Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi təşviq olunur
Berlində Almaniyanın ATƏT-ə 2016-cı ildəki sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyində “Tolerantlıq və müxtəliflik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib.
Konfransa sədrlik edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edərək bildirib ki, tolerantlıq və müxtəliflik hazırda baş verən sosial, siyasi parçalanmaların qarşısını ala biləcək məfhumdur, onların dünyada təşviqi çox vacibdir.
Konfransın “Müxtəliflik və tolerantlıq üçün təhsil: ümumi cəhətlərin dəstəklənməsi və ayrı-seçkiliyə qarşı mübarizə” adlı sessiyasında çıxış edən Etibar Nəcəfov deyib: “Müasir dövrdə bir çox ölkələrdə, xüsusilə Avropada qaçqın böhranının dərinləşməsi ksenofobiyanın, islamofobiyanın, ayrı-seçkiliyin artması ilə müşahidə olunur. Ermənistanın ölkəmizin torpaqlarının 20 faizini işğal etməsi və Ermənistandakı azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından çıxarılması Azərbaycan əhalisinin də hər doqquz nəfərdən birini qaçqın və məcburi köçkünə çevirib. Buna baxmayaraq, Azərbaycanda bu gün tolerantlıq ən yüksək səviyyədə qorunur, multikulturalizm həyat tərzi və dövlət siyasəti kimi təşviq olunur. Bunun nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib və qəbul edilən xüsusi tədbirlər planı uğurla icra olunmaqdadır”.
Sonra E.Nəcəfov təhsil vasitəsilə
tolerantlığın təşviq olunmasının vacibliyi haqda
danışıb və Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin həyata keçirdiyi
layihələrdə təhsil məsələsinin xüsusi önəm
daşıdığını vurğulayıb. “Azərbaycan
multikulturalizmi” fənninin təkcə
ölkə daxilində deyil, böyük əksəriyyəti Avropada yerləşən iyirmidən artıq xarici universitetdə tədris olunduğunu
diqqətə çatdırıb. Azərbaycanın bu təşəbbüsü konfrans
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Azərbaycan.- 2016.-22 oktyabr.- S.7.