İlham Əliyev:
“Azərbaycan və Xorvatiya xalqları
arasında bir çox
oxşarlıqlara əsaslanan münasibətlərə önəm
veririk”
Kolinda Qrabar-Kitaroviç: “Xorvatiya Azərbaycanı
Qafqaz regionunda önəmli
tərəfdaş hesab edir”
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham
Əliyevin çıxışı
-Xanım Prezident.
Cənab Kitaroviç.
Əziz qonaqlar.
Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək bizim üçün çox xoşdur. Bu gün bizim çox yaxşı görüşümüz, müzakirələrimiz olub. Hesab edirəm ki, qarşılıqlı marağımızda olan bütün məsələləri, o cümlədən ikitərəfli siyasi əlaqələri, regional təhlükəsizliyi, Avropa İttifaqı ilə əməkdaşlığımıza dair məsələləri, iqtisadi əməkdaşlığı əhatə etdik. Əlbəttə ki, sabah biznes forumun açılışı olacaq. Orada iqtisadi əməkdaşlığın perspektivləri daha geniş müzakirə ediləcək. Həmçinin mədəniyyət, idman sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik və bizim baxışlarımız üst-üstə düşür.
Görüşümüzdə qeyd etdiyim kimi, biz regional təhlükəsizlik məsələlərinə eyni yanaşmanı tətbiq edirik, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparırıq və bu səfər əlbəttə ki, bizim yaxın əlaqələrimizin yaxşı göstəricisidir.
Biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik. Biz üç il bundan əvvəl strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalamışıq. Bu sənəd gələcəyə doğru yolumuzu göstərir. Biz qarşılıqlı hörmətə, dostluğa, Azərbaycan və Xorvatiya xalqları arasında bir çox oxşarlıqlara əsaslanan bu münasibətlərə önəm veririk. Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Biz ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik. Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.
Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq.
“Strateji xarakter” sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq.
Bir daha Sizi və nümayəndə heyətinizi ölkəmizdə salamlamaq istəyirəm. Sizə və Xorvatiya xalqına uğurlar və rifah arzu edirəm.
Prezident Kolinda Qrabar-Kitaroviçin çıxışı
-Bu gün Bakıda, Azərbaycanda olmaq mənim üçün çox xoşdur və bu səfəri indi həyata keçirə bilmək məndə məmnunluq hissi doğurur. Bu gün çox yaxşı danışıqlarımız oldu. Biz çoxlu məsələləri əhatə etdik. Dediyim kimi, mən bir çox məsələlərlə bağlı sabahkı biznes forumu səbirsizliklə gözləyirəm. Çünki bizim mükəmməl siyasi əlaqələrimiz var. Lakin hesab edirəm ki, biz hər iki ölkənin xalqları və biznes qurumları arasında əlaqələri daha da inkişaf etdirmək üçün bundan da çox səy göstərə bilərik. Hesab edirəm ki, sabahdan etibarən biz hər iki ölkənin biznes qurumlarının bir-biri ilə daha da yaxından işləməsi üçün möhkəm zəmin yaradacağıq.
Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa,
Avratlantika və qlobal
təhlükəsizlik məsələləri üzrə
önəmli tərəfdaş hesab edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək
üçün Sizin
göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik
və bu məsələdə Sizə uğurlar arzu edirəm.
Hamımız sülh
razılaşmasının BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə
əsaslanacağına ümid edirik. Biz, həmçinin
Avropa İttifaqında da
sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm
ki, həm NATO-da, həm
də Avropa İttifaqında dostunuz var. Biz strateji
tərəfdaşlıq razılaşmasının məqsədyönlü
və həqiqətən də strateji
olması üçün fəal
çalışacağıq. Ölkələrimiz
arasında strateji tərəfdaşlıq
və dostluq razılaşması üzrə
Zaqreb Bəyannaməsinə gəldikdə
isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar
və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq
çərçivəsinə önəm vermək üçün hər iki
ölkənin hökumətinin bir-biri ilə
daha da yaxından
çalışmasını təmin edəcəyik.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 3.