Əmək qəhrəmanları
yenidən tarlalara qayıdırlar
70-80-ci illərin
məşhur pambıq ustalarından olan Sevil Osmanova:“Heydər
Əliyevin sayəsində evinə ruzi-bərəkət gətirən
kəndlilər bu gün İlham Əliyevin vasitəsilə
böyük gəlir sahibinə çevrilirlər”
Bir yandan bağlayan bir yandan açar, deyirlər. Müdriklərimiz
söyləyirlər ki, əvvəlin meydan, sonun zindan olunca, əvvəlin
zindan, sonun meydan olsa daha yaxşıdır. Amma qədərimizi
özümüz müəyyən etmirik axı... Hər şey taleyin, qismətin bizə verdiklərinə
bağlıdır. Haqqında bəhs edəcəyimiz
qəhrəmanımızın həyat yolu başlanğıcından
çətinliklərdən keçib.
Hələ 6 aylığında olarkən atası
İdrisin müharibədən sonra özü ilə Kürdəmirə
gətirdiyi Lyubov xanım arasında münasibətlər
korlanıb. Son nəticədə isə izdivac pozulub. Lyubov doğulub boya-başa çatdığı
Rusiyaya gedir. Təbii ki, İdris kişinin
təkbaşına 3 körpə uşağı saxlaması
asan məsələ deyildi. Ona görə
də məcburiyyət qarşısında başqa qadınla
ailə qurmalı olur. Ailənin
sonbeşiyi olan Sevil gözünü açıb ana qismində
atasının ikinci həyat yoldaşını görür.
Böyük qardaşı və bacısı zamanla
anaları ilə əlaqə saxlasalar da, Sevilə bu şərait
yaradılmayıb. Lyubov bir dəfə uzaq Rusiyadan Kürdəmirə
gəlib, Sevili görmək istəyib. Bu
hadisə 1963-cü ildə baş verib. Həmin
vaxt Sevil dəmir yolu stansiyası
yaxınlığındakı sexdə işləyən
atasına kömək etmək məqsədilə orada olub.
İş elə gətirib ki, ana-bala stansiyada
üz-üzə gəliblər. Bir-birini
tanımayıblar. Lakin Lyubov xanım
analıq intuisiyası ilə
qarşılaşdığı qədd-qamətli,
yaraşıqlı, bir qədər də sarışın,
saçı topuğuna qədər tökülən
qızın Sevil olması qənaətinə gəlir. Bu zaman artıq Sevil dəmir yolunun əks tərəfinə
keçmişdi. Anası ona yaxınlaşmaq istədikdə
stansiyadan ötən növbəti qatar
şər qüvvə kimi onların arasından
şütüyür. Qatar keçib getdikdən
sonra ana əks tərəfdə istədiyini görə
bilmir. Sevil çıxıb getmişdi.
Sevil xanım deyir ki, qardaşı rəhmətə gedəndə
isə anası Kürdəmirə gələrək
oğlunun qəbri üzərində torpağı
başına çevirib, onun ana fəryadı bu gün də
eşidənlərin qulağından getmir.
Oxucuları çox həyəcanda saxlamayaq. Yəqin ki,
haqqında bəhs etdiyimiz xanımı orta və yaşlı
nəslin nümayəndələri yaxşı
tanıyır. Gənc nəslin də
xalqı, eli-obası üçün başucalığı
gətirən belə bir soydaşımızı
tanıyıb ondan müəyyən örnək götürmələrində
fayda olduğunu düşünürük. 1947-ci ildə Kürdəmir rayon mərkəzində
dünyaya gələn Sevil Osmanova orta məktəbi bitirdikdən
sonra Atakişili kəndinə gəlin köçüb.
Ailənin maddi imkanlarının zəif
olması səbəbindən yolunu pambıq sahəsindən
salıb. 1968-ci ildə əllə
pambıq yığmağa başlayıb.
Orta məktəbdə oxuduğu illərdə maşinist
traktorçuluğu müəyyən qədər öyrəndiyi
üçün ilk mərhələdə iki qızla birlikdə
texniki peşə məktəbinə sürücü
mexaniklik kursuna yazılır. Əvvəlcə
pambıq əllə yığılır. Sonradan mexanizator qismində maşınla pambıq
yığımına başlayır.
Zamanla Sevil xanımın əmək uğurları
artmaqda davam edir. Təşəbbüskarlığı, təşkilatçılıq
qabiliyyəti, işə can yandırması onun həyat
yolunda yaşıl işıq yandırır. Onu
komsomolçu gənclər briqadasına başçı
seçirlər. Artıq 25 qıza rəhbərlik
edirdi. Briqadaya 30 hektar maşınla
yığmaq, 150 hektar isə əllə yığmaq
üçün sahə ayrılır. Həmin
sahədən 1971-ci ildə 350 ton pambıq götürür.
30 hektarlıq sahədən isə
maşınla birinci yığımda 50, ikincidə 25 ton
pambıq toplayır.
Artıq Sevil Osmanova respublikada tanınmağa
başlamışdı. Qurultayların nümayəndəsi kimi
Kürdəmiri layiqincə təmsil edirdi. Ümummilli lider onun əməyini yüksək qiymətləndirir.
1973-cü ildə “Qırmızı Əmək
Bayrağı” ordeni, 1976-cı ildə “Lenin” ordeni ilə təltif
olunur. 1980-ci ildə isə
“Əlaçı pambıqçı” döş
nişanına layiq görülür. 1978-ci
ildə isə “QAZ-24” minik avtomobili ilə
mükafatlandırılır. Fəxri fərman
və fəxri diplomlarla təltifləri davam edir. 10 il dalbadal sosializm yarışlarında qalib gələrək
döş nişanlarına təqdim edilib. Dəfələrlə
Moskvada nailiyyətlər sərgisində iştirak edib. Qəhrəmanımız müstəqillik
dövründə də diqqətdən kənar qalmır,
Prezident İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif
olunub.
Sevil
Osmanova heç zaman unutmayacağı və onun
üçün əziz olan bir xatirəni bizimlə
bölüşür: “1981-ci il idi. Ümumilli
lider Heydər Əliyev Kürdəmirə səfərə gəlmişdi.
Hamı səbirsizliklə onun qatardan
düşməsini gözləyirdi. Mən
də rayon partiya komitəsi bürosunun üzvü olduğum
üçün ön sıralarda idim. Heydər
Əliyev qatardan düşərkən ona gül təqdim
olunmalı idi. Lakin elə bil heç kim
buna cəsarət etmirdi. Hətta bu işin həvalə
olunduğu xanım da yerində donub qalmışdı. Vaxtı itirmək olmazdı. Rayonumuzun ali qonağına “xoş gəldin” etmək
lazım idi. Ona görə də gül dəstəsini
həmin xanımın əlindən alaraq qatardan düşən
kimi ulu öndərin qarşısına çıxaraq ona təqdim
etdim. Heydər Əliyev gül dəstəsini
alıb gülə-gülə mənə diqqət göstərdi,
təhsilimlə maraqlandı. Əsas tövsiyələrindən
biri isə mütləq ali təhsil
almağımla bağlı oldu”.
Sevil ali təhsil ala bilməsə də
Şamaxı kənd təsərrüfatı texnikomunun meyvə-tərəvəzçilik
fakültəsini bitirərək aqronom ixtisasına yiyələndi.
Qəhrəmanımız digər pambıq əkilən
ittifaq respublikaları ilə də sıx əlaqələr
qurub. Harada maraqlı bir yenilik görsə onu məhz
öz rayonunda, rəhbərlik etdiyi təsərrüfatda tətbiq
etməyə çalışıb. Özünün
dedikləri: “1978-ci ildə kənd təsərüfatı
naziri Hüseynbəyov və Respublika Həmkarlar
İttifaqı Komitəsinin sədri Lidiya Rəsulova ilə
birlikdə Özbəkistana səfər etdik. Digər
nümayəndələr Daşkənddə qalsa da, mən
“Bakinskiy raboçiy” qəzetinin müxbiri Gennadi Beskorovaninlə
birlikdə Səmərqəndə gedərək oradakı
yoxlama briqadasında olduq. Pambıq sahələrinə
baxarkən onların iş təcrübəsi, bol məhsulun əldə
olunmasına yönəlik yanaşmaları diqqətimi çəkdi.
Rayona gələn kimi gördüklərimlə
bağlı pambıqçılar qarşısında
çıxış etdim. Həmun il
pambıq həm maşın, həm də əl ilə
yığılmaqla ikiqat effekt verdi. Əvvəlki
illərdən fərqli olaraq artıq əkinçilikdə
peyin şirəsindən istifadə olunmağa
başlanmışdı. Bu iş çox sadədir: əvvəlcə
sahənin başında quyu vurulur, peyin gətirilib
tökülür və 10 günlərlə orada suyun içərisində
qalır və suvarma vaxtı sahəyə buraxılır. Bu da torpağın münbitləşməsi
üçün əvəzi olmayan bir vasitəyə
çevrilir. Doğrudur azot, fosfor və
sair kimyəvi tərkibli gübrələr də
lazımdır. Lakin bol məhsulun əsas
təminatçısı üzvi gübrədir və becərmədə
bu xüsusi əhəmiyyətə malikdir”.
S.Osmanova
rayon partiya komiəsinin bürosunun qərarı ilə
1983-cü ildə ən böyük və geridə qalan təsərrüfatlardan
olan, 6 min əhali və 10 min hektar torpaq sahəsindən ibarət
“Nizami” adına kolxozun idarə heyətinin sədri təyin
olunur. Kolxoz 5 kənd - Mürtülü, Təhlə,
Dəyirmanlı, Yenikənd və Qarabucaq kəndlərindən
ibarət idi. Ətalət içərisində
olan bir təsərrüfat çox keçmədən
birincilər sırasında yerini tutur. 6 il
bu təsərrüfata rəhbərlik edir.
1990-1998-ci illərdə yenidən pambıq əkini ilə
məşğul olur. 2000-ci ildə isə Respublika Pambıq
Toxumu Nəzarəti Stansiyasına aqronom təyin olunur. 2015-ci ildə idarə ləğv olunana qədər
orada çalışır.
Sevil xanım deyir ki, pambıqçılıq gəlirli
sahədir. Ondan ikiqat yapışmaq lazımdır.
İnsanlar zamanında məhz pambıqçılıqla məşğul
olmaqla övladının toyundan tutmuş, cehiz almaq, ev tikməyə kimi problemlərini həll ediblər.
Elə ailə olub ki, bir gündə 1-1,5
ton pambıq yığıb. Bu da sözsüz ki, az vəsait deyildi. Bir ongünlükdə
1300-1500 manat pul alan ailələr olub.
Sevil Osmanova inanır ki, inşallah zamanla zəhmət
çəkən insanlar yenə də pambığın bəhrəsini
görmək imkanı qazanacaq və öz rayonlarına xeyir
verə biləcəklər. Məqsədi 2017-ci
ildə sahə götürərək Ağakişili kəndi
ərazisində pambıq əkməkdir. Bunun
üçün özündə yetəcək qədər
güc hiss edir. Bununla həm yenidən sevdiyi bir
sahəyə qayıtmaq, həm də çoxlu sayda
insanın uyğun həcmdə vəsaitlə təminatına
dəstək vermək düşüncəsindədir. Artıq bu məqsədlə əkin
üçün 30 hektar torpaq sahəsinin əldə edilməsi
razılığını da alıb.
Sevil xanım işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq həm də qayğıkeş anadır. 3 oğul, bir qız övladı, 10 nəvə və 8 nəticəsi var.
Deyir ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin
Sabirabad səfərini televizorda seyr edib. Səfər çərçivəsində
ölkə başçısının ilk növbədə
avtomobildən enərək pambıq sahəsinə
düşməsi, orada Sosialist Əməyi Qəhrəmanı
Fatma Hüseynova ilə görüşməsi,
pambıqçılarla bir çay süfrəsi arxasında əyləşməsi
onu uzun illər əvvələ qaytarıb. O anda ümummilli
lider Heydər Əliyevi göz önünə gətirib. Deyir ki, ulu öndər də zəhmətkeş
insanlara qarşı bu cür davranar, qayğıkeşlik edərdi.
Bu, insanların pambığa
qayıdışı üçün çox vacib stimuldur.
Sevil xanım eyni zamanda rəssamlıq qabiliyyəti
olmaqla gözəl əl işləri hazırlayır. Buta, milli
bayrağımız və sair onlarla mövzuda olan əl
işlərinin müəllifidir. Hətta əl
işlərini Bakıdan gəlib apararaq Budapeştdə
keçirilən Azərbaycan ongünlüyündə də
nümayiş etdiriblər. Prezident
İlham Əliyevə həsr etdiyi “Ömür yolu” adlı
şeiri də var.
Sevil
Osmanova söhbətimizin yekununda indiki dövrlə
bağlı fikirlərini belə ifadə etdi: “Kənd təsərrüfatına
qarşı münasibət mütləq dəyişilməli
idi. Bu sahədən ikiəlli yapışmaq
lazımdır. Onsuz heç nə etmək
mümkün deyil. Ərzaq təhlükəsizliyimiz
torpaqdan keçir. Heydər Əliyevin tez-tez təkrar
dediyi bir kəlam var idi: torpağa düşməsin bir dən,
çörək bol olarsa basılmaz vətən. Doğrudur bu fikir taxıla aiddir. Lakin pul olmasa çörəyi nə ilə ala bilərsən?
Pambığın itmiş şöhrəti
mütləq qaytarılmalıdır. Bu həmişə
lazım olan məhsuldur. Strateji əhəmiyyəti
də boşuna deyilmir. Ondan sürtkü
yağı, vazilen, ətir alınır, çiyidindən isə
silah istehsalında istifadə olunur. Prezident
İlham Əliyevin yenidən aqrar sektorun, o cümlədən
pambıqçılığın inkişafına verdiyi təkan
düşünürəm ki, xalqımızın güzəranının
yaxşılaşmasına sanballı töhfə olacaq.
Ən böyük həqiqət budur ki, Heydər
Əliyevin sayəsində evinə ruzi, bərəkət gətirən
kəndlilər bu gün İlham Əliyevin vasitəsilə
yenidən böyük gəlir sahibinə çevrilirlər”.
Bəli,
artıq pambıq qəhrəmanları yenidən pambıq sahələrinə
qayıdırlar...
Əli SƏLİMOV,
Azərbaycan.- 2016.- 16 oktyabr.- S.9.