İlham Əliyevin S.Sarkisyan
üzərində yeni diplomatik
qələbəsi
Kollektiv Təhlükəsizik Müqaviləsi
Təşkilatının son iclası Ermənistanın
məğlubiyyəti ilə nəticələndi
Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Bunun daha bir real təsdiqi Yerevanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda baş tutan son iclasında oldu. Ermənistan bu iclas zamanı təşkilata üzv ölkələrdən özünün Qarabağ siyasətinə dəstək gözləsə də, bunun tamamilə əksi baş verdi. Belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir.
“Armenianreport.com”:
“S.Sarkisyan prezident həmkarları
tərəfindən alçaldıldı”
“Armenianreport.com” xəbər portalı yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan sammiti nəinki iflasa uğradı, eyni zamanda Ermənistan üçün təhqiredici xarakter daşıdı: “Bizim hökumətin nümayəndələri bu sətirlərin müəllifi ilə özəl söhbətlərdə bildirirdilər ki, ölkə prezidenti Sarkisyan KTMT-dəki həmkarlarının təşkilatda açıq görünən hərbi-siyasi problemlərə nəzər salmaq əvəzinə, Azərbaycanın dövlət başçısı İlham Əliyevi narazı salmamağa daha çox diqqət yetirmələrindən çox qəzəblənib. Həmsöhbətlərimizin sözlərinə görə, Sarkisyan oktyabrın 14-də bu ilin apreli ilə müqayisədə daha çox alçaldıldı, onunla bir cərgədə əyləşən Rusiya və Belarus prezidentləri isə Azərbaycanın mövqeyini açıq dəstəklədi. Ermənistanda olmalarına baxmayaraq, Putin və Lukaşenko ölkəmizə heç bir dəstək nümayiş etdirmədilər və Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin vacibliyi barədə lakonik açıqlamalar verdilər”.
Portal yazır ki, KTMT-yə üzv ölkələrin təşkilata yeni baş katib təyin olunmasında istəkli olmamaları da erməni tərəfinin böyük narazılığına səbəb olub. Qeyd olunur ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın bu vəzifəyə təyin olunması üçün liderlər əvvəlcədən razılaşmışdılar: “Lakin Azərbaycanın qeyri-rəsmi narazılığından sonra Rusiya, Belarus və Qazaxıstan liderləri geri addım atdılar. Hökumətdəki mənbə deyir ki, Ohanyanın namizədliyindən imtinası əvvəlcədən Ermənistan prezidenti ilə razılşadırılmadığından bu Sarkisyana qurşaqdan aşağı vurulan növbəti zərbə oldu”.
X.Kokobelyan: “Bakı KTMT-yə üzv olmasa da, quruma təsiri Ermənistandan
daha çoxdur”
“Azad demokratlar” partiyasının sədri, Ermənistan parlamentinin deputatı Xaçatur Kokobelyan da bunu təsdiq edir. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı KTMT üzvlərinin məhz Bakının mövqeyini nəzərə aldıqlarını vurğulayır: “Dördgünlük aprel müharibəsindən sonra Rusiya faktiki olaraq Dağlıq Qarabağın ətrafındakı beş rayonun qaytarılmasına razılıq verib. Bu barədə həmin ölkənin hakimiyyətinin rəsmi mövqeyini təmsil edən şəxslər çəkinmədən danışırlar. Təəssüflə bildirməliyəm ki, indiyə qədər erməni tərəfi bu məsələyə rəsmi cavab verməyib. Ermənistan parlamentinin deputatı kimi mən Ermənistanın Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirlyinə rəsmi sorğu göndərməyə hazırlaşıram”.
Deputatın sözlərinə görə, Bakının KTMT-yə təsiri həmin qurumun üzvü olan Ermənistandan daha güclüdür: “KTMT bugünkü siyasi hakimiyyətə uyğunlaşdırılmış alətdir və bunun vasitəsilə Ermənistanın təhlükəsizliyi məsələsi həll edilə bilməz. Buna ən yaxşı sübut odur ki, KTMT-nin iclasının gedişatında KTMT üzvü olan heç bir dövlətin prezidenti aprel müharibəsindən danışmadı, baxmayaraq ki, Ermənistan bu qurumun tam hüquqlu üzvüdür. Buradan belə nəticə çıxarmaq olar ki, rəsmi Bakının KTMT-yə təsiri bizimkindən daha çoxdur”.
Ermənistan üçün KTMT-nin iclasında mühüm məsələlərdən biri də təşkilatın yeni baş katibinin erməni əsilli hərbçi olması ilə bağlı idi. Sabiq müdafiə naziri Seyran Ohanyanın bu postu tutacağı haqda isə hətta konkret məlumatlar da səslənirdi. Amma Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sammitdə iştirak etməməsi Yerevanın bu planlarının da üstündən xətt çəkdi. İclasda təşkilatın yeni baş katibi məsələsi müzakirə olunmayıb. KTMT-nin hazırkı rəhbəri Nikolay Bordyujanın sözlərinə görə, bu məsələnin müzakirəsi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sammittə qatılmaması ilə əlaqədar təxirə salınıb: “Bu məsələnin bütün prezidentlərin iştirakı ilə həll olunmasını nəzərə alan liderlər dekabrda görüşmək barədə razılığa gəliblər. Məhz onda, şuranın bütün iştirakçıları iclasda olduğu vaxt liderlər yekun qərar qəbul edəcəklər”.
“Aykakan Jamanak” qəzeti isə yazır ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik etməli idi. Lakin Nazarbayev bu planın üstündən xətt çəkib, halbuki, iclasda Qazaxıstanın Baş naziri iştirak edirdi. Yəni istək olsaydı, KTMT-nin baş katibi seçilə bilərdi, sadəcə bu vəzifənin hər hansı erməni hərbçiyə həvala olunmasına lüzum görülməyib.
ABŞ-ın “Stratfor” Mərkəzi: “Hərbi sammit Ermənistan üçün
əsl fiasko oldu”
ABŞ-ın “Stratfor” Qlobal Analitik Mərkəzi bütün bunları nəzərə alaraq yazır ki, oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən iclası Ermənistan üçün əsl fiasko olub. Mərkəzin təhlilində KTMT-nin sammitində əldə olunan razılaşmalara baxmayaraq, görüşün fiaskoya uğradığı, heç nə ilə yadda qalmadığı vurğulanır: “Daha əvvəl söhbətlər gəzirdi ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan təşkilatın yeni baş katibi təyin olunacaq. Bu təyinat strateji irəliləyişin siqnalı ola bilərdi. Buna baxmayaraq liderlər bu məsələnin müzakirəsini ilin sonuna qədər təxirə salmağa qərar verdilər”.
Təhlildə həmçinin görüşdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu qeyd edilib. Bildirilir ki, iclas iştirakçıları KTMT-nin üzvü olmayan Azərbaycanın öz torpaqlarını geri qaytarmaq cəhdlərinin qarşısının alınması ilə bağlı Ermənistanın çağırışlarını dəstəkləməyib: “Bundan əlavə, Yerevanda Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ danışıqlarında pozitiv rol oynaya bilməsi barədə bəyanat da səsləndirib, özü də bilə-bilə ki, Ermənistan buna qarşıdır”.
“1in.am”: “Müttəfiqlərimiz
bizi öz vətənimizdə
təhqir etdilər”
“1in.am” saytı isə yazır ki, əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan sammitində Serj Sarkisyan gülünc duruma düşdü və bunun ardınca Rusiya mediası Azərbaycan Prezidentindən geniş müsahibə götürməklə İlham Əliyevi şərəfə layiq gördü. Sayt yazır ki, bu durumda Ermənistanın müstəqilliyi sual altındadır: “Buna səbəb Ermənistan hakimiyyətinin davranışıdır”.
Qeyd olunur ki, Nazarbayev Azərbaycanla münasibətlərini pisləşdirməmək üçün Yerevana gəlməyib. Əvvəlcədən də məlum idi ki, onsuz Putin və Lukaşenko KTMT-yə yeni baş katib təyin etməyəcəklər: “Bununla Nazarbayev Ohanyanı KTMT-nin baş katibi görmək istəməyən rəsmi Bakının istəyini də yerinə yetirmiş oldu. Ermənilər məhz Ermənistanda alçaldılır və bu, həm də ona görə ikiqat təhqiramizdir ki, alçaldıcı hərəkətləri Ermənistanın KTMT üzrə müttəfiqləri edir”.
İşğlaçı ölkədə son hadisələrdən sonra yekdilliklə vurğulanır ki, bu vəziyyətdə Qarabağ cəbhəsində müharibə yenidən başlasa, Ermənistana heç bir kömək də olmayacaq. Elə bu da Ermənistanın Azərbaycan qarşısında yeni diplomatik, hərbi-siyasi məğlubiyyəti sayılır.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2016.- 21 oktyabr.- S. 1.