Yüksək Texnologiyalar üzrə
Tədqiqat Mərkəzi xorvatiyalı qonaqda maraq doğurub
Xorvatiya
Respublikasının Prezidenti xanım Kolinda
Qrabar-Kitaroviçin həyat yoldaşı Yakov Kitaroviç
oktyabrın 24-də Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin nəzdində fəaliyyət göstərən
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində
olub.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qonağa Tədqiqat Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Yakov Kitaroviç mərkəzin “Aerozol CVD”, “Clean room”, “Fotometrik laboratoriya” və digər otaqlarında quraşdırılmış avadanlıqlara baxıb.
Bildirilib ki, MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan bu mərkəzdə quraşdırılan avadanlıqlar müasirliyi ilə seçilir. Həmin avadanlıqlar nanotexnologiya sahəsində tətbiqi işləri yerinə yetirməkdə rəqabətə davamlıdır. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində XXI əsr konvergensiya texnologiyası həyata keçirilir.
Mərkəzdə fotometrik laboratoriya, biokimya nanotexnoloji laboratoriya, “A-CVD” karbon nanotexnologiyalar laboratoriyası, optik spektrometriya laboratoriyası, elektron mikroskop laboratoriyası kimi yeni nəsil laboratoriyalar yaradılıb.
Mərkəzdə yaradılmış şərait
xorvatiyalı qonaqda maraq
doğurub.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 4.