Bədxassəli şişlərdən
əziyyət çəkənlərin pulsuz yardım
almaları üçün tam hüquqi zəmin
yaradılıb
Oktyabrın
21-də Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya
günləri öz işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin
və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin
(MOM) təşəbbüsü ilə keçirilən
konqresdə onkoloji xəstəliklərin diaqnostikası və
müalicəsinin ən aktual problemləri, habelə müasir
onkologiyanın qarşısında duran vəzifələr
müzakirə edilir.
Açılış
mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin
baş direktorunun birinci müavini, professor Əziz Əliyev
konqresin işinə uğurlar arzulayıb. “İnanıram ki,
artıq ölkəmizdə ikinci dəfə keçirilən
konqresdə Türkiyə və Azərbaycan onkoloqları
müxtəlif mövzular üzrə maraqlı fikir mübadiləsi
aparacaqlar. Bu da onkologiya sahəsində tibbi yenilikləri
öyrənmək baxımından faydalı olacaq”, - deyə
Əziz Əliyev bildirib. O, Milli Onkologiya Mərkəzində
onkoloji xəstəliklərin müalicəsi üçün
yaradılan şəraitdən danışıb. Əziz
Əliyev bildirib ki, Azərbaycan Prezidentinin diqqət və
qayğısının nəticəsi olaraq 1000
çarpayılıq Milli
Onkologiya Mərkəzinin cərrahiyyə korpusu, eyni zamanda Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzinin
nəzdində Uşaq Klinikası açılıb.
Hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi
texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz
edilib.
Azərbaycan
Milli Onkologiya Mərkəzinin öz təchizatına görə
Avropanın qabaqcıl klinikalarından geri qalmadığı
və bu inkişafın akademik Cəmil Əliyevin əməyi
sayəsində mümkün olduğu diqqətə
çatdırılıb. Bildirilib ki, Azərbaycanda bədxassəli
şişlərdən əziyyət çəkən
insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi
və sosial yardım almaları üçün tam hüquqi
zəmin yaradılıb.
Türkiyə
Tibbi Onkologiya Dərnəyinin rəhbəri Ahmet Özet
konqresin Azərbaycan və Türkiyə onkoloqları
arasında əlaqələrin qurulması, təcrübə
mübadiləsinin aparılması, eləcə də
onkologiya sahəsində ən son nailiyyətlərin
müzakirəsini reallaşdırmaq üçün imkan
yaradılması məqsədilə keçirildiyini deyib.
Ahmet Özet konqresə verdiyi dəstəyə görə
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil
Əliyevə minnətdarlığını bildirib.
Konqresin
həmsədrləri Necati Alkış (Türkiyə) və
Azad Kərimli (Azərbaycan) çıxışlarında hər
iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin
diaqnostikası, müalicəsi və profilaktikası sahəsində
öz tədqiqat və təcrübələrinin sirlərini
bölüşəcəklərinə əminliklərini ifadə
ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə
onkoloji patologiyaların diaqnostikası və müalicəsinin
təfərrüatları, elm, tibb və səhiyyənin
müxtəlif aktual problemləri, onkologiya
qarşısında duran vəzifələr və onların
potensial həlli yolları da daxil olmaqla, bir çox
mövzular da sessiyalarda müzakirə ediləcək.
Sonra
konqres işini “Baş və boyun şişləri”
mövzusunda sessiya ilə davam etdirib. “Baş və boyun
şişlərində cərrahiyyə” mövzusunda ilk məruzə
ilə professor Əziz Əliyev çıxış edərək
bu sahədə dünyada, eləcə də Milli Onkologiya Mərkəzində
aparılan müalicə üsulları və cərrahiyyə
əməliyyatları barədə məlumat verib.
Bu
gün “Xəstə müzakirələri”, “Mədə xərçəngi”,
“Limfoma”, “Ağciyər xərçəngi”, “Süd vəzi xərçəngi”,
“Kolerektal xərçəng” mövzularında sessiyalar
keçiriləcək, müzakirələr aparılacaq.
Azərbaycan.- 2016.-22 oktyabr.- S.7.