Prezident İlham
Əliyev və Prezident Nikolas Maduro mətbuata bəyanatlarla
çıxış ediblər
Oktyabrın
22-də sənədlərin imzalanması mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti
Nikolas Maduro mətbuata bəyanatlarla çıxış
ediblər.
Azərbaycan
Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizinlə bu ayın 10-da İstanbulda Dünya Enerji Konqresində görüşmüşdük. Bu, bizim birinci görüşümüz idi. Mən Sizi Azərbaycana dəvət etdim. Çox şadam ki, Siz qısa bir müddətdən sonra ölkəmizə səfər edirsiniz.
Bu səfərin çox böyük əhəmiyyəti var. Əminəm ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq. Biz istəyirik ki, əlaqələrimizi genişləndirək. Biz istəyirik ki, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq.
Bu gün üç sənəd imzalanmışdır. Onların arasında əlbəttə ki, Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bu, çox sanballı və dəyərli bir sənəddir. Birgə Bəyannamədə bizim niyyətimiz ifadə olunur. Biz planlarımız haqqında öz niyyətimizi ifadə edirik. Birgə Bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni, bu sənəddə demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır.
Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 20 ildən çoxdur davam edir. Bizim beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir hissəsi işğal altına düşüb. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Onların arasında, əlbəttə ki, BMT-ni xüsusilə qeyd etmək istərdim. BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir.
Digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul etmişlər. Qoşulmama Hərəkatının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Çünki biz Qoşulmama Hərəkatına yeni üzv olmuşuq. Yəni, Qoşulmama Hərəkatı bizi bir neçə il bundan əvvəl öz ailəsinə qəbul edib və buna görə Sizə minnətdaram. Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə birmənalı mövqe göstərir və münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həllini tələb edir.
Söz düşmüşkən, bu yaxınlarda – sentyabr ayında Venesuelada Qoşulmama Hərəkatının zirvə görüşünün uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Azərbaycan da bu tədbirdə fəal iştirak edib. Biz bu təşkilatdakı fəaliyyətimizə xüsusi önəm veririk.
Biz bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq.
Biz sərmayə qoyuluşu ilə bağlı həm İstanbulda, həm də bu gün fikir mübadiləsi apardıq. Burada da çox gözəl imkanlar var. Sadəcə olaraq, bizim biznes qurumlarımız müəyyən dərəcədə məlumatsızdırlar. Yəni, nə Azərbaycanın, nə də Venesuelanın iş adamları geniş bilgilərə malik deyillər ki, bizim ölkələrdə hansı imkanlar var, hansı işi görə bilərlər. Bu boşluğu aradan götürmək üçün, əlbəttə, ticarət missiyalarının qarşılıqlı səfərləri də çox müsbət rol oynaya bilər.
Bu gün biz cənab Prezidentlə çox
geniş və səmimi şəkildə dünyanın enerji
bazarında mövcud olan vəziyyəti müzakirə və
təhlil etdik. Mən Prezident Maduronun bu sahədə
gördüyü işləri, göstərdiyi səyləri
yüksək qiymətləndirirəm. Prezident Maduro regiona səfər
edir. Bu turda neft hasil edən bir neçə ölkəyə
səfər edəcəkdir. Birinci ölkə
isə Azərbaycandır. Mən cənab Prezidentə
dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki,
dünyanın neft bazarının tənzimlənməsi,
sabitləşdirilməsi və neftin qiymətinin qalxması
üçün Azərbaycan öz neft hasilatını və
ixracını artırmayacağını birtərəfli
qaydada bəyan edir. Bu, çox məsuliyyətli
bir mövqedir. Bir daha demək istəyirəm
ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu
yanaşmaya dəstək verəcəklər və onlar da
öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə
bilərik. Neftlə zəngin olan ölkələr
artıq öz təbii resurslarına görə ədalətli
qiyməti də alacaqlar.
Əlbəttə, burada ölkələrarası
koordinasiya işlərinə gərək bütün ölkələr
çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC
ölkələri və müstəqil hasilatçılar. OPEC-ə
üzv olmayan ölkələr burada çox səmimi,
açıq əməkdaşlıq etməlidirlər, birgə
düzgün qərarlar qəbul olunmalıdır və qərarların
icrası ilə bağlı çox güclü nəzarət
mexanizmi işlənməlidir. Əgər
bu, olarsa, əminəm ki, yaxın gələcəkdə
neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır.
O səviyyəyə ki, həm hasilatçı ölkələri,
neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri
də qane etsin. Yəni, burada balans
olmalıdır. Bu gün bu balans pozulub və
neftlə zəngin ölkələr böyük əziyyət
çəkirlər. Bu, ədalətsizlikdir
və bu balans bərpa edilməlidir. Əminəm
ki, belə olarsa, hər kəs ancaq mənfəət
götürə və burada maraqlar balansı da təmin edilə
bilər. Çünki artıq 2 ilə
yaxındır ki, dünya bazarlarına neft ixrac edən
ölkələr böyük itkilərlə üzləşiblər.
O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri
azalır və bu, ədalətli deyil. Bu ədalət
bərpa edilməlidir. Mən bu münasibətlə
Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək
istəyirəm. Prezident Maduro çox
böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC
hasilatçılarını bu ədalətin bərpa edilməsinə
inandırsın. Mən bu missiyaya
uğurlar arzulayıram. Azərbaycan
artıq öz sözünü deyib. Siz
bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu
öhdəliyi öz üzərinə götürüb və
gözləyirik ki, digər ölkələr də oxşar
addımlar atsınlar.
Bir daha qeyd etməliyəm ki, bu səfərin çox
böyük əhəmiyyəti var. Bu gün Venesuela-Azərbaycan
əlaqələrinin tarixində yeni səhifə
açılır. Biz diplomatik əlaqələri 21 il
bundan əvvəl qurmuşuq. Ancaq əlaqələrimizin
fəal dövrü bu ildən başlayır. Əminəm ki, qarşılıqlı maraqlara,
bir-birinə hörmətə əsaslanan bu əlaqələr
yaxşı inkişaf edəcək, xalqlarımız bir-birinə
daha yaxın olacaq və ölkələrimiz beynəlxalq
arenalarda da həmişə bir-birinə dəstək verəcəklər.
Cənab
Prezident, xoş gəlmisiniz, bir daha Sizə uğurlar
arzulayıram.
Venesuela Prezidenti Nikolas Maduronun bəyanatı
-Hörmətli
cənab Prezident.
Azərbaycan Hökumətinin nazirləri.
İqtisadi məsələlər üzrə
vitse-prezident.
Suverenlik, təhlükəsizlik və siyasi məsələlər
üzrə xanım vitse-prezident, səfir.
Biz dünən axşam 15 saatlıq uçuşdan sonra
gəlmişik. Amma bu yol bizə uzaq görünmədi.
İyirmi birinci əsr davam etdikcə biz bir-birimizə
get-gedə daha da yaxınlaşırıq. Bu ana qədər
hörmətə və dostluğa əsaslanaraq nümayəndə
heyətimizi çox səmimiyyətlə
qarşıladınız. Bu cür səmimi
qəbula görə Sizə olduqca minnətdarıq, cənab
Prezident.
Bakıda gəzintiyə çıxdıq. Əfsanəvi
Xəzər dənizi çox gözəldir. Şəhər çox möhtəşəmdir.
Azərbaycan xalqının qəhrəman şəhidlərinin
xatirəsini yad etdik. Siz Vətən
üçün həyatından keçmiş oğul və
qızlarınızın adını uca tutursunuz, dəyərlərinizə
sadiqsiniz. Biz bunun şahidi olduq. Simon
Bolivarın, Prezident Çavesin irsinə bağlı insanlar
kimi, biz ölkənizə vurulduq, səmimi qəbula görə
təşəkkür edirik.
Prezidentlə çox maraqlı və əhatəli
müzakirələrimiz oldu. Qoşulmama Hərəkatında
tərəfdaşıq. Üç ildən
sonra - 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər
edəcəyik. Əlbəttə, həmin
vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının
Sammiti keçiriləcək. Şəhərin
gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə
görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda
Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq,
yeni əlaqələr, yəni, ölkələrimiz
arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə
əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik.
Hazırda ölkəmiz üç illik müddət ərzində
təşkilatın sədridir. Azərbaycan isə
2019-2022-ci illərdə təşkilatın sədri olacaq.
Buna görə də həmrəyliyin
qurulmasında ümumi məsuliyyət
daşıyırıq. Biz dünyanın
inkişaf edən ölkələriyik. İyirmi
birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində
mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və
inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum
olacaq. 500 il ərzində bir-birimizi
tanımamışıq. Lakin bundan sonra
bir-birimizi tanıyacağıq. Bakı və
Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan
digər ölkələrlə yanaşı, bəyan etmək
istəyirik ki, biz xalqlarımız üçün sülh və
rifah arzu edirik. Məhz bu məqsəd
üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi
üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin
görülməsi ilə bağlı razılığa gəldik.
İqtisadi məsələlər üzrə
vitse-prezident buradadır. Yaxın vaxtlarda
xarici ticarət və sərmayələr naziri Xesus Farias
ticari münasibətlərin stimullaşdırılması, təmasların
qurulması və məlumat mübadiləsi istiqamətində
zəruri addımların atılması üçün
Bakıya səfər edəcək.
Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə,
texnoloji, ticari və praktiki mübadilələr
üçün yaxın vaxtlarda əməkdaşlığa
başlayacaq.
Prezident Əliyev bildirmişdir ki, Azərbaycan
neftinin 95 faizi dənizdə hasil olunur. Bu,
Venesuela üçün lazım olan zəngin təcrübədir.
Texniki mütəxəssislərimiz təkmilləşə,
dövlətlərimiz və şirkətlərimiz arasında
enerji sahəsində münasibətlər daha da dərinləşə
bilər.
Eyni zamanda, İstanbulda qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatı
sahəsində irəliləyiş əldə edə bilərik. Mən Pablo
Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik
adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir
nəticəyə gəldi ki, neft bəla da gətirir və
Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin
qarşısını alır. XIX əsrin
sonunda – XX əsrin əvvəllərində Venesuelada bu
cür sistem quruldu. Ölkə 1922-1970-ci
illər ərzində çox böyük həcmdə neft
hasil və ixrac edirdi. Bakı isə həmin
vaxt Hitleri məğlub etmək məqsədilə Sovet
Ordusunu neft ilə təmin edirdi. Biz isə
Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə
Avropa cəbhəsində neft verirdik. Bu
faktı biz yaxın zamanlarda müəyyən etmişik.
Venesuelada həmin zaman “neft gəlirlərinə”
əsaslanan sistem qurulmuşdu. Lakin həmin
sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın
şaxələndirilməsi üçün yeni inkişaf
sahələrini müəyyən etdik. Bu,
böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən
iqtisadiyyatlarımızın şaxələndirilməsində
təcrübə mübadiləsi vasitəsilə bu səylərin
birgə göstərilməsini Prezidentə təklif etdim.
Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20–30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun. Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik.
Çox sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2016.- 23 oktyabr.- S.2,
3.