Bakıda beynəlxalq çörək festivalı keçirilmişdir
22 Oktyabr 2016
Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilmişdir. Tədbirdə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin əməkdaşları və Milli Kulinariya Assosiasiyasının üzvləri iştirak etmişlər.
Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, həm ölkəmizdə keçirilən kulinariya tədbirlərində, həm də beynəlxalq səviyyədə kulinarlarımız ölkə mətbəxini layiqincə təbliğ edirlər: “Azərbaycan Beynəlxalq Kulinariya Günü 2007-ci ildən qeyd olunur. Məlumdur ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də davam etdirilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə diqqət və qayğı ilə yanaşırlar. Xaricdə təşkil olunan tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri yüksək səviyyədə nümayiş etdirilir”.
Qədim zamanlardan xalqımızın sərvəti, bolluq və bərəkət rəmzi sayılan bu müqəddəs nemət barədə ölkəmizin bölgələrində müxtəlif vaxtlarda beynəlxalq çörək festivalı keçirilsə də, Bakıda ilk dəfə idi ki, bu tədbir düzənlənirdi. Azərbaycanda çörəyə xüsusi münasibət var. Uşaqdan böyüyə hamı bu müqəddəs nemətə böyük ehtiramla yanaşır. Festivalda respublikanın bölgələrinə və bir sıra xarici ölkələrə xas müxtəlif çeşidli çörək növləri və onların hazırlanması qaydaları nümayiş etdirilmişdir. Festivalda Azərbaycanın 24 şəhər və rayonu, Türkiyə 7, Özbəkistan 3, Qazaxıstan isə 5 çörək növü ilə təmsil olunmuşdur.
Festivalda məxsusi vurğulanmışdır ki, turizm bazasının formalaşmasında kulinariya ənənələrinin rolu böyükdür. Milli mətbəximizi nümayiş etdirən tədbirlər turistlərin çox olduğu yerlərdə, mərkəzi meydanlarda da keçirilməlidir. Eyni zamanda dünya təcrübəsindən istifadə edərək bu kimi tədbirlərin yaz və yay aylarında açıq havada olması daha məqsədəuyğun olardı.
Sonra Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov 20 oktyabr Beynəlxalq Kulinariya Gününün tarixindən danışaraq, bu əlamətdar günün dünyada 13, ölkəmizdə isə artıq 10 ildir qeyd olunduğunu bildirmişdir. Milli Kulinariya Mərkəzi bu il 25 yerli və 12 xarici tədbirdə iştirak etmişdir. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Aşpazlara milli mətbəx üzrə treninqlər keçirilib, sertifikatlar verilib. Kulinariyaya aid 3 kitab nəşr edilib. Kulinariya sahəsində fəaliyyət göstərən insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə xaricdə tələbələrimiz təhsil alır.
Paytaxtda keçirilən Novruz bayramında, Qəbələdə mürəbbə festivalında, Şəkidə şirniyyat festivalında və digər bu kimi tədbirlərdə kulinarlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.
Rəhman SALMANLI,
Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 8.