Şəhid hərbçi,
tankçı Rahim Tağıyevin
medalı oğluna təqdim edilib
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tağıyev Rahim Qara oğlu ölümündən sonra
“Hərbi xidmətdə
fərqlənməyə görə”
3-cü dərəcəli medalı
ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilən tankçı Rahim Tağıyevin təltif olunduğu medal oktyabrın 17-də onun oğluna təqdim olunub.
Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhid Rahim Tağıyevin ailə üzvləri ilə görüşüblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, şəhid qanına boyanan Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu o zaman dinclik tapacaq.
Şəhidin hərbçi yoldaşları çıxış edərək, Rahim Tağıyevin igid döyüşçü olduğunu bildiriblər.
Görüşdə Müdafiə Nazirliyinin nümayəndəsi Nazim Əhmədov çıxış edərək şəhid tankçı Rahim Tağıyevin keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın azad olunacağına inamını bildirib.
Nazim Əhmədov Rahim Tağıyevin ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı oğlu Nihad Tağıyevə təqdim edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu
Rahim Tağıyev aprelin
2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində
döyüş
tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən
açılan atəş nəticəsində ağır
yaralanıb. Tankçı iyulun
10-da yerləşdirildiyi hərbi hospitalda
dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə
yaşayan, müddətdən artıq
xidmət edən hərbi qulluqçu Rahim Tağıyevin nəşi ailəsinin istəyi
ilə Mingəçevir şəhərindəki Şəhidlər
xiyabanında torpağa
tapşırılıb.
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 8.