İstiqlalımızın mərhəmət təcəssümü

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il ötür. Müstəqil dövlət qurmaq uğrunda davamlı mübarizə aparan Azərbaycan xalqı yalnız ötən əsrin sonlarında bu müqəddəs arzusuna qovuşmaq imkanı qazanmışdır. Xalqın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. XX əsr tariximizin fenomen şəxsiyyəti Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: “Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxilixarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.

 

Mənəviyyatın zirvəsi

 

Tarix boyu sərt və çətin sınaqlarla üzləşən, istibdad altında yaşamağa məhkum olduğu vaxtlarda da xalqımız məhz ali mənəvi-əxlaqi keyfiyyətlərini, mənəvi dünyasından qaynaqlanan nəcib, saf duyğularını saxlamaq əzmi göstərməklə özünəməxsusluğunu, milli kimliyini qorumuşdur. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, nəcib və xeyirxah işlər görmək həm də xalqımızın tapındığı islami dəyərlərdən irəli gəlir. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxahhumanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparır.

Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ümumi şəkildə demək olar ki, fond fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır.

Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər. Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər. UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır.

Ötən 12 ildə Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Xalqın rifahına yönəlmiş humanitar layihələrin təşəbbüsçüsü və fəal icraçısı kimi məşhurlaşan fond, eyni zamanda cəmiyyətin tərəqqi və yüksəlişinə xidmət edən faydalı təklifləri dəstəkləməklə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafı ilə bağlı bir sıra mühüm layihələrə yardımçı olmuş, milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq keşikçisinə, alovlu təbliğatçısına çevrilmişdir.

Fondun əsas fəaliyyət istiqamətlərindən biri də cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafıdır. Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər həssas sosial təbəqələrin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları himayəsinə götürürlər. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqət çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən əsaslı dövlət kapital qoyuluşları xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filontropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.

Ümumiyyətlə, Heydər Əliyev Fondu prezidentinin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir.

 

Təhsilə və səhiyyəyə yüksək qayğı nümunəsi

 

Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə diqqət və qayğı nəticəsində əldə etdiyi də danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun 12 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin mərhələlərlə aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda maarifçiliyə ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının da bu istiqamətdə səfərbər olunmasına yönəlmişdir.

Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Fondun rəhbərliyi haqlı olaraq bildirir ki, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində təkcə 2005-ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda bir ildə bu qədər məktəb tikilməmişdir. Sovet dövrünün rekordu ildə 110 məktəb olmuş, bunların da əksəriyyəti şəhərlərdə tikilmişdir. Fəqət, Heydər Əliyev Fondu bu fantastik göstəriciyə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Son illər fondun xətti ilə inşa edilmiş 300-dən çox müasir tipli məktəb lazımi avadanlıq, istilik sistemi, zəngin kitabxanakompüter avadanlığı ilə təchiz olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, fond bu xeyirxah ənənəni ölkə hüdudlarından kənarda da davam etdirərək Pakistan, RusiyaGürcüstanda müasir tipli yeni məktəblərin inşasını öz üzərinə götürmüşdür.

Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla UNESCO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən “Təhsil hamı üçün” proqramını, “Assosiativ məktəblər”, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər UNESCO ekspertləri dəfələrlə Azərbaycanda olaraq məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar.

Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir.

Fondun həyata keçirdiyi səhiyyə layihələri 2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud problemləri daha yaxşı görməklə ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Qurumun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biriDiabetli uşaqlara ən yüksək qayğı” layihəsi olmuşdur. Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

“Talassemiyasız həyat naminə” layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.

2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşa edilməsi isə uşaqların müayinə və müalicəsi üçün geniş imkanlar açır. Bundan başqa, son illər fondun xətti ilə Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, Şüvalan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuşmüasir avadanlıqla təchiz olunmuşdur. Almaniyanın “Fresenius Medical Care” şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və “Storz” şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın “Servye” şirkəti tərəfindən fonda verilmişDiabeton MR” preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərən Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da öz sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.

 

Azərbaycanı dünyada uğurla təbliğ edən fond

 

Heydər Əliyev Fondu ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. 2009-cu ildə aşıq sənətinin, habelə Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də fondun bu sahədəki əzmkar fəaliyyətinin nəticəsidir. Eyni zamanda Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli “mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi vacibaktual problem kimi önə çıxır. Ötən 12 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nunDünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin cüzi qismidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Tarixi mədəniyyət abidələrinin təmiri və bərpasına göstərdiyi kömək də Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal layihələr sırasındadır. Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi mütərəqqi layihələrdəndir.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmlə rəhbərlik edən Mehriban Əliyeva nəinki Azərbaycanda, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illərdə fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs PyotrMarsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib.

2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaçordeni ilə təltif olunmuşdur.

Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur. 2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də isə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin mayında Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellencexüsusi fəxri mükafatı ilə təltif olunub.

2015-ci ildə isə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistanordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə sərəncam imzalamışdır. “Hilal-e PakistanPakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistanordeni ilə təltif olunan ilk birinci xanımdır. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.

2016-cı il yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilmişdir.

Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən bu qlobal layihələr, şübhəsiz ki, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 21 oktyabr.- S. 6.