Prezident Nikolas Maduro: Venesuela Azərbaycan
ilə əlaqələrin genişləndirilməsi niyyətindədir
Oktyabrın
22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov Venesuela Bolivar Respublikasının Prezidenti
Nikolas Maduronun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Oqtay Əsədov Nikolas Maduronun Venesuela Prezidenti kimi ölkəmizə ilk rəsmi səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, vaxtilə Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək.
Parlamentin sədri deyib ki, Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, müxtəlif səviyyələrdə aparılan danışıqlar xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək. Ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması, ticarət dövriyyəsinin həcminin artırılması əhəmiyyətli məsələlərdəndir. Bunun üçün geniş imkanlar var.
“Milli Məclis Venesuela parlamenti ilə əlaqələrini daha da dərinləşdirmək niyyətindədir. Biz deputatlarımızın mütəmadi görüşlərini və qarşılıqlı səfərlərini bu baxımdan önəmli hesab edirik. Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılıb. Hər iki ölkənin parlamentində də qarşılıqlı şəkildə belə qrupların yaradılması ümumi məqsədlərə xidmət edərdi”, - deyə Oqtay Əsədov bildirib.
Bu gün Azərbaycan və Venesuela nümayəndə heyətlərinin BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyən parlamentin sədri hər iki ölkənin neft-qaz hasilatı sahəsində böyük təcrübəsinin olduğunu vurğulayıb. O, həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələr üzrə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.
Prezident Nikolas Maduro ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Dövlət başçısı qeyd edib ki, Venesuela Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır. Neft ölkəsi kimi tanınan Venesuela OPEC-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir.
Ali qonaq Venesuelanın Azərbaycan ilə təkcə siyasi deyil, iqtisadi, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi niyyətində olduğunu söyləyib.
Görüşdə Milli
Məclis sədrinin birinci müavini
Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament
Aparatının rəhbəri Səfa Mirzəyev və digər
rəsmi şəxslər iştirak ediblər.
AZƏRTAC
AZərbaycan.- 2016.- 23 oktyabr.- S. 3.