Azərbaycan universitet təhsilində
islahatlar və gözləntilər
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
25-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə
keçən dövr ərzində ölkə həyatının
müxtəlif sahələrində əldə edilmiş
nailiyyətlərin təhlili və gələcəyə
istiqamətlənmiş baxışların
formalaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Heç şübhəsiz ki, hər hansı bir
xalqın və dövlətin inkişafı, onun gələcəyinin
sağlam təməllər üzərində qurulması təhsil
sistemində əldə edilmiş nailiyyətlərlə daha
çox bağlıdır.
Qloballaşan dünyada təhsil sistemində özünəməxsus
həlqəni təşkil edən universitet təhsili hər
bir ölkənin sosial-iqtisadi inkişafı, onun rəqabət
qabiliyyətinin yüksəldilməsi və qorunmasında
mühüm amillərdən birinə çevrilmişdir. Təsadüfi deyil ki, UNESCO
qloballaşma dövründə universitetləri sosial
inkişaf, iqtisadi artım, rəqabətli mal və xidmət
istehsalının dəstəklənməsi, mədəni
kimliyin formalaşması və qorunması, cəmiyyətin
bütövlüyünün təmin edilməsi, yoxsulluqla
mübarizə və sülh mədəniyyətinin dəstəklənməsi
işində əvəzedilməz rolu olan qurumlar kimi xarakterizə
edir. Bu gün universitet təhsili qlobal bilik
iqtisadiyyatında həm milli, həm də fərdi mənada
layiqli yer tutmanın və rəqabətli olmanın
mühüm şərtinə çevrildiyindən iqtisadi fəaliyyətlərin
və iqtisadi siyasətin də əsas elementlərindən
biri olmuşdur.
Universitetlər
prussiyalı təhsil fəlsəfəçisi Vilhelm
Humboldtın yanaşmasına uyğun olaraq 200 ildən artıqdır
ki, təkcə iqtisadiyyat üçün kadr hazırlayan
qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran
fundamental araşdırmaların aparıldığı və
cəmiyyətin, xüsusilə də sənaye sektorunun
inkişafına xidmət edən texnologiyaların,
innovasiyaların, həll yollarının
formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya
mərkəzləridir. Məhz buna görədir
ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda
sahibkar universitet, multiversitet anlayışları ilə əvəz
olunmağa başlanmışdır.
Tədqiqatlar göstərir ki, təhsilə qoyulan
investisiyalarda azalan məhsuldarlıq deyil, artan məhsuldarlıq
qanunu fəaliyyət göstərir. Ölkələr
üzrə təhsil müddəti artdıqca, işsizlik səviyyəsi
azalır, gəlir səviyyəsi isə artır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
ölkələrində aparılan tədqiqatlardan biri
göstərmişdir ki, insanların təhsil alma
müddətində hər əlavə bir illik artım
onların gəlir səviyyəsini təxminən 6 faiz
yüksəldir. Təhsilin, xüsusilə də ali təhsilin yüksək insan kapitalı və
texnologiyalar vasitəsilə iqtisadi artımın drayverinə
çevrilmə xüsusiyyətini nəzərə alaraq
inkişaf etmiş ölkələr bu sahəyə çox
böyük həcmdə vəsait ayrırırlar. Hazırda
Avropa İttifaqı ÜDM-nin 1,2-1,5 faizi,
ABŞ isə 2,6-3 faizini ali təhsil qurumlarının
inkişafına yönəldir. Dünya İqtisadi Forumunun məlumatları
göstərir ki, ali təhsil və peşə təlimi
sektorunun yüksək inkişaf etdiyi Sinqapur, Finlandiya,
Niderland, İsveçrə, Belçika, Danimarka, Norveç,
ABŞ, Avstraliya, Yeni Zellandiya, Almaniya, İsveç, Birləşmiş
Krallıq, Yaponiya kimi ölkələr eyni zamanda da rəqabətqabiliyyətli
iqtisadiyyatlar arasında ön sıralarda dayanırlar. Bu iqtisadiyyatların hamısı eyni zamanda da
yüksək texnologiyalara əsaslanan və innovasiya
potensialı güclü iqtisadiyyatlar hesab olunurlar.
Azərbaycan Respublikası universitet təhsili sahəsində
keçən dövrdə mühüm potensial əldə
etmişdir.
Sovet dönəmində Azərbaycanın ali
təhsil ocaqları sovet cəmiyyətinin tələbləri
əsasında inkişaf etmiş və elmin bir sıra istiqamətləri
üzrə mühüm nailiyyətlər qazanmışlar.
Lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini
əldə etməsi, iqtisadi sahədə sistem
transformasiyası prosesinə başlaması bütün sahələrdə
olduğu kimi, ali təhsildə də
köklü islahatları zəruri etmiş və onun yeni cəmiyyətin
tələblərinə uyğun yenidən qurulmasını
qarşıya vəzifə kimi qoymuşdur. Şübhəsiz
ki, bu istiqamətdə irəli sürülən ilk sistemli təşəbbüs
ümummilli lider Heydər Əliyev tərəfindən 15 iyun
1999-cu ildə “Azərbaycan Respublikasında təhsil sahəsində
İslahat Proqramı”nın qəbul edilməsidir.
Proqramın icrası nəticəsində ali
təhsil sistemində bir sıra struktur dəyişiklikləri
aparılmış, ali təhsil müəssisələri
şəbəkəsinin optimallaşdırılması istiqamətində
addımlar atılmış, ali təhsilli mütəxəssis
hazırlığının strukturuna yeni ixtisaslar əlavə
edilmişdir. Bu mərhələdə aparılan islahatların
mühüm istiqamətlərindən biri də məhz ali təhsil müəssisələrinin
muxtariyyətinin artırılması olmuş, Azərbaycan
Dövlət İqtisad Universiteti də daxil olmaqla 6 ali məktəbə
daha yüksək muxtariyyət - özünüidarəetmə
statusu verilmişdir. 3 sentyabr 2001-ci ildə ən yüksək
bal toplayaraq ali məktəblərə qəbul
olunmuş gənclərlə görüşdə ümummili
lider Heydər Əliyev ölkədə universitet təhsili
sahəsində aparılan islahatların bir növ
başlıca strateji məqsəd və vəzifəsini ifadə
edir: “...biz istəyirik ki, ali təhsil müəssisələrimiz,
universitetlərimiz, birincisi, özləri öz işlərini
daim təkmilləşdirsinlər və dünya səviyyəsində
olsunlar. İkincisi də universitetlərin varlığı
ona görə lazımdır ki, ali təhsil
almaq həvəsi və qabiliyyəti olan gənclərimiz
universitetlərə, ali məktəblərə daxil olsunlar və
yüksək səviyyəli mütəxəssislər
olsunlar. Əgər bu olmasa, bizim müstəqil
ölkəmiz dünyada gedən proseslərin sürəti ilə
ayaqlaşa, inkişaf edə bilməz”.
Azərbaycanının
2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə
ali təhsil islahatlarının yeni mərhələsinə
start vermişdir. Bu çərçivədə 2009-cu ildə
qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı”nda qeyd olunmuşdur ki, proqramın məqsədi
ölkənin ali təhsilinin Avropa təhsil məkanına
inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə
uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara yaranan tələbatın ödənilməsi, habelə
informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr
potensialının yaradılması, əhalinin müasir tələblərə
cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılmasıdır.
Proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa
standartlarına uyğunlaşdırılması və Bolonya
prosesinin əsas prinsipləri istiqamətində yenidən
qurulması sahəsində mühüm işlər
görülmüşdür. Qeyd olunan mərhələdə
atılan mühüm strateji addımlardan biri də Prezident
İlham Əliyevin irəli sürdüyü neft
kapitalının insan kapitalına çevrilməsi
konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın
qəbul edilməsi olmuşdur. Proqramın əsas hədəfləri
xaricdə dövlət hesabına təhsil almağa göndərilən
Azərbaycan gənclərinin təhsilin bütün pillələri
üzrə ayrılan maliyyə vəsaitləri çərçivəsində
bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə
də ixtisasartırma və yenidənhazırlanma təhsili
üzrə bölünməsi, hökumətlərarası
müqavilələr və ali təhsil müəssisələri
arasında beynəlxalq tələbə mübadiləsi əsasında
mütəxəssis hazırlığının
respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə
alınmaqla təmin edilməsi olmuşdur.
Qlobal səviyyədə təhsil sahəsində ortaya
çıxan yeni çağırışlar və Azərbaycan
iqtisadiyyatının müasir inkişaf mərhələsinə
daxil olması heç şübhəsiz ki, ölkədə
təhsilin inkişafı üzrə vahid dövlət
strategiyasının formalaşdırılmasını zəruri
etmişdir.
Bu məqsədlə 24 oktyabr 2013-cü ildə Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası” və onun əsasında
hazırlanaraq 2015-ci ilin 19 yanvarında təsdiq edilmiş
müvafiq Fəaliyyət Planı ölkədə ali təhsil
də daxil olmaqla, bütövlükdə təhsil sisteminin
qeyd olunan çağırışlar və tələblər
istiqamətində qısa, orta və uzunmüddətli
inkişafını təmin edəcək vahid dövlət
siyasətini özündə əks etdirir. Bu çərçivədə
hazırda Azərbaycanda universitet təhsili sahəsində
aparılan geniş islahatların aşağıdakı
istiqamətləri xüsusi əhəmiyyət kəsb edir:
* Ali təhsilə
çıxış imkanlarının genişləndirilməsi:
İqtisadi rəqabətin ciddi şəkildə kəskinləşdiyi,
bilik və innovasiyaların rəqabətqabiliyyətliliyin əsas
faktoruna çevrildiyi müasir iqtisadiyyatlarda ali
təhsil artıq elitar təhsil olmaqdan çıxaraq
kütləvi xarakter almışdır. UNESCO-nun verdiyi məlumatlara
görə, Azərbaycanda ali təhsillə əhatə əmsalı
hazırda 23,16 faizdir. Qeyd olunan
göstərici son illər artsa da, hələlik tələb
olunan səviyyədən bir neçə dəfə
aşağıdır. Bu istiqamətdə son illər
ölkədə ali təhsil müəssisələri
şəbəkəsinin genişləndirilməsi və onun
ölkə regionlarına istiqamətləndirilməsi, təhsil
krediti mexanizmlərinin yaradılması, eləcə də
xarici ölkələrdə təhsil imkanlarının
artırılması kimi tədbirlər xüsusi qeyd
olunmalıdır.
* Ali təhsildə
kurikulumların əmək bazarının tələbləri
istiqamətində qurulması: Tədqiqatlar göstərir ki,
inkişaf etməkdə olan və zəif inkişaf etmiş
ölkələrdə ali təhsilin əsas
problemlərindən biri kurikulumlar ilə əmək
bazarının tələbləri arasında ciddi
uyğunsuzluğun olması və tədrisin daha çox nəzəri
xarakter daşımasıdır. Bu baxımdan qeyd olunan ölkələrdə
universitet məzunlarının mütləq əksəriyyəti
bu yetərsizliyi aradan qaldırmaq üçün ya əlavə
kurslara müraciət edir, ya da ölkədən kənarda təkrar
ali təhsil almağa
çalışırlar. Son illər ölkə ali təhsilində təhsilin dövlət
standartlarının təkmilləşdirilməsi istiqamətində
mühüm işlər görülür. Burada
əsas götürülən yanaşma tədris olunan fənlərin
ümumilikdə azaldılması, əmək bazarının
tələblərinə cavab verməyən fənlərin
yenilərilə əvəz edilməsi və həmin fənlər
üzrə tədris edilən mövzuların beynəlxalq
standartlara uyğunlaşdırılmasıdır. Azərbaycan Dövlət İqtisad Universiteti bu
prosesdə aktiv iştirak etməklə, bakalavr, magistr və
doktorantura təhsili pillələri üzrə
kurikulumlarını mühüm dərəcədə yeniləşdirmişdir.
*
Universitetlərdə doktorantura təhsilinin və tədqiqat
potensialının gücləndirilməsi: Bu gün dünya
universitetləri nisbi olaraq kütləvi təhsil universitetləri
və tədqiqat universitetləri olmaqla iki yerə ayrılsa
da, əslində tədqiqatların aparılmadığı
ciddi universitetlərə rast gəlmək çox çətindir.
Bütövlükdə inkişaf etmiş
ölkələr rəqabətli iqtisadiyyatlarının təməlində
dayanan elmi tədqiqatlara, xüsusilə də fundamental elmi tədqiqatlara
böyük önəm verirlər. UNESCO-nun
hesabatlarına görə, 2013-cü ildə dünyada
araşdırma və təkmilləşdirmələrə
(R&D) alıcılıq qabiliyyəti pariteti ilə 1,5 trilyon ABŞ dolları həcmində vəsait
xərclənmişdir. Bu xərclərin 69,3
faizi yüksək gəlirli iqtisadiyyatların, cəmi 0,3 faizi
isə aşağı gəlirli iqtisadiyyatların payına
düşür. Hazırda dünya üzrə
araşdırma və təkmilləşdirmələrə
çəkilən xərclərin 80 faizi yalnız 10 ölkənin
- ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya, Fransa, Hindistan, Rusiya,
Birləşmiş Krallıq, Braziliya - payına
düşür. Ümumi daxili məhsulundan araşdırma və
təkmilləşdirmələrə ən çox pay
ayıran 10 ölkə isə ardıcıl olaraq Koreya
Respublikası (4,3%), İsrail (4,1%), Yaponiya
(3,6%), Finlandiya (3,2%), İsveç (3,2%), Danimarka (3,1%), Avstriya
(3%), İsveçrə (3%), Almaniya (2,9%) və ABŞ
(2,7%)-dır. Bütün bu ölkələrdə
xərcləri mənbələr üzrə təhlil etdikdə
görünür ki, bu xərclərin əsas hissəsi
özəl sektor tərəfindən maliyyələşdirilir.
UNESCO-nun məlumatları göstərir ki, Azərbaycan
ÜDM-nin təxminən 0,2 faizini
araşdırma və təkmilləşdirmələrə xərcləsə
də, bu xərclərin əsas hissəsi dövlət tərəfindən
maliyyələşdirilir. Hazırda Azərbaycanda
universitetlərin tədqiqat potensialını artırmaq məqsədilə
ilk olaraq doktorantura pilləsi üzrə dövlət
standartlarının hazırlanması işinə
başlanılmışdır. Hesab edirik
ki, güclü doktorantura təhsilinin təşkili yolu ilə
universitetlərin tədqiqat potensialı gücləndikcə
özəl sektorla birgə həyata keçirəcəyi tədqiqat
layihələrinin sayı da ildən-ilə artacaqdır.
Eyni zamanda bu istiqamətdə atılan
mühüm addımlardan biri də Təhsil Nazirliyinin təşəbbüsü
ilə Azərbaycan universitetlərinin “Thomson Reuters”in elmi
informasiya bazalarına çıxışının təmin
edilməsidir ki, bu da qarşıdakı illərdə ölkə
elminin dünyaya inteqrasiyası prosesini gücləndirəcəkdir.
Hazırda Azərbaycan Dövlət İqtisad
Universiteti professor-müəllim heyəti arasında elmi tədqiqatları
stimullaşdırmaq məqsədilə “Thomson Reuters”in
müvafiq indekslərinə daxil olan jurnallarda hər məqalə
nəşri üçün xüsusi mükafat təsis
etmiş, həmçinin də tətbiq etdiyi differensial əməkhaqqı
sistemində elmi fəaliyyətlərə böyük pay
ayırmışdır. Aparılan tədqiqatlar
göstərir ki, bu iki stimullaşdırma mexanizminin tətbiqindən
sonra Azərbaycan Dövlət İqtisad Universiteti
professor-müəllim heyətinin ölkə daxilində və
xaricində nəşr edilən elmi əsərlərinin
sayı ciddi şəkildə artmışdır.
* Ali təhsilin
qeyri-dövlət maliyyələşdirilməsinin
payının artırılması: Qloballaşma şəraitində
universitet təhsilində ortaya çıxan əsas
tendensiyalardan biri də qeyri-dövlət maliyyələşməsinin
payının artmasıdır. Hazırda ali təhsildə
qeyri-dövlət maliyyələşməsinin mənbələri
rolunda özəl universitetlərin sayının artması, tələbələrdən
təhsil haqlarının alınması, təhsil
kuponlarının tətbiq edilməsi, universitetlərin gəlir
gətirən müəssisələrinin yaradılması,
ianələrdən istifadə edilməsi, milli stipendiya
proqramlarında iştirak edilməsi, təhsil (tələbə)
kreditləri və məzuniyyət vergiləri mexanizmlərindən
istifadə edilməsi və s. çıxış edir.
Özəl universitetlər ali təhsil
bazarının Koreya Respublikasında 80 faizini, Yaponiya,
Belçika və Niderlandda 63-76 faizini təşkil edir.
Yaponiyada tələbələrin 89 faizi, Braziliya, Kolumbiya,
Danimarka, Çili, Əl Salvador, Nikaraqua, Paraqvay və Peruda isə
45-75 faizi özəl universitetlərdə təhsil alır. Anqlo-sakson universitetlərinin əksəriyyətində
təhsil proqramları böyük məbləğdə təhsil
haqları tələb edir. Qitə
Avropası universitetlərində bu məbləğlər
aşağı olsa da, son illər yüksəlmə meylində
olduğu və əhatə dairəsinin də genişləndiyi
müşahidə edilir. Almaniya, İrlandiya, İspaniya,
Türkiyə kimi ölkələrdə ali
təhsilini normal müddətdə başa vura bilməyən
tələbələrə daha yüksək təhsil
haqqı tətbiq edilməyə başlanmışdır. ABŞ, İsveç, Avstriya, Portuqaliya, İspaniya,
Türkiyə, Tailand kimi ölkələrdə tələbələr
nəqliyyat və təhsil xərclərini dövlət təminatı
altında götürdükləri təhsil (tələbə)
kreditləri ilə ödəyə bilirlər. Bu baxımdan Təhsil Nazirliyinin təşəbbüsü
ilə Azərbaycanda “Maarifçi” Tələbə Kredit
Fondunun yaradılması təqdirəlayiq addım sayıla
bilər. Tədqiqatlar göstərir ki,
ABŞ-da belə orta gəlirli ailələrə mənsub tələbələr
təhsil haqlarının yalnız 34 faizini ödəyə
bilirlər. Bütün ölkələrdə
orta və aşağı gəlirli ailələrə mənsub
tələbələrin təhsil haqlarının müxtəlif
mənbələr hesabına maliyyələşdirilməsi zərurətə
çevrilir ki, bunlar arasında da ən effektli yollardan biri təhsil
kreditləridir. Bu baxımdan Azərbaycanda təhsil
kreditlərinin əhatə dairəsinin genişləndirilməsi
ölkədə ali təhsilə
çıxış imkanlarını da mühüm dərəcədə
genişləndirə bilər. Qarşıdakı
illərdə nəzərdə tutulan universitetlərdə
dövlət büdcəsi vəsaitindən istifadə
olunmadan məqsədli kapital fondlarının
yaradılması da hesab edirik ki, ölkədə universitet təhsilinin
maliyyələşdirilməsinin əsas mənbələrindən
biri kimi çıxış edə bilər.
* Ali təhsil
müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi:
Bu gün dünya ali təhsil bazarında
təhsilalanların seçimlərinə təsir göstərən
ən mühüm amillərdən biri də məhz reytinq
agentliklərinin dünya universitetləri üzrə
hazırladıqları reytinq siyahılarıdır. Azərbaycan universitetlərinin bu reytinq
siyahılarında son illər müsbət irəliləyişlərinin
şahidi olmaq mümkündür. Azərbaycan Dövlət
İqtisad Universitetində də son dövrlər bu istiqamətdə
ciddi işlər görülmüş və universitet ilk dəfə
olaraq, bu il QS beynəlxalq reytinq agentliyinin nəşr etdiyi
“İnkişaf edən Avropa və Mərkəzi Asiya” regionunun
ən yaxşı 200 universiteti siyahısına daxil
olmuşdur. Sevindirici haldır ki, Azərbaycan
Dövlət İqtisad Universiteti bu regiondakı
iqtisadyönümlü universitetlər arasında 4-cü yerə
layiq görülmüşdür. Hesab edirik ki, Azərbaycan
universitetlərinin öz fəaliyyətini reytinq agentliklərinin
əsas götürdüyü parametrlər üzrə daim
yaxşılaşdırması heç şübhəsiz ki,
onların bu reytinq siyahılarında daha yaxşı yerləri
tutmasına və bütövlükdə ölkənin ali təhsil sektorunun qlobal ali təhsil
bazarında mövqeyinin daha da möhkəmlənməsinə
yardım edəcəkdir.
*
Universitetlərə idarəetmə, akademik, maliyyə və təşkilati
muxtariyyətlərin verilməsi: Dünyada universitetlərin təhsil-tədqiqat-innovasiya
mərkəzləri kimi cəmiyyətdə rolunun genişlənməsi
onların muxtariyyəti məsələsini də gündəliyə
gətirmişdir. Bu sahədəki beynəlxalq
yanaşmalara nəzər yetirdikdə universitet muxtariyyətinin
rəhbər orqanlarını formalaşdırmaqda, tədris
proqramlarını hazırlamaqda, araşdırma
proqramlarını həyata keçirməkdə, büdcəsini
tərtib etməkdə və xərcləməkdə
universitetlərə sərbəstliyin verilməsindən ibarət
olduğunu görmək mümkündür. Azərbaycanda
universitetlərin muxtariyyətinin artırılması istiqamətində
atılan addımların onların daha çevik qurumlara
çevrilməsinə və bütövlükdə ölkədə
ali təhsilin müasir tələbələrə
sürətlə uyğunlaşmasına şərait
yaradacağını qeyd etmək mümkündür.
*
Universitetlərin kampuslarının yaradılması və
onların regionlar üzrə paylanması: Dünya təcrübəsi
göstərir ki, universitetlərin kampus formasında yerləşdirilməsi
onların fəaliyyətinin səmərəliliyini ciddi şəkildə
yüksəldir. Eyni zamanda müasir dövrdə
universitetlər regional inkişaf siyasətinin də önəmli
vasitələrindən birinə çevrilmişdir. İnkişaf etmiş ölkələrin
ayrı-ayrı regionlarında yerləşən universitetlər
əlavə təhsil mərkəzləri, konsaltinq xidmətləri,
tədqiqat laboratoriyaları, inkubator mərkəzləri, elm
parkları, texnoparklar və klasterlər vasitəsilə
universitet-hökumət-biznes əməkdaşlığının
uğurlu nümunələrini ortaya qoyaraq, yerləşdiyi
regionun inkişafının başlıca hərəkətverici
qüvvələrindən birinə çevrilirlər. Bu sahədə Standford, MIT, San Dieqo Kaliforniya universitetlərinin,
eləcə də Çin, Malayziya, Sinqapur və Tayvan
universitetlərinin təcrübələri xüsusilə diqqətə
layiqdir. Azərbaycanda son dövrlər
universitetlərin kampuslarının yaradılması, eyni
zamanda da onların regionlarda filiallarının
açılması istiqamətində Təhsil Nazirliyi tərəfindən
irəli sürülən təşəbbüslər
mühüm əhəmiyyət kəsb edir. Bu işlər tamamlandıqdan sonra universitetlərin
ölkənin ayrı-ayrı regionlarının sosial-iqtisadi
inkişafında rolunun ciddi şəkildə
artacağını, başqa sözlə, universitetlərin cəmiyyətə
tamamilə inteqrasiya olunacağını söyləmək
mümkündür.
*
Universitetlərdə əlavə təhsil imkanlarının
genişləndirilməsi: Bilik iqtisadiyyatında universitetlər
bir növ ömürboyu təhsil mərkəzləri kimi fəaliyyət
göstərir desək, yanılmarıq. Universitetlər
klassik bakalavr, magistr və doktorantura təhsili ilə
yanaşı, ömürboyu təhsil, yenidən təhsil və
istənilən vaxtda təhsil prinsipləri əsasında
bazarın tələbləri istiqamətində müxtəlif
əlavə təhsil proqramları təklif edirlər. Distant təhsil formasında da təklif edilən bu
proqramlar müasir dövrdə özəl sektor tərəfindən
böyük maraqla qarşılandığından universitetlər
üçün ciddi gəlir mənbəyi rolunu da
oynayırlar. Bu sahədə ən
uğurlu nümunələrdən biri Standford Universitetinin
Silikon Vadisindəki fəaliyyətidir. Bu
universitet özəl sektorun bu istiqamətdə demək olar
ki, bütün ehtiyaclarını qarşılayacaq təhsil
və sertifikat proqramları təklif edərək
böyük miqdarda gəlir əldə edə bilir. Son dövrlər Azərbaycanda universitetlərin əlavə
təhsil infrastrukturunun yenidən qurulması istiqamətində
atılan addımlar onların qısa müddətdə
ölkədə əmək bazarının
ehtiyaclarını qarşılama imkanlarını
mühüm dərəcədə genişləndirəcəkdir.
* Universitetlərin beynəlmiləlləşməsi prosesinin gücləndirilməsi: Qloballaşma şəraitində beynəlxalq tələbələrin sayının sürətlə artması, tələbə və müəllim mübadiləsi prosesinin genişlənməsi, ingilis dilində təhsilə olan tələbin artması, təhsilin transmilliləşməsi prosesinin sürətlənməsi kimi amillər universitet təhsilinin getdikcə daha çox beynəlmilləşməsini tələb edir. Beynəlxalq tələbələrin sayı 1980-ci ildə 1 milyon, 2000-ci ildə 2 milyon nəfər olmuşdursa, hazırda bu rəqəm 4,1 milyon nəfərdir. Bu isə dünya üzrə ali təhsil alanların 1,8 faizi, başqa sözlə, hər 100 tələbədən 2-nin beynəlxalq tələbə olması deməkdir. Hazırda 4,1 milyon beynəlxalq tələbənin yarısından çoxu 6 ölkənin - ABŞ (19 faiz), Birləşmiş Krallıq (10 faiz), Avstraliya (6 faiz), Fransa (6 faiz), Almaniya (5 faiz), Rusiya (3 faiz) - payına düşür. Ancaq 2000-ci illərlə müqayisədə bu ölkələrin ümumi payında müəyyən qədər azalma, Şərqi Asiya və Okeaniya, eləcə də Ərəb ölkələrinin payında isə artım müşahidə edilir. Beynəlxalq tələbələrin 57 faizi Şimali Amerika və Qərbi Avropa, 19 faizi Şərqi Asiya və Okeaniya, 19 faizi isə Mərkəzi və Şərqi Avropa özünə cəlb edir. Çin, Hindistan, Almaniya, Koreya, Fransa, Səudiyyə Ərəbistanı və ABŞ xaricə ən çox tələbə göndərən ölkələrdir. Beynəlxalq tələbələrin 50 faizə qədəri Çin, Hindistan, Koreya, Yaponiya və Malayziya başda olmaqla Asiya mənşəlidir. Tədqiqatlar göstərir ki, ABŞ, Avstraliya, Kanada, Yeni Zellandiya və İngiltərədə beynəlxalq təhsil sektoru ixrac gəlirləri baxımından ilk 5 sektor arasındadır. Beynəlxalq tələbələr ABŞ iqtisadiyyatına ildə 20 milyard dollara qədər gəlir gətirir. Avstraliya isə təhsil xidmətlərinin ixracından ildə təxminən 15-16 milyard dollar gəlir əldə edir. Azərbaycan universitetlərinin son illər ingilis dilində təhsil proqramlarını genişləndirmələri, ERASMUS, TEMPUS, MEVLANA kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etməyə başlamaları, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrini genişləndirmələri onların beynəlmiləlləşməsi prosesini də gücləndirmişdir. Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbinin, türk və ingilis dillərində təhsil verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, rus dilində təhsil verən Rus İqtisadiyyat Məktəbinin yaradılması, eyni zamanda London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramlarının açılması və Monpelye Universiteti ilə ikili diplom proqramlarının qurulması onun sürətlə beynəlmiləlləşməsi üçün mühüm imkanlar yaratmışdır. Qeyd olunan çərçivədə MDB məkanında yeganə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyası Dağıstan Respublikasındakı filialına rəsmi lisenziya verilməsi artıq onun ali təhsilin transmilliləşməsi prosesinə də qoşulduğunu göstərir.
Yuxarıda bəzi istiqamətlərinə toxunduğumuz universitet təhsili sahəsindəki islahatların qarşıdakı illərdə daha rəqabətli və innovasiya potensialı yüksək olan Azərbaycan iqtisadiyyatının qurulması prosesinin mühüm həlqəsini təşkil edəcəyi gözlənilir. Bütün bu islahatların son məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanaraq, davamlı inkişaf edən və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasına xidmət etməkdir. Qeyd olunan məqsəd Prezident İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: “Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”.
Ədalət
MURADOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.- 2016.-
20 oktyabr.- S.10.