İstiqlalın
yeni manifesti
İlham
Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyinin
artıq tam gerçəkləşdiyini və
inkişafın müasir hədəflərini bəyan etdi
Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda Prezident İlham Əliyevin söylədiyi nitq olduqca əhəmiyyətli idi. Çıxışda həm keçilən yolun bütün sahələri əhatə edildi, həm də qarşıdakı mərhələnin əsas prioritetləri elan olundu. Müstəqillik illərini tarixi cəhətdən 3 dövrə ayıran Prezidentin mülahizələrinin məntiqi nəticəsi isə artıq istiqlal salnaməmizin dördüncü mərhələsinin - Azərbaycanın dünya miqyaslı qüdrətli, nüfuzlu və inkişaf etmiş dövlətə çevrilmə prosesinin başlanmasını göstərir.
Müstəqillik “marafon”unda sondan
üçüncü...
Prezidentin çıxışının müxtəlif
aspektlərdən təhili vacibdir və bu nitq şübhəsiz
ki, gündəmin əsas mövzusu kimi uzun müddət
ictimaiyyət arasında, həmçinin nəzəri müddəalarına
görə elmi dairələrdə geniş müzakirə
ediləcək. Bir məqamı da xüsusi
vurğulamalıyıq ki, İlham Əliyevin o qədər də
uzaq olmayan tarixə və birbaşa iştirakçısı
olduğumuz faktlara münasibəti obyektiv, ədalətli, səhih
və rasional idi. Prezidentin “Biz tarixi bilməliyik,
yaddan çıxarmamalıyıq” tezisi müstəqilliyimizin
çətin və şərəfli yolunun tam öyrənilməsi
üçün bizləri təftişçilikdən uzaq,
amma doğru yanaşmaya səsləyir.
Məsələn,
açıq demək lazımdır ki, həm cümhuriyyət,
həm də 73 il sonra respublika elan olunma ərəfəsində
xalqımız hürriyyət yolunda nə qədər fəal
mübarizə aparsa da, müstəqilliyi məhz Qafqaz Seyminin
və SSRİ-nin ləğvi nəticəsində əldə
etmişik. Yəni, tərkib hissəsi
olduğumuz rus və sovet imperiyalarının faktiki
dağılması nəticəsində müstəqilliyi
“qazanmışıq”. Gürcüstandan iki
gün, Ermənistandan isə saatlar sonra yad ölkənin
paytaxtında - Tiflisdə elan edilən istiqlalımız əsrin
sonlarında da bizə çox geç yetişdi. 1991-ci ildə Azərbaycan SSRİ-nin 15 ölkəsi
arasında dövlət müstəqillyini elan edən
13-cü ölkə oldu.
Biz heç ilk onluqda da deyildik. İlk üçlükdə
olmağı haqq etdiyimizə baxmayaraq, sondan
üçüncü idik!
Acı gerçəklikdir. Amma tarixi faktdır.
Bunu sadəcə bir dəfə yazıb, sonra
unutmaq da olar. Amma unutmamalı bir məqam var: həmin
dövrdə xalqın azadlıq mücadiləsinin boğulmasında,
20 Yanvar şəhidlərinin qanının
batırılmasında, istiqlal ideyalarını yayanların
susdurulmasında, bir sözlə, Azərbaycanın müstəqillikdən
uzaq salınmasında yeganə günahkar ölkə rəhbərliyi
və əsas müxalifət cinahı idi!
Həmin
dövrdə ölkədə iki qrup qarşı-qarşıya
dayanmışdı: A.Mütəllibovun timsalında müstəqilliyə
qənim kəsilən rəhbərlik - imperiyanın rəsmi
buyruqçuları və AXC-nin ətrafında birləşən
psevdoistiqlalçılar, macəraçılar, səriştəsizlər...
Müstəqillik ideyaları mahiyyətcə
bir-birindən fərqlənməyən bu iki tərəfin
hakimiyyət qovğaları fonunda real nəticəyə
çatmırdı. Xalqın azadlıq
mübarizəsi məhz bu iki qrupun ambisiyalarına qurban
gedirdi.
Amma Azərbaycanda Heydər Əliyevin şəxsində
müstəqilliyin əsl fədakarları vardı ki, onlar
dünyada və ittifaqda baş verən prosesləri
düzgün müəyyənləşdirir, istiqlaliyyətin
dərhal elan olunmasını bəyan edir, müstəqil
dövlətçiliyə gedilən yolun konkret və əsaslandırılmış
formatını göstərir, aydın hədəfləri
açıqlayırdılar.
1988-ci ildən etibarən Azərbaycan ictimaiyyətinə
müstəqilliklə bağlı təqdim olunan
anlaşılmaz, müəmmalı, əsassız, zərərli,
təhlükəli variantlardan fərqli olaraq, Heydər
Əliyev ən uğurlu modeli irəli sürürdü. 1990-cı ilin 22
yanvarından etibarən aktiv ictimai həyata qayıdan, 1991-ci
ildən isə artıq siyasi fəaliyyətə başlayan
Heydər Əliyev həmin dövrdə Dağlıq
Qarabağ probleminin həlli kontekstində müstəqilliyin dərhal
elan olunmasını israrla tələb edir, bunun yolunu konkret təkliflərlə
göstərirdi.
İlham Əliyevin rəsmi qəbulda səsləndirdiyi
“ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət
müstəqilliyinin təşəbbüskarıdır, onun
banisidir” fikrinin isbata ehtiyacı olmasa da, bir neçə
mühüm faktı təqdim edək. 1991-ci ilin əvvəllərindən
oktyabra qədərki dövrdə A.Mütəllibov hakimiyyəti
ciddi-cəhdlə sovet quruluşunu saxlamağa
çalışır, “Yeniləşən ittifaq”
avantürasını gündəmə gətirir, hətta bədnam
“QKÇP” çevrilişçilərinə dəstək
verirdi. AXC rəhbərliyi isə
Moskvanın razılığı ilə iqtidara gəlmək
naminə yeni ittifaq müqaviləsinə etiraz etməyəcəklərini
bildirirdilər.
Amma Ali
Sovetin sıravi deputatı Heydər Əliyev müstəqillik
mücadiləsinin və xalqının önündə təkbaşına
dayanmışdı!
Heydər Əliyevin müstəqillik
modeli: şərtsiz, güzəştsiz və dərhal
istiqlaliyyət
Heydər
Əliyevin Azərbaycan Ali Sovetinin “Yeni İttifaq müqaviləsi”
ilə bağlı referenduma həsr olunan sessiyasında
çıxışı, 7 mart 1991-ci il:
“Mən yeni İttifaqa daxil olmağın və bunun
üçün referendum keçirməyin heç bir şərt
qoymadan əleyhinəyəm. Azərbaycanın tam
istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik
yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət
göstərmək üçün bütün imkanlara
malikdir. Azərbaycan xalqının birliyi
yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət
qurulması yolu ilə təmin oluna bilər. Doğrudur,
bu yolda çətinliklər də az
olmayacaqdır. Fəqət, nəyin bahasına
olursa-olsun biz buna nail olmalıyıq. Biz bu
yola düşməsək, bunu gələcək nəsillər
edəcək. Və onlar, tarix bizi
bağışlamayacaq. Azərbaycan
Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə
getməli, tam istiqlaliyyət uğrunda mübarizə
aparmalıdır. Xalq deputatlarını,
bütün Azərbaycan xalqını bu yola dəvət edirəm
və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.
Heydər
Əliyevin Kommunist Partiyasının üzvlüyündən
istefa verməsilə bağlı SSRİ Nazirlər Kabinetinin
partiya təşkilatına müraciəti, 19 iyul 1991-ci il:
“Bütün müttəfiq respublikalara əsl siyasi,
iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi
üçün müstəqilliyə imkan vermək
lazımdır. Bu heç də respublikaların iqtisadi
birliyinə və ənənəvi mədəni əlaqələrinə
mane olmaz, əksinə, onların təkmilləşməsinə,
ikitərəfli və çoxtərəfli istiqamətdə
inkişafına təsir göstərər. Xalqa açıq və doğrusunu demək
lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti,
sosializm yolu özünü doğrultmadı,
zorakılıqla yaranan və saxlanan respublikaların
ittifaqı süquta uğramaqdadır”.
Heydər
Əliyevin Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə
məktubu, 24 avqust 1991-ci il:
“Azərbaycan
Ali Sovetinin növbədənkənar fövqəladə
sessiyasının çağırılmasını təklif
edirəm... Azərbaycan Prezidenti, Sov. İKP MK üzvü, Azərbaycan
KP MK-nın birinci katibi A. Mütəllibovun və Azərbaycan
rəhbərliyinin hərbi xunta - üzdəniraq DFVK tərəfindən
həyata keçirilmiş dövlət çevrilişi ilə
bağlı mövqeyi və fəaliyyəti müzakirə
olunsun və obyektiv qiymət verilsin... Sov. İKP-nin tərkib hissəsi olan Azərbaycan KP-nin
respublikada təkhakimiyyətlikdən kənarlaşdırılması
məsələsi müzakirə olunmalıdır. Onun hərbi
xunta ilə əməkdaşlığının məsuliyyət
dərəcəsi müəyyən edilməmişdir... Azərbaycan
SSR Ali Sovetinin “Bakıda fövqəladə vəziyyətin ləğvi
haqqında” 22 yanvar 1990-cı il tarixli qərarının
dərhal həyata keçirilməsi barədə qərar qəbul
edilməlidir... Yuxarıda göstərilən məsələlər
aydınlaşana kimi sentyabrın 8-nə təyin olunmuş
prezident seçkilərinin keçirilməsi təxirə
salınmalıdır...”
Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
çıxışı, 29 avqust 1991-ci il:
“İndi biz respublikanın həyatında ən çətin
dövrdə çıxış yolu tapmalıyıq. Və
hamımız çıxış yolunun tapılmasına səy
göstərməliyik. Ancaq biz aydın etməliyik: bu
çıxış yolunu biz necə tapa bilərik. Son günlərdə, o cümlədən bu gün
bu tribunadan xalqı birliyə, milli həmrəyliyə dəvət
edən çağırışlar eşidilir. Təəssüf ki, bu çağırışlar
artıq gecikib. Ancaq biz bu günlərdə
nəyin bahasına olursa-olsun milli birlik yaratmağa
çalışmalıyıq. Bunun üçün isə
tam aydın olmalıdır: bu milli birlik hansı platforma əsasında
hasil ola bilər, hansı platforma əsasında
biz buna nail ola bilərik? Bu birliyi təmin etmək
üçün bir neçə şərt təcili olaraq həyata
keçirilməlidir. Bütün bu məsələləri
aydınlaşdırmadan Azərbaycanda prezident seçkiləri
keçirmək olmaz. Sonra Azərbaycan Respublikası Ali
Soveti deputatlarının əksəriyyəti, tam əksəriyyəti
kommunist olduqlarına görə, Kommunist Partiyasının rəhbər
orqanlarında fəaliyyət göstərən adamlar parlamentə
deputat seçildiklərinə görə və Azərbaycan
Kommunist Partiyası çox şeylərdə günahkar
olduğuna görə mən hesab edirəm ki, Azərbaycan
Respublikasının parlamenti buraxılmalıdır və
yenidən seçkilər aparılmalıdır. Mən öz vicdanım qarşısında cavabdeh
olaraq bu gün bu çıxışı edirəm”.
Heydər
Əliyevin “Azərbaycanın Müstəqillik Bəyannaməsi”
ilə bağlı Azərbaycan Ali Sovetinin sessiyasında
çıxışı, 30 avqust 1991-ci il:
“Çox qəribədir. Martın 7-dən 10-na
qədər keçirilən Ali Sovetin sessiyasında mən Azərbaycanın
müstəqilliyini təklif edərkən əleyhimə
cürbəcür hücumlar başlandı.
Və A.
Mütəllibovun o qədər də dərin mənalı
olmayan, əsassız çıxışından sonra
hamı hay-küylə səs verdi ki, Azərbaycanın
müstəqilliyi ola bilməz və biz referenduma getməliyik,
yeni ittifaq müqaviləsini imzalamalıyıq... Tələm-tələsik referendum keçirildi.
Azərbaycanın ittifaq müqaviləsinə
getməsi haqqında qərar qəbul olundu. Bu bəyanatı indi qəbul edib, xalqa müraciət
etmək lazımdır. Qısa müddətdə,
3-4 gün içərisində referendum keçirmək
lazımdır və referendumun nəticəsinə görə
sessiya yığışıb bu qərarı qəbul etməlidir.
Mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyunktur xarakter
daşıyır, başqa yerlərdə qərar qəbul
olunur. Demək, biz də qərar qəbul
etməliyik. Biz artıq gecikmişik.
Bu bəyanatın mətninə mütləq əlavə
olunmalıdır ki, 1920-ci il aprelin 28-də
Azərbaycan işğal olunub. Azərbaycan
Demokratik Respublikası zorakılıqla ləğv olunub.
Əgər biz bunu qeyd etməsək, yenə də
xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur”.
Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına
məktubundan, 19 oktyabr 1991-ci il:
“Naxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan
Respublikasının 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul
edilmiş “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında” Konstitusiya Aktı münasibətilə
bütün Azərbaycan xalqını təbrik edir və bunu
böyük tarixi hadisə kimi qəbul edir. Naxçıvan Muxtar
Respublikasının demokratik qüvvələri son
üç ildə Azərbaycan Respublikasının milli
azadlığı, müstəqilliyi uğrunda fəal
mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr
1991-ci il tarixdə qəbul olunmuş “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
haqqında” Konstitusiya Aktını bütün Azərbaycan
demokratik qüvvələrinin böyük qələbəsi
kimi qiymətləndirir. 17 mart 1991-ci il
tarixdə Sovet Sosialist Respublikaları İttifaqının
saxlanması haqqında keçirilmiş referendumda
Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi
məhz muxtar respublikanın demokratik qüvvələrinin Azərbaycanın
milli azadlıq, istiqlaliyyət uğrunda apardığı
mübarizə ilə əlaqədardır. Biz bu gün
xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən
milli azadlıq niyyətlərimizin həyata keçirilməsi
üçün ilk addım atılıbdır. Azərbaycan
xalqı tam əmin ola bilər ki,
naxçıvanlılar milli azadlıq hərəkatı
uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.
Bunlar saysız-hesabsız faktların çox cüzi
hissəsidir.
Göründlüyü kimi, Heydər Əliyev
1991-ci ildə dövlət müstəqilliyinin elan olunması
ərəfəsində bu mövzuda ardıcıl mübarizə
aparan, milli maraqların konkret hədəflərini müəyyənləşdirən,
real maneələri aşmaq üçün düzgün təkliflər
irəli sürən yeganə siyasi xadim idi. Təsadüfi deyil ki, bu səmimi fəaliyyəti və
çətin anlarda həqiqi liderlik bacarığını əsas
götürən xalq 1993-cü ilin iyununda istiqlaliyyəti
yenidən iflas həddində olarkən, yeganə xilaskar kimi məhz
Heydər Əliyevi gördü və müstəqilliyini,
dövlətçiliyini, taleyini bu şəxsiyyətə
etibar etdi.
Bu
seçimin nəticəsi isə müstəqilliyinin 25-ci
ildönümünü misilsiz nailiyyətləri ilə qeyd
edən Azərbaycanın mənzərəsidir!
Bu
baxımdan tam əminliklə söyləmək olar ki, Heydər
Əliyev Azərbaycana real müstəqillik bəxş edən
azadlıq hərəkatının şəriksiz lideri, milli
mücadilənin öndəridir!
Müstəqilliyin dördüncü
mərhələsi başlayır
İlham
Əliyev Azərbaycanın 25 illik müstəqillik tarixini
üç qrupa ayırdı:
1.
1991-1993-cü illər - faciəvi dövr (bu mərhələ
də iki hissəyə ayrılır: 1991-1992-ci illər -
itirilmiş imkanlar, 1992-1993-cü illər -
rüsvayçılıq və fəlakət dövrləri);
2.
1993-2003-cü illər - inkişaf və sabitlik dövrü;
3.
2003-cü ildən başlanan mərhələ - sürətli
inkişaf dövrü.
Üçüncü dövrün ikinci dövrün məntiqi
davamı olduğunu xatırladan Prezidentin mülahizələrini
təhlil etsək, əslində, məmləkətimizin
artıq dördüncü mərhələyə qədəm
qoyduğunu da tam əsasla söyləyə bilərik.
İlk
üç mərhələnin - ötən 25 ilin məntiqi
nəticəsi Azərbaycanın dövlət müstəqilliyinin
daimiliyinin, dönməzliyinin tam təsbitidir! Yəni,
artıq Azərbaycanın müstəqilliyi tam gerçəkləşib,
müqəddəratı heç bir mübahisə
doğurmur, gələcəyi ciddi təhlükələrdən
xilas olub!
Bu, Heydər
Əliyev siyasi kursunun və İlham Əliyevin prezidentlik fəaliyyətinin
ən böyük nailiyyəti, Azərbaycana bəxş etdikləri
ən möhtəşəm üstünlükdür!
İlham Əliyevin liderliyində Azərbaycan 25 illik
müstəqillik tarixinin şərəfli dövrlərinə
böyük qürurla yekun vuraraq, istiqlalının daha
müasir hədəflərini əks etdirən yeni inkişaf
salnaməsini yazmağa başlayır.
Müstəqilliyin dördüncü mərhələsi
də ənənəvi olaraq, üçüncünün -
sürətli inkişaf dövrünün məntiqi
davamıdır. Ümumdünya böhranı şəraitində
milli inkişafını qoruyub saxlaya bilən Azərbaycan yeni
qlobal çağırışlara uyğun modern islahatlara
başlayıb. Bu islahatları uğurla
sonlandırmaq, ölkənin sosial-iqtisadi inkişafını
yeni dövrün tələbləri səviyyəsində daha
da sürətləndirmək hakimiyyətin əsas məramıdır.
Beynəlxalq birliyin nüfuzlu üzvünə və
bölgənin şəriksiz liderinə çevrilən,
Avrasiya məkanını mənəvi tellərlə, iqtisadi
bağlarla bir-birinə sıx bağlayan Azərbaycanın əsas
hədəflərindən biri inkişaf etmiş dövlətə
çevrilməkdir. Demokratiya yolunda
qazanılan nailiyyətlərin miqyasını genişləndirərək
bu sahədə də ən mükəmməl modeli yaratmaq
iqtidarın məqsədidir.
Bunlar müstəqilliyinin növbəti mərhələsinin
əsas istiqamətlərinin bir qismidir. Bu mərhələnin
əsl adını da yəqin ki, 10 ildən sonra - onun
hesabatını verərkən müəyyənləşdirəcəyik.
Lakin indidən aydındır ki, bu dövr də
tarixə sürətli inkişaf, modern islahatlar mərhələsi
kimi həkk ediləcək.
Şəksiz olan bir həqiqət də var: bugünkü nailiyyətlər qarşıdakı 25 illik müstəqillik dövrünün də böyük uğurlarının təməli olacaq!
İlham
Əliyev öz tarixi sələfləri qarşısında
13 ilin hesabatını verdi
98 il öncə Azərbaycanın böyük vətənpərvərləri “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor” - deyərək, müsəlman Şərqinin ilk İstiqlal Bəyannaməsini elan etdilər...
23 il öncə - 1993-cü ilin 15 iyununda Azərbaycanın dövlət müstəqilliyinin banisi Heydər Əliyev Milli Məclisin tribunasından yeni İstiqlal Bəyannaməsini bütün dünyaya bəyan etdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir...”
Cümhuriyyət qurucularının və Heydər Əliyevin müstəqillik ideallarını layiqincə yaşadan və onu ən möhtəşəm yüksəlişə çatdıran böyük Azərbaycan mücahidi İlham Əliyev isə iki gün öncə xalqının, ən əsası öz tarixi sələflərinin ruhu qarşısında 13 ilin hesabatını verdi: “Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Bu, həm də Prezident İlham Əliyevin yeni İstiqlal Manifesti idi...
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 1, 5.