Təkmil idarəçilik
biznesdəki uğurun əsas şərtlərindəndir
Müstəqilliyimizin artıq geridə qalan 25 ili xalqımızın müasir dövlətçilik tarixinə bir çox mühüm uğurlarla həkk olunub. Hər şeydən əvvəl demokratik, hüquqi və dünyəvi Azərbaycan dövləti qurulub. Digər tarixi nailiyyətlərimiz Azərbaycanın dünya miqyasında fenomenə çevrilməsi, kosmik kluba qoşulması, enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə söz sahibinə çevrilməsi, yüksək beynəlxalq siyasi imicə malik olmasıdır.
Azadlığımızın 25 ildə xalqımıza bəxş etdiyi uğur və yeniliklər çoxdur. Bu sırada hər bir sahədə yeni idarəçilik mexanizmlərinin formalaşmasını xüsusilə qeyd etmək istərdik. Bu 25 ildə biz kohnə sovet idarəçiliyindən xilas olmuşuq. İstər dövlətin idarə edilməsində, istər siyasi, iqtisadi, habelə inzibati, sosial və digər sahələrdə yeni, müasir çağırış və trendləri özündə daşıyan idarəçilik formaları tətbiq olunmağa başlayıb. Lakin idarəçilik elə bir məsələdir ki, mütəmadi olaraq yeniliyə, dəyişikliyə, bir sözlə, inkişafa ehtiyac duyur. Təsadüfi deyil ki, sentyabrın 26-da keçirilən və xalqımızın mütləq əksəriyyətinin lehinə səs verdiyi Konstitusiya dəyişikliklərinin də bir qismi dövlət idarəçilik mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı idi.
İdarəçilik
insan fəaliyyətinin bütün sahələri
üçün xarakterikdir
Elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. İdarəetmə insanların fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilir. Biznesdə də belədir. Bu sahədə uğur qazanmağın əsas yollarından biri də uğurlu idarəçilikdir. Bu gün Azərbaycan biznesi çox ciddi inkişaf yolundadır. Ölkəmizin iqtisadi gələcəyi, regiondakı gücü və beynəlxalq nüfuzu digər parametrlərlə yanaşı, həm də biznes mühitindən əhəmiyytli dərəcədə asılıdır. Həyata keçirilən mükəmməl iqtisadi siyasət nəticəsində münbit biznes mühitinin yaradılması müasir Azərbaycanın əsas reallıqlarından biridir. Biznesdə uğurlu idarəçilik isə birbaşa bu sahədə fəaliyyət göstərənlərin özündən asılıdır.
İnsanların həyatına aid olan bir qayda cəmiyyətə də aiddir: inkişaf daimi olmalıdır, ətrafda dəyişən mühitə görə tədbirlər görülməlidir və bunlara zamanında reaksiya verilməlidir. Gələcəkdə gözlənilən və proqnoz edilən dəyişikliklərə artıq bu gündən hazırlaşmaq lazımdır. Biznesin, iş dünyasının böhranlı hallarla qarşılaşması təəccüb doğurmur. Böhranların səbəbləri müxtəlif amillərlə bağlıdır. Bəzi hallarda bu şirkətlərin texnoloji sıçrayışla ayaqlaşa bilməməsi, bəzən siyasi-hərbi və qlobal iqtisadi məsələlərlə, o cümlədən istehlakçı davranışları və seçimlərinin dəyişməsi kimi faktorlara görə baş verə bilər. Hansı ki, bunlar həm biznesin birbaşa nəzarəti, həm də biznesə bağlı olmayan məqamlardır.
Bu cür halların baş verməsi normal və
qaçılmazdır. Vacib olan isə baş verə biləcək
neqativ proseslərə hazır olmaq və zamanında doğru
reaksiya verməkdir. Dünyanın ən məşhur
firmaları və brendləri də böhran vəziyyətləri
ilə qarşılaşırlar. Amma
zamanında düzgün addımlar ataraq bundan öz mənafeləri
naminə istifadə etməyə çalışırlar.
Uzunmüddətli və perspektiv
inkişafa diqqət yetirilməlidir
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya
edib. Bu mənada milli iqtisadiyyatımız dünya
iqtisadiyyatının tərkib hissəsidir. İqtisadiyyatımızın əsas hissəsini isə
özəl sektor təşkil edir. Ona
görə bu gün Azərbaycan biznesi nələri etməlidir
ki, qlobal iqtisadi sınaqlara qarşı dözümlü olsun.
Bu gün şirkətlər tərəfindən
bununla bağlı hansı addımlar atılmalıdır?
Bununla bağlı çoxlu təkliflər vermək
olar. Azərbaycan biznesi illərdir diqqətdən kənar
qalan məsələlərə nəzər yetirməlidir.
Bu baxımdan şirkətlərimizdə diqqət
yetirdiyim məqamlardan biri ondan ibarətdir ki, onlar qlobal iqtisadi
problemlərin olmadığı vaxtlarda dövriyyələrini
və gəlirlərini artırırdılar. Amma biznes mühitinin inkişafına kifayət qədər
zaman və enerji ayırmırdılar. Qısa
müddətli nəticələrə aludə olan şirkətlər,
uzun müddətli, perspektiv inkişafa diqqət yetirmədiklərinə
görə çox zaman baş verə biləcək dəyişikliklərə
hazır olmurlar. Maliyyə dövriyyələrinin
yüksək olduğu bir neçə il əvvəlki
dövrə qədər şirkətlər yeni məkanların
açılmasına, satışların və xidmətlərin
həcminin artırılmasına, gəlirlərinin
çoxalmasına diqqət yetirirdilər. Təəssüflər
olsun ki, korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi,
müştəri xidmətləri və müştəri
sadiqliyi sistemləri, əməkdaşların peşəkar
inkişafı, müştərilərə individual
yanaşma kimi strateji əhəmiyyət daşıyan məqamlara
yetərincə fikir vermirdilər.
Müştərilərə və əməkdaşlara
qayğı
Biznes mühitində diqqət yetiriləcək birinci və
ən vacib məsələ dəyərli müştəri ilə
olan ünsiyyətdir. Son illərdə istehlakçıların
davranışında ciddi dəyişikliklər baş verib:
azərbaycanlı müştəri 10 il
öncə olduğu kimi yalnız qiymət, keyfiyyət və
ya xidmətə əhəmiyyət verən insan deyil. Bu gün azərbaycanlı müştəri qiymət,
keyfiyyət və xidmətin doğru nisbətdə
olmasına əhəmiyyət verən, öz haqlarını
tanıyan və onların müdafiə edilməsi
üçün hara müraciət etməsi gərəkliyini
bilən, özünə qarşı yüksək səviyyədə
xidmət gözləyən, rasional qərarlar verən bir
insandır. Odur ki, müştərilərinin
qayğısına qalan, onun gözləntisindən daha
çoxunu təqdim edən, müştərisinə yüksək
xidmət göstərən şirkətin reklama ehtiyacı
yoxdur. Çünki məmnun müştərilər
həm də onun reklamçılarıdır. Əgər biznes dairələri bunu nəzərə
alsalar, o zaman müştəri uğrunda rəqabət artacaq.
Beləliklə, onlara ümumi formada baxan firmalar
artıq fərdi qaydada zaman ayırmağa başlayacaqlar.
Bunun da nəticəsində hər hansı
hüquqi şəxsin təqdim etdiyi xidmətlərin keyfiyyətinin
artması ilə bərabər, qiymətlər də bazar
konyunkturasına görə ucuzlaşacaq.
Biznesin ən böyük sərmayəsi insandır. Ona görə
ki, sərmayənin qazanca çevrilərək geri
dönüşünə məhz idarəçilikdə
çalışanlar qərar verir. Bundan
başqa, istehlakçıların şirkət və onun xidmətləri
barəsində, bir daha alış-veriş etmək
üçün geri dönmək haqqında qərarlarına
da əməkdaşlar birbaşa təsir edirlər.
Kapitalını daim artırmağı düşünən
şirkətlər ən vacib sərmayə olan şirkət əməkdaşlarının
və idarəçilərinin bacarıqlarını
artırmaq məsələsini diqqətdən kənarda
saxlamamalıdırlar. Ən gözəl binanı inşa etmək
olar, ən bahalı avadanlıqları sifariş etmək və
almaq olar. Amma bu avadanlıq və
binaları, biznesi və şirkəti idarə edəcək əməkdaşlar
doğru seçilməlidir, yetişdirilməlidir, motivasiya və
idarə edilməlidirlər.
İdarəçilikdə xərclərə nəzarət
də çox mühüm məqamdır. Çünki
şirkətlərin mənfəəti gəlirlə xərc
arasında olan fərqdir. Mənfəəti
artırmaq üçün ancaq gəlirləri artırmaq
deyil, həm də xərcləri azaltmaq olar. “Xərclərin azaldılması” ifadəsi ilə
idarəçilərimizin ağlına öncə marketinq və
reklam xərclərinin azaldılması gəlir.
Əslində isə tam tərsi olmalıdır: məhz
ağır zamanlarda şirkətlər reklam və marketinq xərclərini
ən azı eyni səviyyədə tutmalıdırlar. Çünki kiçilən bazarda rəqiblər
içində seçilmək çox vacibdir.
İdarəçilərin azaltmağa meyilli olduqları
xərclərdən biri də inkişaf xərcləridir. Bu haqda “Apple” brendinin qurucusu
əfsanəvi Stiv Cobsun sözlərini misal gətirə bilərik:
“Hər kəsin kəmərlərini sıxdığı
zaman bu azalmanın və zəifləmənin bizə
faydalı olacağına qərar verdik. Araşdırma
və inkişaf sahələrinə
investisiyalarımızı davam etdirdik ki, böhran bitəndə
biz rəqiblərimizdən bir addım irəlidə olaq”.
İdarəçilik tərzi daim dəyişməlidir. Şirkət
yaranarkən idarəçilər qısa müddətdə gəlir
verəcək addımlar atırlar. Ancaq idarəçilər
qısamüddətli satış və malı
gəlirlər verəcək qərarlarla bərabər
uzunmüddətli strateji qərarlar verməyi
bacarmalıdırlar.
Yeni
dövrdə Azərbaycan biznesində mükəmməl idarəçi
belə formalaşmalıdır: insanları ruhlandıra bilən,
kadrları sıfırdan yetişdirən, bunu bacaran və bu
iş üçün səbirli olan, komandası güclü
olan və bacarıqlı insanları komandasına
yığmağa qorxmayan, minimum xərclə maksimum nəticə
əldə edə bilən və daim xərclər üzərində
işləyən, şirkəti ancaq bu gün
üçün idarə edən deyil, həm də gələcək
inkişafı düşünən, müştərisini
çox yaxşı tanıyan, dinamik, aktiv həyat tərzli
və daimi inkişafa meyilli, rəhbərlik etdiyi şirkətlərin
qeyri-sabitliyə qarşı
dözümlülüyünü və rəqabət
gücünün olmasını nəzərə alan,
müştəri xidmətləri, marketinq, maliyyə, reklam
kimi hər şirkətin şah damarı olan bölümlərə
lazımi əhəmiyyət verən peşəkar
olmalıdır.
İstehlakçıya individual
yanaşan biznes qurumları böhranlara da davamgətirirlər
Biznesin dəyişikliklərə
hazır olmamasında onun özünün də ciddi payı
var. Zamanında müştərisinə qarşı diqqətli
davranan, istehlakçılara kütlə kimi deyil, individual
yanaşan, xərclərini daim nəzarət altında
saxlayan, uzunmüddətli riskləri göz önündə
tutan, əməkdaşlarının inkişafına
yatırım edən biznes qurumları bütün
böhranlara davam gətirir və həm də güclənirlər.
Məsələn, ölkəmizin güclü şirkətlərindən
biri olan “AAAF Holdinq”də son dövrlərin qlobal iqtisadi mənzərəsini
nəzərə alaraq baş verən dəyişikliklərə
adaptasiya olmaq və şirkətlərimizin
inkişafını gücləndirmək üçün bir
neçə istiqamətdə vacib işlər həyata
keçirilib.
Bunlardan biri məhsul və ya xidmət alan
müştərilərlə birbaşa şəffaf əlaqələr
qurularaq, əməkdaşlığın genişləndirilməsidir.
Bundan başqa, əməkdaşların və
idarəçilərimizin inkişafı üçün
Daxili İnkişaf Akademiyası quruldu. Hazırda
akademiya tərəfindən fərqli mövzularda təlim və
seminarlar təşkil edilir. Eyni zamanda idarəçi
yetişdirmə mərkəzimiz quruldu və gəncləri
işə götürərək xüsusi proqramla gələcək
idarəçilərin yetişdirilməsi layihəsi
başlandı. Universitetlərlə də
əməkdaşlıq etməyi planlaşdırırıq.
Məqsədimiz son kurslarda oxuyan gənclərə
şirkətlərimizdə təcrübə keçmə
imkanlarını yaratmaqdır. “AAAF Holdinq”in böyük
miqyaslı inkişaf və böyümə planları var. Ona
görə gələcək layihələrimiz
üçün yetişdirmək məqsədilə 100-dən
çox yeni əməkdaşlar və idarəçilər
işə götürüldü və bu prosesin davamlı
olması nəzərdə tutulur.
Eyni zamanda holdinqin təşkilati strukturunun dəyişdirilməsinə
başlanıldı, nəzdində olan şirkətlərdə
müasir idarəetmə sistemlərinin tətbiq edilməsinə
start verildi, korporativ mədəniyyətin yüksəldilməsi
istiqamətində ciddi dəyişikliklər həyata
keçirildi.
Azərbaycanda ilk olan “AAAF Park” yaşayış
kompleksi konseptinin ölkəmizin regionlarında və xarici
ölkələrdə tətbiq edilməsi məqsədilə
standartlarını hazırlamağa başladıq. O
cümlədən holdinq üçün strateji və təşkilati
dəyişikliklərin idarə edilməsinin konseptual sxemi
hazırlandı.
Azərbaycan inkişaf edir. Ona görə
yaxın gələcəkdə əmək bazarında ciddi
yeniliklər olacaq. Daha öncəki
dövrlərdə xaricdən mütəxəssislər gətirən
yerli biznes dairələri artıq anlayır ki, bu müvəqqətidir.
Çünki artıq yerli bazarda mütəxəssisləri
yetişdirmək lazımdır. Buna
görə tamamən fərqli bir əmək bazarı
formalaşacaq, yeni şərtlər və tələblər
meydana çıxacaq.
Şirkətlərin müvəffəqiyyətləri,
baş verən dəyişikliklərə adaptasiya olması,
fəaliyyətinin qısa, orta və uzunmüddətli
perspektiv planlaşdırılması, əməkdaşlarının
inkişafı peşəkar idarəçilikdən əhəmiyyətli
dərəcədə asılıdır. Buna görə çevik,
operativ, müasir çağırışlara cavab verən, eləcə
də perspektiv inkişafı nəzərə alan
idarəçilik tərzinə üstünlük verən
şirkətlərin fəaliyyəti daim uğurlu olacaq.
Fəxri
AĞAYEV,
idarəçilik
üzrə ekspert,
“AAAF Holdinq”in
vitse-prezidenti
Azərbaycan.- 2016.- 23 oktyabr.- S. 6.