Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığın bütün sahələrini əhatə edir
24 Oktyabr 2016
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Xanım Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Xanım
Prezident, bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycana
rəsmi səfərə gəlmisiniz. İlin
əvvəlində Londonda keçirilən konfrans zamanı
bizim ikitərəfli məsələləri müzakirə
etmək imkanımız oldu. Bu gün biz
qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli,
regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə
bağlı məsələlər barədə geniş
müzakirələr apardıq. Düşünürəm
ki, bizim aramızda əməkdaşlığı inkişaf
etdirməklə bağlı çox yüksək səviyyədə
qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız
üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi
səfərim zamanı biz strateji tərəfdaşlıq və
dostluq barədə Bəyannamə imzaladıq. Bu,
əsas sənəddir və bu sənədin adı onun nə
dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Beləliklə, biz strateji tərəfdaş və
dostlarıq.
Xorvatiya
bizim üçün uzun illərdir əməkdaşlıq
etdiyimiz dost ölkələrdən biridir. Strateji
tərəfdaşlıq və dostluq barədə Bəyannamə
əməkdaşlığımızın bütün sahələrini
əhatə edir. Bizim çox yaxşı
siyasi əlaqələrimiz var. Xanım Prezidentin
bugünkü səfəri bizim beynəlxalq təşkilatlar,
BMT, ATƏT, Avropa Şurası çərçivəsində
fəal əməkdaşlıq etdiyimizi göstərir.
Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan
tərəfdaşlığını geniş müzakirə
etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan
arasındakı yaxınlaşmanı dəstəklədiyinə
görə Xorvatiyaya minnətdarlığımı bildirirəm.
Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının
gələcək formatı üzərində işləyirik.
Biz artıq Avropa İttifaqının
üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq
bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa
İttifaqı-Azərbaycan razılaşması
üçün yaxşı potensial əsasdır.
Biz iqtisadi əməkdaşlığımızla
bağlı məsələləri geniş müzakirə
etdik. Əlbəttə
ki, sabah biznes forumda bu, daha geniş
müzakirə olunacaq. Lakin biz əsas sahələri,
prioritetləri müəyyən etdik. Düşünürəm
ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini
artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri
inkişaf etdirmək üçün yaxşı imkanlar var.
Bu, təkcə Xorvatiyadan gəmilərin satın
alınmasında deyil, - baxmayaraq ki, biz bundan çox
razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər
dənizində yük daşınmalarını
artırmağa imkan verir, - həmçinin Azərbaycandan
keçən, şirkətlərə və ölkələrə
vaxta qənaət etməyə şərait yaradacaq Şərq
və Qərb arasındakı dəhliz - yeni İpək yolu nəqliyyat
sahəsində əməkdaşlıq baxımından biznes
dairələri üçün də yeni imkanlar açacaq.
Biz, həmçinin regional təhlükəsizliklə
bağlı məsələləri müzakirə etdik. Mən
xanım Prezidentə Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı Ermənistan ilə Azərbaycan
arasındakı danışıqların hazırkı vəziyyəti
barədə məlumat verdim. Bizim
torpaqlarımız təəssüf ki, uzun illərdir
işğal altındadır. Azərbaycan ərazisinin 20
faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı
7 rayon işğal olunub. Bu işğal nəticəsində
bizim bir milyondan artıq qaçqın və
köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən
etnik təmizləmə siyasətinə məruz qalıb.
Beynəlxalq təşkilatlar mühüm qərar
və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Bu qətnamələr 20 ildən
artıqdır ki, kağız üzərində qalır.
Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər
təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll
olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər.
Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin –
ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz
olması ilə bağlı bir neçə dəfə
açıq şəkildə etdikləri bəyanatlara qulaq
asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq
saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə, beynəlxalq
davranış normalarına deyil, həm də dünyanın
üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına
məhəl qoymayan Ermənistan rəhbərliyinə
birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir
və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq
hüquqa əməl etməyə və onlara məxsus olmayan,
bizə məxsus olan əraziləri heç bir şərt irəli
sürülmədən azad etməyə məcbur etmək
üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın
bütün dünya tərəfindən tanınmış ərazi
bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən
Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini
tanımır. Azərbaycanın ərazi
bütövlüyü hər hansı digər ölkənin ərazi
bütövlüyü ilə eyni əhəmiyyətə
malikdir.
Bu gün biz, həmçinin enerji sahəsində əməkdaşlığa
dair çox ümidverici olan məsələləri
müzakirə etdik. Biz artıq tərəfdaşıq.
Xorvatiya bu ilin fevralında Bakıda keçirilən
“Cənub Qaz Dəhlizi” Məşvərət
Şurasının ikinci toplantısında iştirak edib və
Avropaya qaz nəqli ilə bağlı layihə üzrə
ölkələrimiz arasında Anlaşma Memorandumu var. “Cənub
Qaz Dəhlizi” layihəsi qlobal enerji təhlükəsizliyi
layihəsidir. Azərbaycan bu layihədə
lider ölkə olaraq çox mühüm rol oynayır.
Yeri gəlmişkən, bu rol Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir
və qeyd olunur.
“Cənub” Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata
keçirilməsi qrafik üzrə gedir. Ümidvaram
ki, sonrakı mərhələdə Xorvatiya və digər
Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi,
şaxələndirmə və əməkdaşlıq layihəsinə
qoşulacaqlar. Artıq 7 ölkə, belə
demək mümkündürsə, komandanın
üzvüdür. Düşünürəm
ki, bir neçə ölkə, o cümlədən Xorvatiya
tezliklə bu komandaya qoşulacaq.
Bizim
iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının,
turizmin, həmçinin xalqlar arasında əlaqələrin
inkişafı ilə bağlı çoxlu planlarımız
var. Düşünürəm ki, xalqlar arasında əlaqələrin
və Xorvatiyanın Azərbaycanda təbliğinin
yaxşı nümunəsi böyük işlər görən
Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən
sonra biz indi komandamızla fəxr edirik. Çünki
onun rəhbərliyi altında komandamız hazırda qrupda
ikinci yerdədir. Üç oyundan sonra
onların hesabında 7 xal - 2 qələbə və 1
heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə
futbol fanatları tərəfindən deyil, həm də
xalqımız tərəfindən yüksək qiymətləndirilir
və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir.
O, sizin ölkənin yaxşı səfiridir və mən
fürsətdən istifadə edərək ona uğurlu
işinə görə təşəkkür etmək istərdim.
Bu da bizim əməkdaşlığımızın
yaxşı nümunəsidir və xanım Prezidentin səfəri
sözsüz ki, bunun üçün yeni imkanlar
açır. Xanım Prezident, bir daha Azərbaycana
xoş gəlmisiniz.
Xorvatiya
Prezidenti Kolinda Qrabar-Kitaroviçin
bəyanatı
-
Çox sağ olun, cənab Prezident.
Xanımlar və cənablar, sabahınız xeyir.
İlk növbədə, icazənizlə, Prezident
Əliyevə bizi Azərbaycanda belə səmimi
qarşıladığı üçün təşəkkürümü
ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə
böyük məmnunluq hissi doğurur.
Əvvəla, futbol üzrə yığma
komandanızın əldə etdiyi nailiyyətlərə
görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə
milli qürur hissi və ölkənizdə birlik
üçün çox vacibdir. Gəlin,
idmanın və xüsusilə futbolun əhəmiyyətinə
lazımınca qiymət verək. Cənab
Prosineçki həqiqətən də bizim Azərbaycanda ən
böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın
digər bölgələrində çalışan Xorvatiya
icmasının nümayəndələri ilə də
görüşmək fürsətim oldu. Onların
iki ölkə arasında əməkdaşlıq, dostluq və
tərəfdaşlıq münasibətlərinin genişlənməsinə
və dərinləşməsinə böyük ruh yüksəkliyi
ilə yanaşmasını müşahidə etmək də
mənim üçün çox sevindiricidir.
Cənab
Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin
Suriya ilə bağlı London konfransı çərçivəsində
görüşümüzdən sonra və xüsusən də
ölkəmizə həmin səfəriniz zamanı dostluq və
tərəfdaşlıq üzrə
imzaladığımız razılaşmaya əsasən,
düşünürəm ki, münasibətlərimizin
inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl
üzərində bizi qarşıda hələ çox
işlər gözləyir. Siyasi münasibətlərimiz
çox yaxşıdır. Aramızda
açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq
üçün bir çox sahələr mövcuddur. Cənab
Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə
və digər hökumət rəsmiləri ilə aparılan
danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız
arasında spesifik və konkret əməkdaşlığın
əsasını qoya bilərik.
Ortaq marağımızda olan bir çox məsələlər,
o cümlədən regional və qlobal təhlükəsizlik
məsələləri var. Əlbəttə ki, Avropa
İttifaqı, NATO, BMT və digər təşkilatlar
kontekstində birgə əməkdaşlığımıza
dair məsələlər də mövcuddur. Bizim
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyirik və hesab
edirik ki, bu münaqişə sülh və siyasi yolla həll
olunmadır. Biz Minsk qrupu prosesini tamamilə
dəstəkləyirik. Həmçinin Avropa
İttifaqı ilə münasibətlərinizə gəlincə,
Strateji Tərəfdaşlıq Razılaşmasının
imzalanması və həyata keçirilməsi
üçün Xorvatiyanın simasında Sizə hər zaman
dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə
bağlı yeni çağırışların
artdığı və eyni zamanda, iqtisadi, enerji və digər
sahələrdə, o cümlədən mədəniyyət,
mədəni irs, millətlər və dinlər arasında
anlaşma üzrə əməkdaşlıq fürsətlərinin
üzə çıxdığı bir vaxtda və bu mənada
qlobal təhlükəsizlik üçün perspektivləri
münasib səviyyədə saxlamaq məqsədilə həmin
razılaşmanın əhəmiyyəti daha da artacaq.
Sabah keçiriləcək biznes forumla bağlı
çoxlu gözləntilərim var və onun
başlamasını səbirsizliklə gözləyirəm. Həmin forum bu səfərdə
məni müşayiət edən bir neçə Xorvatiya
şirkəti üçün Sizin
şirkətlərlə danışıqlar aparmaq və
şəxsən mənim üçün əlaqələrin
daha da inkişaf etdirilməsi potensialının müzakirəsi
baxımından əla fürsət olacaq.
Əlbəttə ki, enerji sektoru çox böyük əhəmiyyət
kəsb edir. Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən
asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza
şamil olunur. Biz TANAP, TAP və digər
enerji layihələrinin tamamlanmasını və
İon-Adriatik kəmərinin bu şəbəkəyə
qoşulmasını səbirsizliklə gözləyirik.
Bununla da mənim şəxsi təşəbbüsüm olan
üç dənizin birləşməsi, - yəni, nəqliyyat,
enerji və rəqəmsallaşdırma infrastrukturu və digər
imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin
birləşdirilməsi təşəbbüsünün
reallaşmasını gözləyirik ki, bizim bizneslər
iqtisadiyyatımızın rəqabətliliyinə öz
töhfəsini verə bilsinlər. Enerji
daşınması nöqteyi-nəzərindən və eyni
zamanda, məhsullarınızın Qərbi Avropaya
çatdırılması üçün Xorvatiyadan və
xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi
baxımından Xorvatiya və Azərbaycan arasında
yaxşı əməkdaşlıq perspektivlərini
görürəm. Şimali Atlantika
marşrutları ilə müqayisədə bu marşrut əlbəttə
ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat
sahələrindən savayı, infrastrukturun yaradılması
sahəsində əməkdaşlıq üçün bir
çox imkanlar var. Fiziki infrastrukturun yaradılmasına gəlincə,
bizim Azərbaycanda iş görmək marağında olan
çoxlu inşaat şirkətimiz var. Həmçinin
qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri
istehsal edən şirkətlərimiz də var. Müxtəlif
təyinatlar üzrə sifariş verən müştərilərin
ehtiyaclarına görə layihələrini
uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və
səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli
şirkətlərdən biri olan “Uyanik” ilə sizin iş təcrübəniz
var. Lakin əlbəttə ki, təkcə böyük bərələr
və yükdaşıyan gəmilər deyil, başqa gəmilər
də var. Xəzər dənizində sərhəd mühafizəsini,
sülhü və təhlükəsizliyi təmin etmək
üçün önəmli olan səyyar gəmilərin
hazırlanması imkanları da var.
Bundan başqa, bizim mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrimiz var. Xorvatiya şirkətlərinin əksəriyyəti “Halal” sertifikatına malikdir. Bu da, həmçinin turizmlə bağlıdır. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik. Buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini vermişdir.
Ümid edirik ki, biz sabah sizin şirkətlərlə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparacağıq. Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.
Cənab Prezident, bizi səmimi qarşıladığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Həmçinin Mərkəzi və Cənubi Asiya regionlarının sabitləşməsində oynadığınız rola görə Sizə təşəkkürümü ifadə edirəm. Əfqanıstanda və dünyanın münaqişələrdən əziyyət çəkən digər ölkələrində oynadığınız rola görə Sizə “Çox sağ olun!” deyirəm. Biz çıxış yollarını tapmaq və sülh proseslərinə dəstək olmaq üçün birlikdə çalışmağa davam edəcəyik. 1990-cı illərdə müharibə və işğaldan əziyyət çəkən bir ölkə kimi, biz yenidən inteqrasiya və sülh təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.
Cənab Prezident, mən Sizə, ailənizə, Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzu edirəm. Bizi səmimi qarşıladığınız üçün Sizə bir daha “Çox sağ olun!” deyirəm.
Prezident İlham Əliyev: Çox sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 oktyabr.- S.2,
3.