“Məktəbəqədər
təhsil haqqında” yeni qanun
layihəsi müzakirə edilib
Oktyabrın
18-də Milli Məclisin elm və təhsil komitəsinin
iclasında “Məktəbəqədər təhsil
haqqında” yeni qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri İsa Həbibbəyli qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl uşaq bağçalarında fərqli qiymətlər olur. Hətta Bakı şəhərində eyni imkanlara malik bağçalarda da fərqli qiymətlər qoyulub. Bu gün bəzi bağçalarda bir uşaq üçün ödəniş haqqı 300, digərində 500 manat təşkil edir. Hətta elə uşaq bağçaları var ki, orada qiymətlər bir az da artıqdır. Bütün bunları nəzərə alaraq, orta qiymət meyarı tapmaq lazımdır. Təbii ki, bunu da həmin uşaq bağçasının imkan və şəraitlərinə görə tənzimləmək olar.
Komitə sədri əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri özəlləşdirilməməlidir. Lakin özəlləşdirilərsə belə onların təyinatı dəyişdirilməməlidir. Qanun layihəsinin hazırlıq variantında uşaq bağçalarının özəlləşdirilməməsi qeyd edilib. Amma sonradan aparılan araşdırma nəticəsində məlum oldu ki, bəzi rayonlardakı uşaq bağçalarına maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişafı və fəaliyyətini davam etdirməsi üçün onların özəlləşdirilməsinə ehtiyac var. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi mümkün hal hesab edilir.
Layihəyə əsasən məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.
Qanun layihəsinin 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq.
Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Müzakirələrdən sonra
qanun layihəsi ilk oxunuşda Milli Məclisin
plenar iclasına tövsiyə olunub.
Elgün Mənsimov
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 7.