal-Cənub” nəqliyyat-kommunikasiya xəttinin uğurla
başa çatması ilə Azərbaycan dünyanın
böyük nəqliyyat qovşağı olan ölkəyə
çeviləcəkdir. İnfrastruktur inkişaf edəcək,
yeni iş yerləri açılacaq, əhalinin həyat şəraiti
daha da yaxşılaşacaqdır.
Yürüdülən
siyasət nəticəsində Cənubi Qafqaz
iqtisadiyyatının təqribən 75 faizi Azərbaycanın
payına düşür. Azərbaycan iqtisadiyyatının
neftdən asılılığının azaldılmasına
yönələn siyasət genişləndirilmişdir.
Xüsusən, turizm, kənd təsərrüfatı və
yeni texnologiyaların tətbiqinə başlıca yer
ayrılır.
Dünyada
gedən mürəkkəb maliyyə-iqtisadi və siyasi proseslərə,
ərazisinin 20 faizinin Ermənistanın işğalı
altında olmasına baxmayaraq Azərbaycan həm də
tikinti-quruculuq meydanına çevrilmişdir. Ölkədə
geniş inşaat işləri aparılır, yeni iş yerləri
yaradılır, qaçqın və məcburi
köçkünlər üçün evlər tikilir.
Başqa hər hansı bir ölkə belə şəraitdə
olsaydı, çox ağır bir vəziyyətə
düşərdi.
Azərbaycan
borc alan ölkədən borc verən, kapital ixrac edən
ölkəyə çevrilmişdir. Bir zamanlar Azərbaycan
xarici ölkələrdən borc istəsə də, verməzdilər.
Çünki borcun qaytarılmasına ümid və sabaha inam
yox idi. Artıq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan şirkətlərinin Avropanın “göbəyində”
- Balkanlarda, Gürcüstan, Türkiyə və başqa
ölkələrdə nəhəng layihələrdə
iştirak etməsi dövlətimizin beynəlxalq fəaliyyətinin
tərkib hissəsi olan xarici iqtisadi siyasətin qürurverici səhifələrindən
biridir.
Azərbaycan
dövləti ötən illərdə ölkəni xarici hərbi
müdaxilədən qorumaq qabiliyyətində olan
güclü ordu və müasir hərbi-sənaye kompleksi
yaratmışdır. Azərbaycan beynəlxalq silah sərgilərində
özünəməxsus yer tutur.
Prezident
İlham Əliyevin hakimiyyətinin ilk 13 ilində qədim və
zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs
gəlmişdir. Azərbaycanın bir sıra maddi və
qeyri-maddi irsi UNESCO-nun irs siyahısına daxil edilmişdir. Azərbaycan
Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir
xalq olduğunu bir daha sübut edərək, ona böyük
yaradıcılıq imkanları yaratmışdır.
Azərbaycan
Prezidentinin yaratdığı ilklərdən biri Bakıda
Bayraq meydanının yaradılması olmuşdur. Bununla da
dövlətçilik tariximizdə, bundan sonrakı
bütün tariximizdə yaşayacaq gözəl bir ənənənin
əsası qoyulmuşdur.
Ana
dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin
sahələrindən biridir. Azərbaycan Prezidentinin ana
dilimizin saflığının qorunması haqqında
imzaladığı sənədlər qloballaşma şəraitində
dilçilik elmimizin inkişafında yeni imkanlar
açmışdır.
Prezident
İlham Əliyevin hakimiyyəti illərində xalqın milli
ruhu yüksəlmiş və özünəinamı
artmışdır. Xalq və dövlət arasında birlik,
hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq
qurulmuşdur. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin
qurulması məqsədi ilə geniş islahatlar həyata
keçirilmişdir. Çoxpartiyalı sistemin əsasları
möhkəmləndirilmişdir. Azad mətbuat formalaşaraq
inkişaf etmişdir.
Prezident
İlham Əliyev əslində ölkədə möcüzə
yaratmış, dünyaya yeni bir model vermişdir. Bu, Azərbaycan
modelidir.
Kosmos klubunun üzvü
Prezident
İlham Əliyevin müstəqil Azərbaycan tarixindəki
ilklərindən biri Azərbaycan Respublikasını kosmos
dövləti etməsi olmuşdur. Azərbaycan 2013-cü ilin
fevral ayında kosmik fəzaya ilk peykini buraxdı.
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hələ
2008-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında “Azərbaycan Respublikasında yeni və ən
texnoloji sənaye sahəsi olan kosmik sənayenin
yaradılması və telekommunikasiya peykinin orbitə
çıxarılması” barədə verdiyi
tapşırıq əsasında konkret fəaliyyət
proqramının müəyyənləşdirilməsi istiqamətində
işlərin görülməsinə başlanıldı. Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27
nömrəli sərəncamı imzalandı. Azərbaycan
Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli 443 nömrəli
sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik
sənayenin yaradılması və inkişafı üzrə
Dövlət Proqramı” təsdiq edildi. Sərəncam və
dövlət proqramı ilə telekommunikasiya peykinin
hazırlanaraq orbitə çıxarılması konkret vəzifə
kimi qarşıya qoyulur və müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulurdu. Telekommunikasiya
peykinin hazırlanması, orbitə çıxarılması,
idarə olunması və istismar işlərinin həyata
keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli
sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
təsis edildi. Bunun ardınca, 2010-cu ilin may ayında Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın
peyk operatoru olan “Measat Satellite Systems” şirkəti arasında
ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus
46°Ş orbital mövqeyə çıxarılmasına dair
razılaşma əldə edildi. Telekommunikasiya peykinin
hazırlanması məqsədilə elan edilmiş tenderin
qalibi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti,
peykin orbitə buraxılması ilə bağlı
raketdaşıyıcı şirkətin seçilməsi ilə
bağlı tenderin qalibi isə Fransanın “Arianespace” şirkəti
seçildilər.
Peyk
vasitəsi ilə aşağıdakı xidmətlər həyata
keçirilir: Transponder icarəsi: transponderin tam iş
dövründə icarəsi, transponderin çevik əməliyyatlar
zamanı icarəsi, qısa müddətli tutumdan istifadə;
Televiziya yayımı: kanalların yayımı, peyk xəbərləri
toplusu; Telekommunikasiya: çox kiçik apertura terminalı,
uzaqdan əlaqə, peyk üzərindən İP; Yer səthinin
məsafədən müşahidə edilməsi: ağ-qara
şəkillərin çəkilməsi; rəngli
(multi-spektral) şəkillərin çəkilməsi.
Fevralın
8-də Azərbaycanın müstəqillik tarixinin ən
önəmli hadisələrindən biri yaşandı. Azərbaycan
Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”
uğurla orbitə buraxıldı. Dövlət
başçısı “Azərkosmos” ASC-nin yeni inzibati
binasının açılışını da etdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk
peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması
münasibəti ilə xalqımıza xitabən etdiyi təbrikində
deyirdi:
“Bu
gün ölkəmizin həyatında çox əlamətdar
və tarixi bir gündür. Bu gün birinci Azərbaycan
telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi
hadisə münasibətilə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Bu,
doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir,
dövlətimizin böyük qələbəsidir. Bu hadisə
onu göstərir ki, müstəqil Azərbaycan dövləti
sürətlə, hərtərəfli inkişaf edir və biz
artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə
bu işdə iştirak etmiş bütün qurumlara,
bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə
minnətdarlığımı bildirmək istəyirəm”.
Azərbaycanda
kosmik sənayenin yaradılmasının və peyklərin
orbitə buraxılmasının böyük əhəmiyyəti
var. İlk növbədə informasiya mübadiləsinin xarici
ölkələrdən asılılığının
aradan qaldırılması və informasiya təhlükəsizliyinin
təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr
üzrə mövcud insan ehtiyatları və intellektual
potensialın inkişaf etdirilməsi, tam təchizatlı
maddi-texniki bazanın yaradılması, elmtutumlu yeni layihələrin
həyata keçirilməsi və nəticə etibarilə
innovasiyayönümlü iqtisadiyyatın
formalaşdırılmasına təsir edir.
“Azərspace-1”
peykinin istismara verilməsi Azərbaycan vətəndaşlarının
gündəlik həyatına da öz müsbət təsirini
göstərir. Belə ki, əgər əvvəllər bir
sıra xarici ölkələrin peyklərindən
yayımlanan televiziya kanallarını izləmək
üçün adətən iki çanaq antenası və
ya digər texniki avadanlıqlardan istifadə etmək məcburiyyətində
qalırdıqsa, artıq öz peykimizə istiqamətlənmiş
bir çanaq antenasından istifadə edirik. Bu isə, ilk
növbədə, vətəndaşlar üçün
iqtisadi səmərəliliyə imkan yaradan əsas
üstünlükdür. Peykin resurslarının 20 faizi Azərbaycanın
tələbatını ödəmək üçün
istifadə olunur, qalan 80 faizi isə dünya bazarlarına ixrac
edilir. Buraxıldığı vaxtdan az sonra peykin resurslarının
40 faizinin satışı üçün şərti
müqavilələr imzalanmışdır.
İnformasiya-kommunikasiya
texnologiyalarının ölkə iqtisadiyyatında neftdən
sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin
iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə
inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət
kəsb etdiyi nəzərə alınarsa, yaxın illərdə
həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin
yalnız siyasi və ya kommersiyal səciyyə
daşımadığını, ölkənin uzunmüddətli
inkişaf strategiyasına yönəldiyini göstərir.
Milli
peyk layihəsinin reallaşdırılması Azərbaycana bir
sıra üstünlüklər verir. Məlum olduğu kimi, hər
hansı bir ölkədə kosmik sənayenin
yaradılması ilk növbədə həmin ölkənin
iqtisadi inkişafı və yüksək rifah səviyyəsi
ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf
sürəti yeni bazar tələblərinə cavab verilməsi
və ölkənin gələcəkdə dayanıqlı
inkişafının təmin edilməsi baxımından
iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan
yeni sənaye sahələrinin yaradılmasını zəruri
edir.
İnformasiya
və kommunikasiya texnologiyalarının geniş tətbiqi
ölkənin hərtərəfli inkişafına xidmət
etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin
təmin olunması baxımından da xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya
qitələri arasında əlverişli geoiqtisadi, coğrafi,
eləcə də informasiya magistrallarının kəsişdiyi
məkanda yerləşməsi informasiya mübadiləsində
xarici ölkələrdən
asılılığının aradan
qaldırılmasını zəruri edir.
Azərbaycanın
dünya kosmik ailəsinə daxil olması son dərəcə
qürurverici haldır. Ölkə sənayesinin gələcəyi
isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə
cavab verən innovativ, elmtutumlu müəssisələrin
yaradılması ilə bağlıdır. Respublikada
informasiya-kommunikasiya texnologiyaları sürətlə
inkişaf edir və böyük gələcəyə malikdir.
Azərbaycanın yeni sənaye quruculuğu siyasətində
bir sıra üstün istiqamətlər də müəyyənləşdirildi.
I Avropa Oyunlarının
keçirilməsi və Azərbaycan standartının
yaradılması
Prezident
İlham Əliyevin Azərbaycan tarixində
yaratdığı möhtəşəm ilklərdən biri
I Avropa Oyunlarının keçirilməsi olmuşdur. İlk
Avropa Oyunlarının keçirilməsinə dair məsələ
8 dekabr 2012-ci il tarixində Romada baş tutmuş Avropa Olimpiya
Komitəsinin 41-ci Baş Assambleyasında müzakirə edildi.
Baş Assambleya üzvləri arasında keçirilmiş gizli
səsvermə nəticəsində 48 səsdən 38 səs
ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk
Avropa Oyunlarının Bakıda keçirilməsi barədə
qərar qəbul edildi. Ermənistan nümayəndələri
səsvermədə iştirakdan imtina etdi. Bakıda
keçiriləcək I Avropa Oyunlarına məsul olan Təşkilat
Komitəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə quruldu. Komitəyə Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik
etdi. Müxtəlif ölkələrin dövlət və
hökumət başçılarının, nümayəndə
heyətlərinin iştirak etdiyi və yüksək səviyyədə
təşkil edilən açılış mərasimində
qədim və zəngin Azərbaycan tarixi, mədəniyyəti,
incəsənəti, ədəbiyyatı, turizm yerləri ən
yaxşı şəkildə təqdim edildi. Avropanın
gözü Azərbaycanda idi. Qitənin 50 Milli Olimpiya Komitəsini
birləşdirən Avropa Olimpiya Komitəsi tərəfindən
yüksək səviyyədə keçirilən oyunlarda 50
ölkədən 20 idman növü üzrə 6000-dən
çox idmançı yarışdı.
Yarışlara
həm hazırlıq prosesində, həm də gedişində
Avropa Oyunlarının Azərbaycan standartı
yaradıldı. Azərbaycana gələnlər ölkənin
gözəlliklərini, xalqımızın qonaqpərvərliyini
əyani olaraq gördülər. I Avropa Oyunlarının
keçirilməsi tariximizdə möhtəşəm ilk kimi
özünə yer tutmuşdur.
Keçmiş prezidentlər
haqqında qanunun qəbul edilməsi tariximizin ilki kimi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
düşmənçilik, kin-küdurət yaddır. O, Azərbaycan
cəmiyyətinə yeni bir nəfəs gətirdi. Məhz
onun hakimiyyətinin ilk 13 ilində keçmiş prezidentlər
haqqında qanunun qəbul olunması ilə Azərbaycan cəmiyyətində
yeni siyasi mədəniyyət bərqərar edildi.
Keçmiş prezidentlər və onların ailələrinin
statusu müəyyənləşdirildi. Bu da tariximizin
yaddaqalan qərarlarından biridir.
* * *
Ümumiyyətlə,
2003-cü ildən sonrakı dövrün təhlili göstərir
ki, Prezident İlham Əliyev Azərbaycan tarixində daim
yaşayacaq bir sıra möhtəşəm ilklərə
imza atmışdır. Azərbaycan xalqı və dövlətinə
başucalığı və qürur gətirən bu ilklərə
daim müraciət ediləcək və onlardan öyrəniləcəkdir.
Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA Qafqazşünaslıq
İnstitutunun
direktoru, professor
Azərbaycan.- 2016.- 16 oktyabr.- S. 1,
4.