Ziyalılıqla elmiliyin vəhdəti

 

Xalqının firavan gələcəyi naminə yaşayıb yaradan, yeni elmi idraklar yetişdirən alim ömrü şərəfli sayılır. Çünki onlar öz fəaliyyətləri dövründə genişmiqyaslı, titanik işlərin həllinə nail olur, dünya elmini düşündürən problemlərin tədqiqini aparır, dəyərli kəşf və ixtiranın dərin nəzəri, praktiki, eləcə də fəlsəfi həllini verirlər. İntellekti, tədqiqatçılıq bacarığı, elmi potensialı, güclü məntiqi və nəhayət, alicənablığı və xeyirxahlığı ilə elmi ictimaiyyətə yaxşı tanış olan professor Rafiq Hüseynov da belələrindəndir. Bunu onun elmi potensialı ilə yaxından tanış olanlar deyir: “O, xalqımızın adını uca tutan ziyalılarımızdandır”.

Şəxsiyyət kimi elmi nailiyyətlərinin fövqündə görünən alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində gərgin zəhməti və böyük istedadı durur. Fəaliyyət sahəsi geniş, maraq dairəsi qlobal olan professoru məşğul olduğu elmin bütün problemləri maraqlandırır. Elə bu mənada da Rafiq Hüseynov tanınmış alim, görkəmli tədqiqatçıdır.

Ömür, əlbəttə, illərin sayı ilə deyil, hər kəsin işi, fəaliyyəti, əməli və hansı məqsədlərlə yaşaması baxımından dəyərli olur. Rafiq Hüseynovun arxada qoyduğu illər də mənalı bir ömürdən, elmə, yüksək amallara sərf edilmiş həyatdan xəbər verir. O, 1946-cı il oktyabr ayının 22-də Azərbaycanın dilbər guşələrindən olan, ziyalıları, alimtarixi şəxsiyyətləri, maarifçilik ənənələri ilə tanınan qədim Şəkidə dünyaya göz açıb. Atası Qurban Hüseynov dövrünün tanınmış ziyalılarından olub. Şəkidə ibtidai, Bakıda isə orta məktəbi yüksək qiymətlərlə başa vurub.

O, 1963-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakültəsinə əlvan metalların metallurgiyası ixtisası üzrə daxil olub. Onun çalışqanlığı, dərslərə ciddi hazırlığı qısa zamanda müsbət nəticəsini verdiali təhsil yollarında daha məsuliyyətli və ciddi olmağa zəmin yaratdı. Bu illərdə o, respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlarda çıxış etdi, maraqlı təkliflər irəli sürdü.

1968-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirən Rafiq Hüseynov təyinatla Novokuznetsk Metallurgiya Kombinatına göndərilib. Burada o, mühəndis-metallurq kimi ilk əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra vətənə qayıdıb. Bakı Əlvan Metalların Emalı Zavodunda mühəndis, baş usta-texnoloq, sex rəisi vəzifələrində çalışıb, zəngin təcrübəsi qazanıb. Elmi araşdırmalara böyük maraq göstərdiyini görən müəllimləri onu təhsil aldığı ali məktəbə dəvət ediblər. O, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutununMetallar texnologiyası və metalşünaslıq” kafedrasına gəlib, laborant, assistent vəzifələrində işləyib.

1971-1974-cü illərdə R.Hüseynov Moskva Kimya Maşınqayırma İnstitutunun əyani aspiranturasını bitirib. Namizədlik dissertasiyasını müdafiə edərək yenidən doğma instituta qayıdıb. Baş müəllim və dosent vəzifələrində çalışıb. Bir müddətdən sonra institutda dekan müavini, fakültə partiya təşkilatının katibi işləyib. 1981-1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin xarici dillər və Fransada ixtisasartırma kurslarını əla qiymətlərlə bitirən R.Hüseynov 1985-1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasına ezam olunuborada Yüngül Sənaye İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Rafiq müəllim bu illər ərzində öz tədqiqatlarını peşəkarcasına, həm də konstruktiv elmi-sosioloji müddəalar əsasında yerinə yetirib. Hər yerdə aydın, məntiqli, elmi əsaslara söykənən fikrini deyir, şərh tələb edən problemlərin yığcam şəkildə izahını verməyi bacarırdı. Axı bilik, məlumat başqadır, fitri isredad, məntiq isə tamamilə fərqli xüsusiyyətdir.

Sonrakı illərdə doktorluq dissertasiyasını başa çatdırıb. 1992-ci ildə Moskva Avtomobil Yolları İnstitutunda (MADİ) dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb və professor adına layiq görülüb. Professor R.Hüseynov 1995-2015-ci illərdə Azərbaycan Texniki UniversitetininKonstruksiyakompozisiya materiallarının texnologiyası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Texniki UniversitetininKonstruksiya materialları” kafedrasının professorudur. Doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə xüsusi elmi şuranın üzvüdür. Bir çox dərsliyin (3-ü fransız dilində nəşr olunmuşdur), 170-dən çox elmi məqalənin, 8 patentin və 14 elmi ixtiranın müəllifidir. Neft-qaz-kimya, zirehli texnika, ağır maşınqayırma və digər sənaye sahələrində tətbiq edilmiş bir çox konstruksiya poladlarının yaradıcılarındandır. Professor R.Hüseynov Respublika Gənc Alimlər Şurasının sədri olub. Hacı Zeynalabdin Tağıyev adına respublika milli mükafatına və qızıl medalına, iki dəfə ümumittifaq komsomolunun “Əmək rəşadətinə görə” medallarına, SSRİ və Azərbaycan Ali təhsil nazirliklərinin fəxri fərmanlarına layiq görülüb. Professor Rafiq Hüseynov respublikamızda müdafiə sənayesinin inkişafında xüsusi xidmətlərinə görə 2015-ci ilin dekabr ayında respublika Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. O, Moskvada keçirilən Ümumittifaq komsomolunun XVlll-ci qurultayına respublikamızdan nümayəndə seçilib. Komsomol mükafatı laureatıdır. SSRİ EA-nın yubiley medalına layiq görülüb.

Alimin xidmətlərindən biridövrün dəyərli mütəxəssislərinin hazırlanması, gənc kadrların ixtisasının artırılması məsələlərinə xüsusi diqqət ayırması ilə bağlıdır, O, yetirmələrinə həmişə böyük inam bəsləyir. Bu da elmi problemlərin həllində, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara psixoloji cəhətdən böyük kömək olur. Professor R.Hüseynov gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına və onların yaxşı alim, tədqiqatçı kimi yetişməsinə səylə çalışır. Aktual fikirləri, cəsarətli təşəbbüsləri ilə aspirant və tələbələrə yol açan alim onlarda olan yenilik hisslərini həmişə yüksək qiymətləndirir. Rafiq müəllimin təşəbbüsü və yaxından iştirakı ilə görkəmli şəkili alim və ziyalıların, dövlət xadimlərinin tərcümeyi-halları və onlar haqqında bioqrafik tarixi materiallar toplanaraq iki cilddə nəfis şəkildə çap olunmuşdur. Professor “Şəki Ziyalılar və Xeyriyyə Cəmiyyəti”nin sədri kimi həmyerlilərinin sosial-iqtisadi problemlərinin də həllində öz köməyini əsirgəmir.

Məlumdur ki, xalqımız artıq neçə illərdir erməni təcavüzünə məruz qalıb. Azərbaycan həqiqətləri artıq dünyaya dərk olunacaq dərəcədə çatdırılır və beynəlxalq aləm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bizim haqlı tərəf olduğumuzu yaxşı başa düşür. Ancaq güc nisbətini xeyrimizə dəyişdirəcək amillər sırasında milli hərbi sənayemizin inkişafı məsələsi çox vacibdir. Bu baxımdan Rafiq müəllimin yüksək səviyyədə yerinə yetirdiyi dissertasiya işinin aktuallığı xüsusi vurğulanmalıdır. Onun doktorluq dissertasiyasının müzakirəsi zamanı akademik A.P.Qulyayev Rafiq Hüseynovla 20 illik birgə fəaliyyətini təhlil edərək, onu hərbi və xüsusi maşınqayırma sənaye sahələrində perspektivligeniş diapazonlu milli kadr kimi dəyərləndirib. Texnika elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı M.Y.Laxtin isə Rafiq Hüseynovun nəinki Azərbaycanda, eləcə də Zaqafqaziyada görkəmli materialşünas alim olduğunu xüsusi qeyd edib. Professor R.Hüseynov təkcə respublikamızda deyil, xarici ölkələrdə də yaxşı tanınır, materialşünaslıq sahəsində apardığı tədqiqatları yüksək dəyərləndirilir.

Keçmiş SSRİ-də ilk dəfə zireh poladlarının işlənib hazırlanmasında yeni bir istiqamət seçən, bu poladlarda çox baha başa gələn defisit legirləyici elementləri daha ucuzasan tapılan mikrolegirləyici elementlərlə əvəz edən Rafiq Hüseynovun haqqında hərbi sənaye sahəsində tanınmış professor U.A.Başnin və başqaları da yüksək fikirlər söyləmişlər. Professorun taleyi elə gətirmişdir ki, o, uzun illər xaricdə - Rusiyada, Ukraynada, Əlcəzairdə işləmiş, öz vətənini ləyaqətlə təmsil etmişdir.

Xalqımızın belə elm adamlarına və ziyalılara daim ehtiyacı olub. Çünki layiqincə təmsil etdiyi xalqının başını həmişə uca edən elm xadimlərinin elmi kəşfləri onları dünyada məşhurlaşdırır. Rafiq müəllim elmi potensialını təcrübəyə yönəldən və xalq təsərrüfatının müəyyən sahəsinin inkişafına həsr edən alimlərimizdəndir. 2007-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elm, İnnovasiyaİnformsiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışan professor Rafiq Hüseynovun ötən ilin oktyabr ayında Moskvada keçirilən “Kosmosdan sülh məqsədləri üçün istifadə” adlı beynəlxalq konfransda onun bu sahədəki səmərəli fəaliyyəti müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir.

Professor Rafiq Hüseynov “Azərkosmos” QSC-nin işçi qrupunun üzvü və hər il MDB ölkələrinin birində keçirilən “Kosmosdan sülh məqsədləri üçün istifadə” adlı beynəlxalq konfransın Azərbaycandan daimi nümayəndəsidir.

Respublika Müdafiə Sənayesi Nazirliyində fəaliyyət göstərən Elmi-Texniki Xüsusi Şuranın elmi katibi vəzifəsində çalışan professor Rafiq Hüseynov, eyni zamanda bu sahədə dissertasiya işi yerinə yetirən doktorantların elmi rəhbəridir.

Zəngin həyat təcrübəsinə malik, geniş elmi potensiallı professor Rafiq Hüseynov daim axtarışda olanelmi prosesə yaradıcı yanaşan xoşməramlı alimdir. Alim kimi onun dəst-xəttinin sirri çevik və dərin məntiqində, hadisələrə obyektiv yanaşmasında və konstruktiv ümumiləşdirmələrindədir. Professor Rafiq Hüseynovun yetmiş illik həyatı ziyalılıqla elmiliyin vəhdətinin bariz ifadəsidir. Bu günyorulmaz fəaliyyəti və işgüzarlığı ilə nümunəyə çevrilən 70 yaşlı alimə elmin əlçatmazlığına aparan yolda daha yüksək zirvələri fəth etməsini arzulayırıq.

 

Dilqəm TAĞIYEV,

AMEA-nın KatalizQeyri-Üzvi Kimya

Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 7.