Müasir Azərbaycan
elmi inkişafdadır
Azərbaycanda elmi prioritetlər də dünyanın çağırışlarına uyğunlaşdırılmalı, ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə istiqamətləndirilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan alimləri Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq seçmişdir.
Təbii ki, müasir çağırışlar və hədəflər kontekstində yuxarıda qeyd edilən vəzifələrin reallaşdırılması güclü elmi infrastruktur, elmi potensial, maddi-texniki baza tələb edir. Müstəqillik illərində Azərbaycan elmində ardıcıl olaraq islahatlar həyata keçirilməkdədir. Bu islahatlar zəminində akademiyanın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Akademiyanın Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidissiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir. Fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə yüksəldilməsi, multidissiplinar tədqiqatların elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi, o cümlədən nano-, bio-, informasiya və digər qabaqcıl texnologiyaların araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi potensialın inkişafında dövlət, biznes və qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin təşkili və s. məsələlər barəsində müvafiq qərarlar qəbul edilir.
Akademiyanın strukturunda müasir dövrün tələblərindən irəli gələrək Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Neft və Qaz İnstitutu, Biofizika İnstitutu yaradılmış, bir sıra institutlar, o cümlədən Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu müasir elmi prioritetlər əsasında yenidən qurulmuş, bu istiqamətdə işin təşkili ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilmişdir. Burada məqsəd sadəcə olaraq struktur dəyişikliyi deyil, dünya elmində prioritet hesab olunan yeni bir elmi istiqamətin Azərbaycana gətirilməsi, inkişaf etdirilməsidir.
Müstəqillik illərində Azərbaycan elmində həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi fəaliyyətin koordinasiyası təşkil edir. Azərbaycanda elmi fəaliyyət, əsasən, Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi təşkilatları, qismən də özəl sektoru əhatə edir. Belə bir mürəkkəb infrastrukturda qərarlaşmış elmi fəaliyyətin vahid prinsip əsasında idarə olunmasına nail olmaq üçün Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası fəaliyyət göstərir.
Müstəqillik illərində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısına qoyulmuş yeni vəzifələrin yerinə yetirilməsi məqsədilə Azərbaycan elmi, bütövlükdə elmi-texniki potensialı səfərbər edilmiş, bir sıra elmi və elmi-təşkilati işlər həyata keçirilmişdir. Bu məqsədlə elmin müxtəlif istiqamətləri üzrə problem şuralarının tərkibi yenidən formalaşdırılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkənin milli maraqlarının qorunması, sosial-iqtisadi inkişafı baxımından əhəmiyyət kəsb edən yeni elm sahələri üzrə bir sıra şuralar yaradılmışdır.
Koordinasiya sahəsində həyata keçirilən tədbirlər yalnız təşkilati işlərlə məhdudlaşmır. Respublika üzrə koordinasiya məsələlərinin geniş müzakirəsi məqsədilə Azərbaycan elminin tarixində ilk dəfə olaraq 19 dekabr 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Alimlərinin I Qurultayı keçirildi. Müasir dünyanın çağırışlarına müvafiq olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq, ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri gücləndirmək məqsədi ilə keçirilən bu tədbirdə ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər iştirak etmişlər. Qurultayda elmin koordinasiyası məsələlərinin də əhatə olunduğu müvafiq Bəyannamə qəbul edilmişdir.
İndi elmin koordinasiyası özünün tamamilə yeni mərhələsindədir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununda üzərində xüsusi dayanılan məsələlərdən biri elmin yeni prinsiplərlə koordinasiyadır. Qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Əsasnaməsinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsinə dair xüsusi maddə öz əksini tapmışdır. Bu, həmin qurumun rolunun və funksiyalarının daha da artırılmasına xidmət edəcəkdir.
Müstəqillik illərində ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, bütün dünyada nüfuzunun artmasına adekvat olaraq beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar əldə edilmişdir. Həyata keçirilən bu tədbirlər çərçivəsində AMEA-nın beynəlxalq elmi əməkdaşlığı yenidən qurulmuşdur.
Son illər “Horizon - 2020” layihəsi üzrə fəal iş aparılmış, həmçinin NATO ilə əməkdaşlıq istiqamətində çox əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Eyni zamanda, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qlobal problemlərin tədqiqi və elmi nailiyyətlərin tətbiqi istiqamətində müzakirələr aparılmış, səmərəli münasibətlər qurulmuşdur.
Bu gün elmimiz üçün əlamətdar örnəklər kimi fiziklərin CERN-də, geoloq və geofiziklərin MIT-də, Dubnadakı elmi layihələrdə iştirakını və başqa iri Avropa layihələrini göstərə bilərik. Sevindirici haldır ki, müstəqillik illərində Azərbaycan alimlərinin İmpakt Faktorlu jurnallarda minlərlə elmi məqalələri dərc olunmuşdur.
Beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində atılan ən mühüm addımlardan biri də elmi tədqiqat müəssisələrində xarici alimlərin iştirakı ilə birgə layihələrin həyata keçirilməsidir. Son illərdə akademiyada ABŞ-ın, Almaniyanın, İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə birlikdə xeyli sayda beynəlxalq laboratoriyalar yaradılmışdır.
Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” müvafiq sərəncamının icrası ilə əlaqədar son illər AMEA-nın xeyli sayda gənc alimi dünyanın elmi mərkəzlərinə göndərilmişdir. Bu proses akademiyada fasiləsiz olaraq davam etdirilir.
Müstəqillik illərində ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tendensiyasına müvafiq olaraq e-Azərbaycanın tərkib hissəsi kimi e-elmin formalaşması istiqamətində də əhəmiyyətli irəliləyiş əldə edilmiş, onun e-təhsil və digər onlayn mühitlərə inteqrasiyası təmin olunmuşdur.
Mürəkkəb hesablama və böyük yaddaş resursları tələb edən elmi problemlərin həlli üçün AzScienceNet-in bazasında böyük imkanlara malik verilənlərin emal mərkəzi yaradılmışdır. Bununla yanaşı, ölkə üzrə regionlarda distant tədris mərkəzləri şəbəkəsi formalaşdırılmışdır.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində apardığı siyasətin nəticəsində ölkəmizin elm və təhsil cəmiyyətinin Avropanın elm və təhsil cəmiyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu məqsədlə AzScienceNet kompüter şəbəkəsi Avropanın yüksək sürətli elm və təhsil üçün xüsusi internet şəbəkəsinə (GEANT) inteqrasiya olunmuşdur.
Son illərdə mütəmadi olaraq elmin İKT təminatının qiymətləndirilməsi üçün monitorinqlər keçirilmişdir. Monitorinqlərin nəticəsinə müvafiq olaraq, elmi müəssisələr və alimlər müasir kompüter texnologiyaları ilə təmin edilmiş, onların internetə çıxış imkanları dəfələrlə artırılmışdır.
Respublikanın əksər elm və təhsil müəssisələrində elektron kitabxanalar yaradılmışdır. Akademiyanın yeni inşa edilmiş Mərkəzi Elmi Kitabxanası müasir İKT ilə təchiz olunmuş və elektronlaşdırılmışdır.
Ölkə səviyyəsində elmi fəaliyyətin koordinasiyasının səmərəliyini artırmaq və informasiya təminatı bazasının formalaşması məqsədi ilə elmi problemlərin və dissertasiya işlərinin reyestrləri yaradılmışdır. Həmçinin elmi şuraların veb saytları işlənmişdir.
Biliklər cəmiyyətinin aparıcı qüvvəsi olan on mindən çox gələcəyin aliminə informatika fənni üzrə yüksək səviyyəli biliklər tədris olunmuşdur. Doktoranturaya qəbul və minimum imtahanları kompüter texnologiyaları əsasında test üsulu ilə həyata keçirilir.
Respublikada elmi müəssisələrin fəaliyyəti haqqında içtimaiyyəti məlumatlandırmaq üçün müxtəlif veb saytlar yaradılmışdır və sosial media texnologiyalarından istifadə edilir. Həmçinin ElmTV internet televiziyası istifadəyə verilmişdir.
Müstəqillik illərində əldə edilən uğurlardan biri kimi Azərbaycanın kosmik klubun üzvünə çevrilməsini də xüsusi qeyd etmək lazımdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin və elmi araşdırmalar sahəsində əldə olunan uğurların nəticəsidir ki, Azərbaycanın telekommunikasiya peykləri orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqinin reallaşdırılması sayəsində əldə olunmuşdur. Heç də təsadüfi deyil ki, dövlət başçısı ilk peykin orbitə buraxılmasını müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biri, dövlətimizin qələbəsi kimi dəyərləndirmişdir.
Müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının yetişdirilməsi hər bir inkişaf etmiş cəmiyyətin əsas hədəflərindəndir. Məhz buna görə də müstəqillik illərində Azərbaycanda elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Müstəqillik illərində elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədris olunması istiqamətində bir çox mühüm işlər görülmüşdür.
Yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin inteqrasiyasına daha səmərəli nail olmaq, ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura yaradılmış və bir çox prioritet ixtisaslar üzrə qəbul həyata keçirilmişdir. AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir.
Elm və təhsilin inteqrasiyasının səmərəliliyini artırmaq, müasir standartlara uyğun təşkil etmək məqsədi ilə AMEA-da doktoranturaya qəbul imtahanları üzrə beynəlxalq standartlara uyğun yeni tələblər müəyyənləşdirilmişdir. Müstəqillik illərində elm və təhsilin inteqrasiyası sahəsində əldə edilən uğurlardan biri kimi doktorluq təhsilini və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd etmək lazımdır.
Son illərdə AMEA-nın bir sıra institutlarında ölkənin aparıcı təhsil müəssisələrinin 10-dan artıq baza kafedrası yaradılmış, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanmış və müxtəlif fənlər üzrə respublika olimpiadaları keçirilmişdir.
Müstəqillik illərində elm və təhsil arasında əməkdaşlıq münasibətləri yalnız ali təhsil müəssisələrini deyil, həm də orta məktəbləri əhatə etmişdir. Şagirdlərin istedadlarının üzə çıxarılması, onların elmə maraqlarının artırılması üçün fənn olimpiadaları keçirilmiş, orta məktəblərdə görkəmli alim və mütəxəssislərlə görüşlər təşkil olunmuş, regionlarda orta məktəb müəllimləri üçün İKT üzrə təlim kursları keçirilmişdir.
Bu gün müstəqil Azərbaycanda dövlət siyasətinin insan kapitalı ideyasında intellektual gənclik ana xətti təşkil edir. Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətində müəyyənləşdirdiyi hədəflər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapmışdır. Proqramın icrası istiqamətində intellektual gəncliyin inkişafı və onların müxtəlif sosial-məişət problemlərinin həlli istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Siyasi-iqtisadi maraqların kəskin xarakter aldığı, mədəni-mənəvi dəyərlərin hədəf seçildiyi qlobal proseslər zəminində müstəqil dövlətin milli maraqlarının qorunması və genefondunun aşınmalara qarşı dayanıqlığı məhz intellektual gəncliyin adekvat reaksiyasından asılıdır. Bu mənada elmi gənclik, həm də dövlətin milli təhlükəsizlik konsepsiyasında strateji əhəmiyyət kəsb edən potensial qüvvədir.
Respublika üzrə elmi fəaliyyət sahəsində gənclərlə bağlı siyasətin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə “Gənc alim” analitik informasiya sistemi yaradılmışdır. 3 min nəfər gənc alim və mütəxəssis barədə məlumat cəmlənmiş bu baza əsasında gənclərin yaş qrupları, gender tərkibi, ailə vəziyyəti, mənzil təminatı, elmi dərəcələri, dil bilikləri və iş təcrübəsinin nəzərə alınması ilə müvafiq sənədlər hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur.
Elmi gəncliyin əməyinin stimullaşdırılması istiqamətində də bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərman imzalanmış və mükafatın elm üzrə namizədini təqdim etmək səlahiyyəti AMEA-ya həvalə edilmişdir. Akademiya Rəyasət Heyətinin qərarı ilə hər il “Gənclər üçün Prezident Mükafatı”na layiqli gənclər seçilərək təqdim edilir.
Müstəqillik illərində elm sahəsində qarşıya qoyulan digər mühüm vəzifələrdən biri də dövlətin innovasiya siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətidir. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər. Çox təqdirəlayiq haldır ki, müstəqillik illərində innovativ fəaliyyətin inkişafı nəticəsində elm və iqtisadiyyat bir-birilərinə xeyli yaxınlaşmışdır. Son illərdə bu istiqamətdə bir sıra uğurlara nail olunmuşdur. İndi AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən İnnovativ layihələrin ekspertizası və koordinasiyası şurası vasitəsilə AMEA-nın elmi müəssisələri Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş 20-dən artıq dövlət proqramının həyata keçirilməsində yaxından iştirak edir.
Son illərdə innovasiyaların və elmi-texniki yeniliklərin maliyyələşdirilməsi, tətbiqi və inkişafı üzrə beynəlxalq əməkdaşlıq tədbirləri çərçivəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi, “Horizon-2020” və Erasmus kimi müxtəlif proqramlarda iştirak, eləcə də innovasiya və texnologiya parklarının yaradılmasında Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Müstəqillik illərində innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi innovasiya sisteminin formalaşdırılmasının mühüm istiqamətlərindən birini təşkil etmişdir. Bu baxımdan AMEA-da elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya, kimya və texniki təyinatlı məhsulların istehsalı və satışı üzrə bir sıra texnoparklar, təsərrüfat hesablı müəssisə və zavodlar yaradılmışdır. Bunların içərisində Təcrübə-Sənaye Zavodunu xüsusi qeyd etmək lazımdır.
Müstəqillik illərində elmdə əldə olunan mühüm nailiyyətlərdən biri onun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə gücləndirilməsidir. Çox təqdirəlayiq haldır ki, son 25 ildə Azərbaycan elminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, sözün həqiqi mənasında, olduqca miqyaslı təmir-tikinti, abadlıq işləri və cihaz və avadanlıqlarla təminat sahələrində tədbirlər həyata keçirilmişdir.
2013-cü ilin may ayında cənab Prezident İlham Əliyevin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün rəsədxanaya gəlməsi, Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı orada söylədiyi fikirlər Azərbaycan elmi üçün sözün əsl mənasında əlamətdar bir hadisəyə çevrilmişdir.
Müstəqillik illərində akademiyanın əsas binası müasir standartlar əsasında yenidən qurulmuş, “Akademiya şəhərciyi” abadlaşdırılmış, Geologiya və Geofizika, Fizika, Aşqarlar Kimyası, Neft Kimya Problemləri və Polimer Materialları institutları əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıq və cihazlarla təchiz edilmişdir. “Radiasiya Problemləri İnstitutunun imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması” layihələri üzrə texnoloji, laboratoriya və ofis binalarının tikintisi həyata keçirilmişdir.
Müasir tələblərə cavab verən elmi tədqiqat işlərinin aparılması, təcrübə və tətbiq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2010-cu il tarixli qərarı ilə elmi cihaz və avadanlıqların idxalı gömrük rüsumundan azad olunmuşdur. Bu gün əminliklə demək olar ki, akademiyanın institutlarında müasir tələblər səviyyəsində tədqiqatların aparılmasına imkan verən cihaz və avadanlıqlar mövcuddur.
Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları müasir üslubda tikilib istifadəyə verilmişdir. Onların açılışında Prezident İlham Əliyev şəxsən özü iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin digər sərəncamlarına əsasən ayrılmış vəsaitlər hesabına AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarında, muzeylərində, rəsədxanasında ən yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmış, elmi müəssisələr müasir avadanlıqlarla təchiz edilmişlər.
Müstəqillik illərində Azərbaycan elminin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində elmi qurumların siması əsaslı şəkildə dəyişmişdir. Son illərdə doğma Bakı şəhərinin sürətlə dəyişməsində, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində tarixlə müasirliyin vəhdətini özündə təcəssüm etdirən elmi qurumların binalarının da xüsusi payı vardır.
Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini hüquqi dövlət quruculuğu təşkil edir. Dövlət səviyyəsində həyata keçirilən bu siyasətə uyğun olaraq elm sahəsində də hüquqi islahatlar son illərdə əsas istiqamətlərdən biri olmuşdur.
Elmi və elmi-təşkilati fəaliyyətin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, müasir hüquqi standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2014-cü il tarixli sərəncamı ilə akademiyanın yeni Nizamnaməsi qəbul olunmuşdur. Nizamnamədə AMEA-nın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun olaraq təşkilinə hüquqi əsas verən, onun qarşısında yeni vəzifələr qoyan və bu vəzifələrin icrası məqsədi ilə geniş fəaliyyət istiqamətlərini müəyyənləşdirən müddəalar öz əksini tapmışdır.
Akademiyanın elmi müəssisələrinin fəaliyyətinin normativ-hüquqi əsaslarının mövcud qanunvericiliyə, AMEA-nın Nizamnaməsi və digər hüquqi-normativ aktlara uyğunlaşdırılması məqsədi ilə “Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə”si təsdiq edilmişdir.
Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Azərbaycan Respublikasının Milli Məclisi 2016-cı il 14 iyun tarixində “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 9 avqust 2016-cı il tarixli fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Elm haqqında” qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.
Qanun ölkədə müasir elmi məktəblərin yaradılması, yeni elmi nəsillərin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsi, həmçinin müstəqil dövlətimizin elm siyasətinin həyata keçirilməsini təmin edəcək mühüm dövlət sənədidir.
Müstəqillik illərində elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Elmi mühitdə baş verən proseslərlə mütəmadi olaraq cəmiyyətin məlumatlandırılması üçün “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri məcmuəsi” və “Elm dünyası” jurnalları təsis olunmuş, “Elm və həyat” jurnalının işi təkmilləşdirilmişdir.
AMEA-da elmin populyarlaşdırılması üzrə tədbirlərin davamı olaraq 10-11 noyabr 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq Bakı Elm Festivalı keçirilmişdir. Festivalın keçirilməsində əsas məqsəd elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər müasir innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olmuşdur. Bir sıra sərgiləri, mühazirələri, elmi səyahətləri, maraqlı şou və digər əyləncəli proqramları əhatə edən tədbirdə xarici qonaqlar, respublikamızın dövlət və özəl qurumlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin çoxsaylı şagird və tələbələri, həmçinin adi vətəndaşlar iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən, dünya elminə mühüm töhfələr vermiş görkəmli Azərbaycan alimlərinin zəngin elmi fəaliyyətlərindən bəhs edən, AMEA-nın ilk həqiqi üzvlərinə və prezidentlərinə həsr olunmuş kitablar nəşr olunmuşdur. AMEA-nın və onun elmi müəssisələrinin fəaliyyətləri haqqında Azərbaycan, rus və ingilis dillərində bələdçi kitab və bukletlər hazırlanmış, AMEA-nın tarixini əks etdirən sənədli film çəkilmiş, poçt markaları, zərflər, açıqçalar buraxılmış, AMEA-nın inkişaf yolunu əks etdirən sərgilər təşkil olunmuşdur.
Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir.
Son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Alimlərin mənzil təminatı ilə əlaqədar AMEA-nın elmi müəssisələrinin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində işlər həyata keçirilir. Əsas məqsədlərdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün “Alimlər şəhərciyi” - “Science City” yaşayış kompleksi yaratmaqdır.
Müstəqil Azərbaycan elminin iyirmi beş illik yubileyi alim və mütəxəssislərin ötən dövrdəki gərgin, şərəfli fəaliyyəti haqqında cəmiyyət qarşısında bir hesabat olmaqla yanaşı, gələcək vəzifələrimizin müəyyənləşdirilməsini də zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyində iştirak edərək orada dərin məzmunlu nitqlə çıxış etmiş, alimlərimiz qarşısında həyata keçirilməsi zəruri olan bir sıra prioritetlər müəyyənləşdirmişdir. Azərbaycan elmi əvvəlki dövrlərdən fərqli olaraq, yeni missiyası çərçivəsində artıq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak etməklə biliklər iqtisadiyyatının formalaşmasına elmi dəstək verməlidir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycan alimləri qarşısında biliklər cəmiyyətinin qurulmasında yaxından iştirak, mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsi, bununla bağlı effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqi və bütövlükdə müstəqil Azərbaycan dövlətinin elmi prioritetlərinin hazırlanması kimi zəruri vəzifələr qoymuşdur.
İlk növbədə Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmaların, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində tədbirlər gücləndirilməlidir. Belə ki, Azərbaycan alimlərinin ölkənin enerji, informasiya, ərzaq, iqtisadi təhlükəsizliyinin qorunmasında və hərbi potensialının gücləndirilməsində yaxından iştirakına nail olmalıyıq. Həmçinin Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafına yönəlmiş tədqiqatların genişləndirilməsi də qarşımızda duran mühüm vəzifələrdəndir.
Hazırda qloballaşan və virtuallaşan müasir dünyada ölkəmizə, xalqımıza qarşı bir sıra təhdidlər və təhlükələr vardır ki, onların qarşısının alınması üçün elmi potensial səfərbər olunmalıdır. Yad ideologiyalara qarşı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasını daha da inkişaf etdirməliyik. Əvvəlki məhdudiyyətlərdən xilas olmuş müstəqil Azərbaycanın milli ideologiyasının elmi təminatı, tariximiz, mədəniyyətimiz, mənəvi-əxlaqi dəyərlərimiz haqqında məlumatları bütün dünyaya çatdırmalıyıq.
Müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün qarşımızda duran əsas məsələlərdən biri də “elm, təhsil, innovasiya” qızıl üçbucağının formalaşdırılmasıdır. Həmçinin elm, təhsi və innovasiya arasındakı əlaqələr multidissiplinar yanaşmanın prioritetliyi şərtilə həyata keçirilməlidir.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində, hələ dövlət müstəqilliyimiz özünün olduqca kövrək məqamlarını yaşadığı, daxili və xarici qüvvələrin bəd niyyətlərinə tuş gəldiyi bir zamanda xalqımızın ümummilli lideri Heydər Əliyev böyük bir inam və qətiyyətlə bütün dünyaya bəyan etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Həmin dövrün ictimai-siyasi reallığında bu bəyanat bir tərəfdən “öz imzasını imzalar içində” əbədi həkk etmək istəyən xalqımızın azadlıq idealının, digər tərəfdən isə bu ideal arxasındakı güclü iradənin ifadəsi idi. Budur, artıq dövlət müstəqilliyimiz əbədiyyətə doğru yön almış yolun əsrin dörddə biri qədər zaman məsafəsini qət etmişdir.
Çox təqdirəlayiq haldır ki, dövlət müstəqilliyimizin bu zaman məsafəsinin hər ili, ayı, günü həm də Azərbaycanın sürətli yüksəlişinin, beynəlxalq aləmdə artan nüfuzunun, elmin, təhsilin, mədəniyyətin tərəqqisinin tarixidir.
Biz əminik ki, elmimiz bir tərəfdən müasir zamanın çağırışlarından, digər tərəfdən ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin həyata keçirilməsinə, bütövlükdə müstəqil Azərbaycanın çiçəklənməsinə bundan sonra da öz töhfələrini verəcəkdir.
Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti, akademik
Azərbaycan.-
2016.- 16 oktyabr.- S. 3.