Regional inkişaf yeni keyfiyyət mərhələsinə qədəm
qoyur
Prezident İlham
Əliyevin respublikamızın qərb bölgəsinə səfərinin
yekunları bir daha təsdiq
etdi ki, ölkəmiz
davamlı yüksəliş və quruculuq
yolundadır
Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini geridə qoyan respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə, öz yolu ilə inamla addımlamasıdır. Xüsusən beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Əsas vəzifələr
iqtisadiyyatı şaxələndirmək, ixrac
imkanlarını genişləndirməkdir
Görünən odur ki, dünyada qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi ötən 2-3 ildə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib. Bu mənada inkişafın Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər. Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələsində qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişafına nail olmaq, ixrac və rəqabət imkanlarını genişləndirməkdir.
Ona görə hələ ötən ilin sonlarından başlayaraq ÜDM-in azalmasının qarşısının alınmasına xidmət edəcək antiböhran xarakterli xüsusi tədbirlərin, ən əsası, gələcək neqativ ssenarilərə qarşı qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsinə start verildi. Bu istiqamətdə əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, investisiya qoyuluşunu sürətləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, beləliklə, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.
İnfrastrukturun yenilənməsi, abadlıq və
quruculuq işləri daim
diqqət mərkəzindədir
İnkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Reallıq da göstərir ki, dayanıqlı inkişaf, ilk növbədə, infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Ölkə başçısı İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.
Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri regionların infrastrukturunun müasir standartlara uyğun yenidən qurulduğunu göstərdi. Yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilən Qazax-Kosalar avtomobil yolu, “Daş Salahlı” yarımstansiyası əhalinin rahat gediş-gəlişinə və bölgənin elektrik enerjisi ilə təminatına mühüm töhfələrdir.
Prezidentin bu səfəri həm də abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini, insanların mədəni istirahətlərinin, o cümlədən gənc nəslin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Bu mənada dövlət başçısının açılışında iştirak etdiyi və tanış olduğu Tarix-Diyarşünaslıq Muzeyi, Musiqi Mərkəzi, Mədəniyyət Mərkəzi kimi obyektlər həm də ondan xəbər verir ki, Azərbaycanda mədəniyyət sahəsinə, tariximizin yaşadılmasına dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasında, müasir dövlətçiliyimizin qurulmasında, respublikamızın inkişafında, beynəlxalq aləmdə öz layiqli yerini tutmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədilə onun adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlər bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Prezident İlham Əliyevin əsaslı şəkildə təmirdən sonra açılışında iştirak etdiyi Heydər Əliyev Mərkəzi xüsusi rola malikdir.
Həyata
keçirilən islahatlar öz
bəhrəsini verir
Son dövrlər həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına yönəlib. Nəticə etibarilə bunlar qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı istehsalının artırılmasına, bir sözlə, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət edir.
Təbii ki, bu zaman regionlarda mövcud olan əmək ehtiyatlarını hərəkətə gətirmək, əhalinin məşğulluğunu təmin etmək, rayonların təbii və iqtisadi potensialından səmərəli istifadə qarşıya qoyulan əsas vəzifələrdir. Bu mənada Prezident
İlham Əliyevin qərb rayonlarına səfəri ölkəmizin inkişaf strategiyasının yerlərdə uğurla reallaşdığını, sahibkarlıq fəaliyyəti üçün münbit imkanların olduğunu bir daha təsdiq etdi. Prezidentin tanış olduğu “Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti, açılışında iştirak etdiyi “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələr və istixana kompleksi, təməli qoyulan taxıl və un məmulatları istehsalı kombinatı ölkəmizdə mütərəqqi inkişaf siyasətinin həyata keçirilməsinin, əlverişli biznes mühitinin yaradılmasının bariz nümunələridir.
Bu müəssisələrin hər biri yeni iş yerləri, əhalinin dolanışığının təmin olunması deməkdir. Yeni istehsal obyektləri həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafının bariz təcəssümüdür. Ölkə Prezidentinin başlatdığı yeni islahatların qayəsində də məhz bu amil dayanır. “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılış mərasimində Prezident
İlham Əliyev regionlarımızda belə müəssisələrin açılmasından razılığını ifadə edərək deyib: “Burada kənd təsərrüfatının inkişafı geniş vüsət alacaq. Yaradılan bu istixanalarda çox gözəl məhsul yetişdiriləcək. Bu məhsul ixrac ediləcək, ölkəmizə valyuta gələcək. Yəni bu işlər bu gün bizim üçün prioritet məsələlərdir. Biz kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin etməliyik ki, gələcəkdə həm daxili tələbatı yerli istehsalla təmin edək, eyni zamanda bizim çox böyük ixrac imkanlarımız olsun. Burada istehsal olunacaq sənaye məhsulları həm daxili bazara çıxarılacaq, həm xaricə ixrac ediləcək. Kənd təsərrüfatı məhsulları da, həmçinin daxili bazarı təmin edəcək və xaricə də satılacaq. Şadam ki, bizim regionlarımızda belə gözəl işlər görülür”.
Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri son illər qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir. Bu mənada Prezident İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri də göstərdi ki, Azərbaycanın ahəngdar inkişafı üçün bütün addımlar atılır. Beləliklə, Prezident İlham Əliyevin səfər proqramı bir daha ölkəmizin inkişaf və quruculuq yolunda olduğunu təsdiq etdi.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 1,
3.