Möcüzəli
inkişaf
Azərbaycan
heç vaxt indiki qədər güclü, azad, abad və
müstəqil olmayıb
“Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir”.
İlham
ƏLİYEV
Müstəqilliyə
qurulan tələ
İyirmi beş il nə tez gəlib keçdi!
Amma heç də tez keçmədi, xüsusən dövlət müstəqilliyinin ilk iki ili!
O illər ki, xalq həqiqi rəhbərindən, ulu öndər Heydər Əliyevdən uzaq düşmüşdü!
O illər ki, ölkədə xaos, anarxiya, qanunsuzluq baş alıb gedirdi!
O illər ki, gündüzlər çörək növbəsində dayanar, mağazaları ələk-vələk edərək qazanda qaynatmağa nəsə tapmağa çalışar, gecələr isə küçələrdə qarət edilməkdən, fövqəladə vəziyyət rejiminin qadağalarından qorxaraq evdən bayıra çıxmazdıq...
Cəbhə bölgəsindən isə şəhid xəbərləri, ölkə ərazisinin kəndbəkənd itirilməsi barədə kədərli xəbərlər alardıq...
Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəqilliyə qurulan tələ idi.
Getsin o
günlər bir də gəlməsin!
Allahın
üzü bizdən tamam dönməyibmiş!
Xalqımızı yenidən sınanmış
oğluna, ulu öndər Heydər Əliyevə qovuşdurdu.
Ayrılıq
çox çəkmişdi, odur ki, itirilənlər də
çox idi...
Ölkə ərazisinin iyirmi faizi erməni-sovet hərbi
birləşmələri tərəfindən işğal
olunmuş, iyirmi min vətən övladı şəhidə
çevrilmiş, bir milyondan çox qaçqın və məcburi
köçkün ordusu yaranmışdı. İqtisadiyyat
pozularaq dağılmış, SSRİ dövrü əlaqələri
pozulub qırıldığından fabrik və zavodlar fəaliyyətini
dayandırmış, minlərlə insan işsiz
qalmış, kolxoz və sovxozlar iflic vəziyyətinə
salınmışdı. AXC-Müsavat
cütlüyünün iqtidarı tərəfindən müəssisələrin
anbarlarındakı mallar, təsərrüfatlardakı
mal-qara, şərab zavodlarının məhsulları
satılıb-sovrulmuş, insanların sabahkı günə
ümidi qalmamışdı.
Əslində
Azərbaycan “fatihə”si verilmiş xəstəyə bənzəyirdi!
Xilaskarlıq missiyası
“Müstəqilliyimiz əbədidir, dönməzdir,
daimidir”.
Heydər
ƏLİYEV
Ulu
öndər Heydər Əliyev sutkada on səkkiz saat işləməyi
bacaran dahilərdən idi!
Xalqın sonsuz sevgisi və dəstəyi hər zaman ona
tükənməz enerji və güc verirdi.
Eyni vaxtda bir neçə istiqamətdə gərgin fəaliyyət
göstərməyi, mümkün olmayan işləri belə
asanlıqla yoluna qoymağı bacarırdı.
Xarizmatik
şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi,
beynəlxalq nüfuzu, diplomatik məharəti sayəsində
ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət
kimi məhvolmadan xilas edərək müstəqilliyimizi əbədiliyə
və dönməzliyə çevirdi!
Böyük qurtuluş missiyasını həyata
keçirən ümummilli liderimiz Azərbaycanı anarxiya və
qanunsuzluq burulğanın, ümummilli böhranın
caynaqlarından qurtararaq vətəndaş müharibəsinin
alovlarını söndürməyə, ölkədə
möhkəm sabitlik yaratmağa nail oldu.
Hərəsi bir şəxsə və partiyaya xidmət
edən silahlı birləşmələr ləğv edildi, əhalidəki
külli miqdarda silah-sursat toplandı, xalqın sabahkı
günə etibar və inamı özünə qaytarıldı.
Xaosdan qurtuluşa
“Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir”.
Heydər
ƏLİYEV
Soyuq müharibə və sürətlə silahlanma
girdabına sürüklənən qırmızı
imperiyanın süqutu, kommunizm ideyasının iflasa
uğraması, mərkəzin Dağlıq Qarabağ
münaqişəsinin yaranmasında və həllində
riyakar mövqeyi Azərbaycan xalqında müstəqillik
arzusunu daha da gücləndirmişdi. Lakin həmin dövrdə Heydər
Əliyevin böyük siyasətdən müvəqqəti kənar
düşməsi, ölkə paytaxtındakı qaragüruhun
onu geri dönməsini əngəlləməsi,
adlarını “demokrat”, “azadlıq aşiqi” qoyan bəzi
ünsürlərin “meydan qəhrəmanları”na çevrilərək
xalqı yanlış yola salması, nəticədə 20
Yanvar faciəsinin baş verməsi vəziyyəti xeyli mürəkkəbləşdirmişdi.
18 oktyabr 1991-ci ildə respublika Ali Sovetinin sessiyasında
qəbul edilən “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi Aktı” əslində formal xarakter
daşıyırdı. Həqiqi müstəqilliyə nail olmaq
üçün hələ çox iş görmək,
dövləti və dövlətçiliyi qurmaq, iqtisadiyyatı
bərpa edib dirçəltmək, xalqı ağır vəziyyətdən
çıxararaq yaşatmaq, dünya birliyinə inteqrasiya etmək
lazım idi. “Meydan hərəkatı”nın
dalğaları üzərində hakimiyyətə gələrək
eyforiyaya qapılan AXC-Müsavat cütlüyü
özünün səriştəsizliyi və təcrübəsizliyi,
müasir dünya siyasətindən baş
çıxarmaması səbəbindən yeni dövlət
qurmağa qadir deyildi! Odur ki, “bəy”lər xalqın etimad
kreditini çox qısa müddətdə xərcləyərək
vəzifələrini dondurub iqtidardan getdilər, sonra aqressiv
müxalifətə çevrilərək dövlətə
qarşı mübarizə (iqtidara qarşı yox) mövqeyi
tutdular!
Xalqın
arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə
qayıdan ulu öndər Heydər Əliyev eyni zamanda bir
çox məsələlərlə məşğul
olmalı, çoxsaylı problemləri həll etməli oldu!
Ən mühüm addımlardan biri 20 sentyabr 1994-cü
ildə “Əsrin müqaviləsi” neft kontraktının
imzalanması oldu.
Azərbaycan dövlət müstəqilliyi qazandıqdan
sonra əvvəlki iqtidarların heç biri xalqın mənafeyini
əks etdirən neft müqaviləsi hazırlayaraq
imzalatdıra bilməmişdi. Bu missiya da ulu öndərin
üzərinə düşmüşdü. Dünyanın aparıcı dövlətlərinin
iri neft şirkətləri ilə danışıqlar
heç də hamar getmirdi və dəfələrlə
yarıda qırılmaq təhlükəsi ilə üzləşmişdi.
Danışıqların fəal iştirakçısı
olan cənab İlham Əliyev (həmin dövrdə Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti işləyirdi) ilk dəfə
diplomatik məharətini bu məsələdə göstərdi
və uğurlu neft kontraktının imzalanmasına əməli
töhfəsini verdi.
“Əsrin müqaviləsi” adi neft kontraktı deyildi və
o, ölkəmizin müstəqilliyinə böyük dayaq
oldu. Ən əvvəl, bu kontrakt dünyanın söz
sahibi olan dövlətlərinin maraqları ilə Azərbaycanın
maraqlarını uğurlu şəkildə
uzlaşdırdı. İkincisi, Azərbaycanın
dünya birliyinə inteqrasiyasını sürətləndirdi
və asanlaşdırdı. Üçüncüsü,
iqtisadiyyatın digər sahələri üçün lokomotiv
rolunu oynayaraq böhrandan çıxmağımıza kömət
etdi. Dördüncüsü, Xəzərin
karbohidrogen ehtiyatlarını dünya üçün yenidən
“kəşfinə” nail olaraq Avropaya
çıxarılmasına imkan yaratdı. Beşinci, ölkəmizin digər dövlətlərlə
bərabərhüquqlu əlaqə və əməkdaşlığının
yaranıb möhkəmlənməsini stimullaşdırdı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də
müstəqilliyin ən möhtəşəm transmilli layihələrindən
biri oldu.
Bu layihələrin
unikallığı onların işə salınması
prosesinin sürətlə başa
çatdırılmasında və qeyri-ənənəvi marşrutla
dünya bazarına çıxış niyyətinin baş
tutmasında idi!
Faktiki olaraq müstəqil Azərbaycanın ilk iri layihələri
müstəqilliyin möhkəmlənməsinə xidmət
etdi. Üstəlik iqtisadiyyatın yeni təməllər
üzərində qurulması üçün plastdarm rolunu
oynadı.
Ən mühüm məsələlərdən biri
ölkənin yeni inkişaf istiqamətinin müəyyənləşdirilməsi
idi. SSRİ-nin dağılması ilə kommunizm
ideyası da iflasa uğramışdı. Xüsusən,
20 Yanvar faciəsi və Ermənistanın sovet ordusuna güvənərək
torpaqlarımızı işğal etməsi “xilaskar
qızıl ordu”, “xalqlar dostluğu”, “proletar beynəlmiləlçiliyi”
kimi prinsiplərin puç olduğunu ortaya qoymuşdu. Bir iqtisadi-ictimai formasiyadan digərinə keçid,
habelə yeni cəmiyyət quruculuğu ilk növbədə
hüquqi əsasın və qanun bazasının
yaradılmasını tələb edirdi. Qısa
müddətdə Konstitusiya komissiyası yaradıldı, ulu
öndər Heydər Əliyevin baş müəllifi
olduğu yeni Konstitusiya hazırlandı və referendum yolu ilə
qəbul olundu. Beləliklə, Azərbaycanda hakimiyyətin
üç qolu - ali qanunverici, icra və məhkəmə
hakimiyyəti yaradıldı, yeni - hüquqi, demokratik və
dünyəvi dövlət quruculuğuna başlandı. Özəlləşdirmə proqramları uğurla
icra edildi, dövlət əmlakı özgəninkiləşdirildi,
ən ağır proseslərdən biri - torpaq islahatı
aparıldı, mətbuata senzura nəzarəti ləğv
edilərək söz, fikir azadlığı təmin edildi,
çoxpartiyalı sistem yarandı, vətəndaş cəmiyyətinin
formalaşması prosesi sürətləndirildi. Ulu öndər Heydər Əliyev yüzlərlə
jurnalistin görə bilmədiyi işi təkbaşına
yerinə yetirdi - Azərbaycan ətrafındakı informasiya
blokadası dağıdılaraq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə əsl
həqiqətlər dünya ictimaiyyətinə
çatdırıldı.
Siyasi-hüquqi sahədə görülən işlərin
nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa
Şurasına üzv qəbul edildi. Ümummilli liderimiz
dövlətlərarası münasibətlərin və əməkdaşlığın
milli maraqlar, qarşılıqlı hörmət və
bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında
yaradılmasına və inkişafına xüsusi diqqət
yetirirdi.
Ordu quruculuğu prosesi də daim qayğı əhatəsində
idi. Gənclər siyasətinin təməli qoyuldu,
idmanın inkişafının ilkin əsasları
yaradıldı.
Digər mühüm bir məsələ müstəqil
dövlətimiz üçün birləşdirici amilə
çevrilən azərbaycançılıq ideyasının
ulu öndər tərəfindən yeni şəraitə
uyğunlaşdırılaraq ideologiyaya çevrilməsi oldu. Ana dilimizin,
milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin,
elmin və təhsilin inkişafı yönündə səmərəli
tədbirlər müəyyənləşdirildi.
Azərbaycanı
bir dövlət kimi məhvolmadan xilas edərək müstəqilliyimizi
əbədiliyə çevirən, müasir Azərbaycan
dövlətinin memarı və qurucusu adını alan ulu
öndər Heydər Əliyev özünün ən layiqli
siyasi varisini yetişdirərək bizi cismən tərk etsə
də, xalqın ona sonsuz hörmət və məhəbbət
əlaməti olaraq sevə-sevə “Heydər Əliyev siyasi
kursu” adlandırdığı inkişaf konsepsiyası bu
gün də uğurla davam etdirilərək bizi yeni hədəflərə
çatdırır.
Yeni dövrün yeni lideri
“Bu gün Azərbaycan müstəqilliyinin bərpasının
25 illiyini nikbinlik əhvali-ruhiyyəsində
qarşılayır. Çünki biz dünyaya sübut etdik
ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik,
uğurla yaşaya bilərik. Azərbaycan
ölkəmizdə yaşayan bütün xalqların doğma
vətənidir. Azərbaycan möhkəm
ayaqda durur. Biz müasir, dünyəvi,
inkişaf edən, əməkdaşlığa açıq
olan ölkəyik!”
İlham
ƏLİYEV
Ulu
öndər Heydər Əliyevin vəsiyyətlərinə
sadiq qalan Azərbaycan xalqı yeni neft strategiyasının
uğurla həyata keçirilməsində, ölkədə
idmanın yüksəlişində, habelə Avropa
Şurası kimi nəhəng siyasət meydanında gərgin
işi və səmərəli fəaliyyəti ilə
qısa müddətdə dərin iz qoyan cənab İlham
Əliyevi 2003-cü ildə dövlət
başçısı seçdi.
Xalqın
etimadı bu gün də davam edir! Ötən
ay ABŞ və Fransanın sorğu mərkəzlərinin
birlikdə apardıqları araşdırmaya görə
ölkə vətəndaşlarının 91 faizi İlham
Əliyevi birmənalı şəkildə dəstəkləyir.
Bu sevgini dövlət başçısı
Prezident seçildiyi ilk gündən indiyədək
gördüyü işlər, xarici və daxili siyasət sahəsində
qazandığı nailiyyətlər, inkişaf və
quruculuq, əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması yönündə
atdığı addımlar hesabına qazanmışdır.
İlk sınaq özünü çox gözlətmədi. 2003-cü ilin 15-16
oktyabrında aqressiv müxalifət “5-ci kolon”un
üzvləri ilə birləşərək antiazərbaycançı
şəbəkənin tapşırığının
icrasına başladı. Bakının
küçələri zorakılıq meydanına,
ixtişaşlar məskəninə çevrildi. Dinc əhali zorla avtobuslardan
düşürülür, “etirazçılar”a
qoşulmağa vadar edilir, polisə müqavimət göstərilir,
hətta ona məxsus texnika hücuma məruz qalırdı,
dövlət və fərdi obyektlər
dağıdılırdı.
Vəziyyətin
ciddiliyini görən iqtidar sərt və qətiyyətli
addımlar atdı! Azərbaycan polisinin səriştəli əməliyyat
tədbirləri nəticəsində ixtişaşların,
habelə qanuni dövlət hakimiyyətini zorla ələ
keçirmək, sabitliyi pozmaq cəhdinin qarşısı
alındı!
Bundan
sonra bir daha radikal ünsürlər sabitliyi pozmağa,
açıq şəkildə dövlətə qarşı
zorakılıq əməlləri törətməyə cəsarət
etmədilər!
Möhkəm
təməllər üzərində qurulan müasir Azərbaycan
dövlətinin və müstəqilliyin yaratdığı
imkanlardan bacarıqla və yaradıcılıqla istifadə
edən cənab İlham Əliyev özünün bəyan
etdiyi “Azərbaycan xalqı xoşbəxt yaşamağa
layiqdir və xoşbəxt yaşayacaqdır” tezisinə sadiq
qalaraq dövlət gəmisinin sükanı arxasında
olduğu illərdə Azərbaycanı möcüzəli
inkişaf yoluna çıxardı, onun analoqsuz yüksəlişini
təmin etdi!
Regionun ən güclü və
müasir dövləti
“Bu gün Azərbaycan dünya miqyasında çox
böyük hörmətə malik olan bir ölkədir. Bizimlə
hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional
müstəvidə, dünya miqyasında böyük önəm
daşıyır”.
İlham
ƏLİYEV
Qırmızı
imperiyanın caynağından yenicə qurtaran, müstəqillik
yolundan döndərilmək üçün süni
“Dağlıq Qarabağ problemi” yaradılaraq uzun sürən
dağıdıcı müharibəyə cəlb edilən,
iqtisadiyyatı pozulan, informasiya blokadasına salınaraq “məzlum
ermənilərə zülm edən dövlət” imici
yaradılan Azərbaycanın problemləri çox idi. Cənab
İlham Əliyev hər çətinliyə üstün gələrək
bütün sahələrin paralel və əlaqəli
inkişafını təmin etmək, müasir ölkəmizin
yeni və həqiqi imicini yaratmaq yolunda yorulmadan, çoxcəhətli
və gərgin fəaliyyət göstərdi, hədəf
etdiyi bütün vəzifələri məharətlə yerinə
yetirdi!
İqtisadi sahədə
Bu sahədə müstəqil Azərbaycanın
qazandığı uğurlar o qədər möhtəşəm
və zəngindir ki, yazmaqla qurtarmaz. Odur ki, yalnız qısa şəkildə
görülmüş işləri sadalamaqla kifayətlənirik:
* Özəlləşdirmə
uğurla başa çatdırılıb;
*
İnsanların xüsusi mülkiyyət hüququ bərpa və
təmin olunub;
*
Sahibkarlar təbəqəsi yaranıb və dövlətin
qayğısı ilə əhatə olunub;
*
İqtisadiyyatın düşünülmüş, sürətli
və davamlı inkişaf konsepsiyası əsasında
dünya tərəfindən qəbul edilən
“İnkişafın Azərbaycan modeli” formalaşıb və
praktikada özünü doğruldub;
*
İqtisadi sahədə keçid dövrünü başa
vuran Azərbaycan dünyanın inkişaf etmiş ölkələri
cərgəsinə qoşulmaq üçün mübarizəyə
başlayıb;
*
Dünya ölkələrinə fayda gətirəcək
transmilli layihələrin maliyyələşdirilməsini və
reallaşdırılmasını öz gücümüzlə
təmin edirik;
* Davos
Ümumdünya İqtisadi Forumunun nəticələrinə əsasən
rəqabətədavamlılıq qabiliyyətinə görə
37-ci pilləyə yüksəlmişik;
* Son on
ildə ÜDM istehsalı 3 dəfə artıb;
*
İşsizlik 5 faizə enib;
* Yoxsulluq
5 faizədək azalıb;
*
Dünyanı bürüyən maliyyə və iqtisadi
böhranın nəticələrindən ölkə
iqtisadiyyatının daha yaxşı qorunduğu və
davamlı olduğu aydın görünür;
*
Ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası
inşa olunmuş, ölkəmizin ümumi enerji potensialı
6300 meqavata çatdırılmışdır;
* On min
kilometrdən çox təzə yol çəkilmişdir;
* 340
körpü və tunel istifadəyə verilmişdir;
* Bölgələrdə
4-ü beynəlxalq səviyyəli olmaqla 6 aeroport inşa
edilmişdir;
* Heydər
Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası
tikilmiş, yeni Bakı Beynəlxalq Ticarət Limanı və
gəmiqayırma zavodu istismara buraxılmışdır;
* Bir
sıra transmilli layihələr - Bakı-Tbilisi-Ceyhan əsas
neft ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri
istifadəyə verilmişdir;
*
Bakı-Tbilisi-Qars dəmir yolu xətti növbəti ildə
işə salınacaqdır;
* Bir
neçə transmilli layihənin - TANAP, TAP və “Cənub qaz
dəhlizi” layihəsinin reallaşdırılmasına
başlanılmışdır;
* Azərbaycan
dünya kosmos ailəsinin üzvünə
çevrilmişdir.
Siyasi sahədə
Sələfimiz sayılan Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 23 ay yaşadı. Şimaldan gələn
qırmızı taun onu məhv etdi, sonrakı dövrlərdə
ziyalılarımız repressiyaya uğradılaraq fiziki cəhətdən
sıradan çıxarıldılar. Hətta
sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin rəsmi orqanı sayılan “Azərbaycan” qəzetini
oxumaq belə qadağan edildi, onun bütün nömrələri
arxivlərin qaranlıq küncündə gizlədildi.
Bu gün isə fəxrlə müstəqil dövlətimizin
25 yaşını qeyd edirik. 25 il bundan əvvəl
hər şeyə təzədən başlamışdıq.
İndi isə güclü və
oturuşmuş dövlətimiz var. Bu həm də siyasi sahədə
görülən işlərin bəhrəsidir. Onlar
hansılardır:
* Ölkədə
hüquqi, iqtisadi, siyasi islahatlar həyata keçirilib;
* Avropa
Şurasına üzv qəbul olunmuşuq;
* 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının üzvü seçilmiş, hətta ona
uğurla sədrlik də etmişik;
* Ölkədə
vətəndaş cəmiyyəti təsisatları
formalaşdırılmışdır;
* Mətbuata
senzura nəzarəti ləğv edilib, azad və müstəqil
mətbuat meydana gəlib;
* Dövlət
müstəqil mətbuata sistemli maliyyə yardımı
göstərmək üçün KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıb;
*
Artıq ölkə üzrə internet istifadəçilərinin
sayı 75 faizi keçib;
* Azərbaycan
Cənubi Qafqazın ən güclü, modern və sabit
ölkəsinə çevrilib, regionda söz sahibi olub!
Demokratik inkişaf sahəsində
Demokratik cəmiyyət quruculuğu Azərbaycan
xalqının könüllü və şüurlu
seçimidir.
Buna bizi heç kəs məcbur etməyib!
Demokratik
təsisatların bərqərar olunması, vətəndaş
cəmiyyətin yaranması sahəsində də daim
ardıcıl və məqsədyönlü iş
aparılıb. Nəticə göz qabağındadır:
* Ölkəmiz
bütün beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq
edir, demokratiya sahəsindəki tövsiyələri nəzərə
alır;
*
İnsan hüquqlarının qorunmasını, mətbuat və
söz azadlığının inkişafını daim diqqət
mərkəzində saxlayır;
* Dövlət
idarəçiliyində çoxpartiyalı sistemə, fikir
plüralizminə daim yer verilir;
* Azərbaycanda
beynəlxalq tələblərə cavab verən seçki
qanunları əsasında Seçki Məcəlləsi
yaradılıb;
* Üzvləri
paritet əsaslarla formalaşdırılan Mərkəzi
Seçki Komissiyası təşkil edilib;
* Ölkədə
4 dəfə bələdiyyə, 5 dəfə parlament, 6 dəfə
prezident seçkiləri keçirilib, bu seçkilərin hər
biri demokratiyanın inkişafı, azad və ədalətli,
şəffaf seçkilərin keçirilməsi
üçün yaradılan strukturun daha da təkmilləşməsinə
xidmət edərək irəliyə doğru atılan müsbət
addım sayılıb;
* Azərbaycan
vətəndaşlarında seçki mədəniyyəti
formalaşdırılıb.
Dövlətlərarası münasibətlərin
inkişafı sahəsində
SSRİ-nin
tərkibində olduğu müddətdə Azərbaycan on beş müttəfiq respublikadan biri
sayılırdı. Onun nə müstəqil
xarici siyasət yürütmək, nə də başqa
dövlətlərlə sərbəst əlaqələr
qurmaq (nə siyasi, nə də iqtisadi) hüququ var idi. Bunu yalnız SSRİ rəhbərliyi və
özünün bildiyi kimi həll edirdi.
Müstəqillik qazandıqdan sonra dövlətlərarası
əlaqələrin yaradılması, müstəqil xarici
siyasət müəyyənləşdirilməsi və
mövcud münasibətlərin nizamlanması tamamilə yeni
sahə idi.
Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham
Əliyev bu çətin və mürəkkəb vəzifənin
də öhdəsindən məharətlə gəlir:
* Azərbaycan
dünyanın bütün dövlətləri ilə
qarşılıqlı maraqlara əsaslanan əlaqə və
münasibətlər qurur;
*
Yaxın qonşuları ilə (Ermənistan istisna olmaqla)
mehriban və xoş əlaqələrin yaranmasına
üstünlük verir;
* Dövlətlərarası
münasibətlərdə heç kəsin daxili işlərinə
qarışmır, başqalarının da öz daxili işlərinə
qarışmasına imkan vermir;
* İkitərəfli
və çoxcəhətli münasibətlərin
qurulmasına, dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafına çalışır;
* Beynəlxalq norma və prinsiplərə, imzalanan müqavilə, saziş
və konvensiyalara dəqiqliklə əməl edir;
* Hər
cür mübahisəli məsələlərin
danışıqlar masası arxasında, sülh və
qarşılıqlı anlaşma əsasında həllinə
can atır;
* Daim
öz xalqının inam və etimadına güvənir, dəstəyinə
arxalanır.
Mədəni-mənəvi inkişaf
sahəsində
Azərbaycan
xalqı və dövləti ulu öndər Heydər
Əliyevin daha bir tövsiyəsinə daim əməl edir: Biz
üzümüzü Qərbə tutsaq da, şərqli
olduğumuzu heç zaman unutmamalıyıq! Qitələrin
və mədəniyyətlərin qovşağında yerləşən
Azərbaycan daim özünün milli-mənəvi dəyərlərə
sadiqliyi, tolerantlığı ilə seçilir. Təsadüfi deyil ki, bu gün bütün dünya
xalqımızın multikultural modelini bir nümunə kimi
öyrənir, ondan bəhrələnməyə
çalışır. Eyni zamanda, biz
yalnız Avropadan öyrənmirik, həm də öz qədim
və zəngin mədəniyyətimizlə Avropa mədəniyyətini
zənginləşdirməyə çalışırıq.
Müstəqillik
dövründə mədəni-mənəvi nailiyyətlərimiz
çox olub:
* Azərbaycan
bütün dinlərə və mədəniyyətlərə
eyni gözlə baxır, bərabər münasibət bəsləyir;
*
Dünyanın ən qədim məscidlərindən biri -
743-cü ildə tikilmiş Şamaxı məscidi bərpa
edilərək bu gün də fəaliyyət göstərir;
*
Qafqazın ən qədim kilsələrindən biri - Şəkidəki
Qafqaz Alban kilsəsi tarixi abidə kimi yaşayır;
*
Bakının yaxınlığında qədim zərdüştlük,
atəşpərəstlik məbədi bu gün də
qorunaraq saxlanır;
* Ölkə
paytaxtında sinaqoq, katolik və provaslav kilsələri fəaliyyət
göstərir;
* Qərb
mədəniyyətinin məhsulu olan “Eurovision” müsabiqəsində
qalib gələrək bir dəfə bu yarışmanın
Bakıda yüksək səviyyədə keçirilməsini
təmin etmişik;
* Olimpiya,
dünya, Avropa və beynəlxalq yarışlarda azərbaycanlı
gənclərin qazandıqları çoxsaylı qələbələr
artıq bizi həm də dünyanın idman dövlətlərindən
biri kimi tanıtmaqdadır;
* Bəşəriyyət
üçün qorxunc təhlükəyə çevrilən
terrorizmə qarşı mübarizədə daim fəal, qətiyyətli
və birmənalı mövqe nümayiş etdiririk;
* Novruz
bayramı, Azərbaycan muğamı, saz sənəti, tar
ifaçılığı UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına salınmışdır.
Dünyaya inteqrasiya sahəsində
“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri
yaradan, Avropanın enerji təchizatında etibarlı tərəfdaş
sayılan, təşəbbüsçüsü və
icraçısı olduğu beynəlxalq transmilli layihələrlə
dünya dövlətlərinə fayda gətirən, əməkdaşlığın
yeni formatlarına həyat vəsiqəsi verən Azərbaycan
artıq dünyanın tanınan dövlətlərindən
biridir. Əgər
ulu öndər Heydər Əliyev informasiya blokadasını
yararaq dünyaya yol açdısa, cənab İlham Əliyev
bu yolu genişləndirməklə ən işlək magistrala
çevirdi:
*
İqtisadi sferada “açıq qapı” siyasəti
yürüdən Azərbaycan siyasi sahədə də hər
bir əməkdaşlığa və əlaqəyə
açıqdır;
* BMT-nin,
Avropa Şurasının, Avropa İttifaqının, İslam
Əməkdaşlıq Təşkilatının, İqtisadi
Əməkdaşlıq Təşkilatının, Davos
İqtisadi Forumunun və digərlərinin tribunasından
öz mənafeyinə bacarıqla istifadə edir, həmin təşkilatlarda
maraqlarını qoruyur;
* Ölkəmiz
dünyaya inteqrasiyanın yeni formasından - beynəlxalq tədbirlərin
yeni formatda keçirilməsi üsulundan da bacarıqla bəhrələnir;
Məsələn,
Azərbaycan sistemli şəkildə:
* Bakı
Beynəlxalq Humanitar Forumu;
* Mədəniyyətlərarası
Dialoq Forumu;
*
Dünya dinləri liderlərinin Zirvə
görüşü;
* BMT-nin
Sivilizasiyalararası Alyansının Qlobal Forumunu, habelə digər
mötəbər tədbirlərin təşkilatçısı
qismində çıxış edir.
Adətən
bu cür məclislərə dünyanın keçmiş və
hazırkı prezidentləri, baş nazirləri,
tanınmış liderləri və siyasətçiləri,
Nobel mükafatı laureatları, müxtəlif sahələrin
nüfuzlu xadimləri gəlir, dünyanı
düşündürən problemlər,
çağırışlar barədə fikir mübadiləsi
aparır, maraqlı və ağıllı təkliflər irəli
sürürlər.
Dövlət
başçısı cənab İlham Əliyev isə
dünyada keçirilən mötəbər tədbirlərin
daim ən hörmətli qonaqlarından olur, bəşəriyyəti
narahat edən məsələlər barədə
çıxış edərək açıq mövqe
bildirir, Azərbaycanı layiqincə təmsil edərək
daha yaxından tanınmasına yeni töhfələr verir!
İdman sahəsində
Azərbaycan özünütəqdimin və
özünüifadənin idman üsulundan məharətlə
istifadə edir. Müstəqilliyin ilk illərində
dünya və Avropa birinciliklərinə, beynəlxalq
yarışlara idmançı göndərməyə vəsait
tapmayan Azərbaycan indi həm də idman dövləti, beynəlxalq
yarışların mahir təşkilatçısı kimi
tanınır. Bu, Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyevin xalqımız qarşısında ən
böyük xidmətlərindən biridir:
* Prezident
İlham Əliyev Azərbaycan idmanında yeni mərhələnin
banisidir;
* Prezident
İlham Əliyev idmanı dövlət siyasəti səviyyəsinə
qaldıran liderdir;
* Prezident
İlham Əliyev idmanın inkişafının Azərbaycan
modelinin yaradıcısıdır;
* Prezident
İlham Əliyev Azərbaycanda yeni idmançılar nəslini
və məşqçilər korpusunu yetişdirən
müasir düşüncəli idman xadimidir;
* Prezident
İlham Əliyev Azərbaycan idmanını və
idmançılarını dünya miqyasına
çıxaran və tanıtdıran rəhbərdir;
* Prezident
İlham Əliyev beynəlxalq yarışların təşəbbüsçüsü
və təşkilatçısıdır;
* Prezident
İlham Əliyev I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsinin təminatçısıdır.
Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya
Oyunlarında 18 medal qazandı. Paralimpiyaçılarımız
bu estafeti uğurla davam etdirərək medalların
sayını 29-a çatdırdılar. Təkcə bu
il Bakıda ilk dəfə olaraq dünyada 500 milyon insanın
maraqla izlədiyi “Formula-1” avtomobil yarışı, habelə
Ümumdünya Şahmat Olimpiadası keçirildi. Növbəti ildə isə IV İslam Həmrəylik
Oyunları baş tutacaqdır.
Bəli,
müstəqil Azərbaycan yeganə dövlətdir ki, burada həm
Avropa Oyunları keçirilir, həm də İslam Həmrəylik
Oyunları!
Qarabağ münaqişəsinin həlli
sahəsində
Müstəqillik dövründə Azərbaycanın həll
edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemidir. Məsələnin həlli
təkcə Azərbaycandan asılı olsaydı, yəqin ki,
onu çox qısa müddətdə, özü də
uğurla həll edərdik. Təəssüf
ki, BMT öz nüfuzunun qayğısına
qalmadığından Təhlükəsizlik
Şurasının dörd məlum qətnaməsini icra etmir,
ATƏT-in Minsk qrupu isə dişsiz fəaliyyət göstərir.
Həmsədr dövlətlər isə ermənilərin
şıltaqlıqlarına dözürlər.
Münaqişə həllini tapmasa da, məsələ
ilə bağlı bir sıra problemlər
çözülmüşdür. Belə ki, indiyədək
qaçqın və məcburi köçkünlərin
sosial-məişət və mənzil problemlərinin həlli
məqsədilə bu sahəyə müxtəlif mənbələrdən
6 milyard manata yaxın vəsait xərclənmiş, ilk dəfə
Dövlət Neft Fondunda qaçqın şəhərciklərinin
salınmasına pul ayrılmışdır. Bugünədək
94 müasir tipli yaşayış kompleksi və
qaçqın şəhərciyi salınmış, 240 min nəfərə
yaxın qaçqın və məcburi köçkün mənzil
şəraitini yaxşılaşdırmışdır.
Ötən dövrdə bu qəbildən olan insanların
aylıq yaşayış xərcləri 3,6
dəfə, kommunal xidmətlərə görə ödənilən
müavinətlər isə 4,5 dəfə
artırılmışdır. Hazırda məcburi
köçkünlərə aylıq çörəkpulu
verilir, onlar mənzil kirayəsindən, işıq, su, qaz
pulundan azad olunmuşlar. Övladları dövlət ali məktəblərində oxuyarkən təhsil
haqqından azad edilmişlər.
Ən mühüm məsələlərdən biri
müasir və modern ordunun yaradılmasıdır.
“Azərbaycan bir qarış torpağını belə
kimsəyə güzəştə getməyəcəkdir”.
“Azərbaycan öz ərazisində ikinci erməni
dövlətinin yaranmasına yol verməyəcəkdir”.
“Sülh yolu baş tutmasa, Azərbaycan digər vasitələrlə
öz torpaqlarını işğaldan azad edəcəkdir”.
Cənab
İlham Əliyev həmişə sözünün sahibi
olub, dediyini edib!
Aprel
müharibəsi də bunu bir daha təsdiq etdi!
Dördgünlük
müharibədə nəinki Ermənistanın hərbi siyasi
rəhbərliyi, erməni ordusu, erməni əhalisi, hətta
Ermənistanın havadarları da əmin oldular ki, Azərbaycan
Ordusu, Ali Baş Komandanı və Azərbaycan xalqı öz
torpaqlarından düşməni az vaxtda qovmağa qadirdir!
Hələlik
gözləyir, sülhə ümid edir...
Həm də
münaqişə ərzində ilk dəfə olaraq iki min
hektar torpağı azad edərək, bir o qədər sahəyə
də nəzarəti bərpa edib!
Eyni
zamanda, dayanmadan ordusunu gücləndirir!
Müstəqillik dövrünün
“abidələri”
“Abidə” sözünü təsadüfən
dırnağa almamışıq.
Abidə təkcə kiminsə xatirəsinin əbədiləşdirilməsi
üçün ucaldılan heykəllərə deyilmir.
Bəzən elə möhtəşəm binalar və
qurğular tikilir ki, xalqın tarixində əbədi abidəyə
çevrilir.
Əslində
müstəqilliyin son on üç ilində Azərbaycan
özü bir abidəyə çevrilib: ölkə
paytaxtından başlamış bütün regionlara qədər!
*
Heç zaman Azərbaycanda bu qədər və belə
sürətli tikinti işləri getməyib!
*
Heç zaman Azərbaycanda bu qədər yol çəkilərək
körpü, yolayrıcıları salınmayıb!
*
Heç zaman Azərbaycanda bu qədər abadlıq, quruculuq və
yenilənmə işləri görülməyib!
*
Heç zaman Azərbaycan indiki qədər gözəl,
müasir və təravətli olmayıb!
Çox
qısa müddətdə inşa edilən və ölkəmizin
fəxrinə çevrilən bir neçə obyekti
xatırlayaq:
* Heydər
Əliyev Mərkəzi;
* Ginnesin
rekordlar kitabına düşən Dövlət Bayrağı
Meydanı;
*
“Üç alov qülləsi” binası;
*
“Büllur saray”;
* Dənizkənarı
bulvar;
* Heydər
məscidi;
* Milli
Olimpiya Stadionu;
* Heydər
Əliyev Fondunun binası;
* Milli
Gimnastika Arenası;
* Hotellər
şəbəkəsi;
*
Regionlardakı qırxdan çox olimpiya idman kompleksi;
* XX və
XXI əsrin möcüzələri sayılan “Əsrin
müqaviləsi” və “Cənub axını” boru kəmərləri;
*
Taxtakörpü, Şəmkirçay və Tovuzçay su
anbarları və s.
Siyahını daha da uzatmaq olar. Amma bunlar o qədər çox,
müxtəlif və rəngarəngdir ki, insan valeh olmaya
bilmir!
Həm də
artıq Azərbaycanda bu cür “abidə”lərin
inşası bizim üçün adiləşib!
Uğurlar və vəzifələr
Uğurlar
da saymaqla qurtaran deyil!
Sanki bu
işlər 25 ildə yox, 250 ildə görülüb!
Odur ki, qısa olsun deyə yenə sadalamaqla kifayətlənirik.
Beləliklə,
müstəqillik illərində nail olduqlarımız:
* Dövlətimizin
təhlükəsizliyi tam təmin edilib;
* Ölkədə
möhkəm və dönməz sabitlik yaradılıb;
* Azərbaycan
xalqı sülh və əmin-amanlıq şəraitində
yaşayır;
* Azərbaycanın
beynəlxalq nüfuzu get-gedə artır, hörməti
çoxalır;
* Ordu
quruculuğu inamla gedir, ən müasir və ən yeni
texnologiyaya əsaslanan silahlar alınır;
*
Bütün sosial layihələr uğurla icra olunur;
* Son 13 il ərzində 3 mindən çox məktəb,
600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir
edilib;
* Azərbaycan
nəqliyyat təhlükəsizliyini təmin edib;
* Azərbaycan
enerji təhlükəsizliyinin təmin edilməsində lider
dövlətdir;
* Enerji
siyasətimiz təkcə ölkəmiz üçün deyil,
bütövlükdə regionumuz, dünya üçün
böyük əhəmiyyət daşıyır;
* Biz nəhəng
sənaye layihələri icra edirik, iki qitə arasında, iki
sivilizasiyanın qovşağında canlı
körpüyük;
* Heç kim bizimlə diktə dilində danışa bilmir!
* Hamı
ilə bərabərhüquqlu və qarşılıqlı
maraqlara əsaslanan əməkdaşlıq qururuq!
*
Heç kimdən asılı deyilik, heç kimdən borc istəmirik
və almırıq!
* Öz
taleyimizi özümüz həll edirik!
*
Bütün siyasətimizdə dövləti və milli
maraqları əsas tuturuq!
* Biz
bilirik ki, nə istəyirik və ona necə nail
olacağıq!
* Hədəflər
dəqiq, perspektivlər aydın, istəyə çatmaq vasitələri
bəllidir!
* Bizi bu
istəyə və hədəflərə çatdıran isə
xalqın sevdiyi və dəstəklədiyi cənab İlham
Əliyevdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2016.- 18 oktyabr.- S. 1,
5.