Azərbaycan Avropanın yeni idman tarixini yazdı

 

Gənclərə göstərilən qayğı və diqqət əvəzsizdir

 

Müstəqil Azərbaycan dövlətinin idman siyasətinin əsası 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdən başlayaraq idmanın inkişafı üçün dövlət səviyyəsində əməli işlər görülməyə başladı.

Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Həm bu, həm də ölkənin müharibəyə cəlb olunması, torpaqlarımızın işğal edilməsi respublika idmanını xeyli geriyə atdı. 1990-1993-cü illərdə idmanımız ətalət məngənəsində idi, başlı-başına buraxılmışdı. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü, onlardan təyinatı üzrə istifadə olunmurdu, idman avadanlığı və ləvazimatları dağıdılırdı.

Yüksək ustalığa malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət dəyişdi. İdman qurğuları bərpa edildi, onlardan təyinatı üzrə istifadə edilməsinə başlandı.

Xalqımızın ümummilli lideri idmanın və olimpiya hərəkatının inkişafına həmişə böyük diqqətlə yanaşmışdır. 1994-cü ildə Prezidentin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin qarşısında qoyulan vəzifələr ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsi, habelə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məsələlərini tam əhatə edirdi.

Müstəqillik illərində əldə olunan nailiyyətlərə nəzər saldıqda bir daha əmin oluruq ki, Azərbaycan dövlətinin bu sahələrə göstərdiyi qayğı və diqqət əvəzsizdir.

Gənclər siyasətinin inkişafı müasir Azərbaycan dövlətinin banisinin ölkəmizin gələcəyinə böyük inamının rəmzi kimi də dəyərləndirilməlidir.

1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə keçirilən müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu respublikanın hər yerində gənclərlə aparılan işin xeyli canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların “Qızıl kitabı”nın təsis edilməsi, təqvimə “Azərbaycan Gəncləri Günü”nün daxil olması, hər üç ildən bir gənclər forumunun keçirilməsi, “Dövlət Gənclər siyasəti haqqında” fərmanın imzalanması, “Gənclər siyasəti haqqında” qanun və digər tədbirlər gənclərin təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı.

Ölkənin taleyüklü məsələlərində gəncliyin sözü və birliyi aparıcı, həlledici bir amilə çevrilmişdir. Hazırda gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə fəal çalışır, ölkəmizi şərəflə təmsil edirlər.

Gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət qurumlarından, ölkələrarası mübadilə proqramlarından, intellektual bilik yarışlarından gəlir.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan yol 2003-cü ildə ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinin layiqli davamçısı kimi hakimiyyətə gələn Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə yeni məcraya qədəm qoydu. İqtisadi layihələrin təntənəsi Azərbaycanın inkişaf və tərəqqisini, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini təmin etdi.

1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan idmançıların və gəncliyin himayədarına çevrilmiş İlham Əliyevin siyasi-iqtisadi və sosial mənəvi layihələrində idman və gənclik mövzuları xüsusi yer tutur.

2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın gənclər siyasətinin müasir dövrdəki prioritet vəzifələrin müəyyən edilməsi, proqramın həyata keçirilməsi baxımından mühüm rol oynamışdır.

2007-ci ilin “Gənclər ili” elan edilməsi Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi dövlət siyasəində gənclik mövzusunun nə dərəcədə aktual və əhəmiyyətli olduğunu bir daha təsdiqləmişdir. İlham Əliyev gənclər qarşısında çıxışlarının birində demişdir: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Paytaxtda və bir çox bölgələrdə gənclər mərkəzlərinin açılışı zamanı Prezidentin gənclərlə keçirdiyi görüşlər, onlarla apardığı fikir mübadiləsi, verdiyi dəyərli tövsiyələr hər bir gəncin həyatında unudulmaz tarixi hadisəyə çevrilmişdir.

2011-ci ildə Prezidentin sərəncamı ilə Gənclər Fondunun yaradılması da mühüm əhəmiyyətə malikdir. Bu fond təkcə ölkə ərazisində deyil, həm də beynəlxalq səviyyəli layihələri dəstəkləyir. Bu təcrübə hətta bir sıra aparıcı dövlətlərdə də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da gənclərdən öz diqqət və qayğısını əsirgəmir. Onun sədrliyi ilə Bakıda “Gənclərin məşğulluq sammiti” uğurla həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiya Federasiyasında yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gətirilərək diaspor və lobbiçilik işinə cəlb olunmasında, onların fəaliyyətlərinin əlaqələndirilməsində, gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsində, onları maraqlandıran mövzularda diskussiyaların və müzakirələrin aparılmasında xüsusi rol oynayır.

Bu illər ərzində gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onların fundamental elmi-tədqiqat işlərinin səmərəli aparılması, yaradıcılıq potensialının artırılması istiqamətində bir çox tədbirlər görülmüşdür. Bunların arasında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası, MDB-yə üzv ölkələrdən olan ali məktəb tələbələri arasında “İdeya var” elmi-yaradıcılıq müsabiqə festivalı, gənc alimlərin I və II İnnovativ ideya yarmarkaları, “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransı, “Avropa məkanında yeni çağırışlar: gənc alimlərin beynəlxalq Bakı Forumu”, “Dünya gənc alimlərinin beynəlxalq Bakı Forumu”nu qeyd etmək olar.

Ötən il Azərbaycan Prezidenti tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” imzalanmışdır. Dünyanın çox az sayda ölkəsində əhalinin ən dinamik qrupu üçün belə uzunmüddətli strateji sənəd mövcuddur. Strategiyanın qəbul edilməsi ilk növbədə ölkədə yaradılmış dayanıqlı inkişafı, gələcək hədəflərin aydın təsvirini və dövlətin bu sahəyə olan münasibətini əks etdirir.

2015-ci ildə gənclər siyasətinin infrastrukturu genişlənmişdir. Belə ki, İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində növbəti “Gənclər evi” istifadəyə verilmişdir. Hazırda ölkədə 40-a yaxın “Gənclər evi” və “Gənclər Mərkəzi” istifadəyə verilmişdir.

Gənclərin yaradıcılıq və təşəbbüskarlığını stimullaşdırmaq və qiymətləndirmək məqsədilə 2 fevral 2015-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim edilmişdir.

Gənclər arasında tariximizin, milli adət-ənənələrimizin, mədəni köklərin daha yaxşı öyrənilməsi və vətənpərvərlik ruhunun yüksəlməsi məqsədilə “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “açıq səma altında teatr” formatında “Mədəni irs: Novruz” Gənclər Festivalı, İsmayıllı rayonunda isə etno-irs günləri keçirilmişdir.

Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə “Tarixin canlı səhifələri” adlı lII Gənclər Festivalı keçirilmişdir. “Tarixi rekonstruksiya” formatında təşkil edilmiş festivalın səhnəsində 250 nəfərə yaxın gənc iştirak etmişdir. Layihədə azərbaycanlı döyüşçülərin Böyük Qələbəyə verdikləri töhfələr işıqlandırılmış, şərəf dolu tarixi döyüş səhnələri tamaşaçılar qarşısında canlandırılmışdır.

Sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrə dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə Bakının Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində dörd növbədə yay düşərgələri təşkil edilmişdir. Düşərgələrdə ümumilikdə 420 nəfər aztəminatlı ailələrdən olan, Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan, sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin mənalı istirahəti təmin edilmişdir.

Tələbə və gənclərin diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində təcrübi biliklər və bacarıqlarını artırmaq məqsədilə Daşkəsən rayonunda yerləşən Gənclərin İstirahət və Təlim Mərkəzində BMT Modeli üzrə Yay Məktəbi keçirilmişdir. Tədbirdə 9 ali məktəbdən 80-dən artıq gənc iştirak etmişdir.

Azərbaycanda böyük beynəlxalq tədbirlərin keçirilməsi gənclər arasında könüllülər hərəkatının inkişafına təkan vermişdir. I Avropa Oyunlarına qısa müddətdə 17 minədək gənc könüllü olaraq qatılmış, onların hazırlığı aparılmışdır. Könüllülər üzərinə düşən vəzifələri böyük məsuliyyət və ruh yüksəkliyi ilə icra etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Gənclər və İdman Nazirliyi strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etməli və strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə Dövlət Proqramı” hazırlanmışdır. İdarə və müəssisələrdə, təhsil ocaqlarında gənclərin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi mövzularında müzakirələr aparılmışdır.

Eyni zamanda gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, onlar arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin, mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsindən söhbət açılmışdır.

Müzakirələr zamanı, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, gənclərin İKT-dən səmərəli istifadəsinə şərait yaradılması, yeniyetmə və gənclər üçün maarifləndirici televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili və digər mövzulara toxunulmuşdur.

1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş İlham Əliyevin bu sahədəki fəaliyyəti səmərəsini və bəhrəsini verir. MOK-un rəhbəri kimi o, ilk günlərdən idman ehtiyatlarını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman qurumları arasında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında ölkədə bu sahənin tərəqqisinə xidmət etməsi işinə başladı. Məhz bunlar Azərbaycan idmanının və olimpiya hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına real imkanlar yaratdı. İdmançılarla şəxsi görüşlər, onların problemlərinin həlli yüksək məqsədlər uğrunda mübarizə əzmini artırdı, onları hər bir yarışa məsuliyyətlə hazırlaşmağa sövq etdi.

2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları ilə bu nailiyyətlərin memarı kimi İlham Əliyevin liderlik rolu təsdiqlənmiş, onun dövlətimiz naminə fəaliyyətinin potensial imkanlarını bir daha nümayiş etdirmişdir.

1996-cı ildə Atlanta Olimpiadasında 23 iştirakçıdan ibarət komandanın nailiyyəti bir gümüş medal idisə, 4 il sonra Avstraliyada 31 idmançı heyətlə 2 qızıl və 1 bürünc medal əldə edilmişdir. Həmin illər Azərbaycan bədən tərbiyəsinin və idmanının dönüş nöqtəsi, intibah dövrünün başlanğıcı oldu.

Bundan sonra 2004-cü ildə Afinada 38 idmançı ilə 6 medal, o cümlədən 1 qızıl qazanılmış, 2008-ci ildə Pekində 44 iştirakçı ilə medallarımızın sayı biri qızıl olmaqla 7-yə çatmışdır.

2012-ci il London Yay Olimpiya Oyunları daha bir keyfiyyəti ilə fərqlənmişdir. Belə ki, idmançılarımız rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazanmışdılar.

Nəhayət, 2016-cı il Rio-de-Janeyro Olimpiadasında idmançılarımız 18 medal qazanmaqla yeni rekord təyin etmişlər. Bunların 1-i qızıl, 7-si gümüş, 10-u bürünc idi.

Azərbaycan tək olimpiya deyil, paralimpiya hərəkatında da böyük uğurlara nail olmuşdur. Son 12 ildə Afina, Pekin, London və Rio-de-Janeyroda da keçirilən 4 paralimpiya oyunlarında idmançılarımız 37 medal qazanmışlar. Bunların 9-u qızıl, 17-si gümüş və 11-i bürüncdür.

1998-ci ildən ölkəmiz mütəmadi olaraq qış olimpiya oyunlarında da təmsil olunmuşdur. Azərbaycanda qış idmanı növlərinin inkişafı üçün müvafiq maddi-texniki bazanın yaradılması davam edir.

Əldə olunan idman nailiyyətlərinə gəlincə qeyd edək ki, 1992-ci ildə cəmi 23 medal qazanılmışdısa, növbəti 10 il ərzində bu rəqəm 175-ə çatmışdır. Sonrakı illərdə də idman uğurları həm medal sayı, həm də növ çeşidi artmaqla davam etmişdir.

Qeyd edək ki, müstəqillik illərində Azərbaycan idmançıları dünya, Avropa çempionatları, olimpiya və paralimpiya oyunları, habelə digər mötəbər yarışlarda 6 minə yaxın müxtəlif əyarlı medal qazanmışlar. Dünyanın bir çox ölkəsinin idman arenalarında Azərbaycanın bayrağı yüksəlmiş, himnimiz səsləndirilmişdir.

Ölkəmiz artıq ən böyük və nüfuzlu yarışlara evsahibliyi etmək iqtidarında olduğunu nümayiş etdirmişdir.

Ötən il Bakıda ilk Avropa Oyunları keçirilmişdir. Oyunların açılış və bağlanış mərasimləri, habelə bir neçə yarış yeni inşa olunmuş 68 min tamaşaçı tutumu olan Milli Olimpiya Stadionunda baş tutmuşdur.

Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanmış və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri tutaraq tarixi qələbəyə imza atmışdır. İdmançılarımızın bundan əvvəl keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı uğurlarla müqayisə onu göstərir ki, I Avropa Oyunlarında komandamız yeni keyfiyyət səviyyəsinə qalxdı. London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması Avropa ölkələri arasında 15-ci yerə yüksəlmişdisə, “Bakı-2015”-də onlar gərgin mübarizədə daha yüksək - 2-ci pillədə yerini qoruyub saxlaya bildilər.

“Bakı-2015” bütün qitəni sülh, ədalətli mübarizə və dostluq ruhunda birləşdirən möhtəşəm idman bayramı olmuşdur. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın hazırlıq prosesində bütün mərhələ və istiqamətlərdə şəxsən iştirakı və rəhbərliyi sayəsində I Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilmişdir. Avropa oyunlarının keçirilməsi Azərbaycan dövləti və xalqı üçün əvəzedilməz və gələcəkdə istifadə oluna biləcək təcrübə qazandırdı, böyük idman və mədəni irs qoydu. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.

Azərbaycan bu tarixi hadisə ilə gələcək Avropa oyunlarının standartlarını - ən yüksək standartları müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi.

Bu il ölkəmiz daha iki möhtəşəm idman turnirinə - “Formula-1” Avropa Qran-Pri yarışlarına və 42-ci Ümumdünya Şahmat Oyunları Olimpiadasına evsahibliyi etmişdir. Gələn il Bakı IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının 4 görüşünü qəbul edəcək.

Ölkənin bütün regionlarında idmanın inkişafı üçün dövlət başçısının tapşırığı ilə gördüyü işlər, tikilən müasir idman kompleksləri bəhrəsini verməkdədir.

Azərbaycanın nümunəsi, qısa zaman kəsiyində dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsi dövlətin idmana qayğısının münasib modeli kimi öyrənilməyə layiqdir. Azərbaycan məhz müstəqil olduğu dövrdə dünyada tanınan idman ölkəsinə çevrilmişdir.

Əminliklə demək olar ki, ölkə rəhbərliyinin bundan sonrakı fəaliyyətində də sağlam gənclik və bədən tərbiyəsinin kütləviliyi, beynəlxalq idman yarışlarında qazanılan uğurlar prioritet istiqamət təşkil edəcək.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 4.