“Made in Azerbaijan” brendinin
təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib
Azərbaycan Respublikası Prezidentinin
5 oktyabr 2016-cı il tarixli Fərmanında nəzərdə
tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması
üçün 1-i qayda
və 4-ü meyar olmaqla 5 sənəd artıq təsdiq olunub. İlkin olaraq ixrac missiyalarının təşkil
edilməsi, beynəlxalq
sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin
təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib.
Bu barədə oktyabrın
19-da Bakıda 150-yə yaxın
ixracatçı şirkətin
iştirakı ilə
keçirilmiş “Qeyri-neft
ixracı: Bu günün
çağırışları və yeni imkanlar”
mövzusunda konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ilkin olaraq ixrac
missiyalarının Avropa
İttifaqı, MDB, körfəz
və ərəb ölkələrinə, eləcə
də Çin, Yaponiya, Malayziya və s. ölkələrə
təşkili nəzərdə
tutulur.
Noyabr ayında
Çinə (Honkonq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın
təşkili əsasən
Azərbaycan şərabını
bu ölkədə təbliğ edəcək. 2016-cı ilin
noyabrında Çində
keçiriləcək beynəlxalq
şərab sərgisində,
gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də,
Dubay ərzaq,
Düsseldorf şərab, Moskva
kənd təsərrüfatı
sərgilərində Azərbaycan
stendinin təşkili
nəzərdə tutulur.
Xarici ölkələrin
ictimai yerlərində
və kütləvi informasiya vasitələrində
“Made in Azerbaijan” brendi ilə
Azərbaycan meyvələrinin,
şərab və şirələrinin, eləcə
də xalçalarının
təbliğı planlaşdırılır.
İstanbul, Moskva,
Frankfurt, Dubay və digər iri hava limanlarındakı
“Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış
mağazalar şəbəkələrində,
SOCAR-ın bir sıra ölkələrdəki
yanacaqdoldurma məntəqələrindəki
mağazalarında, xaricdə
fəaliyyət göstərən
“Azərbaycan evləri”ndə
və mərkəzlərində
“Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə
tutulur.
Bundan başqa,
Azərbaycanın bir sıra kənd təsərrüfatı və
sənaye məhsullarının
Avropa İttifaqı, Mərkəzi Asiya və ərəb ölkələrinə ixracı
üçün bazar
araşdırmaları aparılacaq.
Konfransda
nazir Şahin Mustafayev, həmçinin Azərbaycan Respublikası
Prezidentinin rəhbərliyi
ilə müstəqilliyimizin
bərpa olunmasından
ötən 25 il ərzində iqtisadi sahədə əldə olunan uğurlar və əsas iqtisadi göstəriciləri
diqqətə çatdırıb,
qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın
şaxələndirilməsinin və ixracın genişləndirilməsinin prioritet
olduğunu qeyd edib. Bu istiqamətdə
həyata keçirilən
ardıcıl və sistemli iqtisadi islahatlar barədə məlumat verən Şahin Mustafayev görülmüş tədbirlər
nəticəsində lisenziya
tələb olunan fəaliyyət növlərinin
sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan
yoxlamaların sayının
xeyli dərəcədə
azaldığını və
2016-cı ildə cəmi
50 yoxlama keçirildiyini
(müqayisə üçün
2015-ci ildə belə
yoxlamaların sayı
50 mindən çox olub) qeyd edib.
Bildirib ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi
verilib, hazırda bu sahədə 9 layihəyə baxılır.
Ümumilikdə, son 5 ayda verilmiş və baxılmaqda olan bu cür
investisiya layihələri
üzrə 800 milyon manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların
32 min investisiya layihələrinin
maliyyələşdirilməsinə 2 milyard manat həcmində
güzəştli kredit
verilib.
Yerli istehsalın
dəstəklənməsi və
ixracın genişləndirilməsi
istiqamətində görülən
işlər barədə
danışan nazir Şahin Mustafayev bildirib ki, son illərdə özəl bölmənin inkişafına
dövlət dəstəyinin
daha da gücləndirilməsi
yerli məhsullar istehsalını artırıb,
ixrac imkanlarını
genişləndirib. Bununla belə,
sahibkarlığın inkişafı
məqsədilə son dövrlərdə
atılan addımlar, sənaye zonalarının,
aqroparkların yaradılması
ilə bağlı işlərin intensivləşdirilməsi,
özünütəminetmə səviyyəsi yüksək
olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının
artırılması, dövlət
satınalmalarında yerli
şirkətlərə üstünlük
verilməsi, “Antidempinq,
kompensasiya və mühafizə tədbirləri
haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına,
ixracın genişləndirilməsinə
əlavə stimul yaradıb.
Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin
9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr
18 faiz, ixrac olunan məhsul çeşidləri isə
12 faiz artıb. Bu dövrdə qeyri-neft
məhsulları ixracı
844 milyon ABŞ dolları
olub. Qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36 faizi
Türkiyə, İsveçrə,
İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin
payına düşür.
Nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması istiqamətində görülən
tədbirlər, Azərbaycan
mənşəli məhsullara
veriləcək ixrac təşviqi, İxracatçılar
Klubunun və ixtisaslaşmış assosiasiyaların
(şərab, nar, meyvə-tərəvəz və
s.) yaradılması, bu
gün təqdimatı
keçirilən ixrac
portalı ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Nazir Şahin Mustafayev dəstək tədbirlərindən
faydalanmaq və ixracı genişləndirmək
məqsədilə yerli
şirkətlərə keyfiyyət,
qablaşdırma və
etiketlənmə sahəsində
beynəlxalq standartların
tətbiqi, ixrac departamentlərinin yaradılması,
ixrac portalında məlumatların yerləşdirilməsi,
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondu
(AZPROMO) ilə sıx
əməkdaşlıq və
İxracatçılar Klubunda
fəal iştirakı
tövsiyə edib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət
başçısının rəhbərliyi ilə həyata keçirilən
iqtisadi islahatların,
o cümlədən sahibkarlığın
inkişafı, daxili bazarın qorunması və ixracın stimullaşdırılması tədbirlərinin
iqtisadiyyatın şaxələndirilməsi,
ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin
yüksəldilməsi və
qeyri-neft məhsullarının
ixracının artırılmasında
əhəmiyyətini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunması, daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətini qeyd edib, aqrar sektorun geniş ixrac imkanlarına malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac edilir. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Qeyd edilib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı həmin məhsulların istehsalının və ixracının artırılmasına əlavə stimul yaradır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, ixrac üçün lazım olan sənədləri və rəsmiləşdirmə prosedurlarını diqqətə çatdırıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müvafiq sahədə görülən işlər, qanunvericilik və prosedurlar barədə danışıb, görülən tədbirlərin ixracın genişləndirilməsində əhəmiyyətini qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yeni iqtisadi şəraitdə iqtisadi artımın təmin olunmasında ixracın stimullaşdırılmasının önəmini qeyd edib. Təhsil xidmətlərinin ixracı barədə danışan Ədalət Muradov İqtisad Universitetinin UNEC brendi ilə dünya bazarına çıxdığını, universitetin dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib. Rektor müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dair təkliflər səsləndirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-neft sektorunun inkişafında və ixracın stimullaşdırılmasında sahibkarların rolunu qeyd edib. M.Musayev son dövrlərdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərin özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ixracın stimullaşdırılmasına dair dəstək mexanizmləri və yeni yaradılan ixrac portalı barədə təqdimatla çıxış edib. Bildirilib ki, www.export.az portalında ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq. Üç dildə fəaliyyət göstərəcək saytda asan axtarış və qeydiyyat sistemi mövcuddur.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 20 oktyabr.- S.9.