Dünya İdman və
Mədəniyyət Forumu təcrübə
mübadiləsi və ikitərəfli müzakirələr üçün əlverişli şərait
yaradıb
Tokioda
keçirilən Dünya İdman və Mədəniyyət
Forumu oktyabrın 21-də işini davam etdirib. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov həmin gün təşkil olunan idman nazirlərinin
görüşündə iştirak edib. Foruma qatılan müxtəlif ölkələrin idman nazirlərinin görüşündə
əsasən üç
istiqamətdə - “İnkişaf
və sülh üçün idman”, “İdman hamı üçün” və “İdmanda ləyaqət“ mövzularında məruzələr
dinlənilib, fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində
Azərbaycan nümayəndə
heyətinin müvafiq
beynəlxalq idman təşkilatlarının rəhbərləri
və bir sıra ölkələrin
idman nazirləri ilə ikitərəfli görüşləri keçirilib.
Tədbirin əhəmiyyəti barədə
fikirlərini AZƏRTAC-ın
Yaponiyadakı xüsusi
müxbiri ilə bölüşən nazir
Azad Rəhimov bildirib:
“İlk dəfə keçirilən Dünya İdman və Mədəniyyət Forumu layihəsinin proqramı çox maraqlıdır. Belə ki, həmin
proqram bizə Yaponiyanın həm idman, həm də mədəniyyət
sahələri ilə
yaxından tanış
olmaq imkanı yaratdı. Bildiyiniz kimi, növbəti
Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək.
Forum zamanı həm idman, həm mədəniyyət
obyektləri ilə tanışlıq, həm
də ikitərəfli
danışıqların aparılması
üçün yeni imkan yarandı. Gələn il
Bakıda keçiriləcək
IV İslam Həmrəyliyi
Oyunları ilə bağlı da ikitərəfli görüşlər
və maraq doğuran məsələlərin
müzakirəsi üçün
yaxşı imkan oldu. Bu imkandan istifadə edərək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax, Dünya Anti-Dopinq Agentliyinin prezidenti Kreyq Riidi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti
Şeyx Əl-Səud
ilə görüşdük
və müvafiq müzakirələr apardıq.
Bu baxımdan həmin layihə, bizim nümayəndə heyətinin burada iştirakı, düşünürəm
ki, Azərbaycan üçün həm təcrübə mübadiləsi,
həm də ikitərəfli müzakirələr
üçün çox
maraqlı və əlverişli imkan yaratdı”.
Dörd gün davam edəcək forumda, həmçinin nazirliyin beynəlxalq əlaqələr
şöbəsinin müdiri
İlham Mədətov,
Azərbaycanın Yaponiyadakı
səfiri Gürsel İsmayılzadə və
digərləri iştirak
ediblər.
Oktyabrın 22-də Forum bir sıra ölkələrin
idman nazirlikləri arasında ikitərəfli
əməkdaşlıq barədə
memorandumların imzalanması
ilə başa çatacaq.
Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 3.