Azərbaycan-Venesuela
iqtisadi əlaqələrinin perspektivləri
nəzərdən keçirilib
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın
22-də ölkəmizdə rəsmi səfərdə olan
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Artur Rasizadə Azərbaycan ilə Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb.
Artur Rasizadə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, digər sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi qeyd edilib.
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib.
Həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2016.- 23 oktyabr.- S.3.