“Jewish
Journal” Azərbaycanın müstəqillik
illərində qazandığı nailiyyətlər barədə
məqalə dərc edib
ABŞ-ın “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müstəqillik günün mübarək, Azərbaycan!” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, dövlətçiliyini möhkəmləndirməsindən, iqtisadiyyatının və geniş əhatəli çoxmədəni, çoxkonfessiyalı cəmiyyətinin inkişafından danışılır.
Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkə qeyri-sabitlikdən, dağıdılmış büdcə və infrastrukturdan xilas olub ki, bu, Azərbaycanın regionun ən böyük iqtisadiyyata malik sabit dövlətinə çevrilməsi ilə nəticələnib. Heydər Əliyevin uğurlarının əsas amilləri sahibkarlıq imkanlarının genişləndirilməsi, Azərbaycanın uzunmüddətli enerji strategiyasının müəyyən edilməsi və reallaşdırılması, ticarətin inkişafı, multikulturalizmin təşviqi, region ölkələri, həmçinin Avropa, ABŞ və İsrail ilə sıx münasibətlərin qurulması olub.
M.Yevdayev yazır ki, bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev dövlətin sabitliyinin möhkəmləndirilməsi və ölkənin iqtisadi yüksəlişi üçün böyük qüvvə sərf edib. Bunu Azərbaycanda yoxsulluq səviyyəsinin 2001-ci ildə 50 faizdən 2016-cı ildə 5 faizə enməsi təsdiqləyir. Bütün bunlar isə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionuna təcavüzün davam etməsi, habelə Ermənistanın azərbaycanlılara qarşı apardığı amansız etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün ordusunun yaranması şəraitində baş verib.
Müəllif müstəqillik illərində
ölkənin qazandığı nailiyyətlərdən bəhs
edərək oxucunun diqqətini, həmçinin
Azərbaycanın tolerantlıq və multikulturalizm
ənənələrinə yönəldir. Bu
dəyərlər xalqın iradəsində və ədalət
tərəfdarı olmasında, on minlərlə
yəhudinin nasistlərin təqibindən qaçaraq
Azərbaycanda sığınacaq tapmasında özünü
göstərir. Azərbaycan, həmçinin ABŞ-da
baş verən 11 sentyabr
terror hücumlarından sonra
terrorizmə qarşı mübarizədə Birləşmiş
Ştatlara və digər ölkələrə
hərbi və logistik dəstək
göstərən ilk dövlətlərdən
biri olub. M.Yevdayev onu da qeyd edir
ki, bu dəyərlər
1918-1920-ci illər Azərbaycan Xalq
Cümhuriyyətinin dövlətçilik ənənələrinə
əsaslanır.
AZƏRTAC
Azərbaycan.- 2016.- 18 oktyabr.- S. 13.
Yusif
Babanlı
AZƏRTAC-ın
xüsusi müxbiri
Vaşinqton